Məhkəmə qərarları › İş №1(008)-592/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-592/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-592/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində olan digər cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində 185 saylı sərnişin avtobusundan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 252 nömrəli məktəbin qarşısında dayanacaqda düşən Zərərçəkmiş şəxs ilə sonuncunun, səhhəti ilə bağlı evinə qədər müşayiət etdiyi əmisinin bel ağrıları ilə əlaqədar dayanacaqdan əvvəl avtobusu saxlaması barədə xahişinə əməl etməyən avtobus sürücüsünə narazılığını bildirməsini cüzi səbəb kimi bəhanə edib kənardan müdaxilə edərək ictimai yer hesab edilən dayanacaqda heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə qəsdən vurub ona sağ gicgah-təpə nahiyəsinin dərialtı hematomaları, alın nahiyəsinin qançırı və sol əlin 5-ci barmağının dırnaq sədəfinin əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurub xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə 10:00 radələrində yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən 185 saylı marşrut avtobusa minərək Neftçilər metrosuna öz işi ilə bağlı getmişdir. Avtobusu idarə edən tanıdığı Rahib olmuşdur. Avtobus Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ilə hərəkət edərkən bir nəfər sərnişin avtobusu dayanacaqdan kənar yerdə saxlamağı bildirmişdir. O həmin sərnişinə bildirmişdir ki, dayanacaqdan kənarda saxlamağa görə 100 manat cərimə sürücüyə tətbiq olunur, bu səbəbdən qarşıda dayanacaqda saxlayacaqlar. Buna baxmayaraq, həmin sərnişin, sonradan adının Niyazi olmasını bildiyi şəxs təkid edərək avtobusu saxlamağı tələb etmişdir. Avtobusu sürücü Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 252 saylı orta məktəbin qarşısında dayanacaqda saxlamış və həmin şəxs avtobusdan düşərkən bildirmişdir ki, minərkən hər yerdə əl edən zaman saxlayıb götürürsünüz. O da bildirmişdir ki, o əvvəllər olmuş, indi icazə yoxdur. Həmin sərnişin avtobusdan düşərkən onu nalayiq sözlərlə təhqir etmiş, o həmin şəxsə özünü ələ almağını bildirdikdə ona avtobusdan düşməyi bildirmişdir. O avtobusdan düşərək qarşıda dayanacağa yaxınlaşmışdır. Həmin vaxt sərnişin qismində avtobusdan düşən adı sonradan məlum olan Niyazi onun əynindəki gödəkçənin yaxasından tutaraq dartdıqda o da onu əli ilə başından vurmuşdur, sonra Niyazi yerə yıxılmış və onun yanında olan tanışı və ya qohumu olan kişi onları aralaşdırmışdır. O yenidən 185 saylı avtobusa minib çıxıb getmişdir. O, 185 saylı avtobusda heç bir vəzifə daşımır, həmin vaxt sürücü telefonla danışdığı üçün o sərnişini cavablandırmışdır. Aralarındakı mübahisə 5 dəqiqə davam etmiş, dayanacaqda heç kim olmamışdır, sonra Niyazinin qohumu olan orta yaşlı kişi avtobusdan düşərək onları ayırmışdır. Dayanacaqda isə 4-5 nəfər tanımadığı şəxslər olmuşdur. O, Niyazi adlı şəxs onu təhqir etdiyi üçün onu əl zərbələri ilə vurmuş və onu ayırdıqdan sonra avtobusa minib getmişdir. Əməlindən peşman deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsindən saat 10:30 radələrində evində qonaq olan əmisi Şahid ilə birlikdə 185 nömrəli sərnişin avtobusuna dayanacaqdan minərək əmisi Fazilin belində ağrıları olduğundan onu ünvan 3 ünvanına evinə aparmışdır. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində əvvəllər dayanacaq olduğunu zənn etdiyi ATS-in yanında sürücüyə yaxınlaşıb avtobusu saxlamasını xahiş etmişdir. Bu zaman avtobusda olan cavan oğlan ona burada dayanacaq olmadığını bildirmişdir. O da sürücüyə yaxınlaşıb avtobusun ödənişi üçün 1 manat ödəmiş və sürücüyə normal qaydada narazılığını bildirmişdir ki, əmisinin beli xəstədir, ona görə indi ən az 500 metr evindən aralıda düşürlər. Bu zaman Hüseyn onun ardınca avtobusdan düşmüş və onu başa salacağını deyib onun üstünə gəlmiş və gözləmədiyi anda əlinin yumruq zərbəsi ilə çənəsinə zərbə ilə vurmuş və onu yerə yıxdıqdan sonra yerdə təpik zərbələri ilə onu döyməyə başlamışdır. Bu zaman əmisi Fazil özünü arxadan çatdırmış və araya girib həmin şəxsi uzaqlaşdırmışdır. Dayanacaqda olan şəxslərdən də 3-4 nəfər gəlib aralaşdırmışlar. Əmisi Fazil həmin oğlana irad bildirdikdə yenə üstünə gəlmək istədikdə, ona mane olmuş və tanımadığı şəxslərdən biri həmin şəxsi uzaqlaşdırmışdır. Daha sonra o DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir və hadisə yerinə gələn polis əməkdaşları ilə birgə Sabunçu RPİ-nin 13-cü PŞ-nə getmişlər. Hüseyni əvvəlcədən tanımamışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin vaxt sürücü avtobusdan hadisəni görsə də aşağı düşməmiş, hadisəni əmisi Fazil görmüş, bundan başqa isə avtobusda həmin vaxt 15 nəfərədək adam olmuş, dayancaqda o döyüləndə isə onlara 3-4 nəfər tanımadığı şəxslər yaxınlaşmış və əmisi ilə birgə həmin şəxsi ondan uzaqlaşdırmışlar. O, Təqsirləndirilən şəxs nə də digər şəxslərin ünvanına nalayiq ifadə işlətməmişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlayır, şikayətçi deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə bacısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində dayanacaqdan saat 10:30 radələrində 185 saylı sərnişin avtobusuna minmişdir. Onun belində ağrıları olduğundan onu ünvan 3 ünvanına evimə aparmışdır. Avtobus Sabunçu rayonu, Bakıxanov qəsəbəsində əvvəllər dayanacaq olan ATS-in yanından keçərkən Niyazi sürücüyə yaxınlaşıb avtobusu saxlamasını xahiş etmişdir. Bu zaman avtobusda olan konduktor cavan oğlan ona Niyaziyə kobud sözlərlə burada dayanacaq olmadığını bildirmişdir. Niyazi isə ona məhəl qoymayıb sürücüyə yaxınlaşıb avtobusun ödənişi üçün 1 manat ödəmiş və sürücüyə normal qaydada narazılığını bildirmişdir ki, əmisinin beli xəstədir, ona görə indi ən az 500 metr evindən aralıda düşürlər. Avtobus Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə 252 saylı məktəbin qarşısında dayanacaqda dayanmış və onlar düşmüşlər. Avtobusdan düşərkən sürücünün yanında olan pul yığan oğlan heç bir səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edərək dayanacaqda ona yaxınlaşaraq Niyazini yumruq zərbəsi ilə başından vurub yerə yıxmış və təpiklə yerdə də ona zərbələr endirmişdir. Bu zaman o və ətrafa yığılan 4-5 nəfər tanımadığı şəxslər araya girib həmin şəxsi Niyazidən aralaşdırmışlar, sonradan adının Hüseyn olduğunu bildiyi Niyazini döyən şəxs yenidən 185 nömrəli avtobusa əyləşib oranı tərk etmişdir. Niyazi heç kimi təhqir etməmiş, nalayiq ifadə işlətməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 252 saylı orta məktəbin qarşısında avtobus dayanacağına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v.07-09); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 3090 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin dərialtı hematomaları, alın nahiyəsinin qançırı və sol əlin V barmağının dırnaq sədəfinin əzilmiş səthi yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir, müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.-Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.16-17); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhku edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29.177.2.3, 177.2.2, 177.2.3, 177.2.3, 66.2, 66.5-ci maddələri ilə 01 il 11 ay 08 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 12 gün hissəsindən vaxtından əvvəl azad edilmiş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə olan iş üzrə icraat CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinə əsasən rədd edilmişdir (i.v.46-48, 112- 120); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.49-53); 11 iyul 2025-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir(i.v.54-69); 14 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.85-87); Sübutların qiymətləndirilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə Sabunçu rayon məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilməklə ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır(i.v.122-126); Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü qismən təqsirli bilərək mübahisənin Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söydüyü üçün vurduğunu göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs həmin xüsusatı təkzib edərək Təqsirləndirilən şəxs nə də digər şəxslərin ünvanına nalayiq ifadə işlətmədiyini, sadəcə uzaqda saxladığı üçün sürücüyə irad bildirməsini göstərmişdir. Həmçinin, şahid qismində dindirilmiş Şahid da zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs sürücüyə irad bildirdiyini, heç kimin ünvanına nalayiq ifadə işlətmədiyini təsdiq etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona aid olmadığı halda Zərərçəkmiş şəxs avtobus sürücüsünə iradına müdaxilə etmiş, mübahisə yaradaraq hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə nəticələnmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin, Təqsirləndirilən şəxs hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamasına baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin üzünə qarşı əməlindən peşman olmadığını bildirmiş, hətta məhkəmənin xəbərdarlığına baxmayaraq məhkəmə iclasında zərərçəkmiş şəxs və şahidə qarşı xoşagəlməz ifadə və hərəkətlərə yol vermişdir ki, bu da onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, məhkəmə iclasında davranışını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli və digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs “həbs” qətimkan tədbiri seçilsin, barəsində olan digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar