Məhkəmə qərarları › İş №1(008)-610/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-610/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-610/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 may 2023-cü tarixdə saat 11:30 radələrində ünvan 2 ünvanın qarşısında küçədə qarajın yanında bacısı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən yumruqla sonuncunun baş nahiyəsinə, təpiklə ayağına vuraraq və saçından tutub yerdə sürüyərək, ona sol təpə-gicgah və sol baldır nahiyələrinin dərialtı hematomaları, sol mil-bilək oynağı və qarın nahiyələrinin qançırları, sağ əlin İİİ barmağının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. 2019-cu il tarixdən etibarən bacısı rəsmi qaydada boşanaraq iki övladı ilə birgə onunla eyni evdə yaşamışdır. Evin birinci mərtəbəsində bacısı övladları ilə, ikinci mərtbəsində o, ailəsi ilə birlikdə yaşamışdır. Eyni evdə yaşadıqları üçün o, bacısı ilə razılığa gəlmişdir ki, evin kommunal xərclərini müştərək qaydada ödəsinlər. 08 may 2023-cü il tarixdə, saat 10:20 radələrində bacısı evin sanitar qovşağının anbarı dolduğu üçün fəhləyə zəng edərək anbarın boşaldılması üçün xüsusi qurğu gətirməsini bildirmiş, fəhlə anbarı boşaltdıqdan sonra gördüyü işin müqabilində 25 manat istəmişdir. Zərərçəkmiş şəxs 13 manat ödəyərək geri qalan 12 manatı onun ödəməsini bildirmiş, o, Zərərçəkmiş şəxs ödəniş üçün pulunun olmadığı bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs səs-küy salaraq ondan ödəniş etməsini tələb etmişdir. O, mübahisə yaranmaması üçün küçəyə çıxmış, Zərərçəkmiş şəxs onun arxasınca gələrək onu təhqir edib pulu ödəməsini tələb etmişdir. O, Aybənizin hərəkətlərindən əsəbləşdiyi üçün küçədə, yaşadığı evin qarşısında Aybənizin saçından və qolundan dartmış, lakin, ona təpiklə hər hansı xəsarət yetirməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun qardaşıdır. 2019-cu ildən etibarən iki övladı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, övladları ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs isə ailəsi ilə birlikdə həmin evin ikinci mərtəbəsində yaşamışdır. Eyni evdə yaşadıqları üçün o, qardaşı ilə razılığa gəlmişdir ki, evin komunal xərclərini müştərək qaydada ödəsinlər. 08 may 2023-cü il tarixdə, saat 10:20 radələrində evin sanitar qovşağının anbarı dolduğu üçün fəhləyə zəng edərək anbarın boşaldılması üçün xüsusi qurğu gətirməsini bildirmiş, fəhlə anbarı boşaltdıqdan sonra gördüyü işin müqabilində 25 manat istəmişdir. O, 13 manat ödəyərək geri qalan 12 manatı pulu qardaşının ödəməsini xahiş etmiş, lakin, Rəfail pulunun olmadığını əsas gətirərək ödəniş etməkdən imtina etmişdir. Təxminən saat 11:30 radələrində küçədə, yaşadıqları evin qarşısında yerləşən qarajın önündə olduqları zaman geri qalan məbləği ödəməsini tələb etdiyi üçün onu nalayiq ifadələrlə təhqir edərək təpiklə onun qarın nahiyəsinə, yumruqla baş nahiyyəsinə zərbələr vuraraq xəsarət yetirmiş, daha sonra saçından tutaraq onu sürüyərək həyətə salmışdır. O, Rəfailin əlindən çıxaraq mübahisənin davam etməməsi üçün evə girib qapını bağlamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Cinayət işinin 18-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 10 may 2023-cü il tarixli, 962 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah və sol baldır nahiyələrinin dərialtı hematomaları; sol mil-bilək oynağı və qarın nahiyələrinin qançırları; sağ əlin İİİ barmağının sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 20 may 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar