Məhkəmə qərarları › İş №1(008)-613/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-613/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-613/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib 02 il azaldıqdan məhrum etmə cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna şossesi, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,211 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 01 fevral 2025-ci il tarixdə saat 18:35-də Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə saat 20:55-də üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,211 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,565 qram və 0,669 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 1,234 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,545 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 03 ədəd üzərlərində “F/M40” yazısı olan dərman tabletlərinin tərkibində ümumilikdə xeyli miqdarda təmiz çəkisi 0,12 qram olan narkotik vasitə metadon maddəsini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 10 may 2025-ci il tarixdə saat 03:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna şossesi, ünvan 2in qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan gödəkcəsinin cibindən iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,565 qram və 0,669 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 1,234 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,545 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 03 ədəd üzərlərində “F/M40” yazısı olan dərman tabletlərinin tərkibində ümumilikdə xeyli miqdarda təmiz çəkisi 0.12 qram olan narkotik vasitə metadon maddəsi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, özü uşaq evində böyümüşdür, Ulduz metrostansiyasının yaxınlığında mebel sexində fəhlə işləmişdir. Əvvəllər məhkum olunmuşdur. 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 10 may 2025-ci il tarixdə gecə saat təxminən 1-2 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən üzdən tanıdığı lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsə 40 (qırx) manat pul verməklə şəxsi istifadəsi üçün 02 (iki) büküm narkotik vasitə heroin, 01 büküm psixotrop maddə metamfetamin və 03 ədəd dərman tableti narkotik vasitə metadon almış və onu əynində olan gödəkcəsinin cibinə qoymuş, narkotik vasitəni və psixotrop maddəni özü üçün almış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamış, dərman tableti narkotik vasitə metadonu işdə olan zaman ağrılarını kəsməsi üçün istifadə etmişdir, heroin və metamfetamini isə qarışdıraraq iynə vasitəsilə qəbul etmişdir. 10 may 2025-ci il tarixdə həmin narkotik vasitələri və psixotrop maddəni alıb evə qayıdarkən saat 3 radələrində yaşadığı evin yaxınlığında yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna şossesi, ünvan 2 ünvanın yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra həmin polis əməkdaşları onun vəkillə təmin edilmək hüququnun olduğunu izah etmiş, lakin o imtina etmiş, daha sonra həmin polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa təqdim etməsini təklif etmiş və bundan sonra o gödəkcəsinin cibindən 01 ədəd bükülü təqdim etmiş, bükülünün içərisində 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 03 ədəd dərman tableti narkotik vasitə metadon olmuşdur. Bundan sonra üzərinə axtarış keçirilmiş, daha sonra təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə getmiş, 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükülünün içərisindəki bükümlərə baxış keçirilmiş, polis əməkdaşı ondan təqdim etdiyi bükümdən aşkar olunmuş maddələrin nə olduğunu soruşduqda, o, səmimi olaraq bükülünün içərisindəki 02 ədəd bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə heroin, 01 ədəd bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin və 03 ədəd dərman tabletinin narkotik vasitə metadon olduğunu, həmin maddələri üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən 40 manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun üzərindən aşkar edilmiş heroin, metamfetamin və metadon olan bükümlərə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, götürülmüş maddələr qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan başqa narkotik vasitələrin aludəçisi olduğuna və bədənində ağrılar olduğuna görə, 2025-ci ilin fevral ayının 1-də günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 20 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin almış, həmin maddəni şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirmiş, həmin tarixdə, saat 18:35-də Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanının qarşısında saxlanılmış və Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə gətirilmiş, Polis şöbəsində hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, axtarış zamanı iş üzrə sübut əhəmiyyəti ola biləcək əşyaları və ya predmetləri könüllü təqdim etməsi təklif olunmuş, o da bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin təqdim etmiş, həmin maddə götürülmüşdür. Təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüş, həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bundan sonra onun üzərində şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır.Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini heç bir şəxsə satmaq niyyətində olmamışdır.Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, məlumat əsasında Təqsirləndirilən şəxs Nazım oğlunun qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilinməsi səbəbilə, xx.xx.2025-ci il tarixdə saat 18:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 A ünvanının qarşısında ona yaxınlaşılmış, əməkdaşlar tərəfindən özlərini təqdim etməklə polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində aparılmış ilkin araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu etiraf etdiyinə görə, polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət olunmuşdur. Vəkil təqdim olunduqda, o, vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmış, hüquq və vəzifələri ona izah edildikdən sonra, üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, onu könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur Bu təklifdən sonra o, həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş və təqdim etmişdir. O, təqdim etdiyi həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, bu maddəni 01 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "Kubinka" adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manat müqabilində əldə etdiyini və onu şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi, İçərisində metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə yerləşdirilərək qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Samır Mirzəyev tərəfindən imzalanmışdır. Bundan əlavə, onun üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Aslanov X1 Nizami Oruc oğlu ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 10 may 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 03:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna şossesi, Abşeron küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra həmin şəxsə vəkillə təmin edilmək hüququnu izah etmiş, lakin Təqsirləndirilən şəxs bu hüquqdan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa, təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 01 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Bükülünü açdıqda içərisindən 03 ədəd bükülü və 03 ədəd dərman tableti aşkar edilmişdir. Ondan təqdim etdiyi bükülülərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülünün içərisindəki kütlələrin "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, digər bükülünün içərisindəki kütlənin isə “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, dərman tabletlərinin isə metadon adlanan narkotik vasitə olduğunu, həmin kütlələri və tabletləri Kubinka adlanan ərazidən tanımadığı şəxsə 40 (qırx) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində 03 ədəd bükülü kütlə və 03 ədəd dərman tableti olan büküm tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs 14-cü Polis Şöbəsinə gətirilmişdir. Orada, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş zərfə baxış keçirilmişdir. Zərfdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində 03 ədəd büküm və 03 ədəd dərman tableti olan bükülü olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfdəki bükümün ondan aşkar edilmiş büküm olub-olmadığını soruşduqda, o, bükümün ona məxsus olduğunu, bükülünün içərisindəki kütlələrin "şüşə” və "kokos” kimi tanıdığı maddələr olduğunu, 03 ədəd dərman tabletinin isə metadon adlanan narkotik vasitə olduğunu, həmin predmetləri Kubinka adlanan ərazidən tanımadığı şəxsə 40 (qırx) manat pul verməklə aldığını bildirmişdir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş, içərisində 03 ədəd büküm və 03 ədəd dərman tableti olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir(cild 1, i.v.101-104); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və şəxsi axtarış keçirilməsinə dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 03:20-də Sabunçu RPİ-nin 14-cüPBnin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa-Buzovna şossesi, ünvan 7 ünvanın qarşısında saxlanılaraq videoçəkilişlə üstünün yoxlanılması keçirilmiş və o, əynindəki gödəkcəsinin cibindən 01 ədəd bükülünü təqdim etmiş, bükülünün içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik kütlə, 01 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, spesifik iyə malik kütlə və 03 ədəd üzərində “M40 Metadon” yazıları olan dərman tabletləri aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələri və dərman tabletlərini Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(cild 1, i.v.09-10); Şübhəli şəxsin tutulması haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:20 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.22); 10 may 2025-ci il tarixli «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və aidiyyatı üzrə təqdim edilmiş 01 ədəd zərfdə qablaşdırılmış əşyalara baxış keçirilmiş, 02 ədəd gümüşü kağızda spesifik iyə malik olan qəhvəyi rəngli maddə, 01 ədəd gümüşü kağızda spesifik iyə malik kristal formada ağ rəngli maddə və 03 ədəd M-40 Metadon tabletkaya oxşar maddə aşkar olunmuşdur(cild 1, i.v.32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2025-ci il tarixli, 6/1753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün N° 100" möhür əksi və "Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." və s. soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,565 qram; 0,669 qram; ümumi təmiz çəkiləri 1,234 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0,545 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində "Methadone 40... Faran” yazilan olan blister kəsiyindəki 03 ədəd üzərlərində "F/M40" yazısı olan dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,12 qram olan narkotik vasitə- metadon maddəsi müəyyən edildi. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,545qr., tədqiqata sarf edildi-0,05qr. qalıq-0,495 qram; Heroinin ümumi təmiz çəkisi -1,234 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 1,134 qram. Metadon tabletləri üm.-03 əd. - tədqiqata sərf edildi-01 tabl., qalıq-02 tabl.(cild 1, i.v.37-41); Diskə baxış keçirilməsi haqqında 11 may 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan « İMG 0491.MOV» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 6 dəqiqə 04 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, günün qaranlıq vaxtı vaxtı 2 nəfər mülki geyimdə olan polis əməkdaşı və yanlarında bir nəfər şəxs var. Polis əməkdaşı əvvəlcə tarixi və saatı deyir. Daha sonra digər polis əməkdaşları özlərini təqdim edir. Daha sonra polis əməkdaşı yanındakı şəxsə özünü təqdim etməsini söyləyir, həmin şəxs isə Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılma səbəbini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Polis əməkdaşı bükülünü açıdıqda içərisində 03 ədəd bükülü və 03 ədəd tablet aşkar olunur. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkilərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki tabletin metadon olduğunu, digər bükülülərin içərisindəki kütlələrin isə “kokos” və “şüşə" olduğunu, həmin kütlələri Kubinka adlanan ərazidən tanımadığı şəxsə 40 (qırx) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilir və Təqsirləndirilən şəxs üzərində mobil telefonun olmadığını bildirir və bununla da çəkiliş sona çatır.Baxış zamanı digər diskdə olan « VİD-20250510-WA0039.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 6 dəqiqə 34 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 14-cü PŞ-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Tahir Vəliyev, Müdafiəçi, daha sonra ardıcıllıqla polis əməkdaşı və Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirəciyini bildirir və Təqsirləndirilən şəxs vəkilin iştirakıyla buna etiraz etmir. Bundan sonra təhqiqatçı zərfi açır və içərisindəki bükülüləri Təqsirləndirilən şəxs göstərərək nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki tabletin metadon olduğunu, digər bükülülərin içərisindəki kütlələrin isə “kokos” və “metamfetamin” olduğunu, həmin kütlələri Kubinka adlanan ərazidən tanımadığı şəxsə 40 (qırx) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir və Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və bununla da çəkiliş sona çatır(cild 1, i.v.63-64); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxıldığı qərara alınmışdır(cild 1, i.v.74-77); Qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, 78-79); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli hömkünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 24 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024cü il tarixdə cəza müddəti başa çatmışdır.(cild 1, i.v.94-96); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 3047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da(F19*2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, i.v.106-107); Maddi sübut kimi tanıma haqqında 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş xeyli miqdarda təmiz çəkisi 0,545 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 1,234 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,12 qram metadon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,134 qram çəkidə olan qalıq hissəsi, psixotrop maddə metamfetaminin 0,495 qram çəkidə olan qalıq hissəsi və narkotik vasitə metadon maddəsinin 02 ədəd tableti saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, götürülmüş maddələrə baxış keçirilməsivə götürülməsi haqqında 10 may 2025-ci il tarixli protokola əlavə etdiyi 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(cild 1, i.v.109-111); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:35 radələrində CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.141); Şəxsi axtarış və götürmə aparılması haqqında 01 ferval 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şeffaf sellafona bükülmüş bükülünü öz dediyinə görə “metamfetamin ” deyilən psixotrop maddəni çıxarıb təqdim etdi və bildirdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təqdim etdiyi bükülünün içərisindəki maddə “metamfetamin ” deyilən psixotrop maddədir. Həmin maddəni bu gün səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul ödəməklə almış, bir hissəsindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd şəffaf rəngli selofana bükülmüş bükülünün içərisində ağ rəngli kristal şəkil maddə vardır. Eyni zamanda Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, polis bölməsinə gətirilərkən ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir(cild 1, i.v.150- 152); Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2025-ci il tarixli, 6/442 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168" dairəvi möhür əksi olan, "Saxlanılan şəxs: Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,211 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madde- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,211 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -1,161 qram.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir(cild 1, i.v.160-164); Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(cild 1, i.v.196-201); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.202); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 fevral 2025-ci il tarixli 574 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssəsində dispanser qeydiyyata alınması məsləhət görülür(cild 1, i.v.213-214); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib 02 il azaldıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 24 gün hissəsindən vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır(cild 1, i.v.221-232); Diskə baxış keçirilməsi haqqında 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərfon MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir(cild 2, i.v.1); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində yaşadığı ünvanın yaxınləğında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir(cild 2, i.v.12); Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadonu əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis bölməsinə məlumat daxil olmamışdır(cild 2, i.v.17); Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin diskə Sabunçu rayon Polis İdarəsinin inzibati binasında 315 nömrəli xidməti otağında «HONOR» markalı kompüterdə baxış keçirilmişdir. Həmin diskdə olan «WhatsApp Video 2025-02-02 at 10.55.02.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 18 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 27-ci PŞ-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 27-ci PŞ-nin baş təhqiqatçısı, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Təhqiqatçı bükülünü açıdıqda içərisində ağ rəngli kütlə aşkar olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin "patı” kimi tanınan metamfetamin olduğunu, həmin kütləni Kubinka adlanan ərazidən tanımadığı şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir(cild 2, i.v.38); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(cild 2, i.v.49-53); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(cild 2, i.v.54-56); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,565 qram və 0,669 qram olmaqla ümumi təmiz çəkisi 1,234 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqata 0,01 qram sərf edilməsi nəzərə alınmaqla 1,134 qram qalığı, 01 ədəd bükümdə təmiz çəkisi 0,545 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,495 qram qalığı, 03 ədəd üzərlərində “F/M40” yazısı olan dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0.12 qram olan narkotik vasitə metadon maddəsinin tədqiqata 01 ədəd sərf edilməsi nəzərə alınmaqla 02 ədəd qalığı və 01 ədəd bükümdə təmiz çəkisi 1,211 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 1,161 qram qalığı və 03 ədəd DVD diskin maddi sübut kimi tanınması nəzərə alınmışdır(cild 2, i.v.60-73); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəm iclas zalında həbs edilmişdir(cild 2, i.v.111-113); Məhkəmə iclasında DVD disklərə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsin üstünün yoxlanılması və axtarış keçirilməsi haqqında 01 fevral 2025-ci il tarixli və 10 may 2025-ci il tarixli protokollara uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 83-cü bəndinə əsasən təmiz çəkisi 1,234 qram olan narkotik vasitə heroin, 112-ci bəndinə əsasən 0.12 qram olan narkotik vasitə metadon, «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,112 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması və cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 10 may 2025-ci il tarixdən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 01 avqust 2025-ci il tarixdən 02 avqust 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, , narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə və narkotik vasitələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 175(yüz yetmiş beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01( bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 10 may 2025-ci il tarixdən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 01 avqust 2025-ci il tarixdən 02 avqust 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 08(səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,565 qram və 0,669 qram olmaqla ümumi təmiz çəkisi 1,234 qram, tədqiqatdan sonra qalıq çəkisi 1,134 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,545 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,495 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd üzərlərində “F/M40" yazısı olan dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0.12 qram narkotik vasitə metadon maddəsinin tədqiqata 01 ədəd sərf edilməsi nəzərə alınmaqla 02 ədəd qalığı, 01 ədəd bükümdə təmiz çəkisi 1,211 qram, tədqiqatdan sonra qalıq çəkisi 1,161 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 175(yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar