Məhkəmə qərarları › İş №1(008)-603/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-603/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-603/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,709 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 23:00-da Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsi. 20-ci Qurultay küçəsində olan zaman özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ- yə gətirilmiş, 18 oktyabr 2023-cü il tarixdə saat 01:06-da orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,709 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 (bir) ədəd, zavod üsulu ilə islehsal olunmuş, seriya və nöməsi silinmiş, 9 mm kalibrli “Makarov” “PM” konstruksiyalı, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə atəş açmaq üçün yararlı olan yarımavtomatik tapançanı, “Makarov” “PM” konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı olan sandıqçanı və 08 (səkkiz) ədəd 9 mm kalibrli “Makarov” “PM”, ”PA63”,“P64”,“RK59”,“ CCS KA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, eyni zavodda istehsal edilmiş, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 9x18 mm kalibrli patronları qanunsuz olaraq əldə edib saxlayaraq ünvan 4 ünvanına qədər daşıyıb gəzdirmiş, 16 fevral 2024-cü il tarixdə, saat 15:35-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20 Qurultay küçəsində olan zaman Sabunçu RPİ-nin 14-cü PŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının arxa tərəfində, kəmərə bərkidilmiş 01 (bir) ədəd, zavod üsulu ilə islehsal olunmuş, seriya və nöməsi silinmiş, 9 mm kalibrli “Makarov” “PM” konstruksiyalı. yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə atəş açmaq üçün yararlı olan yarımavtomatik tapança və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən “Makarov” “PM” konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı olan sandıqça və 08 (səkkiz) ədəd 9 mm kalibrli “Makarov” “PM”,”PA63”,“P64”,“RK59”,“ CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, eyni zavodda istehsal edilmiş, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı, 9x18 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik maddə olan heroin almışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri. Sabunçu rayonu. Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq onu 14-cıi PŞ-yə dəvət etmişlər. Bölmənin inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilərkən üzərindən hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş. əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. Bundan sonra o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Həmin bükülünü Papanin adlanan ərazidən şəxsi istifadəsi üçün almışdır. xx.xx.2024-cü il tarixdə 15:35 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq 14-cü PŞ-yə dəvət etmiş və o, həmin şəxslərə etiraz etmədən PŞ-nə getmişdir. Bundan sonra bölmənin inzibati binasında, xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilmişdir. Üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının arxa tərəfində, kəmərə bərkidilmiş üzərində 01 (bir) ədəd ‘'Makarov” modelli tapançanı və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən “Makarov” modelli tapançanın darağı və darağın içərisində olan 08 (səkkiz) ədəd patronları təqdim etmişdir. Silahı Balaxanı qəsəbəsi ərazisindən tapmışdır. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində saxlaması, satması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 16 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 15:35-də Təqsirləndirilən şəxs Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh qəsəbəsi. 20-ci Qurultay küçəsi, yaşadığı evin yaxınlığında yol kənarında olan zaman müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının arxa tərəfində, kəmərə bərkidilmiş 01 (bir) ədəd “Makarov” modelli tapançanı və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən ‘‘Makarov” modelli tapançanın darağı və darağın içərisində olan 08 (səkkiz) ədəd patronları çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki. tutulmazdan təxminən, 2 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində buruqlar deyilən yerdə qeyd olunan tapançanı daraq və patronlarla birgə tapmış və gələcəkdə sataraq pul əldə etmək niyyəti ilə başqa yerdə gizlətmiş, xx.xx.2024-cü il tarixdə silahı satmaq niyyəti ilə gizlətdiyi yerdən götürərək özündə saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə, saat 23:00da iş yoldaşı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsi. 20-ci Qurultay küçəsində xidmətdə olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığına ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. O, sullardan yayınaraq özünü şübhəli apardığı üçün onu PŞ-nə təmin etmişlər. Orada xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər bükülünü təqdim etmişdir. Sorğu zamanı bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, Papanin adlanan ərazidən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/385 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 idarənin əməkdaşlarının, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində saat 18::20-də şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, döyüş sursatları və soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin altında, belində saxladığı 01 ədəd Makarov tipli tapançaya bənzər dəmir alət, qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd içərisində 08 ədəd patron olan darağı təqdim edərək həmin silahı, daraq və patronu təxminən 2 ay bundan öncə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində, buruqlar deyilən ərazidə tapdığını və gələcəkdə sataraq pul əldə etmək niyyəti ilə saxladığını bildirdi. Tapançaya oxşar predmetə baxış zamanı həmin predmetin üzərində qeyd olunmuş nömrənin silindiyi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd Makarov tipli tapançaya bənzər dəmir alət, 08 ədəd patron, 1 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər əşya və sənədlər aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/5581 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...saxlanılan Təqsirləndirilən şəxs...” və.s ad, soyad, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,709 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/363 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov tipli tapançaların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadəyə yararlıdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəsi altında bir icraatda istintaq olunması qərara alınmışdır. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair Sabunçu RPİ-nin 14-cü PŞ-də toplanmış HK-1/2718 nömrəli material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 idarənin əməkdaşlarının, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində saat 01::00-da şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda narkotikə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni özünün istifadəsi üçün Nəsimi rayonu ərazisində 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus narkotikə bənzər kütlə 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər əşya və sənədlər aşkar edilməmişdir. - təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4613 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və həmin maddələr ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmişdir. - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 2 ədəd CD disk, təmiz çəkisi 1,709 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, “Makarov PM” konstruksiyalı yarımavtomatik tapança, 1 ədəd sandıqça, 8 ədəd patron iş üzrə maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra xalis çəkisi 1,609 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, “Makarov PM” konstruksiyalı yarımavtomatik tapança, 1 ədəd sandıqça, ekspertiza tədqiqatından sonra qalmış 03 ədəd patron saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, maddi sübutlardan 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Sabunçu Rayon Məhkəməsinin 1(008)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir.” “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü, 5-ci və 8-ci bəndlərinə əsasən döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-nin Sabunçu RPİ-də saxlanılan 1,609 qram narkotik vasitə heroin məhv olunmalı; iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-nin Sabunçu RPİ-də saxlanılan “Makarov PM” konstruksiyalı yarımavtomatik tapança, 1 ədəd sandıqça, ekspertiza tədqiqatından sonra qalmış 03 ədəd patron müsadirə edilməli və Azərbaycan Respublikası DİN-nə təhvil verilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 174 (bir yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 3 (üç) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-nin Sabunçu RPİ-də saxlanılan 1,609 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNnin Sabunçu RPİ-də saxlanılan “Makarov PM” konstruksiyalı yarımavtomatik tapança, 1 ədəd sandıqça, ekspertiza tədqiqatından sonra qalmış 03 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 174 (bir yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar