Məhkəmə qərarları › İş №1(008)-598/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-598/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-598/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 61də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,568 qram olan psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 may 2025-ci il tarixdə, saat 51:54 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirşəliş küçəsində fərdi evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən sellofan bükümdə 01 ədəd xeyli miqdarda təmiz çəkisi 1,568 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, işdən çıxıb evə gedərkən polis əməkdaşları onu saxlamışlar bildirmişlər ki, onlarla bölməyə getsin, həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır, onu bölməyə aparmışlar, qabağına bükümlər qoymuşlar, bildirmişlərki , 1 qram olan bükümü götürməsə evinə aparıb daha çox miqdarda büküm qoyacaqlar, o da buna görə qəbul etmiş, bükümü götürmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona 2 nəfər polis əməkdaşları yaxınlaşmışlar, hər hansı fiziki zor tətbiq olunmamışdır, may ayının 27-si olmuş, təxminən saat 5-6 radələri olmuşdur. Narkotik vasitə istifadə edir, marixuana və metamfetamindən istifadə edir, polislər mülki geyimdə olmuşlar, onu 12-ci PB-nə aparmışlar, videoçəkilişdə olan polis əməkdaşları deyil. Sonradan bölmədən onu Balaxanıya aparıb üzərinə baxış keçirmişlər. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə hakimə üzərində olduğunu etiraf etmişdir, ona görə ki, ona demişdilər ki, buraxılacaqdır. Özünü istifadəçi kimi təqsirli bilir. Özü ekspeditor işləmişdir, ola bilsinki o kart məlumatlarını bununla bağlı digər şəxslərə atmışdır. “Arif qaqili” onun məhəllə uşağıdır, ona niyə kart məlumatlarını atdığı yadında deyil, ondan hər hansı alacağı olmamışdır. Şahin kababçının “salam xobi. İyirmi var duzeler nese.” Məzmunda ona sms yazmasını xatırlamır. “Hilaga” onunla birlikdə işləyib, xx.xx.2025-ci il tarixdə “qardaş necesen qardasiva birdene 10lug das teskil elede", “qaqas kartivi atda mene” məzmunda ona niyə sms yazdığı yadında deyil. Eləcə də ona yazılan digər smslərin niyə və kim tərəfindən yazıldığını bilmir. Onun telefonunda olan şəkillər ona atılmışdır, gedib həmin yerdən narkotik götürmüşdür. Olub ki, o pulla aldığı narkotik vasitə və ya psixotrop maddəni digər narkotik vasitə istifadəçiləri ilə bölüşmüşdür, onlara pul qarşılığında narkotik vasitə verməmişdir, paylaşmışdır, birlikdə istfadə etmişlər, bu cür hallar çox olub. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki,bir müddətdir ki, anket məlumatlarını bilmədiyi iranlı şəxsdən kartina pul göndərməklə və tanımadığı şəxslərdən birbaşa narkotik almışdır. 27 may 2025-ci il tarixdə günorta saatlarında adını və digər məlumatlarını bilmədiyi narkotik satan şəxsi Balaxanı qəsəbəsi ərazisində görmüş və ondan 30 manata 1 büküm “patı” almışdır. Həmin metamfetamini gizlin yerdə istifadə etmək üçün əynindəki boz rəngli şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində yaşadığı məhəlləyə çıxıb, narkotiki istifadə etmək üçün gizlin yer axtaran zaman 3 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olmalarını, barəsindəki əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar olmasını deyib, həmin qərarla onu tanış edib, üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmamasını soruşmuşlar. O da artıq etiraz etməmiş, razılaşmış və üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Ona üzərindəki qanunsuz əşyaları verməsi təklif edilmiş, o da əynindəki boz rəngli şalvarın sol yan cibindən həmin gün tanımadığı şəxsdən aldığı sellofan bükümdəki “patı" yəni metamfetamini, sağ yan cibindən isə “İnfinix" markalı mobil telefonu təqdim etmişdir. Suallara cavab olaraq, narkotiki anket məlumatlarını bilmədiyi şəxsdən almağını, başqa qanunsuz əşya saxlamadığını bildirmişdir. Daha sonra üzərinə polislər şəxsi axtarış keçirmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik və telefon qablaşdırılmışdır. O da qablaşdırmanı digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis şöbəsinə gəlmişlər və orada ona vəkil təqdim edilib, hüquqları izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, üzərindən aşkar olunub qablaşdırılmış narkotik maddə və telefon videogörüntü aparılmaqla açılmış və həmin narkotikin ona məxsus olub-olmaması soruşulmuşdur. Vəkilinin də iştirakı ilə aparılmış bu hərəkətlər zamanı o səmimi etiraf etmişdir ki, həqiqətən də narkotik onundur və tanımadığı şəxsdən almışdır. Daha sonra həmin narkotik və telefon yenidən qablaşdırılmış və narkotikin ekspertizaya göndəriləcəyi ona bildirilmişdir. Tərtib olunmuş protokollar oxunmuş, hüquqları izah edilmiş, daha sonra o da protokolu imza etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona saxlanılarkən, polis şöbəsinə gətirilərkən, izahat verərkən hər hansı bir fiziki və ya psixi təsir olmamışdır, narkotiki olanda, yaxın bildiyi, dost qardaşa narkotiki aldığı qiymətə satmışdır. Bunu səmimi etiraf edir. Lakin mütəmadi satışla məşğul olmur. Yəni dost tanışdan kimsə narkotik tapmayanda, onun da narkotiki olarsa, həmin narkotikin üzərinə pul qoymadan, öz aldığı qiymətə dostuna satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPl-nin RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsi daşıyır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rəhbərliyə raportla müraciət edib, əməliyyat tədbirlərinin keçirilməsi barədə təsdiq aldıqdan sonra, təşkil edilmiş əməliyyat qrup üzvləri, iş yoldaşları ilə birlikdə həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yerləşən fərdi evin yaxınlığına gələrkən saat 21:54 radələrində bir nəfər oğlanın xarici əlamətlərinin Təqsirləndirilən şəxs oxşamasını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və digər əməkdaş və o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddəyə bənzəyən bükülünü təqdim etmiş və şəxsi axtarış zamanı da həmin şalvarın sağ yan cibindən 01 ədəd “İnfinix" markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 30 manat pul müqabilində, həmin tarixdə Sabunçu rayon ərazisindən şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Aşkar olunan qanunsuz maddə və “İnfinix" markalı mobil telefon iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Daha sonra araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi vəkil təqdim edilərək hüquqları bir daha izah edilmiş və onun üzərindən aşkar edilərək qablaşdırılmış maddənin və “İnfinix” markalı mobil telefonun açılıb baxılacağı izah edilmişdir. Etiraz olmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə və “İnfinix" markalı mobil telefon təhqiqatçı tərəfindən müdafiçinin də iştirakı ilə videogörüntü aparılmaqla açılmış, baxılmış və orada da Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmasını, üzərindən aşkar olunan həmin maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik maddəyə oxşar maddə və “İnfinix" markalı mobil telefon iştirakçıların gözü qarşısında bir daha qablaşdırılaraq möhürlə möhürlənmiş, o və digər iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.100-102); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair" 27 may 2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat müvəkilləri videogörüntü aparan X2, özü, Şahid1 və Şahid2 27 may 2025-ci il tarixdə saat 21:54 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində nömrəsiz fərdi evin yaxınlığına gələrkən bir nəfər oğlanın xarici əlamətlərinin Təqsirləndirilən şəxs oxşamasını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və digər əməkdaşla o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş və bu zaman əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddəyə bənzəyən bükülünü çıxarıb təqdim etmişdir. Həmçinin əməliyyat müvəkkili də Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd “İnfinix” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Aşkar olunan qanunsuz maddə və mobil telefon iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir(i.v.09-10); şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə, saat 21:54-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında 27 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 02 ədəd ağ zərflərə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli Kristal formalı maddə və 01 ədəd İnfinix markalı mobil telefon aşakr olunmuş, sonra həmin maddə və telefon yenidən qablaşdırılaraq möhürlənmişdir(i.v.23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 6/2007 saylı 28 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159" dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxsbdan aşkar olunmuş ... (imza) Təqsirləndirilən şəxs" yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 1,568 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v.37-41); “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 29 may 2025-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İnfinix" markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının “sms" “mesajlar” qovluğunda “Hilaga” adı yazılmış 077 *** ** ** nömrəli kontanktdan xx.xx.2025-ci il tarixdə “qaqas kartivi atda mene”, xx.xx.2025-ci il tarixdə isə “qardaş necesen qardasiva birdene 10lug das teskil elede" yazılmış, Təqsirləndirilən şəxs “Arif Qaqili” yazılmış 070 *** ** ** saylı nömrəyə xx.xx.2025-ci il tarixdə “4169 7388 3316 9901 Kapital” yazılmış, “Şahin kababci” adlı 077 *** ** ** saylı nömrədən Təqsirləndirilən şəxs “salam xobi. İyirmi var duzeler nese.” yazılmış, Təqsirləndirilən şəxs 070 *** ** ** saylı nömrəyə “4169 7388 3316 9901 Kapital” yazılmışdır. Bundan başqa mobil telefonun şəkillər qovluğunda narkotik vasitələrin haralara qoyulması şəkilləri müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsi ilə bağlı şübhəli smslər və şəkillər olması onun narkotik və psixotrop maddələr satmasına dəlalət edir(i.v.52-59); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 29 may 2025-ci il tarixli 4(008)- 256/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 may 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.80-85); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.93); Videogörüntüyə baxış keçirilməsi haqqında 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 27 may 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu RPİ- nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş “əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və şəxsi axtarış keçirilməsinə dair” protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əməliyyat müvəkilləri videogörüntü aparan X2, özü, Şahid1 və Şahid2 27 may 2025-ci il tarixdə saat 21:54 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində nömrəsiz fərdi evin yaxınlığına gələrkən bir nəfər oğlanın xarici əlamətlərinin Təqsirləndirilən şəxs oxşamasını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və digər əməkdaşla o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş və bu zaman əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli psixotrop maddəyə bənzəyən bükülünü çıxarıb təqdim etmişdir. Həmçinin əməliyyat müvəkkili də Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd “infinix” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olmasını, tanımadığı şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə əldə etməsini bildirmişdir. Aşkar olunan qanunsuz maddə və mobil telefon iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir(i.v.95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3 X4 Komissiyasının 21 iyul 2025-ci il tarixli 4343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların və Opioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür (i.v.106-107); «CD diskə baxış keçirilməsi haqqında» 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, “Azərfon MMC”-dən xx.xx.2025-ci il tarixdə GQ-2\174- 105\2025 nömrəli müşayiət məktubu ilə daxil olmuş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “SMS detallashmasi_MSİSDN_777440103” qovluğu açılmış və xx.xx.2025-ci il tarixdə saat 01:34:44-də **********61 nömrəsindən Təqsirləndirilən şəxs məxsus **********03 mobil nömrəyə “agridan olurem ay cindir besdi doze bilmirrm kime deyim derdimi”, xx.xx.2025 01:43:16 tarixdə **********03 nömrədən **********37 nömrəyə “Azər uje sən vallah q.... variantı gəlirsən mənə belə eleme vallah pis olar. Pul at səni gözləyirəm telefonu söndürüb çıxsan aradan hər şeyini s.... məndən incime sonram. Bawa düw ki pul atmalıyam” xx.xx.2025 20:17:29 tarixdə **********03 nömrədən **********03 nömrəyə “Şahnaz özüvü gicdiyecqoyma zaklatkaya getməliyəm sənə görə qalmiwam İranlı məni gözləyir bu günə qalmışdı q....liyim adam olda” yazılmışdır. Həmçinin bundan başqa da çoxsaylı narkotik maddələr satışına və alışa dair sms mətnlər vardır(i.v.109); Təqdim edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,568 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, İnfinix markalı mobil telefon, 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən və sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk, “Azərfon MMC”-dən xx.xx.2025-ci il tarixdə GQ- 2\174-105\2025 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, həmin İnfinix markalı mobil telefona baxış protokoluna əlavə edilmiş mobil telefondan edilmiş çıxarışlar maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,518 qramı, Təqsirləndirilən şəxs məxsus olan İnfinix markalı mobil telefon maddi sübutların saxlanc kamerasına verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən və sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd CD disk, “Azərfon MMC”dən xx.xx.2025-ci il tarixdə GQ-2\174-105\2025 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, həmin “İnfinix” markalı mobil telefona baxış protokoluna əlavə edilmiş mobil telefondan edilmiş çıxarışlar cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.112- 121); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, həmin video görüntülərin 27 may 2025-ci il tarixli şəxsin üstünün yoxlanılması və təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollara uyğun olduğu müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin üzərində olmaması, eləcə də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üstünün yoxlanılması və təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, diskdə olan videoçəkilişlərə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək metamfetaminin ona məxsus olduğunu, öz istifadəsi məqsədilə İran vətəndaşından 30 manata aldığını bildirmiş, hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimata baxılarkəndə o, narkotik vasitəni şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, təxminən 1 qrama yaxın olduğunu, narkotik vasitənin satışı ilə məşğul olmadığını, ətrafda tanıdığı narkotik istifadəçiləri ondan narkotik istədikdə və onun əldə etmək imkanı olduqda, yaxud özündə olduqda onlara da verdiyini, bəzən isə heç maddi təmənna güdmədən bunu etdiyini, telefonunda olan yazışmaların bununla bağlı olduğunu, telefonunda olan fotoşəkillər də narkotik vasitənin qoyulacağı yerin ünvanı olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyə gətirildikdən sonra belə heç bir fiziki və ya psixi təsir altında qalmayaraq üzərində psixotrop maddənin olduğunu etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil telefonun vvhatsap proqramı vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı yuxarıda qeyd edilən müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin sms mətnləri ilə bağlı məhkəmə iclasında verilmiş suallara heç bir izah verə bilməyərək göstərmişdir ki, “Arif qaqili” onun məhəllə uşağıdır, ona niyə kart məlumatlarını atdığı yadında deyil, ondan hər hansı alacağı olmamışdır. Şahin kababçının “salam xobi. İyirmi var duzeler nese.” Məzmunda ona sms yazmasını xatırlamır. “Hilaga” onunla birlikdə işləyib, xx.xx.2025-ci il tarixdə “qaqas kartivi atda mene”, xx.xx.2025-ci il tarixdə isə “qardaş necesen qardasiva birdene 10lug das teskil elede" məzmunda ona niyə sms yazdığı yadında deyil, bunu izah edə bilmir. Eləcə də ona yazılan digər smslərin niyə və kim tərəfindən yazıldığını bilmir. Həmçinin, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, olub ki, o pulla aldığı narkotik vasitə və ya psixotrop maddəni digər narkotik vasitə istifadəçiləri ilə bölüşmüşdür, onlara pul qarşılığında narkotik vasitə verməmişdir, paylaşmışdır, birlikdə istfadə etmişlər, bu cür hallar çox olub. Eyni zamanda, Təqsirləndirilən şəxs bu xüsusatı həm ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində, eləcə də Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı da məhkəmə iclasında vermiş olduğu izahatında təsdiq etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bu ifadəsi də narkotik vasitə və psixotrop maddələrin satılmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,568 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - ümumi təmiz çəkisi 1,568 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 01,518 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 03 ədəd CD formatlı diskin və mobil telefondan edilmiş çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,568 qram, tədqiqatdan sonra qalıq qalmış 1,518 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd CD formatlı diskin və mobil telefondan edilmiş çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar