Məhkəmə qərarları › İş №1(008)-598/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-598/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-598/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bəhrəm qızının, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarında gecə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs Bəhrəm qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozunda yerləşən yataqxanadakı mənzilin plastik pəncərəsini sıxma yolu ilə açaraq qanunsuz yaşayış sahəsinə daxil olub qonaq otağında olan 01 ədəd 400 manat dəyərində LG markalı televizoru və paltar dolabında olan 01 ədəd 25 manat dəyərində “Ural” markalı, “Ur-39” modelli ütünü gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 425 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış massivində yerləşən yataqxanada həyat yoldaşı Ayşən Muradova və 1 yaşlı qızı Ahu ilə birlikdə yaşamışdır. Qızının beyin daxili təzyiqi var və hər ay onu müalicə etdirir, onun üçün müxtəlif dərmanlar alır. 2023-cü ilin yanvar ayının təxminən 10-u 15-i arasındakı tarixlərdən birində qızı üçün dərman almağa pulu olmadığına görə qərara almışdır ki, nə isə oğurlayıb satsın, əldə etdiyi pula qızı üçün dərmanlar alsın. Hələ 2022-ci ilin dekabr ayını sonlarından onunla qonşuluqda, eyni yataqxanada 4 mənzil aralıda yaşayan Zərərçəkmiş şəxs evinin işıqlarının yanmadığını görmüş və öyrənmişdir ki, o evində yoxdur. Mehribanın tək yaşadığını bilmişdir. Ona görə Mehribanın mənzilindən oğurluq etməyi qərara alaraq qeyd etdiyi tarixlərdən birində saat 05 radələrində yataqxananın birinci mərtəbəsindəki, Mehribanın mənzilinin altındakı mənzilin küçəyə çıxıntısının damına çıxmış, oradan Mehribanın mənzilinin plastik pəncərəsini əli ilə itələyib açaraq mənzilə daxil olmuşdur. Qonşu kimi əvvəllər Mehribanın mənzilində olmuşdur, onun mənzili bir otaqlıdır və hansı əşyaları harada saxladığını bilmişdir. Ona görə də mənzilə daxil olandan sonra otaqda olan 1 ədəd LG markalı televizoru və dolabda saxladığı bir ədəd paltar ütüsünü götürüb gəldiyi kimi həmin pəncərədən çıxmışdır. Oğurladığı televizoru və ütünü binanın girişində pilləkənlərinin altında gizlətmiş, sonra öz evinə gəlmiş, ayaqqabısını geyinib geri qayıdaraq oğurladığı LG markalı televizoru və ütünü götürüb ordan marşurut avtobusu ilə Sabunçu qəsəbəsində köhnə əşyalar satılan «Rus bazarı» kimi tanınan ticarət mərkəzinə gəlmişdir. Televizoru və ütünü bazarın girişində yerə qoyub arxasında dayanıb müştəri gözləmiş, bu zaman tanımadığı bir şəxs ona yaxınlaşıb televizora 50 manat pul təklif etmiş, o da razılaşaraq həmin televizoru sonuncuya satıb pulu alaraq evinə gəlmişdir. Lakin, oğurladığı ütünü sata bilmədiyi üçün onu gətirib binanın girişində pilləkənlərin altında gizlətmişdir. Əldə etdiyi pulla qızı üçün dərmanlar almışdır. Mehribanın mənzilə daxil olmağını və oradan LG markalı televizorla 1 ədəd ütünü götürüb çıxmağını heç kim görməmişdir. Oğurluq edərkən heç bir alətdən istifadə etməmişdir. Ailə üzvlərinə demişdir ki, guya bir yerdə fəhlə işləri görüb pul qazanmışdır. Oğurluq etməyini heç kim bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəhrəm qızı ifadəsində göstərdi ki, ünvan 3 ünvanda bir otaqlı mənzildə tək olaraq yaşayır. Yeni il bayramı keçirmək üçün 23 dekabr 2022-ci il tarixdə Kürdəmir şəhəri Kərlar kəndində yaşayan anasıgilə qonaq getmişdir. 15 yanvar 2023-cü il tarixdə evinə qayıtmış və qapını açıb mənzilə daxil olduqda qonaq otağında olan 2015-ci il tarixdə kreditlə 400 manata aldığı LG markalı televizorun yerində olmadığını aşkar etmişdir. Mənzilində oğurluq baş verdiyindən şübhələnərək qonaq otağında olan paltar dolabına baxdıqda 2020-ci il tarixdə 50 manata aldığı ütünün də yerində olmadığını aşkar etmişdir. Artıq mənzilindən oğurluq hadisəsinin baş verdiyindən əmin olduqdan sonra DİN-in 102 məlumat xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddət keçdikdən sonra ona polisdən məlumat vermişlər ki, mənzilindən oğurluğu edən qonşuluqda yaşayan, əvvəllər bir neçə dəfə mənzilində olan Təqsirləndirilən şəxsdur. Sonradan ibtidai istintaq zamanı ütü ona qaytarılmışdır. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda bir otaqlı mənzilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 07-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Bəhrəm qızı zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v. 23); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 43); 02 fevral 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimatın təmin edilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmişdir(i.v.68-72); qətimkan tədbirinin seçilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.73-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə düzəliş edilərək CM-in 69.3-cü maddəsi tətbiq edilərək cəzası 01 il 11 ay 28 gün təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Suraxanı rayon məhkəməsinin həmin tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur(i.v.77-78); götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ütü iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür(i.v.80); məhkəmə-əmtəəşunaslıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/1403 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd “Ural” markalı, “Ur-39” modelli ütünün orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 25,0 manat müəyyən olunur(i.v.88); sübutların qiymətləndirilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Ural” markalı, “Ur-39” modelli ütü maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır(i.v.92-96); qəbzə əsasən 01 ədəd “Ural” markalı, “Ur-39” modelli ütü Zərərçəkmiş şəxs Bəhrəm qızına təhvil verilmişdir(i.v.98); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır(i.v.101); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində tutularaq 12-ci PŞnə gətirilmişdir(i.v.105); 23 aprel 2023-cü il tarixlişəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.47); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.129-130); Zərərçəkmiş şəxs Bəhrəm qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Ural” markalı, “Ur-39” modelli ütünün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı(CPM-132.1), ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidır(CPM-198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yataqxana ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-01 ədəd “Ural” markalı, “Ur-39” modelli ütünün Zərərçəkmiş şəxs Bəhrəm qızına qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar