Məhkəmə qərarları › İş №1(008)-613/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-613/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-613/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Tərtər rayonu, Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, işləməyən, Tərtər rayonu, Həsənqaya kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, elektron məlumat daşıyıcılardan, informasiya texnologiyalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə maddi yardım göstərilməsi ilə bağlı internet sosial şəbəkəsində rekvizitləri paylaşılmış elektron məlumat daşıyıcısı hesab olunan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********992951 nömrəli plastik kartının məlumatlarından istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 00:39-dan saat 00:56-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsində olan zaman öz istifadəsində olan mobil telefon qurğusunda "xxxx" ASC-nin müştəriləri üçün təqdim etdiyi “Birbank” mobil tətbiqini aktiv edərək informasiya texnologiyalarından istifadə edilməklə Zərərçəkmiş şəxs kart hesabında **********992951 nömrəli plastik olan 595 manat pul vəsaitini ifşa olunmasını çətinləşdirmək məqsədi ilə əvvəlcə rekvizitlərini internet sosial şəbəkəsindən götürdüyü cinayətdən məlumatsız olan X3, X6, X2 hesabları arasında qeyd edilən ardıcıllıqla bir-birinə köçürüb, sonuncu dəfə isə fiziki olaraq istifadəsində olan cinayətdən məlumatsız olan tanışı Şahid adına olan "xxxx"ASC- yə aid 409858*******7664 nömrəli karta köçürməklə həmin vəsait üzərində maneəsiz tam sərəncam vermə hüququ əldə eməklə talayıb Zərərçəkmiş şəxs Ağaxan oğluna ümumilikdə 595 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına kart çıxmışdır. Həmin kart ilə bir bank proqramı açmışdır. Həmin vaxt bir bank proqramında həmin şəxsin adına başqa bir kart olmasını da görmüşdür. Daha sonra internetdən bir neçə kart da götürmüşdür. Həmin kartın birindən pulu digərinə köçürmüşdür. Ümumilikdə 595 manat pul etmişdir. Daha sonra internetdən də bir neçə kart da götürmüşdür. Pulları həmin kartların birindən digərinə köçürmüşdür. Daha sonra isə sonuncu dəfə tanışı Lalənin kartına köçürmüşdür. Belə ki, Lalənin adına olan, faktiki onun istifadəsində olan Unibanka məxsus karta köçürmüşdür. Köçürdüyü kartların sahiblərini tanımamışdır. Kartların məlumatlarını telefonda birbank tətbiqinə daxil edərək qeydiyyatdan keçirmişdir. Kartdan pulu çıxararaq bir neçə karta köçürməkdə məqsədi iz itirmək olmuşdur. Bundan başqa da bir neçə şəxsin də kartından pul çıxarmışdır. Buna görə barəsində məhkəmə hökmü ilə təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını da çəkib qurtarmış və islah olunmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin tələb və şikayəti yoxdur. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, azyaşlı qızı Aylin serebral iflic xəstəsidir. Maddi imkanı olmadığı üçün Kapital bankda adına kart açdırmışdır ki, imkanı olan şəxslər həmin karta pul yükləyərək ona kömək etsinlər. Kapital bankda öz adına **********260496 nömrəli kart açdırmışdır. Həmin karta 210 manat pul yüklənmişdir. Həmçinin də qızı xəstə olduğu üçün təhsil şöbəsi tərəfindən ona kart verilmişdir. Həmin kartın nömrəsi **********992951-dir. xx.xx.2022-ci il tarixdə **********260496 nömrəli kartdan 210 manat pul onun digər kartına, yəni **********992951 nömrəli kartına yüklənmişdir. Daha sonra isə **********992951 kartda olan digər pulla birlikdə, yəni ümumilikdə 595 manat pul naməlum karta yüklənmişdir. Bundan sonra Kapital banka getmişdir. Bankda ona bildirmişlər ki, kartından pul bir bank proqramı vasitəsilə başqa hesaba göndərilmişdir. Bundan sonra polis şöbəsinə müraciət etmişdir. Kartının şifrəsi heç kəsdə olmamışdır. Telefonu smartfon deyildir. Ona görə də telefonunda bir bank proqramı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır. O, bacısı və Elçinlə birlikdə yaşamışdır. Onun Unibanka aid 409858****7664 nömrəli kartı vardır. Həmin kartı telefonunda olan proqrama qoşub istifadə etmişdir. Ona görə kart çox zaman evdə olmuşdur. Elçin də kartı götürüb istifadə etmişdir. Elçinin kimlərin kartından pul çıxarmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda AR CM-nin 177.2.3-1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. "xxxx" ASC-nin 15700012-3766 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus 416974******2951 nömrəli plastik kartından 595 manat pul vəsaiti xx.xx.2022-cü il tarixində saat 00:39:02-də çıxarılmış və əməliyyat tarixi xx.xx.2022-ci il tarixində qeyd olunmuşdur. Zərərçəkmiş şəxs məxsus 416974******2951 nömrəli plastik kartına müdaxilə olunan vaxt xx.xx.2022-ci il tarixindədir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 2023/111/2828 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Kapital banka aid **********992951 nömrəli elektron məlumat daşıyıcısı hesab olunan plastik kartından 595 manat pulunu xx.xx.2022-ci il tarixdə saat 00:39:02-də X1 4169******1287 nömrəli "xxxx" kartına, ardınca saat 00:41:04-də X4 416973******8055 nömrəli "xxxx" kartına, ardınca saat 00:51:00-də X2 510307******7559 nömrəli "xxxx" kartına hesablar arasında qeyd edilən ardıcıllıqla bir-birinə köçürüb, sonuncu dəfə isə fiziki olaraq istifadəsində olan Şahid adına olan "xxxx" ASC-yə aid 409858*******7664 nömrəli karta köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, HTİD-OUT-00701-2023 saylı məktubundan görünür ki, 4098******7664 nömrəli "xxxx" kartı Şahid məxsusdur. Bakı şəhəri Sabunçu Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-613/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq-yəni özgənin əmlakını gizli olaraq talama- elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin qərarda eyni zamanda qeyd olunmuşdur ki, oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, yəni zərərçəkmiş şəxsin xəstə uşağının müalicəsi üçün toplanmış pul vəsaitini oğurlamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş qəti cəza müddətinə hesablanmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar