Məhkəmə qərarları › İş №1(008)-595/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-595/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-595/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,883 qram olan psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi “Araz” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən sellofan bükümdə 01 ədəd xeyli miqdarda təmiz çəkisi 0,883 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu 10 aprel 2025-ci il tarixində günorta radələrində 3 nəfər polis əməkdaşı Zabrat qəsəbəsində “Araz” marketin yanında saxlayıblar. Onun üzərində yalnız şəxsi istifadəsi üçün olan maddə olub. Həmin maddənin də çəkisi 1 (bir) qramdan az olub. O yolda gedən zaman polislər əllərində telefon çəkilişi ilə yaxınlaşmışlar. Video-çəkiliş vasitəsilə polislər əllərini sağ cibinə ataraq, öz şəxsi istifadəsi üçün götürdüyü maddəni çıxartmışlar. Üzərindən aşkarlanan maddə “metamfetamin” idi. O, həmin maddəni 20 manata Balaxanı ərazisindən almışdır. Qeyd edir ki, onun 22 yaşım var, hardasa 1 ildir ki, istifadəçidir. Amma davamlı istifadə etməmişdir. İstifadəyə görə müalicə də almışdır, müalicədən sonra isə istifadə etməmişdir. Polislər sonra onu Zabrat qəsəbəsi yaxınlığında yerləşən 15-ci Polis Bölməsinə gətirmişlər və bir gecə bölmədə qalmış, sonra onu idarəyə aparmışlar. Polis İdarəsində olan zaman müstəntiq ona yaxınlaşaraq bildirdi ki, “sən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləcəksən və çöldən məhkəməyə gedib-gələrsən.”. O heç ifadəsini belə oxumamışdır, yalnız bir dəfə gedib sənədlərə imza çəkmişdir. Onu da bildirmək istəyir ki, cinayət işində adı hallanan şəxslər var. Onlardan Asif onun dostudur, Xəyyam isə, onların kəndində yaşayır, münasibətləri var. Şəxsi istifadəsində olan nömrəsi “***-***-**-**”-olub. O, polis idarəsində olarkən onun mobil telefonu növbətçi hissədə idi. Sonra müstəntiq onun telefonunu gətizdirdi. Telefonuna baxıldı və orada 4 nəfərin nömrəsi var idi. Biri evdəkilər idi, digəri Asif və Xəyyam idi. O Xəyyamla yalnız narkotik vasitədən istifadə etməsi üçün danışmışdır. O, cinayət işinin materialları ilə tanış olmuş, lakin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirildiyindən xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə heç vaxt məşğul olmadığını, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rəhbərliyə raportla müraciət edib, əməliyyat tədbirlərinin keçirilməsi barədə təsdiq aldıqdan sonra, təşkil edilmiş əməliyyat qrup üzvləri ilə birlikdə həmin tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Araz” marketin yaxınlığına gələrkən saat 16:30 radələrində bir nəfər oğlanın xarici əlamətlərinin Təqsirləndirilən şəxs oxşamasını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və digər əməkdaş və o Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddəyə bənzəyən bükülünü, həmin şalvarın sol yan cibindən 01 ədəd alışqan çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 20 manat pul müqabilində, həmin tarixdə Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Aşkar olunan metamfetamin iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Daha sonra araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil təqdim edilərək hüquqları bir daha izah edilmiş və onun üzərindən aşkar edilərək qablaşdırılmış maddənin açılıb baxılacağı izah edilmişdir. Etiraz olmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə təhqiqatçı tərəfindən müdafiçinin də iştirakı ilə videogörüntü aparılmaqla açıldı, baxıldı və orada da Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmasını, üzərindən aşkar olunan həmin maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik maddəyə oxşar maddə iştirakçıların gözü qarşısında bir daha qablaşdırılaraq möhürlə möhürlənmiş, o və digər iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər-hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər-hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, özü narkotik vasitə istifadəçisi deyil və təqsirləndirilən şəxs Mirzə ilə uzunmüddətli ailəvi dostluq münasibətləri mövcuddur. O, istintaq dövründə dindirilməmiş və ilk dəfə məhkəmədə ifadə verir. Onun istifadəsində olan “***-***-**-**” mobil nömrə şəxsən özü tərəfindən rəsmiləşdirilmiş, sənədlərdə isə başqa bir xanımın adına qeydə alınmışdır. Mirzə ilə aralarında narkotik vasitələrin satışına dair heç bir yazışma olmamışdır. O, dostu Mirzənin narkotik istifadəçisi olmasını bir xəstəlik kimi qəbul edir. Bu səbəbdən Mizəyə yaxşılıq etmək istədiyindən Mirzənin reabilitasiyaya yerləşdirilməsinə də köməklik göstərmişdir. Təxminən yay ayları olardı Mirzə onun xəbəri olmadan avtomobilinə bir əşya qoymuş, daha sonra isə zəng edərək harasa gedəcəyini və “maşına qoyduğumu mənə verərsən” ifadəsini demişdir. Həmin vaxt avtomobildəki əşyanın mahiyyətindən tamamilə xəbərsiz olmuşdur. Daha sonra həmin əşyanı Mirzənin özünə geri qaytarmışdır. Mirzə heç vaxt narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixində onun mobil nömrəsinə Mirzənin “whatsapp” vasitəsi ilə göndərdiyi “ə sən öl deyirəm bayaq yazdım, sənə verməmişdim dünən daş zaklatkadan qayıdanda” məzmunlu səsli mesajın hansı səbəbdən göndərilməsini bilmir və hesab edir ki, bu mesajın narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Çünki, o heç bir zaman narkotik istifadəçisi olmamışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-in 86.8-ci, 445-ci maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilən şəxs - xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir ki, həmin protokolu ondan ötrü ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 aprel 2025-ci il tarixdə, saat 16:34 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi “Araz” marketin yaxınlığında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının ön sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə müəyyən edilmiş, həmçinin üzərində boz rəngli alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu psixotrop maddəni xx.xx.2025ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə və 1 (bir) ədəd boz rəngli alışqan sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi “Araz” marketin yaxınlığında keçirildi. Üstünü yoxlama və baxış zamanı «iphone» markalı mobil telefon vasitəsi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis leytenantı X15 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD əlavə olunmuşdur. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 17:35 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Tutulmanın vaxtı: Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 aprel 2025-ci il tarixdə saat 16:34 dəqiqədən hesab edilmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Baxış və götürmə aparılması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-cl PB-nin təhqiqatçısı X4, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-cı maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2; 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi; barəsində baxış və götürmə aparılan şübhəli şəxs - ünvan 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə həmin protokol tərtib etmişdir ondan ötrü ki, Sabunçu RPİ-nin 15-ci PB-yə daxil olmuş məlumat əsasında 10 aprel 2025-cl il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 16:34-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.ünvan 5 ünvanda üzərinə baxış keçirilmiş və üzərində aşkar olunaraq götürülmüş, şəffaf selofana bükülmüş spesifik iyə malik metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərfə Sabunçu RPİ-nin 15-ci PB-nin İnzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə baxış keçirtmiş və götürmüşdür. Baxış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İPHONE» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman 01 ədəd, şəffaf selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddə olan bükümü yenidən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Baxış və götürmə zamanı video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli, 6/1342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,883 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 64-65-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əhməd Qurbansoyun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 66-cı vərəqində olan “Tutulmuş şəxsin X1 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal həbs yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-cü vərəqində olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X5, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tuturaq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında olan və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə 10 aprel 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 10 aprel 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və şəxsi axtarış keçirilməsinə dair” protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 10 aprel 2025-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını bildirmiş, Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddəyə bənzəyən bükülünü, həmin şalvarın sol yan cibindən bir ədəd yandıran çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən Balaxanı qəsəbəsi ərazisində 20 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Aşkar olunan qanunsuz maddə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Cinayət işinin 85-ci vərəqində olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X5, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tuturaq həmin protokolu tərtib etmişdir icraatında olan və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə ondan ötrü ki, 10 aprel 2025-ci il tarixdə “Baxış və götürmə aparılması haqqında” Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 və 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə açılaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olmasını, ona məxsus olmasını, 20 manat pul müqabilində əldə etməsini bildirir. Daha sonra həmin psixotrop maddə yenidən qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imza edilir. Cinayət işinin 94-cü vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi X5, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tutub tərtib edir həmin protokolu ondan ötrü ki, icraatında olan və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə “Azərfon” LLCdən 365\25 nömrəli xx.xx.2025-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı üzərində 1 ədəd CD disk xidməti iş otağındakı CD oxuyucusuna qoyuldu və CD açılan zaman qovluqların olması müəyyən edilmişdir. Baxış zamanı həmin qovluqlar bir-bir açılmış və baxış keçirilmişdir. Lakin istintaq üçün əhəmiyyət kəsb edən hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsinin Ambulator X2 dair xx.xx.2025-ci il tarixli, 3333 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilən zaman mobil telefon aparatının “vatsapp” tətbiqində Təqsirləndirilən şəxs “Asif” adlı 077 *** ** ** nömrənin “vatsapp” tətbiqində xx.xx.2025-ci il tarixdə saat 07:12-də sonuncuya səs göndərərək “ə sən öl derəm bayaq yazdım, sənə verməmişdim dünən daş zaklatkadan qayıdanda” sözlərini demişdir. Təqsirləndirilən şəxs “Asif’ adlı şəxsin tanışı olmasını, ona bir gün öncə əldə etdiyi metamfetamin (daş) satmasını və həmin səsdə bu barədə bildirməsini göstərdi. Həmçinin mobil telefonun şəkillər olan qovluğunda “Xəyyam” adlı 055 *** ** ** nömrəli konktakla Təqsirləndirilən şəxs ona “qaqa məhkəməyə gedirəm, sən ol basim xarab olub, 4 5 tustu gelim cəkəydə askaynan” yazmışdır. Həmin smsi də Təqsirləndirilən şəxs Xəyyam adlı tanışına onunla birlikdə marixuana çəkmək üçün göndərməsini bildirmişdir. Mobil telefon aparatında iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı sms, səs yazısı və s aşkar edilməmişdir. Protokola telefon aparatında çıxarışlar və səs yazının yazıldığı CD disk əlavə olunur. Protokol Sabunçu RPİ-nin inzibati binasında 412 saylı xidməti iş otağımda xidməti «HP» markalı kompüterdə tərtib edilməklə “Canon” markalı printer vasitəsilə çap edilmişdir. Cinayət işinin 99-108-ci vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni, baxış və götürməni özündə əks etdirən 01 ədəd CD diskin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun, həmin mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd CD diskin maddi sübut kimi tanınması, 0,883 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 0,833 qramının və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun maddi sübutların saxlanc kamerasına verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-595/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-118970/2025 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 49-4/2-18502 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində “Oba” marketin yaxınlığında tutularaq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-na təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 5 saylı Bakı ASAN Xidməti Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V seriyalı 001210 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2024-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi Təqsirləndirilən şəxs, anası kimi X11 qeyd olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibində olan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Həmçinin, həmin görüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı psixotrop maddə olan metamfetaminin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 01 ədəd bükümdə təmiz çəkisi 0,883 qram ağ rəngli kristalşəkilli maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin) Təqsirləndirilən şəxs tərəfindən yalnız psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama əməlinin törədilməsinə dəlalət edir. Həmin hərəkətlərin satış məqsədilə edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində və 12 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində onun psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi və daşımasına dəlalət edə biləcək hər hansı məqam mövcud deyil. Əksinə o, həmin ifadələrində də psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə əldə etdiyini bildimişdir (i.v. 34-37, 60-61). Bundan başqa, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə üstünün yoxlanılması və baxış keçirilməsi aparılarkən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədinin olmadığın bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ifadəsi yalnız psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama əməlinin törədilməsinə münasibətdə sübut növü kimi qəbul edilə bilər. Həmin ifadə ilə qeyd edilən əməllərin satış məqsədi ilə törədilməsi təsdiq olunmur. 2) şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspertiza rəyləri və 02 ədəd CD disk: Məhkəmə, həmin sübutlara münasibətdə aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Şahid1 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2025-ci il tarixli, 6/1342 nömrəli rəyi və ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 3333 nömrəli rəyi, üstünün yoxlanılması və baxış keçirilməsinin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd disk yalnız təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini əldə etməsi və üzərində daşıması faktına dair təsdiqedici əhəmiyyət daşıyır. Onların təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahid ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları (Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə satış məqsədini) müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə etməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, satış məqsədinə dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Halbuki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq niyyətində olması kimi qənaətə gəlmək üçün psixotrop maddə metamfetaminin miqdarı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddə metamfetaminin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı idi. İstintaq orqanı isə bu hallara diqqət yetirmək əvəzinə, əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyri-müəyyən olan dəlillərə əsaslanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. - Psixotrop maddə olan metamfetaminin miqdarı: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarından bir qədər artıqdır. - Bükümlərin sayı: 10 aprel 2025-ci il tarixdə keçirilən baxış və götürmə zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. - Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, psixotrop maddənin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı sübut mövcud deyil. İbtıdai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə, həmçinin psixotrop maddə metamfetaminin bir bükümdə olmasını və həmin bükümün miqdarını nəzərə almayaraq onun satış niyyəti ilə psixotrop maddə olan metamfetamini əldə edib daşıması kimi qiymətləndirmişdir. Obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarını və məlumatlarını əks etdirən "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında 17 iyul 2025-ci il tarixli protokolla cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və götürmə aparılması zamanı o, bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin “whatsapp” tətbiqində olan səsli mesajın mətni ilə bağlı ətraflı araşdırma aparmamış, səsli mesajdakı məlumatın məhz narkotik vasitə və ya psixotrop maddələrlə bağlı olub-olmamasının aydınlaşdırılmasını, bunun nəticəsindən asılı olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də vaxtında ifşa olunmasını təmin etmək məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri keçirilməli olduğu halda, ibtidai istintaq zamanı bu hallarla bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, həmin şəxslərin müəyyən olunaraq dindirilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs “whatsapp” tətbiqində səsli mesaj göndərdiyi X13 ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olubolmamasını, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun “whatsapp” tətbiqinin yaddaşında müəyyən edilmiş səsli mesajın mətninin araşdırılması məqsədi ilə həmin nömrənin məxsus olduğu şəxs əlavə şahid qismində cəlb edilməklə dindirilmişdir. Şahid qismində dindirilmiş X13 ifadəsində və ona verilmiş sullara cavabında bildirmişdir ki, “o, taksi fəaliyyəti ilə məşğul olur, özü narkotik vasitə istifadəçisi deyil və təqsirləndirilən şəxs Mirzə ilə uzunmüddətli ailəvi dostluq münasibətləri mövcuddur. O, istintaq dövründə dindirilməmiş və ilk dəfə məhkəmədə ifadə verir. Onun istifadəsində olan “***-***-**-**” mobil nömrə şəxsən özü tərəfindən rəsmiləşdirilmiş, sənədlərdə isə başqa bir xanımın adına qeydə alınmışdır. Mirzə ilə aralarında narkotik vasitələrin satışına dair heç bir yazışma olmamışdır. O, dostu Mirzənin narkotik istifadəçisi olmasını bir xəstəlik kimi qəbul edir. Bu səbəbdən Mizəyə yaxşılıq etmək istədiyindən Mirzənin reabilitasiyaya yerləşdirilməsinə də köməklik göstərmişdir. Təxminən yay ayları olardı Mirzə onun xəbəri olmadan avtomobilinə bir əşya qoymuş, daha sonra isə zəng edərək harasa gedəcəyini və “maşına qoyduğumu mənə verərsən” ifadəsini demişdir. Həmin vaxt avtomobildəki əşyanın mahiyyətindən tamamilə xəbərsiz olmuşdur. Daha sonra həmin əşyanı Mirzənin özünə geri qaytarmışdır. Mirzə heç vaxt narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. xx.xx.2025-ci il tarixində onun mobil nömrəsinə Mirzənin “whatsapp” vasitəsi ilə göndərdiyi “ə sən öl deyirəm bayaq yazdım, sənə verməmişdim dünən daş zaklatkadan qayıdanda” məzmunlu səsli mesajın hansı səbəbdən göndərilməsini bilmir və hesab edir ki, bu mesajın narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Çünki, o heç bir zaman narkotik istifadəçisi olmamışdır.”. Göründüyü kimi məhkəmə istintaqı zamanı dindirilmiş əlavə şahid, Təqsirləndirilən şəxs “whatsapp” vasitəsi ilə ona göndərdiyi həmin səsli mesajın mətninin məhz narkotik vasitələrin və ya psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı olması barədə məlumat verməmişdir. Məhkəmənin diqqətini çəkən məqamlardan biri də ondan ibarət olmuşdur ki, ittiham tərəfinin təqdim etdiyi səsli mesajın mətni birtərəfli olmuş, yəni Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrənin “whatsapp” tətbiqindən X6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə göndərilmiş, X13 tərəfindən isə həmin səsli mesaja qarşılıqlı surətdə hər hansı cavab verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonun şəkillər olan qovluğunda “Xəyyam” adlı 055 *** ** ** nömrəli konktakla Təqsirləndirilən şəxs ona “qaqa məhkəməyə gedirəm, sən ol basim xarab olub, 4 5 tustu gelim cəkəydə askaynan” yazdığı mesaja dair məhkəmə qeyd edir ki, həmin mesajın mətnindən də görünür ki, burada söhbət narkotik vasitələrin və ya psixotrop maddələrin satışından deyil, Təqsirləndirilən şəxs Xəyyam adlı tanışının onunla birlikdə narkotik vasitədən istifadə etməsindən gedir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alışverişin iştirakçıları-narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq psixotrop maddə olan metamfetamini satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddə olan metamfetaminin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticəsi, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,883 qram çəkidə olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin psixotrop maddəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin təmiz çəkisi 0,883 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,883 qram çəkidə olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq olan həmin psixotrop maddə metamfetamini qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində qeyd olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını və himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından (3 ay 26 gün) çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni, baxış və götürməni özündə əks etdirən 01 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (3 ay 26 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,833 qram kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni, baxış və götürməni özündə əks etdirən 01 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar