Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-611/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv P.Hüseynov küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun sol əlinin 5-ci barmağını dişləyərək Zərərçəkmiş şəxs sol əlin V barmağının dırnaq falanqasının yerini dəyişən qopmuş açıq sınığı və həmin səviyyədə dırnaq falanqasının əzilmiş-cırılmış yaraları kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü 00:10 radələrində ailəsi ilə birlikdə evdə olarkən yaşadığı evin qapısının qarşısında bir nəfər şəxsin uca səslə təhqiredici ifadələrlə danışmasını eşidib, küçəyə çıxaraq sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsə söyüşlə danışmamasını və səsinin tonunu almasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun ünvanına da, “sən buranın lotususan?” və sair bu kimi ifadələr işlətdiyi üçün mübahisədən yayınmaq məqsədilə evə qayıtmışdır. Lakin bundan 30 dəqiqə keçmiş evin qapısı döyülmüş, o qapıya baxmaq istəyərkən həyat yoldaşı saatın gec olmasını bildirərək evdən çıxmamasını xahiş etmişdir. Ancaq qapının təkidlə döyüldüyünü görüb evdən çıxmışdır. Bu zaman qapını döyən şəxsin Ramil olduğunu, yanında isə tanımadığı başqa bir şəxs olduğunu görmüşdür. Həmin vaxt Ramil qara maykada olmuşdur. O, Ramil və yanında olan şəxsdən nə lazım olduğunu soruşduğu zaman Ramil və yanında olan şəxslər üzərinə gələrək ona vuraraq xəsarət yetirmişlər. Onların zərbəsindən o yerə yıxılmış və yıxıldığı zaman çiyin nahiyəsinin bərk ağrıdığını hiss etmişdir. Onun səsinə həyat yoldaşı həyətdən çıxmış və Ramillə yanında olan şəxsin onu döydüyünü görüb həyətdən su xortumunu götürərək onlara tərəf atmışdır. Bu zaman həmin şəxslərin həyat yoldaşları da onlara yaxınlaşmış və Ramillə onun yanında olan şəxsi onlardan ayıraraq aparmışlar. Bundan sonra həyat yoldaşı Şəbinə onu 03 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, oradan isə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında onun zərərçəkmiş şəxs qismində cəlb edildiyi başqa cinayət işi vardır. Hadisə vaxtı Ramilin barmağının necə xəsarət almasını xatırlamır. Ola bilsin ki, mübahisə zamanı zərərçəkmiş şəxsin barmağı cızılsın. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxslə barışmaq fikri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixində çilingər kimi işlədiyi Hövsan qəsəbəsində yerləşən sosial evlərə getmiş, 24 aprel 2022-ci il tarixdə saat 00:10 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsi, nömrəsiz fərdi evə qayıdarkən həmin küçədə yerləşən “Ayxan” restoranının qarşısında Rusiya Federasiyasında yaşayan sinif yoldaşı ilə telefonda “Whatsapp” mobil tətbiqi vasitəsilə danışmışdır. Həmin yerlə təqsirləndirilən şəxsin yaşadığı evin arasında 100 metr məsafə olmuşdur. O telefon danışığını yekunlaşdırıb yaşadığı evə doğru gedərkən yolun ortasında dayanan Təqsirləndirilən şəxs nə üçün qışqıra-qışqıra telefonla danışdığını ondan soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs içkili vəziyyətdə olmuşdur. O, Turanı qonşuluqda yaşayan avtomobil ustası kimi tanıması və sonuncunun sərxoş olması ilə əlaqədar əlini onun çiyninə qoyaraq bu barədə səhər danışmalarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun əlini itələdiyi üçün əhəmiyyət verməyərək yoluna davam etmək istəmişdir. Lakin təqsirləndirilən arxadan onun sol əlinin beşinci barmağını dişi ilə tutaraq dişləyib qopartmışdır. O, Təqsirləndirilən şəxs ona buraxmasını bildirsə də, sonuncu onu buraxmadığı üçün onu hasara itələyərək əlindən çıxmışdır. Əynində olan koftası ilə barmağını sarıdıqdan sonra təqsirləndirilən şəxsin hərəkətinin məqsədini anlamaq üçün evinə yaxınlaşaraq onu çağırmışdır. Bu zaman Turan yaşadığı evin həyətindən çıxaraq yerdən daş götürüb üzərinə gəlmişdir. Ancaq o, Turanın əlindən daşı alaraq yerə tullamış və özünü müdafiə məqsədilə Turanı yerə yıxmışdır. Səs-küyə Turanın həyat yoldaşı həyətdən çıxmış və əlində olan su xortumunu ona tərəf atmışdır. Həmin vaxt onun da həyat yoldaşı Pərvanə ora gəlmiş və onu götürərək evə aparmışdır. Evə getdikdən sonra həyat yoldaşı Pərvanə barmağına ilkin tibbi yardım göstərmişdir. Bu hadisədən bir neçə gün sonra Sabunçu RPİ-nin 12-ci PŞ-dən zəng gəlmiş və onu şöbəyə dəvət etmişlər. Şöbəyə getdikdən sonra Turanın şikayət etdiyini öyrənmişdir. Bundan sonra o, izahat vermiş və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişdir. Zərərçəkmiş olduğu halda təqsirləndirilən şəxslə barışmağa cəhd göstərsə də, Təqsirləndirilən şəxs barışmaqdan imtina edərək onunla pul davası etmişdir. Hadisə vaxtı o tək olmuş, yanına hər hansı bir şəxs olmamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixində, saat 00:30 radələrində yaşadıqları evdə olduğu zaman küçədə bir nəfər şəxsin ucadan danışaraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu səbəbdən həyat yoldaşı Turan həmin şəxsə nalayiq ifadələr işlətməməsini bildirmək üçün yaşadıqları evdən çıxmışdır. Bundan təxminən 20 dəqiqə Turan evə geri qayıtmış, ondan nə baş verdiyini soruşduqda təhqiredici ifadələr işlətdiyi üçün həmin şəxsə irad bildirməsini, lakin həmin şəxsin onun iradına əhəmiyyət verməyərək mübahisə etmək istəməsini, problem yaranmaması üçün evə keçməsini bildirmişdir. Təxminən saat 02 radələrində evin qapısının döyüldüyünü eşitmişdir. Həyat yoldaşı Turan qapıya baxmaq istədiyi zaman o, saatın gec olduğunu bildirərək evdən çıxmamasını xahiş etmişdir. İlk əvvəl həyat yoldaşı Turan onunla razılaşsa da, qapının təkidlə döyüldüyünü görüb evdən çıxmışdır. O, baş verənləri öyrənmək üçün qapını açıq saxlamışdır. Bu zaman həyat yoldaşı qapını döyən şəxslərdən nə lazım olduğunu soruşmuşdur. Həyat yoldaşı bu sualı verdiyi zaman adını “Ramil” bildiyi şəxs və yanında olan tanımadığı şəxslə mübahisə yaranmışdır. Mübahisə yarandıqdan bir neçə saniyə sonra Turanın yüksək səslə qışqıraraq qolunun qırıldığını dediyini eşitmişdir. Dərhal çölə çıxmış və çıxdığı zaman Ramilin və yanında olan şəxsin Turanı döydüklərini görmüşdür. Qışqıraraq onlardan dayanmalarını tələb etsə də, həmin şəxslər ona əhəmiyyət verməyərək yerdə yıxılı vəziyyətdə olan Turanı vurmağa davam etmişlər. O, Ramilin və yanında olan şəxsin qarşısını ala bilmədiyini görüb həyətə keçmiş və həyətdə olan su xortumunu götürərək Ramil adlı şəxsin üstünə atmışdır. Bu zaman həmin şəxslər dayanmışlar və kənardan gələn, sonradan Ramilin və yanında olan şəxsin həyat yoldaşları olduqlarını bildiyi şəxslər onlara yaxınlaşmışlar. Onlar Ramili və yanında olan tanımadığı şəxsi kənara çəkmişlər. Bundan sonra onlar oradan çıxaraq getmişlər və o, həyat yoldaşı Turanı 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Xəstəxanada olduqları zaman isə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 24 aprel 2022-ci il tarixində, saat 00:20 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsi, nömrəsiz fərdi evdə olduğu zaman küçədən həyat yoldaşı Ramilin səsini eşitmişdir. Dərhal yaşadığı fərdi evdən çıxaraq təqribən 50-100 metr yol gəlmişdir. Bu zaman Ramilin bir nəfər şəxslə mübahisə etdiyini görmüş və ona yaxınlaşmışdır. Ramilə yaxınlaşdıqdan sonra onun mübahisə etdiyi şəxsin həyat yoldaşı Ramilə tərəf su xortumu atmışdır. Bundan sonra o, həyat yoldaşı Ramili oradan götürərək yaşadıqları evə doğru gəlmişdir. Evə çatdıqları zaman Ramilin barmağından kəskin qan gəldiyini görmüşdür. Ona ilkin tibbi yardım göstərmiş və sarğı qoymuşdur. Sarğı qoyduqdan sonra Ramildən nə üçün mübahisə etdiyini soruşmuşdur. Ramil isə baş verənləri ona danışmış və bildirmişdir ki, işdən çıxaraq taksi ilə evlərinə gəlmiş və 24 aprel 2022-ci il tarixində, saat 00:10 radələrində yaşadıqları küçənin girişinə çatmışdır. Orada taksidən düşərək piyada yaşadıqları evə doğru getməyə başlamışdır. Yolda olduğu zaman sinif yoldaşı Röyal ona zəng etmiş və onunla telefonda danışa-danışa yaşadıqları evə doğru getmişdir. Yaşadığı evin yaxınlığına çatdığı zaman bir nəfər şəxsin yolun ortasında dayandığını görmüşdür. Ancaq həmin şəxsi tanımadığı üçün əhəmiyyət verməyərək yoluna davam etmiş və həmin şəxsin yanından keçdiyi zaman ona salam vermişdir. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə salam verərək yoluna davam etdiyi zaman Turan arxadan onu çağırmışdır. O, geri dönmüş və telefonla danışdığı Röyala zəng edəcəyini deyərək telefonu söndürmüşdür. Turana yaxınlaşaraq nə lazım olduğunu soruşmuş və o, nə üçün qışqıra-qışqıra telefonla danışdığını ondan soruşmuşdur. Turandan kim olduğunu soruşaraq işi ilə məşğul olmasını bildirmiş və yenidən dönərək yoluna davam etmək istəmişdir. Bu zaman Turan arxadan ona yaxınlaşaraq köynəyindən tutaraq özünə doğru çəkmiş və o, məcburən geri dönmüşdür. Geri döndüyü zaman sol əlinin 5-ci barmağı Turanın ağzına girmiş və o, dişləri ilə barmağını sıxmağa başlamışdır. Ağrıdan qışqıraraq barmağını buraxmasını tələb etmiş, ancaq Turan əhəmiyyət verməyərək barmağını daha da bərk formada sıxmağa başlamışdır. Turanın barmağını buraxmadığını görüb onun qarın nahiyəsindən qaldıraraq divara çırpmışdır. Ramil bu söhbəti ona danışdıqdan sonra heç bir söz deməmişdir. Bu hadisədən bir neçə gün sonra Turanın Sabunçu RPİ-nin 12-ci PŞ-yə şikayət etdiyini öyrənmişlər. Həm o, həm də həyat yoldaşı Ramil Şöbəyə gedərək izahat vermiş, Ramil isə həmçinin məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişdir. Cinayət işinin 32-33-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 Sabunçu rayon şöbəsinin 05 may 2022-ci il tarixli, 783 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin V barmağının dırnaq falanqasının yerini dəyişən qopmuş açıq sınığı və həmin səviyyədə dırnaq falanqasının əzilmiş cırılmış yaraları müəyyən edildi. Xəsarətlər təsir edən səthi məhdud olan bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunan şəxsin dediyi kimi kənar şəxs tərəfində dişlənməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 167-168-ci vərəqələrində olan 15 may 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 12 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə bildirdikləri məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi, protokollar, həmçinin təqsirləndirilən şəxsin mübahisənin baş verməsi ilə bağlı verdiyi ifadələr, ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadələri və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Belə ki, 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi işin mübahisəsiz halıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barmağındakı xəsarətin həmin mübahisə əsnasında yaranmasını həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışındakı ifadəsində istisna etməmişdir. Zərərçəkmiş şəxslə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 xəsaərtin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini bilavasitə göstərmişlər. Eləcə də məhkəmə-tibbi ekspertiza rəyi ilə xəsarətin kənar şəxs tərəfində dişlənməsi nəticəsində əmələ gələ bilməsi, törənmə müddətinin qərarda göstərilən xx.xx.2022-ci tarixə və şəraitə uyğun gəlməsi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olması müəyyən edilmiş, xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını və zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onun barəsində CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-611/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-611/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver