Məhkəmə qərarları › İş №1(008)-594/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-594/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-594/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1969-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Laçın şəhəri, O.Musayev küçəsi, ev 79 qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Baybakov küçəsi, nömrəsiz fərdi ev yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə, saat 06 radələrində arvadı Zərərçəkmiş şəxs ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Baybakov küçəsi, nömrəsiz fərdi evin mətbəxində ona spirtli içki qəbul etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı qəsdən yumruq ilə burun nahiyəsindən vurub, ona burun sümüyünün cərrahi müdaxilə tələb edən (burun sümüyü repozisiya olunmuşdur) və burun vasitəsilə tənəffüsün pozulmasına səbəb olan yerini dəyişən qapalı sınığı, burun nahiyəsinin şişkinliyi və qançırı ilə müşayiət olunan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2009cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç övladları var. Evliliklərinin ilk vaxtları münasibətləri normal olmuş, sonradan aralarında müxtəlif səbəblərə görə mübahisələr olmuşdur. 28 aprel 2023-cü il tarixdə, saat 06 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Baybakov küçəsi, nömrəsiz fərdi evin qapısının döyüldüyünü eşidərək qapını açmış, arvadı Zərərçəkmiş şəxs övladları ilə birlikdə evə daxil olaraq o, spirtli içki qəbul etdiyi üçün avtomobilin salonunda gecələdiklərini ona bildirmiş və onunla mübahisə etmişdir. O, mübahisə zamanı əsəbləşərək yumruqla Vüsalənin üz nahiyəsinə zərbə endirmiş, daha sonra yataq otağına gedərək yatmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun əridir. Onlar 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç övladları var. Evliliklərinin ilk vaxtları münasibətləri normal olmuş, sonradan Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün müxtəlif vaxtlarda aralarında mübahisə yaranmışdır. 27 aprel 2023-cü il tarixdə, saat 23 radələrində həyat yoldaşı spirtli içki qəbul etdikdən sonra yenidən aralarında mübahisə yaranmaması üçün qızları ilə birlikdə qonşuluğunda yaşayan bacısıgilə getmiş, orada bir qədər vaxt keçirdikdən sonra evə qayıtmışlar. Evə qayıtdıqları zaman, evin qapısının bağlı olduğunu görərək, həmçinin, Təqsirləndirilən şəxs yuxudan oyanmaması üçün həyətdə avtomobildə gecələmişlər. 28 aprel 2023-cü il tarixdə, saat 06 radələrində yuxudan oyanaraq evə girmək üçün qapını döymüş, Əli qapını açdıqdan sonra evə daxil olmuşlar. O, evin mətbəxinə keçərək Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi üçün avtomobildə yatdıqlarını, spirtli içkidən uzaqlaşmasını bildirmiş, Təqsirləndirilən şəxs əsəbləşərək əli ilə onun burun nahiyəsinə yumruqla zərbə endirmiş, daha sonra yataq otağına gedərək oradan uzaqlaşmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 02 may 2023-cü il tarixli, 874 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün cərrahi müdaxilə tələb edən (burun sümüyü repozisiya olunmuşdur) və burun vasitəsilə tənəffüsün pozulmasına səbəb olan yerini dəyişən qapalı sınığı, burun nahiyəsinin şişkinliyi və qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yerinə yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2023- cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 53-54-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 08 may 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən nəhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar