Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-60/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Müşəlan bağ massivində Zabrat-Maştağa yolunda «Kanal» marketin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs qeyri-rəsmi icarəsində olan saxlanc yeri hesab edilən metal qəbulu məntəqəsinin arxa qapısını sındıraraq qanunsuz içəri daxil olub orada olan 2.000 manat deyərində 200 kq çəkidə mis əlvan metalını və 200 manat dəyərində olan müşahidə kamerasının bir ədəd yaddaş aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2.200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən 01 fevral 2023-cü il tarixdə, saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Maştağa-Zabrat yolunun yaxınlığında yerləşən Zərərçəkmiş şəxs qeyri-rəsmi icarəsində olan saxlanc yeri hesab edilən metal qəbulu məntəqəsinin damını sındıraraq qanunsuz içəri daxil olub bir kq-ı 12 manat olmaqla cəmi 1.800 manat dəyərində 150 kq çəkidə mis əlvan metalını və bir kq-ı 7 manat olmaqla 490 manat dəyərində 70 kq çəkidə latun əlvan metalını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2.290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa-Zabrat yolunda dəmir metal emalatxanasını işlətmiş Zərərçəkmiş şəxs eyni işlə məşğul olduğuna görə tanımışdır. Onlar bir-biri ilə mütəmadi olaraq qarşılıqlı işlər görmüşlər. Zərərçəkmiş şəxs emalatxanasında olarkən onun emalatxanasında çoxlu mis dəmir məmulatlarının olduğunu görmüş və həmin məmulatları oğurlamaq qərarına gəlmişdir. 12 noyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində o, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Maştağa- Zabrat yolunda yerləşən dəmir qəbulu emalatxanasının arxa qapısını sındıraraq içəriyə daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra o, ətrafa baxmış, əvvəldən görmüş olduğu üç kisə əlvan metal olan misi və müşahidə kamerasının yaddaş cihazını götürüb içəriyə daxil olduğu qapıdan çölə çıxmışdır. Yolda tanımadığı taksini saxladıb götürmüş olduğu uç kisə əlvan metal misi və müşahidə kamerasının yaddaş aparatını avtomobilə yükləyib Zabrat qəsəbəsinə yollanmışdır. Əlvan metal olan üç kisə misi Zabrat qəsəbəsində dəmir metal qəbulu emalatxanasını işlətmiş Qabil adlı şəxsə satmışdır. Qalib adlı şəxs onu qiyabi olaraq tanıdığına görə gecə vaxtı gətirdiyi üç kisə misi qəbul etmiş və ona təxminən 400- 500 manat pul vermişdir. Müşahidə kamerasının yaddaş aparatını avtomobildə gedərkən xatırlamadığı əraziyə atmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs yeni icarəyə götürmüş olduğu Sabunçu rayonu, Maştağa Zabrat yolunun üzərində yerləşən əlvan metalın qəbulu emalatxanasında olmuşdur. O, Mehmanın emalatxanasında təxminən 80-90 kq çəkidə dəqiq xatırlamadığı sayda kisələrdə əlvan metal misin olduğunu görmüşdür. O, bir daha Mehmanın icarə ilə işlətdiyi yeni emalatxanaya girib oradakı kisələrin içərisindəki əlvan metal olan misləri və digər metalı oğurlamaq qərarına gəlmişdir. 01 fevral 2023-cü il tarixdə, saat 02:00 radələrində o, emalatxanaya gəlib heç kimin olmamasından istifadə edib emalatxananın damını sındırıb içəriyə daxil olmuşdur. Bundan sonra o çölə çıxmaq üçün içəridən giriş qapısını sındırmışdır. Yoldan keçən əvvəllər tanımadığı «Vaz 2106» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı taksini saxlatmış, çölə çıxardığı kisələri avtomobilə yükləmişdir. Bundan sonra o, həmin şəxsə avtomobili Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan əraziyə sürməsini bildirmişdir. Həmin ərazidə yerləşən metal qəbulu məntəqələrinə o, tam xatırlamadığı sayda kisələrin içərisində olan əlvan metal misi və latunu satmışdır. Bundan sonra o, sürücüyə avtomobili Buzovna qəsəbəsinə sürməsini demişdir. O, metal qəbulu məntəqəsinin qarşısında sürücüyə səhhətinin avtomobildən düşməsinə yol vermədiyini demiş və avtomobildə qalmış misi satmasını xahiş etmişdir. 01 fevral 2023-cü il tarixdə satmış olduğu kisəlerdəki əlvan metal misdən 900 manat pul əldə etdmişdir. O, taksi sürücüsünə xatırlamadığı miqdarda yol pulu vermişdir. Törətdiyi əməldən peşmandır. Ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında mis əlvan metalının qiyməti aşağı düşdüyündən o, qəbul etdiyi həmin metalları satmamış, üç ədəd kisəyə yığıb xeyli miqdarda məntəqədə toplamışdır. Ona məxsus məntəqədə təxminən 200 kq mis metalı olmuşdur. Hər gün olduğu kimi 11 noyabr 2022-ci il tarixdə də məntəqədə işdə olmuş və həmin gün saat 20:00 radələrində məntəqəni bağlayıb yaşadığı evə getmişdir, 12 noyabr 2022-ci il tarixdə, saat 08:00 radələrində o, məntəqəyə işə gətmişdir. Həmin vaxt o, məntəqənin arxa qapısının kilid hissəsinin sındırılaraq açıldığını, müşahidə kamerasının yaddaş cihazının və üç ədəd kisədə olan 200 kq mis metalının oğurlandığını aşkar etmişdir. Həmin gün o, şikayət etməsə də, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə ərizə yazmışdır. Polis əməkdaşları gələrək məntəqəyə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Naməlum şəxs məntəqənin binasına arxa qapının qıfılını sındırmaq yolu ilə qapını açıb içəri daxil olmuş, məntəqədə üç ədəd kisədə saxladığı 200 kq mis metalını və müşahidə kamerasının yaddaş cihazını oğurlamışdır. Oğurlanmış mis metalı üç ədəd kisədə cemi 200 kq olmuşdur. Mis metalının hər kiloqramı 10 manat olduğundan həmin misin qiyməti 2.000 manat olmuşdur. Müşahidə kamerasının yaddaş cihazının markası, modeli, istehal yeri və digər əlamətlərini bilməmiş, lakin həmin cihazın qiyməti 200 manat olmuşdur. Bununla da, oğurluq nəticəsində ona 2.200 manat məbləğində maddi ziyan dəymişdir. Həmin obyektdən oğurluq olduğu üçün o, 2023-cü ilin yanvar ayında Maştağa qəsəbəsində, Maştağa-Zabrat yolunun yaxınlığında yerləşən başqa bir obyekti icarəyə götürüb metal almağa başlamışdır. Hər gün saat 07:00 radələrində həmin məntəqəyə gəlib məntəqəni açaraq işə başlamış və gün ərzində məntəqədə İşdə olaraq metal almaqla məşğul olmuşdur. Saat 19:00 radələrində məntəqənin qapısını kilidləyib yaşadığı evə getmişdir. 31 yanvar 2023-cü il tarixdə də gün ərzində o, məntəqədə işdə olmuş və saat 19:00 radələrində məntəqəni bağlayıb yaşadığı evə getmişdir. 01 fevral 2023-cü il tarixdə, saat 07:00 radələrində məntəqəyə işə gəlmişdir. Həmin vaxt o, məntəqənin qapısının sındırıldığını və yerdə olduğunu görmüşdür. Məntəqənin içərisinə baxmış, girişdən sağ tərəfdə tavanın dağıdılaraq dəlik açıldığını görmüşdür. Naməlum şəxsin mağazaya daxil olduğunu bilmiş və yenə də oğurluq olmasını ehtimal etmişdir. Dərhal məntəqədə olan əşyalarına baxmış və həmin vaxt dörd ədəd kisədə 150 kq mis əlvan metalının və 70 kq latun əlvan metalının yerində otmadığını, oğurlandığını aşkar etmişdir. Hazırda onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq ondan əlvan və metal əşyaları almışdır. 2022-ci ilin noyabr ayında, saat 23:00 radələrində Murad onun işlədiyi məntəqəyə taksi ilə gələrək tanışına məxsus əlvan metal olduğunu və ona satmaq istədiyini demişdir. O, Murada üstündə pulunun olmadığını bildirsə də, Murad israr edərək gətirdiyi metalı almağını bildirmişdir. Muradın gətirdiyi əlvan misi tərəzidə çəkmiş, lakin metalın çəkisini xatırlamamışdır. O, Muradın gətirdiyi misin çəkisinə uyğun hesablama aparmış və ona 480 manat pul verməli olduğunu bilmişdir. O, oğlundan borc pul alaraq Murada 480 manat pul vermiş və Muradın gətirdiyi üç ədəd kisədə olan əlvan mis metalını almışdır. Səhəri gün o Muraddan aldığı metalı səyyari olaraq metal almış tanımadığı şəxsə satmışdır. Bundan başqa Murad ona metal əşyaları satmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə, saat 20:00 radələrində o, məntəqədə işdə olarkən «VAZ-2106» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı avtomobil məntəqəyə gəlmişdir. Avtomobilin tanımadığı sürücüsü ondan metal alıbalmadığını soruşmuşdur. Həmin şəxsə metal aldığını, digər şəxs isə ona satmaq üçün mis metalı gətirdiyini demişdir. O, həmin şəxsdən mis metalını haradan əldə etdiyini, oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxs mis metalının özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. Həmin şəxsin gətirdiyi misi tərəzidə çəkmiş və 44 kq olduğunu görmüşdür. O, 44 kq misi alıb həmin şəxsə 450 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,74). Cinayət işinin materiallarında olan 17 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,97). Cinayət işinin materiallarında olan 4(008)143/2023 saylı, 17 fevral 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 117). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə könüllü olaraq gəlmişdir (səh., 164). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının, onun alternativ cəza ilə islah olunmasının mümkünlüyünü, ağır cəzanın onun ailəsinin həyat şəraitinə pis təsir etməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs «15» fevral 2023-cü il tarixdən, «17» fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-60/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-60/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver