Məhkəmə qərarları › İş №1(008)-614/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-614/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-614/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,715 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 15ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18:37-də ünvan 2 ünvanında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,715 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat ödəniş qarşılığında şəxsi istifadəsi üçün el arasında “Patı” kimi tanınan psixotrop maddə metamfetamini əldə etmişdir. Həmin gün saat 18 radələrində ünvan 2ndə polis əməkdaşları ona yaxınlaşıb, orada ona hüquqlarını izah etmiş və vieoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişlər. Bundan sonra ona üzərində ola biləcək qanunla qadağan edilmiş əşyanı təqdim etməsini təklif etmişlər. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və büküm barəsində həqiqətləri danışmışdır. Bundan sonra təqdim olunan büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, prossesin sənədləşdirilməsi məqsədi ilə o, 15-ci Polis Bölməsinə dəvət edilmişdir. 15-ci Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun daha öncə polis əməkdaşlarına təqdim etdiyi zərfdə qablaşdırılmış bükümə baxış keçirilniş və məlum olmuşdur ki, həmin bükümün içərisində şüşəyə oxşayan ağ rəngli maddə vardır.Onu iki gün MSY-də saxlamışlar, sonra isə buraxmışlar. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Sabunçu RPİ-nin digər əməliyyat müvəkilləri Həsən Seyid və Seymur Əmirov daxil edilmişdir. Daxil olmuş məlumatda Sərxan adlı şəxsin Sabunçu rayonunun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin saxlaması, əldə etməsi və Sabunçu rayonu, Zabrat qəsəbəsində alğı-satqısı ilə məşğul olması göstərilmişdir. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin şəxs ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsinə yaxınlaşaraq orada özlərinə mövge seçmişlər. Bir müddət sonra bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxsla eyni əlamətlərinin olmasını görərək saat 18:37-də həmin şəxsə yaxınlaşaraq həmin şəxsi saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini tələb etmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş və üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunla qadağan edilmiş əşyanı könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman məlum olmuşdur ki, bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə vardır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış lakin hər hansı digər əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır və o, həmin bükümü şəxsi istifadəsi üçün üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə tərəflərindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə dəvət edilmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümə baxış keçirilməyə başlanmış və məlum olmuşdur ki, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psxitrop maddə metamfetaminə bənzər maddə vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:37-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şübhəli şəxsin üstünün yoxlanılmasına və şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncu 20 may 2025-ci il tarixdə saat 18:37 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsində olan zaman saxlanılmışdır. Ona hüquq və vəzifələri izah olunmuşdur. Həmin şəxsin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülmüş ağ rəngli psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və protokol tərtib edən tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rənfli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama zamanı telefon vasitəsilə video çəkiliş aparılmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1900 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 161" möhür əksi, "Saxlanılan şəxs:.. Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,715 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinə tövsif edilərək cəzası dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilərək cəzası 5 ildən 4 il 6 aya endirilmişdir; Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir; xx.xx.2018-ci il tarixdə vaxtından əvvəl şərti müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 76.6.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti xx.xx.2023-cü ildə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır; məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3342 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,715 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,665 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd “CD” diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şübhəli şəxsin üstünün yoxlanılması və şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.715 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 76.6.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə hökmünə əsasən az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi xx.xx.2025-ci il tarixədək 02 ildən artıq müddət keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddəti artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,665 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,665 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar