Məhkəmə qərarları › İş №1(008)-6/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-6/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-6/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 11 avqust 1983-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə azadlıqdan məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, məhkumluğu ödənilməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 317- 2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, sonradan Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaq hərəkətlərinin aparılması üçün saxlanıldığı Penitensiar Xidmətin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasından 5 gün müddətinə Bakı şəhəri Xətai rayon polis idarəsinin X7 köçürülmüş, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı İstintaq Təcridxanasına polis idarəsinin xidməti avtomobilində gətirilən zaman avtomobildə tanış olduğu, törətdiyi cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 ilə söhbət əsnasında sonuncu, şəxsi əşyalarının içində telefon aparatının olmasını ona bildirib, həmin mobil telefon aparatını onun Təqsirləndirilən şəxs1 tərəfindən Bakı İstintaq Təcridxanasına keçirməsi barədə təklifi ilə razılaşıb sövdələşərək, Təqsirləndirilən şəxs2 almış olduğu, “X1 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan, 01 ədəd “X11” markalı, “GT-S7390” modelli, “**********13308” İmei kodlu işlək vəziyyətdə olmaqla istifadəyə yararlı olan mobil telefon aparatını onun təhriki ilə özündə saxlayaraq gəzdirmiş və həmin gün saat 17:20 radələrində təcridxana əməkdaşları tərəfindən üzərinə axtarışbaxış keçirilən zaman əynindəki şalvarının sol tərəfində, kəmərinin altında gizlədilmiş həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli axtarış-həbs qərarına əsasən xx.xx.2022-ci il tarixdə tutularaq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7 təhvil verilmiş, 04 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına aparılan zaman, aparıldığı avtomobildə olarkən şəxsi əşyaları olan sellofan paketdə saxladığı özünə məxsus “X1 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya sayılan, daxilində danışıq kartı olmayan, 01 ədəd “X11” markalı, “GT- S7390” modelli, “**********13308” İmei kodlu işlək vəziyyətdə olmaqla istifadəyə yararlı olan mobil telefon aparatını Bakı İstintaq Təcridxanasında gələcəkdə istifadə üçün keçirmək qərarına gəlmiş, bu məqsədlə avtomobildə tanış olduğu, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 ilə söhbət əsnasında şəxsi əşyalarının içində telefon aparatının olmasını bildirib həmin telefon aparatını sonuncu tərəfindən Bakı İstintaq Təcridxanasına keçirməsi barədə Təqsirləndirilən şəxs1 ilə sövdələşib onun razılığını almaqla buna təhrik edib, yəni, cinayət törətməyə sövq etməklə həmin telefon aparatını təcridxanaya keçirtmək üçün Təqsirləndirilən şəxs1 vermiş, həmin gün saat 17:20 radələrində Bakı İstintaq Təcridxanasında sonuncunun üzərinə təcridxana əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman əynindəki şalvarının sol tərəfində, kəmərinin altında gizlədilərək saxlayıb gəzdirdiyi həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri Xətai rayon polis idarəsinin X5 Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına aparılan zaman avtomobildə tanış olduğu Təqsirləndirilən şəxs1 onun üzərində olan “X11” markalı, “GT-S7390” modelli mobil telefon aparatını ondan almış, yolda halı pis olduğundan avtomobilin oturacaq hissəsində uzanmış, Bakı İstintaq Təcridxanasına çatan zaman avtomobildən sonuncu olaraq düşürülüb təcridxanaya daxil olmuşdur. Təcridxanada əməkdaşlar tərəfindən ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə axtarış-baxış keçirilən zaman əynindəki şalvarının sol tərəfində, kəmərinin altında, ona məxsus olan həmin “X11” markalı, “GT- S7390” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. İstintaq Təcridxanasına qanunla qadağan olunmuş əşya olan mobil telefon aparatını keçirmək və ya kiminsə vasitəsilə ötürmək fikrində olmadığını qeyd edərək, avtomobildə halının pis olması səbəbindən, sadəcə olaraq yadından çıxıb mobil telefon aparatının Təqsirləndirilən şəxs1 qaldığını qeyd edərək, təcridxanaya daxil olarkən mobil telefon aparatını əməkdaşlara təhvil vermək fikrində olduğunu, Təqsirləndirilən şəxs1 təcridxanaya həmin mobil telefon aparatını keçirməsini xahiş etmədiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri Xətai rayon polis idarəsinin X5 gətirilərək Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilərkən əməkdaşlar tərəfindən onun üzərinə axtarış-baxış keçirilən zaman əynindəki şalvarının sol tərəfində, kəmərinin altında, daxilində danışıq kartı olmayan, 01 ədəd “X11” markalı, “GT-S7390” modelli mobil telefon aparatının aşkar edilərək götürüldüyünü, qanunla qadağan olunmuş mobil telefon aparatının Bakı şəhəri Xətai rayon polis idarəsinin X5 Bakı İstintaq Təcridxanasına gətirilərkən avtomobildə tanış olduğu, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 məxsus olduğunu, həmin mobil telefon aparatını Təqsirləndirilən şəxs2 avtomobildə olarkən baxmaq məqsədi ilə aldığını, sonradan isə Təqsirləndirilən şəxs2 halı pis olduğu səbəbindən yadından çıxaraq sonuncuya qaytarmadığını, mobil telefon aparatını təcridxanada Təqsirləndirilən şəxs2 qaytarmaq niyyətində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 gətirilərək Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs1 təcridxanaın əməkdaşları tərəfindən üzərinə axtarış-baxış keçirilən zaman onun əynində olan şalvarının sol tərəfində, kəmərinin altında daxilində danışıq kartı olmayan, 01 ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs1 aşkarlanmış mobil telefon aparatının Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Bakı İstintaq Təcridxanasına gətirilərkən avtomobildə tanış olduğu, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 məxsus olduğunu, Təqsirləndirilən şəxs2 aşkar olunan mobil telefon aparatını Bakı İstintaq Təcridxanasına keçirtməsi üçün ona verdiyini bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilərək aşkar edilmiş mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, protokol və zərf tədbirdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, 04 avqust 2022-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına aparılan zaman avtomobildə olan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hər hansı bir söhbətin aparıldığını eşitməmiş, onlarda mobil telefon aparatının olduğunu görməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olduqdan sonra axtarış otağının qarşısındakı dəhlizdə Təqsirləndirilən şəxs1 səs-küy salaraq, aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olmadığını bildirməsini eşitmişdir. Sonradan təcridxana əməkdaşlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə axtarış-baxış keçirilən zaman əynindəki şalvarının sol tərəfində, kəmərinin altında, ona məxsus olan həmin “X11” markalı, “GT- S7390” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirilyi İstintaq İdarəsinin müstəntiqi X9 izahatında göstərmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə istintaq hərəkətləri həyata keçirilərkən, eləcə də, onların ifadələri alınarkən təqsirləndirlən şəxslərə qarşı hər hansı bir təzyiq göstərilməmiş, onlar sərbəst şəkildə ifadələrini vermiş və həmin ifadələr olduğu kimi protokollaşdırılmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Həbs yerlərinin X8»nın təsdiq edilməsi barədə 26 fevral 2014-cü il tarixli, 63 nömrəli qərarından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Cinayət işinin 10-cu vərəqəsində olan 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2, Şahid3, Şahid1, X2 və X3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol tərəfində, kəmərinin altında gizlədilmiş, daxilində danışıq kartı olmayan, 01 ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 17-сi vərəqəsində olan 31 may 2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 təcridxanaya daxil olarkən məhkumlar üçün qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi ilə əlaqəlar xəbərdarlıq edilmişdir. Cinayət işinin 18-25-ci vərəqəsində olan Gəncə şəhər Məhkəməsinin 1(125)- 92/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 32-ci vərəqəsində olan 04 avqust 2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 təcridxanaya daxil olarkən məhkumlar üçün qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi ilə əlaqəlar xəbərdarlıq edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-133/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarının nəticəvi hissəsinə dair çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-531/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 43-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 53 (əlli üç) manat 65 (altmış beş) qəpik müəyyən edilmişdir. Cinayət işinin 44-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 5/930 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “X11” markalı, “GT-S7390 modelli, **********13308 İmei kodlu mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Cinayət işinin 115-ci vərəqəsində olan 07 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar edilmiş 01 ədəd “X11” markalı, “GT-S7390 modelli, **********13308 İmei kodlu mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 127-128-ci vərəqəsində olan AZ İİİ seriyalı, 036434 nömrəli və AZ İİ seriyalı, 396381 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 151-152-ci vərəqəsində olan tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 752 nömrəli, 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində Təqsirləndirilən şəxs1 üzərinə və əşyalarına keçrilən baxış zamanı hər hansı əşya aşkar olunmamışdır. Cinayət işinin 153-154-cü vərəqəsində olan tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 743 nömrəli, 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində Təqsirləndirilən şəxs2 üzərinə və əşyalarına keçrilən baxış zamanı 01 ədəd kəmər, 01 ədəd «Samsung» markalı telefon, 01 ədəd pulqabı, 01 ədəd saat, 02 ədəd sim kart, 01 ədəd açar və 02 metal üzük aşkar olunmuşdur. Cinayət işinin 161-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 19 (on doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-92/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 28 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 237/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-16-17/38/2-6949/2023 nömrəli, 10 oktyabr 2023-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 06 oktyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 07 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edilə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 317-2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 06 oktyabr 2023-cü il il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, yüngülləşdirici hal nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzasını əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 28 may 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilməli və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq işə əlavə edilmiş “X11” markalı, “GT-S7390" modelli, “**********13308” imei kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə məhkəmə məsrəfi 53 (əlli üç) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 187, 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını əhatə etməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-411/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, daxilində danışıq kartı olmayan 01 ədəd “X11” markalı, “GT- S7390" modelli, “**********13308” imei kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci 53 (əlli üç) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar