Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-599/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- X12 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs - xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X12 oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən X12 oğluna Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, X12 oğlu yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 12 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Stansiyayanı küçəsində yerləşən “Florensiya” şadlıq sarayında toy mərasimində iştirak edərkən rəqs etmək üçün musiqiçilərə sifariş vermiş Zərərçəkmiş şəxs ilə mübahisə yaradıb X8 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ətrafdakı şəxslərin gözü qarşısında ictimai yer hesab olunan şadlıq sarayının içərisində Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafda toplaşan şəxslərin qorxu və narahatlıqlarına səbəb olmuş, mübahisə zamanı X1 Xalid Adil oğlunu boğazından tutub divara söykəyib hərəkətsiz vəziyyətə salıb saxlayaraq müqavimətini qırmaqla onun Zərərçəkmiş şəxs vurmasına şərait yaratmış, o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ göz konyuktivası və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvası ətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması, üst dodağa və diş dibi yumşaq toxumalara qansızma ilə müşayiət olunan üst çənədə sağ birinci, sol bir və ikinci kəsici dişlərin zəif laxlaması, sağ aşıq-baldır oynaq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan olan bədən xəsarətlərini yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X12 oğlu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə dostu Şahid1 Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Florensiya” adlı şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisində olan zaman Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olmuş özünü idarə edə bilməmişdir. Musiqi sifariş verilməsi üstündə toyda zərərçəkmiş şəxs dava salmışdır. Sonra bəyin atası Xalidin atasına onu toy zalından çıxartmağı tapşırmışdır. Xalid buna əsəbiləşərək uşaq olmadığını kiminsə ona sözü varsa gəlib onun özünə deməli olduğunu bildirmişdir. Xalidi toy zalından çıxartmışlar. Sonra bəyin qardaşı gələrək Xalidin aşağıda dava etdiyini bildirmişdir. O da aşağı düşmüş və dava edənləri aralamağa çalışmışdır. Xalidi araladıqdan sonra Xalid çıxıb getmiş, daha sonra polis əməkdaşları ilə birlikdə yenidən şadlıq sarayına qayıtmışdır. Bu zaman Xalid bir neçə dəfə nalayiq ifadələr işlətmiş, gəlinin anası, yəni öz bacısını söymüşdür. Həmin vaxt foyedə çoxsaylı adamlar olmuşdur. Onun valideyni, bacısı da orada olduğu üçün o, Xalidin hərəkətindən əsəbiləşərək onun sifət nahiyəsinə yumruq zərbəsi ilə vurmuşdur, daha sonra ətrafdakı şəxslər onları sakitləşdirib ayırmışlar. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. X12 oğlunun qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Florensiya” şadlıq sarayına bacısı qızı X3 toy mərasiminə getmişlər. Toy şənliyində iştirak edən vaxt müsiqiçilərə mahnı sifariş verdirmişdir. Bu zaman bəyin atası musiqini saxlatdırmış və onun atasına onu aparmasını bildirmişdir. O isə bəyin atasının bu hərəkətinə əsəbiləşərək ona irad bildirərək uşaq olmadığını nə sözü varsa gəlib özünə deməsini bildirmişdir. Bu zaman Nadir və Adil ona yaxınlaşaraq onu toy zalından şadlıq sarayının foyesinə çıxarmışlar və orada mübahisə etmişlər. Mübahisə zamanı X8 onu tutmuş Nadir isə yumruqla onu vurmuşdur. Daha sonra onları aralamışlar. O, şadlıq sarayından çıxanda polislər ona yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. Orada hadisənin necə baş verdiyini bildirdikdən sonra yenidən polislərlə birlikdə şadlıq sarayına qayıtmışlar. Bu zaman Nadir ikinci dəfə yenidən onu yumruqla vurmuşdur. Hadisə vaxtı şadlıq sarayında tanımadığı şəxslər, eləcə də qohumları olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində “Florensiya” adlı şadlıq sarayında onun toy məclisi keçirilmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində toyda olan zaman adını xatırlamadığı şəxslərdən şadlıq sarayının foye hissəsində dostu X12 oğlu ilə qohumu, arvadının dayısı Zərərçəkmiş şəxs aralarında münaqişə baş verdiyini, Nadir Rəhim-Zadənin Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq ilə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, ətrafdakı şəxslərin isə onları aralayaraq sakitləşdirdiklərini eşitmişdir. Özü bu hadisələrin şahidi olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində “Florensiya” adlı şadlıq sarayında oğlu Şahid1 toy məclisi keçirilmişdir. Gəlinin dayısı sərxoş vəziyyətdə olmuşdur. Onun çoxsaylı mahnı sifarişləri digər qonaqlarda narahatlıq yardadırdı. O da Xalidə bununla bağlı öz iradını bildirmişdir. Xalid isə əhəmiyyət vermişdir. Bundan sonra Xalidin atasına oğlunu sakitləşdirməsini bildirmişdir. Bu isə Xalidin xoşuna gəlməmişdir. Daha sonra Nadir Xalidə yaxınlaşaraq onu şadlıq sarayının foyesinə çıxarmış, orada itələmişlər. Onun özü məclis zalına qayıtmışdır. X11 vurduğunu eşitmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/5697 nömrə ilə qeydiyyata alınmış materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Florensiya” şadlıq sarayına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 2442 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz konyuktivası və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması; üst dodağa və diş dibi yumşaq toxumalara qansızma ilə müşayiət olunan üst çənədə sağ 1-ci, sol 1 və 2-ci kəsici dişlərin zəif laxlaması (cəmi: 3 ədəd); sağ ayıq baldır oynağı nahiyəsinin sıyrığı müəyyən olundu. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0048 8 0445 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə dəm qazının toksik təsiri nəticəsində ölmüşdür. - Şübhəli şəxsin hüquqi varisi qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 şübhəli şəxs X4 hüquqi varisi qismində tanınmışdır. - X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Sabunçu RPİnin İŞ-də AR CM-nin 221.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs olan 17 mart 2023-cü il tarixdə vəfat etmiş oğlu X8 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan AR CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. - axtarışda olan şübhəli şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə axtarışda olan şübhəli şəxs X4 ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında X12 oğlunun məhkumluğu haqqında məlumat yoxdur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X12 oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs X12 oğlunun bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla X12 oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. X12 oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs X12 oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X12 oğlunun törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X12 oğlunun ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X12 oğlunun cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə X12 oğlunun barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, X12 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı X12 oğlunun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X12 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X12 oğlunun məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X12 oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı X12 oğlunun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası X12 oğlunun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X12 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X12 oğluna 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-599/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-599/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver