Məhkəmə qərarları › İş №1(008)-600/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-600/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-600/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nüşəlan bağları nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 mart 2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən 1402 saylı bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən həyətdəki tikilidən 450 manat dəyərində 01 ədəd su matorunu, ümumi dəyəri 250 manat olan 01 ədəd gidrafon və üzərində olan 01 ədəd gidrafon matorunu, 80 manat dəyərində 74 metr su şlankını və 37 manat dəyərində 74 metr elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 817 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 mart 2025-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən 90 saylı bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən həyətdəki tikilinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən 280 manat dəyərində 01 ədəd odun somavarını, 170 manat dəyərində 01 ədəd tikinti üçün nəzərdə tutulmuş lazer aparatını, 110 manat dəyərində 01 ədəd perforatoru, 70 manat dəyərində 01 ədəd laqonda aparatını, 60 manat dəyərində 01 ədəd direli, 50 manat dəyərində 01 ədəd elektrik mişarını, 160 manat dəyərində 01 ədəd elektrik rəndəsini, 80 manat dəyərində 01 ədəd boru yapışdırıcı ütü aparatını, ümumi dəyəri 50 manat olan 02 top elektirik naqilini, ümumi dəyəri 50 manat olan müxtəlif usta alətlərini və ümumi dəyəri 50 manat olan 02 ədəd paltar çamadanını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1130 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə evdə olan zaman polis əməkdaşları yataq otaqlarına daxil olmuş, iki nəfər olmuşdur, ona bir ilə yaxındır çıxdığını, onların bölməsinə getməli, qeydiyyata düşməli olduğunu demişlər, o isə çıxan gündən iki gün sonra ona mesaj gəldiyini bölməyə getməyə ehtiyac olmadığını dediklərini və qeydiyyata düşdüyünü bildirmişdir, lakin onu bölməyə qeydiyyata aparmışlar, evdəkilərə də qeydiyyata aparıldığını bildirmişdir, 14-cü polis bölməsində “padval” deyilən yerdə onun əlini biləklərə kimi və dizlərini skoclayıb, əllərini ayaqlarını bir-birinə keçirib asmışlar, rəis gəlib ona boynuna almalı olduğunu demiş, o etiraz etsə də bir saatdan çox onu o vəziyyətdə saxlamışlar, onu imza çəkməsə edəcəkləri barədə hədələmişlər, o məcbur olub imza çəkmişdir, bu əməllərdən heç birini o törətməmişdir. Verilən suallara cavabında bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur, 2024-cü ilin aprel ayında cəzadan azad olunmuşdur, aprelin 5-i polislər onların evinə gəlib qeydiyyata düşməli olduqlarını demişlər, iki gün müvəqqəti saxlama yerində qalmışdır, iki gün idarədə qalmışdır, evləri Maştağa qəsəbəsi Nüşəlan bağlarında yerləşir, ailə üzvləri 8 nəfərdir, 2 uşağı var, hamısı evdə olmuşdur, günorta saat 11-12-nin yarısı olardı, 2 nəfər həyətin qapısından evə girmişdir, qapı açıq olmuşdur, birini tanıyır Samir müəllimdir, digərini isə tanımır, 14-cü bölmənin əməkdaşları olmuşdur, mülki geyimdə olmuşlar, bir il öncə həbsxanadan çıxdığına görə ona demişlər ki niyə idarəyə gedib qeydiyyata düşməmişdir, o nə üçün getməli olduğunu soruşmuşdur, bu söhbətlər evin içərisində olmuşdur, o, Samir müəllimə bildirmişdir ki, çağırsa idilər gedərdi, demişlər ki, onu tapa bilmiyiblər, gedib bir ərizə yazıb çıxacağını bildirmişlər, o da razılaşmışdır, öz maşınları ilə onu bölməyə aparmışlar, üç aprel tarixində onu şübhəli şəxs qismində tutmamışdan iki gün əvvəl saxlayıb əziyyət vermişlər, müvəqqəti saxlama yerində ona əziyyət verdiklərini demişdir, orada ona protokola imza çəkdirmişlər, müstəntiqə də hamısını danışmışdır, müstəntiqə verdiyi ifadəsi ilə tanış olmuşdur, hal-hazırda qeyd elədiklərini müstəntiqə də demişdir, oxuya bilmir, yazılıb yazılmadığını bilmir, ona demişlər ki, imza çəkib getsin, onlara əziyyət verməsin, zərərçəkmiş şəxsləri tanımır, oğurluq əməllərinin törədildiyi tarixlərdə o işdən evə gəlmiş, ailəsinin yanında olmuşdur, Seabreeze də işləyir, həmin tarixlərdə o, həmin ünvanlarda olmamışdır, həyat yoldaşı onun adından şikayət yazıb göndərmişdir, o demişdir, yoldaşı yazmışdır, onu çağırıb bu barədə izahat almamışlar, bölmədə onu hadisə yerinə aparmışlar, onu içəri salmadan çöldən əli ilə göstərməsini şəklini çəkib getməklərini demişlər, həmin yerdə kənar şəxs olmayıb, amma onu bölməyə aparandan sonra kənar şəxs bölməyə gəlib onu orada görmüşdür, yoldaşı yaxın bir uşağa zəng edib ki o bölməyə gələ bilmir, həmin şəxs gəlib bölməyə onu orada görüb, istintaq dövründə vəkili bir dəfə orada görmüşdür, lakin gecə imza çəkəndə orada vəkil görməmişdir, ona imza çəkdin çəkmədin iş gedir onsuzda, imza çəkib getməsini demişlər, o Seabreezdə fəhlə işləyir, saat 8-də orada olur axşam saat 6-da çıxır, işdən çıxandan sonra ailəsinin uşağının yanına gedir, ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayır, həmin vaxt işlətdiyi telefonlar iki aydan çoxdur ki işləmir, işdə çox adam var, onun telefonunu, pul qabını götürmüşlər, bir müddət telefon işlətməmiş, sadə telefon işlətmişdir, təzəlikcə telefon işlədir, onunla əlaqə saxlamaq istəyən şəxslər həyat yoldaşının telefonu vasitəsilə əlaqə saxlamışlar, hansı tarixdə telefonun oğurlandığını xatırlamır, onun adına qeyd edilən nömrə yoldaşının nömrəsidir, şübhəli şəxs kimi saxlanılanda telefon üzərində olmayıb, xəsarətlər olduqdan sonra özü müayinə üçün həkimə getməmişdir, xəsarətlə bağlı müraciət etməyib, çıxdıqdan sonra normal şəkildə işinə gedib gəlmişdir, onun haqqını tələb etmək üçün savadı yoxdur, müstəntiq ona imza çəkməsə bölməyə qaytaracaqlarını demişdir, o da imza çəkmişdir, müstəntiqə oğurluq əməlini törətmədiyini demişdir, yaza bilmədiyi üçün qeyd etməmişdir, o ümumiyyətlə yazı yaza bilmir, müstəntiq ona sadəcə imza çəkdirmişdir, Prezident aparatına iki ərizə ünvanlanmışdır, MSY-dən çıxdıqdan sonra yazılıb göndərilmişdir, dediklərinin hamısı qeyd edilmişdir, başqa orqanlara müraciət etməmişdir. Şikayət etməsi ilə bağlı sənəd yoxdur. Şahidi tanımır, ona heçnə verməmişdir. İfadələri arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə olan ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində tək gəzən zaman pula ehtiyacı olduğu üçün hər hansı bir evdən oğurluq etmək qərarına gəlmiş, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Fəxrəddin adlı şəxsin bağ evinin yanından keçəndə həyətdə işıq yanmadığını görmüşdür. Həmin zaman həmin bağ evində heç kəs yaşamadığını bilib hasardan həyətə keçmişdir. Həyətdə giriş qapısının yanında olan tikilinin içərisinə girmiş, həmin tilinin içərisində olan 01 ədəd su matorunu, 01 ədəd gidrafon və üzərindəki 01 ədəd gidrafon matorunu əvvəlcədən özü ilə götürdüyü açarla açıb götürmüşdür. Həmçinin həyətdən uzunluğunu xatırlamadığı su şlankını, uzunluğunu xatırlamadığı elektrik naqilini oğurlayıb hasarın üzərinə qoymuşdur. Daha sonra özü də hasarın üzərinə çıxıb oğurladığı əşyaları götürüb oradan uzaqlaşmışdır. Oğurladığı əşyalardan su şlankını və elektrik naqlini küçədə səyyar metal alış verişi ilə məşğul olan tanımadığı şəxsə 10 manata satmışdır. Su matorları ilə gidrafonu isə Albalılıq massivində tikiş sexi olan əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Hüseyn adlı şəxsə 60 manata satmışdır. Hüseyn və digər metal alan şəxsə həmin əşyaların özünə məxsus olduğunu və öz həyətindən gətirdiyini demişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə bayram günləri olduğundan və evində bayram hazırlığı üçün ərzaq olmadığından qərar gəlmişdir ki, gedib yaşayış olmayan evlərdən dəmir mis oğurlayıb satmaqla ərzaq alıb bayramı ailəsilə birlikdə keçirsin. Bu səbəbdən həmin günü evdən çıxmış və axşam saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yol gedən zaman əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Səlman adlı şəxsin bağ evinin həyətində işıq yanmadığını görüb evdə heç kəs olmadığını bilmişdir. Bundan sonra daş hasardan həyətə keçmiş, həyətdəki köhnə tikili olan fərdi yaşayış evinin həyətə baxan plsatik pəncərəsini əlilə basıb açmış və oradan evə daxil olmuşcfur. Bundan sonra həmin evin içərisindən 01 ədəd odun somavarını, 01 ədəd tikinti üçün nəzərdə tutulmuş lazer aparatını, 01 ədəd dağıdıcı preforatoru, 01 ədəd laqonda aparatını, 01 ədəd direli, 01 ədəd elektrik mişarını, 01 ədəd elektrik rəndəsini, 01 ədəd boru yapışdırıcı ütü aparatını, 02 top açıq vəziyyətdə olan elektirik naqilini və müxtəlif usta alətlərini götürüb orada olan iki ədəd paltar çamanadanın içərisinə yığıb hissə-hissə daşımaqla ordan çıxmışdır. Həyətdən bayıra çıxıdıqdan sonra ətrafa baxaraq tez yaşayış olmayan həyətə atılmış və bir neçə saat orada gizlənərək vaxt keçməsini gözləmişdir. Bir az keçdikdən sonra oğurladığı malları götürərək bir qədər oradan uzaqlaşmış və uzaqdan işiq gəldiyini görmüşdür. Tez hasarın kənardında dayanaraq gizlənmiş, maşın yaxılığa gələn zaman nömrəsini xatırlamadığı Qazel markal avtomaşının və içərisində metal alanların olduğunu görmüşdür. Bundan sonra onlara yaxınlaşaraq oğurladığı malların özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Onlardan bir nəfər aşağı düşərək onda olan mallara baxmış və ümumilikdə ona 200 manat pul təklif etmişdir. Bundan sonra onlarla razılaşmış və oğurladığı malları 200 manata sataraq kirayə yaşadığı mənzilə getmişdir. Daha sonra həmin pula ərzaq və s. alıb xərcləmişdir. Qeyd olunan oğurluq hadisələri barədə heç kəsə məlumat verməmiş, həmçinin həmin ünvanlardan oğurluq etməzdən əvvəl hər dəfə ətrafa baxıb heç kəsin onu görmədiyinə tam əmin olduqdan sonra oğurluq etmək üçün daxil olmuş və həmin oğurluqları edən zaman tək olmuşdur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, özünə məxsus olan ünvan 1 ünvanda bağ evi vardır. Hərdən uşaqları və özü həmin bağ evinə gedib orada qalırlar. Sonuncu dəfə 23 mart 2025-ci il tarixdə təxminən axşam saat 12 radələrində həmin ünvana getdikdə naməlum şəxslərin həyətə qanunsuz daxil olaraq həyətdə olan saxlanac yeri kimi istifadə olunan köhnə tikilinin pəncərəsini açıb içəridən 280 manat dəyərində 01 ədəd odun somavarı, 170 manat dəyərində 01 ədəd tikinti üçün nəzərdə tutulmuş lazer aparatı, 110 manat dəyərində 01 ədəd dağıdıcı preforator, 70 manat dəyərində 01 ədəd laqonda aparatı, 60 manat dəyərində 01 ədəd direl, 50 manat dəyərində 01 ədəd elektrik mişarı, 160manat dəyərində 01 ədəd elektrik rəndəsi, 80 manat dəyərində 01 ədəd boru yapışdırıcı ütü aparatı, ümumi dəyəri 50 manat olan 02 top elektirik naqili, ümumi dəyəri 50 manat olan usta alətləri və ümumi dəyəri 50 manat olan 02 ədəd paltar çamadanı oğurladıqlarını aşkar etmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1130 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ona dəymiş ziyan qismən ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində yerləşən 1402 saylı bağ evi vardır. Həmin bağ evində daima yaşayış olmasa da, hərdən qeyd olunan bağ evinə gedib baş çəkirlər. Oğurluq hadisəsini aşkar etməzdən əvvəl sonuncu dəfə həmin bağ evində xx.xx.2025-ci il tarixdə olmuşdur. Həmin zaman heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində qeyd olunan bağ evinə gələndə görmüşdür ki, bağ evinin həyətində olan tikilidən 01 ədəd 450 manat dəyərində markasını bilmədiyi su matoru, ümumi dəyəri 250 manat olan 01 ədəd gidrafor və üzərində olan 01 ədəd su matoru, 80 manat dəyərində 74 metr su şlankı və 37 manat dəyərində 74 metr elektrik kabeli oğurlanmışdır. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 817 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin kim tərəfindən konkret olaraq hansı tarixdə və hansı şəraitdə törədilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun bağda su nasosu yanmışdı, iki-üç nəfərə demişdir ki, onun üçün bir mator tapsınlar, Bəxtiyar adlı qonşuları var, ona da demişdir ki mator istəyir, 3 ay keçdikdən sonra Rauf gəlmiş, mator istədiyini soruşmuşdur, o da istədiyini demişdir, Rauf onda mator olduğunu, həyətdən gətirib satdığını bildirmişdir, o da pulunu vermişdir, Rauf gedib matoru gətirmişdir, 2 gündən sonra sahə inspektoru gəlmişdir ki, bu şəxsdən mator almısan mator səndədi, o da aldığını bildirmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, yay aylarında olub, ona 2 ədəd mator satıb, 40 manata “paqrojnanı” və 20 manata “naporu” almışdır, satanda heç nə deməmişdir, özünün olduğunu demişdir, balacanı satmış, böyüyü isə sahə inspektoru götürmüşdür, Rauf ona satdığı gündən 5-6 gün sonra polis gəlmişdir, ona yaxınlaşıb demişlər ki mator almısan o da aldığını bildirmiş gətirib təhvil vermişdir, kimə məxsus olduğunu deməmişdir, matorun oğlurluq olduğunu bilməmişdir, Rauf ona gəlib mator satdığını bildirmiş o da almışdır, Raufu əvvəllər tanımamışdır, mator alanda tanımışdır, mator satdığını Rauf demişdir, danışıqları aparmış və pulu Raufa vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Albalılıq qəsəbəsində yol kənarında yerləşir, hadisə yerinin yaxınlığında kamera yoxdur, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.3-6). Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/745 saylı material üzrə Şahid Təqsirləndirilən şəxs ona satdığı əşyalardan 01 ədəd su matorunu təqdim etmişdir, Şahid təqdim etdiyi 01 ədəd su matoruna baxış zamanı həmin əşyanın normal, işlək vəziyyətdə olması müəyyən edilmişdir, Şahid təqdim etdiyi 01 ədəd su matoru iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür(i.v 14-15). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v 22-25). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 40). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 48). Şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v 65-66); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 77-78). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən dərhal azad edilmişdir(i.v 90-92). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 93-94, 96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixli Binəqədi rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır(i.v 100-101). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(i.v 102-106). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v 115-116). Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə saat 12:20-də Bakı şəhər Sabunçu RPİ-nə könüllü olaraq gəlmişdir(i.v 118). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v 119-120). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Şahid təqdim etdiyi oğurlanmış əşyalardan 01 ədəd gidrafonun üzərində olan su matoru iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmış, iş üzrə şahid ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, hadisə yerinə baxış protokolları sübut növü kimi tanınmışdır(i.v 122-127). Qəbzdən görünür ki, 01 ədəd girdafon matoru Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır(i.v 136). Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi teleqramdan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-600/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-600/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-600/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. “AzeMıs” Elektron məhkəmə informasiya sistemindən təqsirləndirilən şəxsin qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X4 adlı dörd uşağı vardır. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı İstintaq təcridxanasında saxlanılır. Bu müddət ərzində təcridxananın daxilirejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Nümunəvi davranışlarına görə ona rəhbərlik tərəfindən “Təşəkkür” elan edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin dəyişilməsinə və özünü təqsirli bilməməsi hissəsinə qiymət verilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda ilkin izahatında(i.v. 11-12) 2025-ci ilin mart ayında Albalılıq bağ massivində tanımadığı şəxsin bağ evinin həyətinə oğurluq etmək üçün daxil olmasını, oradan su matoru və gidrafonu oğurlayıb bir nəfərə ümumilikdə 60 manata satmasını bildirmiş, xx.xx.2025-ci il tarixli izahatında(i.v 32-33) Zərərçəkmiş şəxs1 məxsus Albalılıq bağ ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmasını bildirmiş, şübhəli(i.v 73-74) və təqsirləndirilən şəxs qismində(i.v 86-87) vermiş olduğu ifadələrində törətdiyi cinayət əməllərini etiraf edərək həmin xüsusatları göstərmiş, həmin ifadələri imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi, həmin ifadənin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Bundan əlavə təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/745 saylı material üzrə Şahid Təqsirləndirilən şəxs ona satdığı əşyalardan 01 ədəd su matorunu təqdim etmişdir, Şahid təqdim etdiyi 01 ədəd su matoruna baxış zamanı həmin əşyanın normal, işlək vəziyyətdə olması müəyyən edilmişdir, Şahid təqdim etdiyi 01 ədəd su matoru iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür(i.v 14-15). Məhkəmə iclası zamanı və məhkəməyədək icraat dövründə Şahid ifadəsində və ona verilmiş suallara cavabında göstərmişdir ki, onun bağda su nasosu yanmış, iki-üç nəfərə demişdir ki, onun üçün bir mator tapsınlar, Bəxtiyar adlı qonşuları var, ona da demişdir ki mator istəyir, üç ay keçdikdən sonra Rauf gəlmiş, mator istədiyini soruşmuşdur, o da istədiyini demişdir, Rauf onda mator olduğunu, həyətdən gətirib satdığını bildirmişdir, o da pulunu vermişdir, Rauf gedib matoru gətirmişdir, iki gündən sonra sahə inspektoru gəlmişdir ki, bu şəxsdən mator almısan mator səndədi, o da aldığını bildirmişdir. Rauf ona iki ədəd mator satıb, 40 manata “paqrojnanı” və 20 manata “naporu” almışdır, satanda heç nə deməmiş, özünün olduğunu demişdir, balacanı satmış, böyüyü isə sahə inspektoru götürmüşdür, Rauf ona satdığı gündən 5-6 gün sonra polis gəlmişdir, ona yaxınlaşıb demişlər ki mator almısan o da aldığını bildirmiş gətirib təhvil vermişdir, Rauf matorun kimə məxsus olduğunu deməmiş, matorun oğlurluq olduğunu bilməmişdir. Rauf ona gəlib mator satdığını bildirmiş o da almışdır, Raufu əvvəllər tanımamış, mator alanda tanımış, danışıqları aparmış və pulu Raufa vermişdir. Göründüyü kimi iş üzrə maddi sübut(su matoru) mövcud olmuş və həmin maddi sübutun(su matorunun) Təqsirləndirilən şəxs alınmasını Şahid təsdiq etmiş, Zərərçəkmiş şəxs2 ona məxsus olmuş gidrafon matorunu təhvil almışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun evindən tutularaq aparılmasını bildirsə də, bunu təsdiq edəcək hər hansı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs oğurluq baş vaxtı hadisə yerində olmadığını qeyd etsə də, ona verilmiş suallara cavabında 17-22 mart 2025-ci il tarixlərində üzərində telefon olmadığını, həmin tarixlərdə evdə və işdə olmasını bildirsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə öz dəlillərinin təsdiq edilməsi və yoxlanılması üçün şərait yaradılaraq məhkəmə iclası dəfələrlə təxirə salınmış, lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayınmış və nəticədə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində ona qarşı fiziki təzyiq olduğu üçün etiraf edici ifadə verdiyini qeyd etsə də, ifadəsinin bu hissəsinə dair dəlillər məhkəmyə təqdim etməmişdir. Bununla bağlı təqsirləndirilən şəxs ona verilmiş suallara cavabında göstərmişdir ki, şübhəli şəxs kimi saxlanılanda telefon üzərində olmayıb, xəsarətlər olduqdan sonra özü müayinə üçün həkimə getməmişdir, xəsarətlə bağlı müraciət etməmiş, çıxdıqdan sonra normal şəkildə işinə gedib gəlmişdir. Şikayət etməsi ilə bağlı sənəd yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin onun haqqını tələb etmək üçün savadının olmaması və müstəntiqin ona imza etməsini dedikdən sonra sənədlərə imza çəkməsi əsaslı dəlil hesab edilə bilməz və bu məhkəməyə inandırıcı gəlməmişdir. Çünki təqsirləndirilən şəxs hazırki cinayət işindən qabaq bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş(eyni maddə ilə bağlı) və onun hüquqlarını bilməməsi ağlabatan hesab edilə bilməz. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etidiyi hallarla bağlı məhkəməyə dəlil təqdim edə bilməmiş və cinayət işi materiallarında dediklərini şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdən azadlığa buraxılmış və polisin nəzarəti altında olmamışdır. Həmin tarixdən sonra məhkəmə iclasında dedikləri ilə bağlı müvafiq quruma müraciət etməmiş, baş verənlərə dair etirazı bildirməmiş və onda xəsarətlərin olması ilə bağlı həkimdən keçərək tibbi arayış almamışdır. Halbuki polisin nəzarəti altında olmadığı, azadlıqda qaldığı üçün onun buna imkanı olmuşdur. Belə ki, Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi(Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsində qeyd edilənlərlə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyək icraat dövründə olan ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, maddi sübut və iş materiallarında olan digər sübutlarla təkzib edildiyindən, heç bir dəlilə söykənmədiyindən, yalnız sözlərdən ibarət olduğundan özünü müdafiə xarakterli hesab edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə, məhkəmə istintaqı zamanı heç bir dəlilə əsaslanmayan ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəməyədək etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını(CM-59.1.12), təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını(CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixli Binəqədi rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, maddi sübut 01 ədəd gidrafonun üzərində olan su matorunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət günə gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-01 ədəd gidrafonun üzərində olan su matorunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 29 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar