Məhkəmə qərarları › İş №1(008)-601/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-601/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-601/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada santexnik kimi fəaliyyət göstərən, məhkumluğu olmayan, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 1,663 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanında yerləşən Məscidin yaxınlığına qədər daşımış, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində özünü şübhəli apardığına gorə Daxılı İşlər Nazirliyinin X5 Alayının 8-ci Patrul bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 3nçu RPİ 14-cü PŞ-yə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,663 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki il olar ki, narkotik vasitə olan heroin qəbul edir. 08.04 2025cü il tarixdə saat 04 radələrində heroin əldə etmək üçün evdən çıxmışdır. O, yaşadığı Binə qəsəbəsində, sonradan adını bildiyi Fuad Əmirovun taksi kimi idarə etdiyi “Opel" markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini əl işarəsi ilə dayandırmışdır. Avtomobildə arxada sonradan adını bildiyi Asif Şıxəliyev oturmuşdur. O, haraya getdiklərini soruşmuş, X7 bildirmişdir ki, Maştağa qəsəbəsinə gedirlər. O, Maştağa qəsəbəsinə Pirşağıdan gedə biləcəklərini soruşmuş və bildirmişdir ki, Pirşağı qəsəbəsində düşəcəyi yer yollarının üstündədir. Sürücü Fuad demişdir ki, hələki yol boşdur, avtomobilindəki sərnişin, yəni Asif Şıxəliyev etiraz etmirsə gedə bilərlər. Asif demişdir ki, Maştağa qəsəbəsinə, “Cümə” məscidinin yaxınlığına gedir, tələsən yeri yoxdur O, demişdir ki, 5 manat pul verəcək, X7 etiraz etməmişdir. O, taksidə qarşıda oturmuş və yollarına davam etmişlər. Sabunçu rayonu, Pirşağı qəsəbəsinə girmədən avtomobili yolun kənarındakı avtobus dayanacağında saxlatmışdır. O, sürücüyə 5 dəqiqə gözləməyini demişdir. Sürücü razılaşmışdır. O, dayanacağın arxasına keçmiş, orada görünüşündən narkotik alüdəçisinə oxşayan tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə heroin lazım olduğunu bildirmiş, xahiş etmişdir ki, ona puluna uyğun, yəni 30 manatlıq heroin versin, həmin şəxs 1 ədəd şəffaf sellofanda büküm vermiş, bildirmişdir ki, bükümün içərisindəki heroindir. O, həmin bükümü alaraq əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Avtobus dayanacağının arxasında olduğundan sürücü Fuad və ya sərnişin Asif onun hərəkətlərini görməmişlər. Oradan taksi tapmaq çətin olduğundan yenidən Fuadın avtomobilinə minmiş, bildirmişdir ki, o, da Asif düşən yerdə, yəni “Cümə" Məscidinin yaxınlığında düşəcək. Belə ki, gecə saatlarında heroinlə piyada gəzmək təhlükəli olduğundan düşünmüşdür ki, səhər açılanadək Məsciddə və ya Məscid ətrafında olarsa onu polis əməkdaşları saxlamazlar, səhər açıldıqdan sonra taksi ilə Binə qəsəbəsinə qayıdar. Onlar Maştağa qəsəbəsinə gəlmiş, saat 05 radələrində Əfəndiyev küçəsi 22 ünvanda yerləşən “Cümə" Məscidinin yaxınlığında asta surətlə hərəkətdə olarkən yanlarından polis avtomobilinin ötdüyünü görüb üzərində heroin olduğundan avtomobildə azacıq aşağı əyilmişdir ki, polis əməkdaşları üzünü görməsinlər, görsələr narkotik alüdəçisi olduğunu dərhal biləcəklər. Lakin polis əməkdaşları onun əyildiyini görüb avtomobillərini dayandırmışlar Sonradan adlarını bildiyi X5 Alayının polis nəfərləri Şahid1 və Şahid2 bir başa ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan nə kimi çətinliyinin olmasını, nə səbəbdən avtomobildə üzünü gizlətməsinin səbəbini soruşmuşlar. O, bildirmişdir ki, heç bir çətinlikləri yoxdur. Polis əməkdaşları sürücü Fuaddan haradan gəldiyini və haraya getdiyini soruşmuşlar, Fuad bildirmişdir ki. Binə qəsəbəsindən Sumqayıt şəhərinə gedir. Polis əməkdaşları nə səbəbdən Binə qəsəbəsindən Sumqayıt şəhərinə Maştağa qəsəbəsindən ötməklə getməsinin səbəbini soruşaraq onların danışıqlarına şübhəylə yanaşmışlar və odur ki, şəxsiyyətlərini təsdiq edən sənəd istəmişlər Üzərlərində sənədləri olmadığından onu, sürücü Fuadı və sərnişin Asifi Sabunçu RPİ 14-cü PŞ-nə dəvət etmişlər. Sürücü Fuad və sərnişin Asif etiraz etməmişlər, o, da məcbur qalıb razılıq vermişdir. 14-cü PŞ-də ona fiziki və psixi təsir göstərmişlər. Belə ki, onun üzərində olan narkotik vasitə kiçik ölçüdə olmuşdur. Onun qarşısına böyük ölçüdə narkotik vasitə qoyaraq boynuna götürməsini tələb etmişlər. Əks halda onun barəsində külli miqdarda narkotik vasitə əldə etməsinə dair rəsmiləşdirmə aparacaqlarını bildirmişlər. Həmçinin onu döymüşlər, onun üz nahiyəsində, dodağında xəsarətlər olmuşdur. O da məcbur olub videoçəkiliş zamanı ona verdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Ona xəsarət yetirilməsi ilə bağlı heç bir hüquq mühafizə orqanına, tibb müəssisəsinə müraciət etməmişdir. O, narkotik vasitə əldə etməsini inkar etmir. Narkotik vasitə əldə edən zaman onun miqdarını bilməmişdir. Onun əldə etdiyi heroin az miqdarda olmuş, ittihamda qeyd edilən miqdarda olmamışdır. Əməlindən peşmandır. Həmin vaxtdan sonra o, narkotik vasitə istifadə etmir. Himayəsində iki azyaşlı uşağı vardır. Həmin uşaqların bioloji atası olmasa da, onlara o, baxır. Həmin uşaqlar 3 ildir qeyri-rəsmi yaşadığı xanımın uşaqlarıdır. Rəsmi nikahın bağlanması üçün təzəlikcə müraciət etmişlər, 1 aydan sonra nikahları rəsmi qaydada bağlanmalıdır. Uşaqların atası o uşaqlara nə maddi, mənəvi qayğı göstərir. Uşaqlara aliment vermir. Həmin uşaqlara öz övladı kimi baxır. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X5 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Gülbala oğlu ilə birgə Sabunçu RPİ 14-cü Polis şöbəsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsində patrul avtomobilində xidmət aparmışdır. Həmin tarixdə saat 05 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əfəndiyev küçəsi 22 ünvanında yerləşən “Cümə” Məscidinin yaxınlığında olarkən görmüşdür ki, sonradan adını bildiyi X1 idarə etdiyi “Opel” markalı, “Astra' modelli, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə qarşıda oturan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs salonda əyilərək üzünü ondan gizlətmək istəyir. Təqsirləndirilən şəxs bu kimi hərəkətləri diqqətini cəlb etmişdir. Həmin ərəfədə gecə saatlarında, yəni saat 04:00-dan 05:00-dək olan müddət ərzində xidmət apardığı Sabunçu rayonu, Maştağa qəsəbəsində qeyri-aşkar şəraitdə ardıcıl oğurluq hadisələri baş verdiyindən həmin oğurluq hadisələrində Təqsirləndirilən şəxs şübhəli olması ehtimalı ilə həmin avtomobili dayandırmışlar. Həmin vaxt müəyyən etmişlər ki, avtomobildə sonradan adını bildiyi X2 da sərnişin kimi arxada oturmuşdur. Onlar həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər, sürücü və sərnişinlərdən nə kimi çətinliklərinin olmasını, Etibardan isə nə səbəbdən avtomobildə üzünü gizlətməsinin səbəbini soruşmuşlar. Etibar üzünü gizlətməsinin səbəbini izah edə bilməyərək demişdir ki, heç bir çətinlikləri yoxdur. Onlar sürücü Fuaddan haradan gəldiklərini və haraya getdiklərini soruşmuş, Fuad bildirmişdir ki, Binə qəsəbəsindən Sumqayıt şəhərinə gedir. Binə qəsəbəsindən Sumqayıt şəhərinə olan yol “Cümə" Məscidinin yaxınlığından ötmədiyindən sürücü Fuadın yalan danışması, həmçinin sərnişin Asifin saat 05 radələrində Maştağa qəsəbəsinə qonaq gəlməsi kimi məlumat verməsi diqqətlərini cəlb etdiyindən sürücü Fuaddan, sərnişinlər Etibar və Asifdən şəxsiyyətlərini təsdiq edən sənədlərini istəmişlər Sürücü Fuad sənədlərini təqdim etsə də, Etibar və Asifin üzərlərində sənədləri olmamışdır. Odur ki, həmin şəxsləri saxlayaraq şübhəli şəxs qismində Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. Həmin şəxslər etiraz etməmiş, birgə 14-cü PŞ-nin inzibati binasına gəlmişlər. 14cü PŞ-də olarkən X7un, sərnişinlər Təqsirləndirilən şəxs və Asif Şıxəliyevin qeyri-aşkar şəraitdə baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəli şəxs qismində PŞ-yə gətirmələri barədə PŞ rəhbərliyinə raportla məruzə etmişlər. Bu barədə araşdırmanın aparılması 14-cü PŞ-nin təhqiqatçısı Elçin Hümbətova həvalə edilmişdir. X7, sərnişinlər Təqsirləndirilən şəxs və Asif Şıxəliyev PŞ-nə gətirilən andan şəxsi axtarışları aparılanadək tərəflərindən müşahidə altında saxlanılmışlar, bu səbəbdən də sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Həmin şəxslər tutulan andan onlara təhqiqatçı Elçin Hümbətov tərəfindən hüquqları izah olunmuş, müdafiəçilərlə təmin edilmişlər. 14-cü PŞnın inzibati binasında təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən o, həmkarı Şahid2, saxlanılan Təqsirləndirilən şəxs və sonuncunun vəkili Müdafiəçi iştirak etmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Etibar əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vəkil Müdafiəçi həmin bükümün Təqsirləndirilən şəxs məxsus olub-olmamasını sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsusdur. Saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən şalvarının sol yan cibindən 1 ədəd mobil telefonu aşkar olunaraq götürülmüş, sonuncu telefonun özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm açılarkən içərisində qəhvəyi rəngli heroinin olması görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə "kakos”dur, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Pirşağı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır, 3 ildir narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və “Huawei” markalı mobil telefonu təhqiqatçı Elçin Hümbətov tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılaraq zərflər möhürlənmiş, onun tərəfindən, həmçinin həmkarı Şahid2, saxlanılan Təqsirləndirilən şəxs və sonuncunun vəkili Müdafiəçi tərəfindən zərflər imzalanmışdır. Vəkil Müdafiəçi saxlanılan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilib-edilməməsini soruşmuş, sonuncu bildirmişdir ki, saxlanılarkən ona qarşı zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı barədə protokol tərtib olunmuş iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Gülbala oğlu digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:00-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə AR DİN-nin ƏÇPA-nın 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cümə məscidinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əyinindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan təqdim edərək içərisində heroin olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə Sabunçu rayonunda tanımadığı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən ümumilikdə 50 manata alaraq şəxsi istifadə məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi Aşkar olunmuş bir ədəd ağ rəngli sellofanın içərisində narkotik maddə olan heroin aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 100" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs yazısı və imzalar” olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,663 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,663 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 1,613 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs Daxili işlər Nazirliyinin X5 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri ilə birgə Sabunçu RPİ 14-cü PŞ-nin təhqıqatçısı, polis kapitanı Elçin Hümbətovun xidməti otağına daxil olur, əvvəlcə sonuncu, bundan sonra polis nəfərləri və Təqsirləndirilən şəxs, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə məşğul olan vəkili Müdafiəçi özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ 14-cü PŞ-in təhqiqatçısı Elçin Hümbətov, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyirlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bukümu çıxardaraq masanın üzərinə qoyur. Həmin anda vəkil Müdafiəçi həmin bükümün ona məxsus olub-olmamasını soruşur, saxlanılan Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən şalvarının sol yan cibindən 1 ədəd mobil telefon aşkar olunaraq götürülür, Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olmasını deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. Sorğu zamanı saxlanılan Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş maddə “kakos”dur, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Pirşağı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, Maştağa qəsəbəsinə taksidə gəlmiş, 3 ildir narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Elçin Hümbətov tərəfindən 1 ədəd zərfdə. “Huawei” markalı mobil telefonu isə digər 1 ədəd zərfdə qablaşdırılaraq zərflər möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərflər imzalanır. Vəkil Müdafiəçi sual verərək saxlanılan Təqsirləndirilən şəxs məhkumluğu və saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilib-edilməməsi barədə soruşur, sonuncu əvvəllər məhkum olunmasını və saxlanılarkən ona qarşı zor tətbiq edilməməsini bildirir, bununla da çəkiliş sona çatır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qeydiyyatdan çıxarılmışdır; məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3732 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bir ədəd “DVD” diskə məhkəmə iclasında baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin üzərində ittihamda qeyd edilən miqdarda narkotik vasitə olmamasına dair ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin miqdarını bilmədiyini qeyd etmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə heroinin miqdarı 1,663 qramdır. Bundan başqa təqsirləndirilən şəxs ona fiziki təzyiq göstərildiyini və üz nahiyəsində xəsarətlər olduğunu bildirsə də, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı onun üzündə xəsarətlər aşkar edilməmişdir. Bundan başqa şəxs döyülməsini bildirməsinə və azadlıqda olmasına baxmayaraq döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına, xəsarətlərlə bağlı isə tibb müəssisəsinə müraciət etməmiş və məhkəmə iclasında bunun səbəblərini də izah edə bilməmişdir. Bundan başqa video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsdən müdafiəçisi tərəfindən ona hər hansı fiziki təzyiq göstərilib-göstərilmədiyi barədə sual verildikdə, o fiziki təsirə məruz qalmadığnı bildirir. Bundan başqa müdafiəçinin ondan üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olub-olmaması barədə sualına da müsbət cavab verərək həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,663 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs sonuncu məhkəmə hökmünə əsasən az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi xx.xx.2025-ci il tarixədək 02 ildən artıq müddət keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsində nəzərdə tutulmuş 02 il müddəti artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (1 sutkadan çox) şübhəli şəxs qismində tutulduğu müddət 02 (iki) gün kimi qiymətləndirilərək ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,663 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,613 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,613 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 220 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar