Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-597/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalardan istifadə etməklə özgənin əmlakını gizli talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 yanvar 2023-cü il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 21 saylı evdə onun yanına qonaq gəlmiş tanışı Zərərçəkmiş şəxs mobil telefonunu danışmaq üçün istəyib ondan kənarlaşaraq Zərərçəkmiş şəxs xəbəri olmadan sonuncunun telefonuna yüklənilmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «Birbank» mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs istifadəçisi kimi adında ona məxsus "xxxx" ASC-nın bank kartındakı məlumatlarından, yəni elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalardan istifadə etməklə 20 yanvar 2023-cü il tarixdə, saat 13:37:39-da 300 manat, saat 13:39:40-da 105 manat, saat 19:49:53-də 300 manat və sonuncu dəfə saat 20:57:34-də 250 manat pul vəsaitini istifadəsində olan oğlu cinayətdən məlumatsız Şahid1 adına qeydiyyata alınmış **********534309 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüb, Zərərçəkmiş şəxs ümumilikdə 955 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, elektron məlumat daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 yanvar 2023-cü il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 21 saylı evdə onun yanına qonaq gəlmiş tanışı Zərərçəkmiş şəxs mobil telefonunu danışmaq üçün istəyib ondan kənarlaşaraq Zərərçəkmiş şəxs xəbəri olmadan sonuncunun telefonuna yüklənilmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «Birbank» mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs istifadəçisi kimi adında ona məxsus "xxxx" ASC-nın bank kartındakı məlumatlarından, yəni elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalardan istifadə etməklə 21 yanvar 2023-cü il tarixdə saat 18:18:50-də 300 manat və sonuncu dəfə saat 19:20:11-də 250 manat pul vəsaitini istifadəsində olan oğlu cinayətdən məlumatsız Şahid1 adına qeydiyyata alınmış **********534309 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürdüb, Zərərçəkmiş şəxs ümumilikdə 550 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs kartından oğurluq etməmişdir. Belə ki, onun arvadı başqa şəxslərin evlərinə gedərək təmizlik işləri görür. Həmin evlərdə ona geyinilmiş köhnə paltarlar verirlər, onlar isə həmin paltarları bir ədədi 20 qəpik, 50 qəpik olmaqla satırmışlar. Bir gün Sahib onlara gələndə həmin paltarları görmüş və almaq istədiyini bildirmişdir. Sahib demişdir ki, aparıb həmin paltarları rayonda satacaq. Oğlunun adına olan, lakin özünün istifadəsində olan karta həmin pulları Zərərçəkmiş şəxs özü paltarın pulu olaraq göndərmişdir. O, Sahibin telefonunda olan mobil tətbiqin-Birbankın kodunu bilmirdi. Ordan özünə pul göndərməsi mümkünsüz idi. Lakin buna baxmayaraq azadlıqda qalacağı təqdirdə həmin pulları ödəməyə hazırdı. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sahiblə çox yaxın münasibətləri olduğu halda Sahibin onu şərləməsinin səbəbini bilmədiyini, Sahibin kafedə olan əxlaqsız qadına bacı deməsi səbəbindən sahibin üzünə şillə vurduğunu və Sahibin arvadı Kəmaləyə ərinin kafedə pulları dağıtdığını söyləyəcəyini bildirməsi səbəbindən Sahibin onu şərlədiyini düşündüyünü, Sahibin özünün 540 manat pulu oğlu İntiqamın kartına göndərdiyini, istifadəsində olan kartı Sahibin 102-yə zəng etməsindən 3 gün sonra oğluna bağlatdırmağı tapşırdığını, 300 manat pulun Sahib tərəfindən borc olaraq onun kartına göndərildiyini, Sahibin özünün bizim evdə oturan zaman həmin pulları paltarların pulları kimi onun kartına göndərdiyini, Sahibə 1500 manat dəyərində paltar satmadığını, hansı səbəbdən 1500 manat pulu hissə-hissə onun kartına göndərdiyini bilmədiyini, Sahiblə paltarların pulu ilə məbləğ danışmadığını və imkanı nəyə çatırsa onu ödəməsini Sahibə bildirdiyini, Sahibin həmin məbləği birdəfəlik deyil, hissə-hissə göndərməsinin səbəbini bilmədiyini, həmin gün cəmi bir dəfə Sahibin telefonundan Facebooka girmək üçün istifadə etdiyini, lakin həmin vaxt Sahibin yanında oturduğunu, telefonu götürüb kənara çəkilmədiyini, həmin vaxt Sahibin telefonuna SMS gəldiyini və telefonu Sahibə verdiyini, pulu oğlunun kartına göndərməsinin səbəbinin özünün bədxərc olması və pulun özündə qalacağı təqdirdə həmin pulu xərcləməsindən ehtiyat etməsinin olduğunu, pulu dostu Sərvətin kartına atmasını oğluna bildirməsinin səbəbinin evinin kirayə pulunu ödəməli olmasının olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 20 il olar ki, Ağcabədi rayonunda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onun Təqsirləndirilən şəxslə qonşu kimi mehriban münasibəti olmuşdur. Təqsirləndirilən şəxs Ağcabədi rayonunda yaşadığı müddətdə o Racinin ailəsinə daim maddi yardım göstərmişdir. Təxminən 15 il olar ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək kirayədə yaşayırlar. 2022-ci ilin dekabr ayının axırlarında Racinin Bakı şəhəri, Sabunçu qəsəbəsində kirayədə yaşadığı evdə qonaq olmuşdur. Racinin evində qonaq olduğu zaman evlərində torbaların içində paltarların olmasını görüb Racidən bu barədə maraqlandıqda Raci həmin paltarların işlənmiş paltarlar olmasını və satmaq istədiyini bildirmişdir. O Raci ilə 2-3 torbada olan həmin paltarları almağa razılaşmışdır. O, «Turan Bank» Ağcabədi filialına qızıl əşyaları girova qoyaraq kreditə 5000 manat pul götürmüşdür. Həmin pulun 4500 manatını 4169 7388 1403 2987 nömrəli "xxxx" kartına köçürtmüşdür. Həmin vaxt istifadə etdiyi mobil telefonuna bank kart əməliyyatlarının aparılmasına dair proqramı yazdırmışdır. 18 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Racinin yaşadığı Bakı şəhəri Sabunçu qəsəbəsinə gəlmişdir. Raci ilə həmin axşamı görüşüb kirayə ev tapmaq üçün evdən çıxmışlar və həmin axşamı bir yerdə kafedə oturub çörək yemişlər. 19 yanvar 2023-cü il tarixdə Racinin arvadı Fəxriyyə ona qonşuluqda kirayəlik ev tapmışdır. O, Raci ilə qonşuluqda yaşayıb arada axşamlar Racinin yaşadığı evə keçdikdə Raci dəfələrlə onun istifadə etdiyi mobil telefonu danışmaq adı ilə götürüb qaytarmışdır. O da həmin vaxtı Raciyə ehtiyat etmədən telefonundan istifadə etməyə icazə vermişdir. 21 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində o Racinin yaşadığı evə gəlmişdir. Həmin vaxt Raci yenə ondan mobil telefonunu danışmaq adı ilə almışdır. Həmin vaxt qarnının ağrıdığını bildirərək ayaq yoluna tərəf getmişdir. O, da Racinin arxası ilə gedərək telefonu qaytarmasını bildirmişdir. Raci məcbur qalıb həmin anda telefonu qaytarmışdır. Telefonu qaytaran zaman onun telefonuna SMS gəlmiş və kartından 250 manat və 300 manat pulun çıxarıldığı görmüşdür. O, bu barədə Racidən soruşduqda Raci onun kartının nömrəsini bilmədiyindən kartından pul çıxarmadığını bildirmişdir. Halbuki, ondan öncəki günlərdə o, Racigildə olan zaman telefon satan şəxsə pul ödəmək üçün telefonunda olan mobil tətbiqin 8841 kodunu yığan zaman Raci onun arxasında dayanaraq həmin kodu görmüşdü. O, Racidən pulunu qaytarmasını tələb etmişdir. Raci ona pulunu götürmədiyindən pulunu qaytarmacağını bildirdikdə o, Raci barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin vaxt Racinin arvadı Fəxriyyə də Racidən onun pulunu qaytarmasını bildirmişdir. O, heç vaxt Racinin istifadəsində olan kartına paltarlara görə pul köçürməmişdir. Paltarlar üçün verdiyi pulları həmişə nağd qaydada vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Hətəmov X1 paltarlara görə pul göndərmədiyini, həmin paltarların pulunu nağd ödədiyini, aralarında yanvar ayından öncə paltar alqı-satqısının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsi təqdim edərək Raci Səfərliyevdən geyim əşyaları almaq üçün bankdan 5000 manat pul götürdüyünü, ondan əvvəl də qızıl-zinət əşyalarını girov qoyaraq bankdan kredit götürdüyünü, ümumilikdə bankdan 7000 manat pul götürdüyünü, Racinin pulu oğurlaması səbəbindən aylıq ödənişlərini edə bilmədiyini və qızılzinət əşyalarının bank tərəfindən satışa çıxarıldığını, bununla da ona 7000 manat maddi ziyan dəydiyini, Raciyə zəng edən zaman Racinin onu nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqətini alçaltmağa çalışdığını qeyd edərək Təqsirləndirilən şəxs onu və ailəsini “Whatsapp” sosial şəbəkəsində təhqir etdiyi, şərəf və ləqayətini alçaldaraq işgüzar nüfuzuna xələl gətirdiyi üçün Təqsirləndirilən şəxs 50000 manat məbləğində pulun, oğurladığı 4000 manat pulun, kreditini ödəyə bilməməsinə görə 7000 manat məbləğində pulun, ümumilikdə 61000 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, 2018-ci ildən atasıgillə yaşamır. Onun evdən çıxmasının səbəbi Zərərçəkmiş şəxsdur. Belə ki, Zərərçəkmiş şəxs hər dəfə rayondan gəlib onlarda qalan zaman atasını içizdirmiş və atası anasını döyürmüş. Bir gün o, əsəbləşərək Zərərçəkmiş şəxs evlərindən qovduğundan atası onunla mübahisə etmiş və o, həmin gündən, 2018-ci ildən evdən çıxmış və tək yaşamağa başlamışdır. Bu səbəbdən hadisə günü evdə olanlardan məlumatsızdır. O, valideynlərindən ayrı yaşadıqdan sonra öz adına olan «X12» aid olan kartını atası Raciyə vermişdir ki, işləmədiyinə görə pulları olmadıqda 5-10 manat onlara çörək pulu göndərsin. 2023-cü ilin yanvar ayının təxminən axırlarında, təxminən saat 18 radələrində onun atasına verdiyi «X12» aid olan kartdan 540 manat pul onun istifadə etdiyi «Uni bank» məxsus «Leo» bank kartı hesabına oturmuşdur. Bundan sonra atası Raci ona zəng vuraraq ona pul göndərdiyini, yarım saata həmin pulu ona göndərəcəyi karta atmasını bildirmişdir. O, atasından həmin pulun nə ilə bağlı olduğu soruşduqda, atası ona qarışmamasını bildirmişdir. O, atası Racinin ona göndərmiş olduğu 540 manat pulu həmin günü metronun «Əcəmi» stansiyasının içində olan "xxxx" bankomatından çıxarmışdır. O da atasının ona göndərmiş olduğu pulu Abşeron rayonu Hökməli dairəsinin yaxınlığında yerləşən «Bazarstore» mağazasının içərisində yerləşən ödəmə terminalından atası Racinin ona özünün istifadəsində olan ***-***-**-** mobil telefonun Whatsapp vasitəsi ilə göndərdiyi «Leo bank» bark hesabına göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X3 hadisədən 3 gün sonra atasının ona zəng edərək atasının istifadəsində olan, lakin öz adına olan «X12» aid olan kartını bağlatdırmağı tapşırdığını, atasının hansı səbəbdən həmin kartı bağlatdırdığını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla Ağcabədi rayonunda qonşuluqda yaşamışlar. Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxslə uzun müddət dostluq etmiş və dəfələrlə onun ailəsi ilə birlikdə yaşadığı evə gəlib getmişdir, hətta onların yaşadıqları evdə gecələmişdir. Onun oğlu Şahid1 onlardan ayrılıb ayrı yaşadıqdan sonra öz adına olan «X12» aid olan kartını əri Raciyə vermişdir ki, işləmədiklərinə görə pulları olmadıqda həmin karta dolanmaq üçün 5-10 manat pul atsın. Əri Raci eyni zamanda oğlu İntiqamın adına olan digər "xxxx"-a məxsus “Leo Bank” kartının nömrəsini də bilmişdir. Çünki oğlu İntiqam həmin kart hesabından Racinin istifadəsində olan adına olan kart hesabına pul göndərmişdir. O özü evlərdə təmizlik işləri görür, ona evlərdən işlənmiş və geyinilmiş əşyalar verirlər. Əri Racinin tanışı Zərərçəkmiş şəxs dəfələrlə onların yaşadığı evə gələrək onlardan dəfələrlə işlənmiş və geyinilmiş əşyalar almışdır. Zərərçəkmiş şəxs onlardan aldığı işlənmiş və geyinilmiş əşyalar üçün pulu karta göndərmişdir. 21 yanvar 2023-cü il tarixdə, gündüz saatlarında Sahib Raciyə zəng vuraraq onu çörək yemək üçün kafeyə dəvət etmişdir, Raci də həmin günü toy məclisində musiqiçi olaraq iştirak edəcəyini bildirmişdir. Bu zaman isə Sahib Raciyə işlənmiş və geyinilmiş əşyalar almaq üçün Bakı şəhərinə gəldiyini bildirərək onların yaşadıqları evdə qonaq olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin günü Racinin istifadəsində olmaqla oğlunun adına olan «X13»a aid olan karta əvvəl 250, yarım saat sonra isə 300 məbləğində pul köçürülmüşdür. Həmin məbləğdə pul Racinin istifadəsində olan karta köçdükdən sonra Raci həmin məbləğdə pulu oğlu İntiqama məxsus olan «Uni bank» kartına köçürmüşdü. Racinin hansı səbəbdən pulu oğlunun kartına köçürməsini bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Zərərçəkmiş şəxs 24 bağlama paltar satdıqlarını, Sahibin həmin paltarları satdıqdan sonra pulu ödəyəcəyini bildirdiyini, Sahibin paltarların pulunu onlardan getdikdən sonra həmin gün axşam Racinin istifadəsində olan bank kartına göndərdiyini, paltarların qiyməti ilə bağlı Sahiblə hansı məbləğə razılaşdıqlarını bilmədiyini, Sahibin onların evində olan zaman kartının bloka düşdüyünü, kartdan pul göndərə bilmədiyini bildirdiyini və ona 50 manat nağd pul verdiyini, Sahibin onlarda olan zaman kartından pulların azaldığını bildirərək Racinin həmin pulları oğurlamasının mümkün olub-olmamasını ondan soruşduğunu, onun Sahibə bilmədiyini dediyini, Sahibin onlarda olan zaman öz kartından Racinin kartına pul göndərmədiyini, Racinin Sahibdən telefonu götürərək ayaq yoluna getdyini, Sahibin həmin vaxt Racidən telefonu geri istədiyini, Raci telefonu qaytaran zaman Sahibin telefonuna kartından pul çıxarılmasına dair SMS gəldiyini, Sahibin Racidən pul köçürüb köçürmədiyini soruşduqda Racinin köçürmədiyini bildirdiyini, bundan sonra Sahibin çıxıb getdiyini və 102 Xidmətinə zəng etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanıdır ( i.v. 12-14). 4169 7388 1403 2987 nömrəli "xxxx" bank kartına dair bank çıxarışlarına dair məlumatlardan görünür ki, 4169 7388 1403 2987 nömrəli "xxxx" bank kartından 20 yanvar 2023-cü il tarixdə saat 13:37:39-da 300 manat, 20 yanvar 2023-cü il tarixdə saat 13:39:40da 105 manat, 20 yanvar 2023-cü il tarixdə saat 20:57:34-də 250 manat, 20 yanvar 2023cü il tarixdə saat 19:49:53-də 300 manat və 21 yanvar 2023-cü il tarixdə 18:18:50-də300 manat və sonuncu dəfə 21 yanvar 2023-cü il tarixdə 19:20:11-də 250 manat pul başqa banklara məxsus kartlara köçürülmüşdür (i.v.46). “Baxış keçirilməsi barədə” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 4169 7388 1403 2987 nömrəli "xxxx" bank kartına dair bank çıxarışlarına dair məlumatlar Zərərçəkmiş şəxs təqdim edilmiş, o, 20 yanvar 2023-cü il tarixdə saat 13:37:39-da 300 manat, 20 yanvar 2023-cü il tarixdə saat 13:39:40-da 105 manat, 20 yanvar 2023-cü il tarixdə saat 20:57:34-də 250 manat, 20 yanvar 2023-cü il tarixdə saat 19:49:53-də 300 manat və 21 yanvar 2023-cü il tarixdə 18:18:50-də 300 manat və sonuncu dəfə 21 yanvar 2023-cü il tarixdə 19:20:11-də 250 manat pulun özü tərəfindən deyil, başqa kənar şəxs tərəfindən BirBank tətbiqi vasitəsi ilə başqa banklara məxsus kartlara köçürüldüyünü bildirmişdir (i.v.47). “İfadənin yerində yoxlanılması haqqında” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 21 yanvar 2023-cü il tarixdə atası X2 tərəfindən onun bank kartı hesabına göndərilmiş pulu əldə etmə şəraitini göstərməsi təklif edilmiş, o, "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının içərisində olan keçiddə quraşdırılmış bankamatı göstərərək 21 yanvar 2023-cü il tarixdə atası tərəfindən onun "xxxx" kartı hesabına gönərilmiş 500 manat pulu həmin bankomatdan çıxararaq nağdlaşdırdığını bildirmişdir (i.v.55-56). "xxxx" ASC tərəfindən verilmiş №2023/111/2740 saylı, 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 4169 73** ****2987 nömrəli "xxxx" bank kartına dair bank çıxarışlarına dair məlumatlara əsasən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus 4169 73 ** ****2987 nömrəli "xxxx" bank kartından 21 yanvar 2023-cü il tarixdə 18:18:50-də 300 manat və 21 yanvar 2023-cü il tarixdə 19:20:11-də 250 manat pul bir bank tətbiqi vasitəsi ilə Azər-Türk banka məxsus karta köçürülmüşdür (i.v.87-88). “Baxış keçirilməsi haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, səs yazısını göndərən Təqsirləndirilən şəxs səs yazısında bildirmişdir ki, “qardaş, sənin pulunu qələt edib götürmüşəm, üzr istəyirəm, bağışla, mənə və balarıma görə keç, balalarıma görə məni bağışla” (i.v.97). “Sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2023-cü il qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilmişdir (i.v. 97a-103). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi X9 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxsin kartından pul oğurlamadığını bildirsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs bir dəfə Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə “Facebook” sosial şəbəkəsinə daxil olarkən onun telefonuna ismarıc gəldiyini, telefonu zərərçəkmiş şəxsə qaytaran zaman Sahibin kartından pul çıxdığını ona bildirdiyini, onun isə Sahibə 102 Xidmətinə zəng etməsini məsləhət bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə Sahibin telefonundan “Facebook” sosial şəbəkəsinə daxil olmaq üçün istifadə etdiyini, həmin vaxt telefonu götürüb kənara çəkilmədiyini, elə Sahibin öz yanında əyləşərək onun telefonundan istifadə etdiyini, həmin vaxt Sahibin telefonuna kartından pul çıxmasına dair SMS gəldiyini, Sahibin ondan kartdan pul çıxıb-çıxmamasını soruşduğunu, Sahibə bundan məlumatının olmadığını bildirdiyini, Sahibin ondan şübhələndiyini və 102 Xidmətinə zəng etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Sahibin telefonunu götürərək onun yanından kənarlaşmadığını, Zərərçəkmiş şəxs özü tərəfindən həmin pulların onlardan aldığı geyinilmiş paltarların pulu olaraq onun kartına göndərdiyini, Zərərçəkmiş şəxs kartından onun kartına sonuncu dəfə göndərilən pulları oğlunun kartına göndərməsinin səbəbinin özünün bədxərc olması və həmin pulu xərcləməsindən ehtiyat etməsinin olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə əlaqəli şəkildə təhlil edərək onun ifadələrində və suallara verilmiş cavablarında səmimi olmaması, şahid ifadələri və zərərçəkmiş şəxsin ifadələri ilə onun ifadəsinin təkzib edilməsi qənaətindədir. Məhkəmə iclasında təqsirləndirilən şəxsdən geyinilmiş paltarları Zərərçəkmiş şəxs hansı məbləğ müqabilində verməsinə dair sual ünvanlandıqda o sualdan yayınaraq paltarların hər birini 20 qəpik, 50 qəpik, maksimum 5 manat olmaqla satdıqlarını bildirmiş, ümumilikdə Zərərçəkmiş şəxs onlara hansı məbləğdə pul verməli olduğunu göstərə bilməmişdir. Bu zaman ona Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində paltar satıb-satmadıqlarına dair sual ünvanlandıqda o, zərərçəkmiş şəxsə həmin məbləğdə paltar satmadıqlarını, Zərərçəkmiş şəxs nəyə imkanı çatarsa onu verməsini bildirdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsindəki həmin hala münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin satdığı və zərərçəkmiş şəxsin ona ödəməli olduğu məbləği bilməməsi real olmamaqla ifadəsində gah paltarları Zərərçəkmiş şəxs hər birinin konkret qiymətini göstərməklə satdığını, gah da “nəyə imkanın çatar verərsən” deməsini göstərməsi onun verilmiş suallar qarşısında çıxılmaz vəziyyətdə qalaraq biri digərinə uyğun olmayan cavablar verməsinin göstəricisidir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxsə onun kartına zərərçəkmiş şəxsin kartından göndərilmiş konkret məbləğlərlə bağlı sual verilən zaman təqsirləndirilən şəxs ilk öncə həmin məbləğlərin paltarların pulu olduğunu, bir qədər sonra isə 300 manatın sahibin onlara borc olaraq göndərdiyini bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndiirlən şəxs bununla bağlı hər hansı ifadə verməmiş və onun ifadəsindəki həmin xüsusata şahid ifadələrində də toxunulmamışdır. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də Zərərçəkmiş şəxs həmin pulları paltarların pulu olaraq təqsirləndirilən şəxsin istifadəsində olan karta göndərmişdirsə, həmin məbləğləri birdəfəlik deyil, eyni gündə müəyyən zaman aralığı ilə hissə-hissə ödəməsi özü də inandırcı və məntiqli deyil. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxsdən Zərərçəkmiş şəxs onlardan ümumilikdə 1500 manat dəyərində paltar alıb-almaması soruşulduqda o, zərərçəkmiş şəxsin aldığı paltarların 1500 manat dəyərində olmadığını, hansı səbbədən Zərərçəkmiş şəxs ona hissə-hissə 1505 manat göndərməsini bilmədiyini göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, kifayət qədər maddi imkanı olmayan, bankdan kredit götürmüş şəxsin 1500 manat dəyərində mal almadığı alda malı aldığı şəxsə artıq pul vəsaiti göndərməsi inandırıcı olmamaqla təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün düşünülməmiş cavablar verməsinə dəlalət edir. Təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasına dəlalət edən və məhkəmənin diqqətini çəkən digər bir məqam Təqsirləndirilən şəxs istifadəsində olan karta Zərərçəkmiş şəxs kartından pullar gəldikdən sonra Təqsirləndirilən şəxs sonuncu dəfə, yəni 21 yanvar 2023-cü il tarixdə göndərilən pulları oğlunun kartına göndərməsi və elə həmin gün oğluna həmin pulu verdiyi başqa kart hesabına göndərməsini bildirməsi, hadisədən sonra oğluna kartı bağlatdırmasını tapşırması olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona göndərdiyi pulu xərcləməkdən ehtiyat etdiyindən həmin pulu oğlunun kartına göndərdiyini bildirmiş, bu zaman təqsirləndirilən şəxsə ünvanlanmış “əgər pulları xərcləməkdən ehtiyat edirdinizsə, hansı səbəbdən elə həmin gün oğlunuza tanışınıza məxsus başqa kart nömrəsi göndərərək pulu həmin karta göndərməsini bildirmisiniz” sualına cavab olaraq o, səhərisi gün evinin kirayə pulunu verməli olduğundan oğlundan pulu dostunun kartına göndərməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin arqumentini absurd hesab edərək qeyd edir ki, əgər təqsirləndirilən şəxs pulları xərcləməsindən ehtiyat etdiyi üçün həmin məbləği oğlunun kartına atmış olsa idi, elə həmin gün həmin pulların oğlu tərəfindən göndərilməsini istəməz, həmin pulları geri istədiyi təqdirdə başqa şəxsin kart hesabına deyil, elə öz kartına göndərilməsini istəyərdi ki, təqsirləndirilən şəxsin bu xəyali arqumenti özü də təqsirləndirilən şəxsin oğurladığı pulları öz kartında saxlamaq istəməməsinə, dərhal həmin pulları oğluna göndərməklə öz düşüncəsinə görə cinayətin izlərini itirməyə çalışmasına dəlalət edən hallardandır. Təqsirləndirilən şəxsin hadisədən sonra oğlunun adına olmaqla öz istifadəsində olan “AzərTürk Bank” a məxsus kartı heç bir səbəb olmadan bağlatdırmasını oğluna tapşırması onun cinayətdən sonra bütün dəlilləri aradan qaldırmağa cəhd etməsinin göstəricililərindən biridir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə əgər zərərçəkmiş şəxsin kartından pul oğurlamamış və həmin pulları zərərçəkmiş şəxs özü onun istifadəsində olan karta göndərmişdirsə, hansı səbəbdən elə həmin gün pulun göndərildiyi radələrdə çox yaxın və dost münasibətlərinin olduğu Zərərçəkmiş şəxs 102 Xidmətinə zəng edərək ondan şübhələndiyini bildirməsinin səbəbi soruşulduqda təqsirləndirilən şəxs öncə bunun səbəbini bilmədiyini, bir qədər sonra zərərçəkmiş şəxsin kafedə oturduqları zaman əxlaqsız bir qadına bacı deməsi səbəbindən onun üzünə şillə vurduğunu və buna görə zərərçəkmiş şəxsin ondan əvəz çıxaraq ona şər atdığını, məhkəmə iclasının sonrakı gedişatı zamanı isə Zərərçəkmiş şəxs kafedə pulu dağıtdığını və onun Zərərçəkmiş şəxs arvadına bu barədə deyəcəyini bildirməsi səbəbindən Sahibin onu oğurluq cinayətində şərlədiyini bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin bir məhkəmə prosesində üç dəfə dəyişən arqumentlərini əsassız hesab edərək illərdir çox yaxın münasibətdə olan, təqsirləndirilən şəxsin evində mütəmadi olaraq gəlib qalan şəxsin (Belə ki, həmin gün kafedən qayıdarkən də Zərərçəkmiş şəxs Racigilə getmiş və aralarında heç bir mübahisə və ya dava olmamışdır) heç bir əsaslı səbəb olmadan ona qarşı belə bir ittiham irəli sürməsini inandırıcı hesab etmir. Bununla yanaşı, iş materiallarında olan diskdəki səs yazılarından da görünür ki, Təqsirləndirilən şəxs səs yazısında bildirmişdir ki, “qardaş, sənin pulunu qələt edib götürmüşəm, üzr istəyirəm, bağışla, mənə və balarıma görə keç, balalarıma görə məni bağışla”. Məhkəmə təqsirləndirilən şəxsin arqumentlərinə ayrılıqda qiymət verdikdən sonra onun ifadələrinə zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə əlaqəli şəkildə tədqiq edilməklə qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs onların evində olan zaman zərərçəkmiş şəxsin telefonunu götürərək kənara çəkilmədiyini, yalnız bir dəfə onun yanında “Facebook” sosial şəbəkəsinə daxil olduğunu bildirsə də, zərərçəkmiş şəxs ifadəsində Racinin 20 cə 21 yanvar tarixlərdə ondan telefonunu danışmaq adı ilə alaraq kənara çəkildiyini və sonradan telefonu ona qaytardığını, sonuncu dəfə 21 yanvar 2023-cü il tarixdə onun telefonu götürdükdən qarnının ağrıdğını bildirərək ayaq yoluna getdiyini, bu zaman Racidən şübhələnərək arxası ilə gedərək dərhal telefonu verməsini tələb etdiyini, telefonu aldıqdan dərhal sonra telefonuna kartından pul çıxmasına dair SMS gəldiyini, Racidən səbəbini soruşduqda Racinin bilmədiyini söylədiyini, kartına baxdıqda 2 gündür kartından Racinin kartına pul getdiyini və pulun azaldığını gördüyünü, bundan sonra 102 Xidmətinə zəng etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin arvadı Şahid2 şahid qismində dindirildikdən sonra verilmiş suallara cavab olaraq Sahibin onların evində olan zaman kartının bloka düşdüyünü, kartdan pul göndərə bilmədiyini bildirdiyini və ona 50 manat nağd pul verdiyini, Sahibin onlarda olan zaman kartından pulların azaldığını bildirərək Racinin həmin pulları oğurlamasının mümkün olub-olmamasını ondan soruşduğunu, onun Sahibə bilmədiyini dediyini, Sahibin onlarda olan zaman kartından Racinin kartına pul göndərmədiyini, Racinin Sahibdən telefonu götürərək ayaq yoluna getdyini, Sahibin həmin vaxt Racidən telefonu geri istədiyini, Raci telefonu qaytaran zaman Sahibin telefonuna kartından pul çıxarılmasına dair SMS gəldiyini dediyini, Racidən pul köçürüb köçürmədiyini soruşduqda Racinin köçürmədiyini bildirdiyini, bundan Sonra Sahibin çıxıb getdiyini və 102 Xidmətinə zəng etdiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onlarda olan zaman özünün Racinin kartına pul göndərdiyini, zərərçəkmiş şəxsin telefonunu alaraq ümumiyyətlə kənara çəkilmədiyini, zərərçəkmiş şəxsin yanında oturub “Facebook” sosial şəbəkəsində olan zaman zərərçəkmiş şəxsin telefonuna SMS gəldiyindən telefonu zərərçəkmişə qaytardığını bildirsə də, onun ifadəsindəki xüsusatlar nəinki zərərçəkmiş şəxsin, o cümlədən, hadisə günü hadisə yerində olan Şahid2 ifadəsi ilə də təkzib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin kartının mobil tətbiqinin 4 rəqəmli kodunu bilmədiyini və onun kartından öz kartına pul göndərməsinin mümkün olmadığını, zərərçəkmiş şəxsin onlarda olan zaman kartın mobil tətbiqinə daxil olmadığını bildirsə də, zərərçəkmiş şəxs Racigildə olan zaman telefon satan şəxsə pul ödəmək üçün telefonunda olan mobil tətbiqin 8841 kodunu yığan zaman Racinin onun arxasında dayanaraq həmin kodu gördüyünü bildirmiş, zərərçəkmiş şəxsin Racigildə olarkən telefonunda olan mobil tətbiqin kodunu yığaraq ora daxil olması, hətta kartından pulların azalmasını bildirməsi Şahid2 ifadəsi ilə də öz təsdiqini tapmışdır ki, bu da təqsirləndirilən şəxsin ifadəsindəki bu xüsusatda da səmimi olmaması nəticəsinə gəlməyə imkan verir. Bununla yanaşı, təqsirləndirilən şəxs 20 və 21 yanvar 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs onlarda olan zaman öz kartından onun kartına pul göndərdiyini bildirsə də, Şahid2 ifadəsində bu halı təkzib edərək əksinə Zərərçəkmiş şəxs onlarda olan zaman kartının koda düşdüyünü və kartından pul göndərə bilmədiyini dediyini və bu səbəbdən ona 50 manat pulu nağd olaraq verdiyini göstərmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əgər həqiqətən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kartına həmin pulları paltarların pulu olaraq göndərmiş olsa idi, həmin məbləğləri eyni gün ərzində hissə-hissə deyil, bütöv məbləğ olaraq göndərərdi. Əksinə pulun müxtəlif zaman aralıqları ilə hissə-hissə olmaqla kartdan Təqsirləndirilən şəxs kartına göndərilməsi halı Racinin şübhə yaratmamaq üçün hər dəfə zərərçəkmiş şəxsin telefonun götürmək fürsəti olduqca pulu öz kartına hissə-hissə göndərməsinin daha real olmasına dəlalət edir. Göründüyü kimi, Zərərçəkmiş şəxs kartından Təqsirləndirilən şəxs istifdasində olan karta 20 yanvar 2023-cü il tarixdə 955 manat, 21 yanvar 2023-cü il tarixdə isə 550 manat pulun göndərilməsi işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs həmin pulların Zərərçəkmiş şəxs özü tərəfindən göndərildiyini bildirsə də, onun bu arqumentini müdafiə etmək üçün irəli sürdüyü bütün dəlillər yuxarıda göstərilən ifadələr və işin faktiki halları ilə tamamilə təkzib edilmiş və öz təsdiqini tapmamışdır. Hazırki halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 01 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Xalq Məhkəməsinin 22 sentyabr 1998-ci il tarixli hökmünə əsasən AR CM-nin 93-3 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin 28 dekabr 2000-ci il tarixli, 433 saylı Əfv Fərmanına əsasən cəzadan azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 185.1, 187.1 maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, 28 fevral 2009cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 07 dekabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir ( i.v. 84-86). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 aprel 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.128). Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən verilmiş 30 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin axtarış qərarına əsasən 30 aprel 2023-cü il tarixdə saxlanılmışdır (i.v.135). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.141-144). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 may 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 145-146). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(008)- 597/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qtimkan tədbirinə dəyişdirilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 112-14849 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə, saat 15:45 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bazarın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutularaq saxlandığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Zərərçəkmiş şəxs mülki iddia təqdim edərək Raci Səfərliyevdən geyim əşyaları almaq üçün bankdan 5000 manat pul götürdüyünü, ondan əvvəl də qızıl-zinət əşyalarını girov qoyaraq bankdan kredit götürdüyünü, ümumilikdə bankdan 7000 manat pul götürdüyünü, Racinin pulu oğurlaması səbəbindən aylıq ödənişlərini edə bilmədiyini və qızıl-zinət əşyalarının bank tərəfindən satışa çıxarıldığını, bununla da ona 7000 manat maddi ziyan dəydiyini, Raciyə zəng edən zaman Racinin onu nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqətini alçaltmağa çalışdığını qeyd edərək Təqsirləndirilən şəxs onu və ailəsini “Whatsapp” sosial şəbəkəsində təhqir etdiyi, şərəf və ləqayətini alçaldaraq cəmiyyət içərisində işgüzar nüfuzuna xələl gətirdiyi üçün Təqsirləndirilən şəxs50000 manat məbləğində pulun, oğurladığı 4000 manat pulun, kreditini ödəyə bilməməsinə görə 7000 manat məbləğində pulun, ümumilikdə 61000 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə Təqsirləndirilən şəxs oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 1505 manat maddi ziyan vurmasının iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığını, mülki iddia ərizəsində göstərilən digər məbləğlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq mülki iddia ərizəsinin qismən, 1505 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi hissəsində təmin edilməsi qənaətinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən paltar almaq üçün bankdan 5000 manat pul götürdüyünü bildirsə də, məhkəmə qeyd edir ki, götürülmüş həmin məbləğdən cəmi 1505 manatın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması öz təsdiqini tapmış, 3495 manat məbləğində pul vəsaiti isə zərərçəkmiş şəxsin öz sərəncamında qalmaqla istifadə edilmişdir ki, belə olan halda zərərçəkmiş şəxsin öz istifadəsində qalmaqla özü tərəfindən üzərində sərəncam verilmiş pul məbləğinə görə sadəcə həmin pulun təyinatı, yəni Təqsirləndirilən şəxs paltar almaq məqsədi ilə götürülməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsdən tutulması qanunveriliyin tələbləri baxımından da yolverilməzdir. Bununla yanaşı, zərərçəkmiş şəxs mülki iddia ərizəsində 5000 manat krediti götürməzdən öncə də, bankdan öz şəxsi məqsədləri üçün kredit götürdüyünü və Racinin onun kartından oğurluq etməsi səbəbindən həmin pulu ödəyə bilmədiyinə istinad edərək həmin kredit məbləğinin də Təqsirləndirilən şəxs tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin bankdan 7000 manat məbləğində kredit götürməsi, bunun müqabilində qızıl-zinət əşyalarını banka girov qoyması və əşyaların bank tərəfindən satışa çıxarılması mülki iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunmamaqla yanaşı 5000 manat pul məbləğindən 1505 manat pulun oğurlanması əsas götürülməklə zərərçəkmiş şəxsin digər kreditə görə bank qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri təqsirləndirilən şəxsə yükləməsi qanuni və əsaslı hesab edilə bilməz. Mülki iddia ərizəsində tələb olunan zərərçəkmiş şəxsin şərəf və ləqayətinin alçaldılaraq cəmiyyət içərisində işgüzar nüfuzuna xələl gəlməsi ilə əlaqədar təqsirləndirilən şəxsdən 50000 manat pul məbləğinin tutulmalı olması tələbinə gəlincə isə məhkəmə qeyd edir ki, “Whatsapp” sosial şəbəkəsində iki şəxs arasında aparılan yazışmalar zamanı həmin şəxslər arasında işlədilmiş ifadələr həmin iki şəxs arasında olmaqla zərərçəkmiş şəxsin ərizəsində göstərdiyi kimi cəmiyyət arasında onun işgüzar nüfuzuna xələl gəlməsi ilə nəticələnməmişdir. Odur ki, mülki iddia ərizəsi qismən təmin edilməli, məhkəmə istintaqı zamanı təsdiq edilmiş zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği həddində, yəni 1505 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdən 02 may 2023-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və 1505 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-597/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-597/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver