Məhkəmə qərarları › İş №1(008)-59/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-59/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-59/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,247 qram, 0,240 qram, 0,219 qram, 0,176 qram, 0,196 qram olmaqla ümumi təmiz çəkisi 1,264 qram təşkil edən xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 18 iyun 2024-cü il tarixdə saat 00:30-da Bakı şəhəri Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində olan zaman özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əlində olan çəhrayı rəngli əl çantasının içərisindəki plastik qabın içərisindən 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,247 qram, 0,240 qram, 0,219 qram, 0,176 qram, 0,196 qram olmaqla ümumi təmiz çəkisi 1,264 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallik maddə olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o bir neçə aydır psixotrop maddələrdən istifadə edir. O, İran islam Respublikası vətəndaşı olan adını bilmədiyi şəxs ilə “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ondan şəxsi istifadəsi üçün psixotrop maddə istəmiş, o, həmin şəxsin bank kartına 120 manat pul göndərdikdən sonra o, həmin maddəni götürəcəyi məkanı ona “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. 18 iyun 2024cü il tarixdə 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,247 qram, 0,240 qram, 0,219 qram, 0,176 qram, 0,196 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 1,264 qram psixotrop maddə metamfetamini iranlının göndərdiyi Sabunçu rayonu ərazisində yerləşən konumdan götürən zaman polislər onu saxlamışlar. İki nəfər polis formasında olan şəxslər özlərini təqdim edərək Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində xidməti otaqların birində videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman onun öz razılığı ilə vəkil iştirak etməmişdir. O, əlində saxladığı çəhrayı rəngli pul kisəsini, 01 ədəd “İphone 6 plus” markalı mobil telefonu və 01 ədəd “Redmi ST” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. O, təqdim etdiyi çəhrayı rəngli pul kisəsinin içərisində olan 06 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini masanın üstünə qoymuş və bildirmişdir ki, həmin plastik qablaşdırmanın içərisində olan bükümlər psixotrop maddə metamfetamindir və o, həmin maddələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından onlayn olaraq şəxsi istifadəsi məqsədi ilə 120 (yüz iyirmi) manata almışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən qeyd etdilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona göndərilmiş smslərlə bağlı suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı telefon nömrəsini o, saxlanılmazdan təxminən 4 ay əvvəl əldə etmişdir. Ona görə də həmin vaxtdan əvvəl göndərilən smslər ona aid deyildir. Tanışları ona “Yağmur” deyə müraciət etmişlər. ***-***-**-** saylı telefon nömrəsindən göndərilən smslə bağlı isə bildirmişdir ki, o mesajı yazan onunla salonda işləyən xanım olmuşdur. Həmin xanım hazırda Türkiyə Respublikasındadır, mesajda qeyd etdiyi “abla bu plastmasdı, dən-dən qalır” ifadələri ilə narkotik vasitəni nəzərdə tutmamışdır. Həmin xanıma, ümumiyyətlə heç kimə narkotik vasitə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİnin 42-ci PB-nin polis nəfəri, polis serjantı X1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin saxlanılması zaman Sabunçu RPİ-nin PPXB-də xidmət aparmışdır. xx.xx.2024-cü il tarixdə digər xidmət yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində xidmətdə olan zaman küçədə bir nəfər cinsi azlıq nümayəndəsinin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Qeyd olunan şəxs onlarla birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 12-ci Polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əlində saxladığı çəhrayı rəngli pul kisəsini, 01 ədəd “İphone 6 plus” markalı mobil telefonu və 01 ədəd “Redmi ST" markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Onun təqdim etdiyi çəhrayı rəngli pul kisəsinin içərisinə baxış zamanı oradan içərisində 06 ədəd bükümdə ağ rəngli şəffaf sellofana bükülmüş ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülülərin içərisindəki maddə “metamfetamin”-dir, şəxsi istifadəsi üçün, tanımadığı İran islam Respublikası vətəndaşı olan şəxsin hesabına onlayn olaraq 120 manat pul göndərməklə Sabunçu qəsəbəsi, Şəhər yol uküçəsində yerləşən piyada keçidinin yaxınlığında əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid1 digər şahid X1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli əl çantasının içərisində 01 ədəd kapron qabı təqdim etmiş və həmin kapron qabın içərisində 06 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddələri və əlində iki ədəd Redmi T9 və İphone 6s markalı istifadəsində olan mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu və adını bilmədiyi şəxsdən 120 manata aldığını və həmin psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq AR DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3291 saylı rəyindən görünür ki, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159» dairəvi möhür əksi olan “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,186 qram, 0,247 qram, 0,240 qram, 0,219 qram, 0,176 qram, 0,196 qram ümumi təmiz çəkisi 1,264 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; -vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Murad Mustafayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,247 qram, 0,240 qram, 0,219 qram, 0,176 qram, 0,196 qram olmaqla ümumi təmiz çəkisi 1,264 qram olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,204 qram çəkidə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5899 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarının qeyd edilən 01 ədəd CD diskə Sabunçu RPİ-nin İŞ-də xidməti iş otağında HP markalı masaüstü kompyuterdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx-xx-2024-cü il tarixdə saat 18:48:11-də **********63 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə - «Balam mən burdayam Xırdalanda daw lazımdı», xx-xx-2024-cü il tarixdə saat 01:22:01-də **********63 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə - «Balam daw lazımdı 1 gram», xx.xx.2024-cü il tarixdə saat 08:09:53-də **********901 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə - «Abla bu plasmasdıye», xx.xx.2024-cü il tarixdə saat 08:10:10-da **********901 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə - «Mene niye bunu vermisen den den qalir erimir», xx.xx.2024-cü il tarixdə saat 10:09:58-də **********901 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə - «Yox idise vermezdin raziyam lamickada nece partdadisa dilim dodagim yandi adam ele sey eder»- məzmunlu smslər yazılmışdır. Diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin CD diskdə istifadəsində olan 070- ***-**-** saylı mobil nömrəsinə siyahıda qeyd olunan şəxslər sms yazmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-802/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və barəsində axtarış elan olunması qərara alınmışdır. - Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxs ona ünvanlanan smslərlə bağlı ***-***-**-** saylı telefon nömrəsini saxlanılmazdan təxminən 4 ay əvvəl əldə etdiyini, oradakı yazışmaların ona aid olmadığını, ondan öncə həmin telefonu istifadə edən şəxsə aid olduğunu, tanışlarının ona “Yağmur” deyə müraciət etdiyini bildirmişdir. Lakin ***-***-**-** saylı telefon nömrəsinə 2024-cü ilin yanvar ayından göndərilən smslərdən görünür ki, həmin smslərin göndərildiyi şəxsə “Yağmur” deyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş şahid ifadələrini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsirini və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək-1 sutkadan çox) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,204 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 03 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,204 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 18 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 108 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 141 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar