Məhkəmə qərarları › İş №1(008)-592/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-592/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-592/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Saatlı rayonu, Mərzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı, AC 311518 nömrəli nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus «Mersedes Benz» markalı, ** GK *** dövlət qeydiyat nişanlı minik avtomobili ilə xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolu ilə Zabrat qəsəbəsindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun «RR Petrol» yanacaq doldurma məntəqəsinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydanı pozaraq avtomobilinin qabaq orta hissəsi ilə qarşısında yolu sağdan sola keçən piyada X4 ehtiyatsızlıqdan vurub ona ikitərəfli hemopnemotoroks(döş boşluğuna sərbəst qan və hava yığılması), ağciyərlərin əzilmiş-cırılmış yaraları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli İV-V-Vİ-Vİİ, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı, döş qəfəsinin, sol dirsək oynağı nahiyəsinin və sol əlin qançır və sıyrıqları kimi həyati olub dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Afaq Mirzəyevanın ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saat təxminən 06 radələrində həmin avtomobil ilə tək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat- Kürdəxanı Yolu ilə Pirşağı qəsəbəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə təxminən 40 km/saat sürətlə hərəkət edərkən yolun «RR Petrol» yanacaq doldurma məntəqəsinin qarşısından keçən hissəsində qəfildən sol tərəfindən qarşısına piyada çıxmış, həmin vaxt hava qaranlıq və yağışlı olduğundan, əks istiqamətdən hərəkət edən avtomobillərin işıqları gözünə düşdüyündən, əynindəki paltarlar qara rəngli olduğundan qarşına çıxanadək piyadanın yola tərəf hərəkət etməsini görməmişdir. Gördükdə isə artıq gec olmuş, ara məsafəsi cüzi olduğundan əyləci sıxsa da toqquşma qaçılmaz olmuş, avtomobilinin qabaq orta hissəsi ilə piyadanı vurmuş, zərbənin təsirindən piyada təxminən 1-2 metr irəliyə tullanaraq asfaltın üzərinə yıxılmışdır. Tez avtomobilini saxlayıb aşağı enərək piyadaya yaxınlaşmış, ətrafdan toplaşmış vətəndaşların köməkliyi ilə piyadanı yerdən qaldırıb öz avtomobilinin arxa oturacağına uzadaraq 3 saylı Şəhər kliniki Xəstəxanasına aparmış, orada həkimlər elə avtomobilinin salonunda piyadanı müayinə edərək artıq öldüyünü bildirmişlər. O da elə oradaca dayanaraq polislərin gəlməsini gözləmişdir. Polislər gəldikdən sonra piyadanın meyitini morqa təhvil verib hadisə yerinə qayıtmış və oranın müayinəsində iştirak etmişdir. Hadisə baş verən vaxt piyadanı qarşısına çıxan ana qədər görmədiyindən öz hərəkəti üçün heç bir təhlükə hiss etməmişdir. Piyadanı qarşısında gördükdə isə artıq gec olmuş, arada cuzi məsafə qalmışdır, həmin məsafə isə hadisənin qarşısını almaq üçün çox az imiş. Hadisəyə səbəb havanın qaranlıq və yağışlı olduğundan görüntünün məhdud olması, əks istiqamətdən hərəkət edən avtomobillərin işıqlarının gözünə düşməsi, piyadanın əynindəki paltarların qara rəngli olması, qaranlıqda yaş asfalt örtüyündən seçilməməsi, sonuncunun ehtiyatsızlıq edərək yolu müəyyən olunmayan və piyada keçidi nəzərdə tutulmayan hissədə keçməsi olmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ilk dəfə cinayət törətməsini, həmin cinayətin ehtiyatsızlıq nəticəsində törədildiyini, yaşlı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Onun məhkəmənin hazırlıq iclasında verdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən yerdə yol iki istiqamətli olmaqla hər iki istiqamətdə hərəkət hissəsinin eni 9 metrdir, asfalt örtüklü, hamar və yaşdır, hər iki istiqamətdə 2 hərəkət zolağından ibarətdir, hər iki tərəfdən 1 metr enində səki, şəhər tipli tikililər ilə əhatə olunur, asfalt örtüyü üzərində 1.1 üfiqi nişanlama xətləri var. Piyadanı vurma nöqtəsi hadisəni törətmiş avtomaşının irəliyə hərəkət istiqamətində yolun sağ kənarından 3 metr məsafədə, ümumi yolu ortadan ayıran 1.1 üfiqi nişanlama xəttindən 6 metr sağ tərəfə məsafədə yerləşir, piyadanı vurma nöqtəsində və ətrafında qan və tormozlama izləri aşkar olunmur, hadisə zamanı «Mersedes Benz» markalı ** GK *** dövlət qeydiyat nişanlı avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, salonunda sürücüdən başqa sərnişin olmayıb, hadisə törətmiş avtomobilin sürücüsü qarşısında yolu sağdan sola adi yerişlə keçən piyada xx.xx.1980-ci il təvəllüdlü X4 ehtiyatsızlıqdan avtomobilinin ön orta hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Sürücünün hərəkəti üçün təhlükə piyadanın yolu sağdan sola keçməyə başladığı andan yaranmış, həmin andan piyada adi yerişlə 4 metr məsafə qət etmişdir (i.v.5-18). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 29 noyabr 2022-ci il tarixli, 1/2774 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.19). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 291 nömrəli rəyindən görünür ki, X1 meyitində ikitərəfli hemopnemotoroks(döş boşluğuna sərbəst qan və hava yığılması), ağciyərlərin əzilmiş-cırılmış yaraları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli İV- V-Vİ-Vİİ, sol tərəfli İV-V-Vİ-Vİl- Vİ11 qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı, döş qəfəsinin, sol dirsək oynağı nahiyəsinin və sol əlin qançır və sıyrıqları kimi, həyati olub, ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilən və dərəcəsinə görə ümumilikdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər aşkar edilmişlər. X1 ölümünə səbəb onurğa beyninin əzilməsi və ağciyərlərin əzilib-cırılması ilə əlaqədar daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir (i.v.52-56). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 mart 2023-cü il tarixli, 8/663 nömrəli rəyindən görünür ki, «Mercedes Benz» markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.58-60). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 12 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.51). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.93-94). Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən məhkəmənin hazırlıq iclası zamanı verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşlı olmasını (66 yaş), (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar