Məhkəmə qərarları › İş №1(008)-607/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-607/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-607/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Beyləqan rayonu Mayak qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Yuxarı Aran qəsəbə Ə/D, Mayak qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki nömrəsiz fərdi evdə qeyrirəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət, sağ qol və sağ ayaq nahiyələrindən bir neçə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burun qanaxması ilə müşayiət olunan burun nahiyəsinin qançırı və şişkinliyi, sağ təpə nahiyəsinin dərialtı hematoması, üst dodağın və sağ yanağın selikli qişa səthlərinin əzilmiş yaraları, sağ mil-bilək oynağı nahiyəsinin qançırı və sağ baldırın sıyrığı xəsarətlərini yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş və onunla qeyri rəsmi ər-arvad münasibəti olmuşdur. Onun bəzi hərəkətləri xoşuna gəlmədiyi üçün mübahisələri düşmüş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəminində Vəfa ilə yenə də mübahisəsi düşmüşdür. Bu zaman onlar müvəqqəti yaşadıqları Balaxanı qəsəbəsi, Fazendə yaşayış massivindəki kirayə qaldıqları evdə olmuşlar. Onlar söz mübahisəsi edərkən Vəfanın yanında xalası qızı olsa da, o getdikdən sonra günorta saatlarında yenə Vəfa ilə ailə münasibətləri zəminində mübahisələri düşmüş və onlar evdə ikisi olarkən o hirslənib Vəfanı əli ilə üz və baş nahiyələrindən bir neçə dəfə vurmuşdur. Həmçinin onun qol və bədən nahiyələrindən də əlləri ilə vurub ona xəsarətlər yetirmişdir. Bundan sonra onlar sakitləşmiş və o evdən çıxıb getmişdir. O, Vəfanı vurarkən yanlarında heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayəti olmadığını, ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla qeyri rəsmi ər-arvad münasibətində olmuşdur. Pərvinin bəzi hərəkətləri onun xoşuna gəlməmiş və həmçinin onun də bəzi əməlləri Pərvinin xoşuna gəlmədiyi üçün onların mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəminində Pərvin ilə yenə də mübahisəsi düşmüşdür. Bu zaman onlar müvəqqəti onun kirayədə yaşadığı Balaxanı qəsəbəsi, Fazendə yaşayış massivindəki evində olmuşlar. Onlar söz mübahisəsi edərkən yanında xalası qızı Fatimə olsa da, o getdikdən sonra Pərvin də getmiş və günorta saatlarında Pərvin yenə evə gəlmiş və onunla ailə münasibətləri zəminində mübahisəsi olmuşdur. Bu zaman onlar evdə ikilikdə olarkən Pərvin hirslənib onu əlləri ilə üz və baş nahiyələrindən bir neçə dəfə vurmuşdur. Həmçinin onun qol və bədən nahiyələrindən də əlləri və yumruqları ilə vurub ona xəsarətlər yetirmişdir. Bundan sonra o sakitləşmiş və evdən çıxıb getmişdir. Pərvin onu döyrəkən evində heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi evə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.13-15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2024-ci il tarixli 324 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun qanaxması ilə müşayiət olunan burun nahiyəsinin qançırı və şişkinliyi, sağ təpə nahiyəsinin dərialtı hematoması, üst dodağın və sağ yanağın selikli qişa səthlərinin əzilmiş yaraları, sağ mil-bilək oynağı nahiyəsinin qançırı və sağ baldırın sıyrığı müəyyən edildi. Xəsarətlət bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.16-17); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur(i.v.23); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır(i.v.29); ittiham elan edilməsi üçün şübhəli şəxsin barəsində axtarışın elan edilməsi haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyini nəzərə alaraq barəsində axtarış elan edilmiş və tutularaq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v.37); Axtarışda olan şəxsin tutulması barəsində 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonunda saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təmin edilməsi üçün 12-ci PŞ-yə gətirilmişdir (i.v.41); Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.56-57); Tutulmuş şəxsin müvəqqəti saxlama təcridxanasında azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v.66); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar