Məhkəmə qərarları › İş №1(008)-615/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-615/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-615/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi dalan 3, ev 3-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi ev 242-də yaşamış, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-400/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il saat 06 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, R.Salmanov küçəsində fərdi nömrəsiz yaşayış sahəsinin həyətinə daş hasardan aşıb, qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir metri 20 manat olan biri 6 metr uzunluğunda ümumi 3600 manat dəyərində 30 ədəd dəmir borunu və biri 6 metr uzunluğunda standart vəziyyətdə 90 manat olan ümumi 900 manat dəyərində 10 ədəd plastik pəncərə çərçivəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 4500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, pula ehtiyacı olduğu üçün 06 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində adam yaşamayan evin həyətinə gizli yolla daxil olaraq həyətdə olan biri 5-6 metr uzunluqda olan 10 ədəd dəmir borunu bir-bir əliylə götürüb həyətdə olan hasarın alt hissəsindən keçirib küçəyə yığmış, sonra boruları öz həyətinə daşımışdır. 07 mart 2023 tarixdə taksi kimi yaşadığı qəsəbədən 10 ildir ki, tanıdığı Azər adlı şəxsə zəng edib onu məhəlləyə sifarişlə çağırmış sonra o, Opel markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobillə əmlakları avtomobilin dam hissəsinə yüklədikdən sonra ondan xahiş etmişdir ki, onu Bilgəh qəsəbəsinə aparsın və ona məxsus bildirdiyi həmin boruları 200-300 manata satsın. Lakin Bilgəh qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsi əmlakın sənədi olmadığından ondan almamış, sonra Azər onun xahişi ilə onu evə aparmışdır. Maştağada olarkən polislər onu saxlamış, o, polis bölməsinə gəlmiş, etdiyi əməli etiraf etmişdir. Həmin həyətdən yalnız 10 ədəd dəmir boru oğurlamışdır. Azərin boruların oğurluq olmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır lakin, ona məxsus evi tanıyır, yaşadığı evin yaxınlığındadır, onun yaşadığı ev hazırda Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində Maştağa qəsəbəsi ilə Albalılıq yaşayış massivi arasında olan yerdə yerləşir. Pula ehtiyacı olduğundan maddi vəziyyəti ilə bağlı bir neçə gün öncə qərara gəlmişdir ki, həmin bir neçə aydır ki, adam yaşamayan evin həyətinə gizli yolla daxil olsun və oradan nəsə əmlak oğurlayıb aparıb satsın. Ona görə də 06 mart 2023-cü il tarixdə saat 03 radələrində təxmini 1-2 litr araq içmiş, yemək yemiş, sərxoş olmuş, səhər saat 06 radələrində o, həmin həyətə yaxınlaşmış, ətrafda heç kimin olmadığını görüb həyətə hasardan tullanmış, bir neçə dəqiqə həyətdə gəzmiş və qərara gəlmişdir ki, orada həyətdə olan biri 5-6 metr uzunluqda olan 10 ədəd dəmir borunu bir-bir əli ilə götürüb həyətdə olan hasarın alt hissəsindən keçirib küçəyə yığmış, sonra boruları öz həyətinə daşımışdır. 07 mart 2023-cü il tarixdə saat 15 radələrində taksi kimi yaşadığı qəsəbədən 10 ildir ki, tanıdığı Azər adlı şəxsə zəng edib onu məhəlləyə sifarişlə çağırmış sonra o, Opel markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobillə əmlakları avtomobilin dam hissəsinə yüklədikdən sonra ondan xahiş etmişdir ki, onu Bilgəh qəsəbəsinə aparsın və ona məxsus bildirdiyi həmin boruları 200-300 manata satsın. Lakin Bilgəh qəsəbəsində Ram adlı şəxsin işlətdiyi dəmir qəbulu məntəqəsində əmlakın sənədi olmadığından ondan almamış, sonraAzər onun xahişi ilə onu evə aparmışdır. Bu zaman Maştağada olarkən polislər onu saxlamış, o, polis bölməsinə gəlmiş, etdiyi əməli etiraf etmişdir. Azər adlı şəxs onunla əlbir olmamışdır. Əməlini etiraf edir. O, tək olaraq cinayəti törətmiş, təxminən 10 ədəd borunu 300 manata satmağı planlaşdırmışdır.Həmin həyətdən başqa nəsə oğurlamağı yadında deyildir.O,sərxoş vəziyyətdə olduğundan oradan başqa əmlakları da ola bilsin ki, oğurlamış və sonrakı saatlarda sərxoş vəziyyətdə aparıb başqa harasa satmışdır.Əməlindən peşmandır.Əmlakları ola bilsin ki, rus bazarına ya Dərnəgül adlı yerə aparıb satmışdır(i.v.69-71); Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində Rövşən Salmanov küçəsində 20 sot torpaq sahəsində fərdi yaşayış evini tikdirmişdir. Orada yalnız yay aylarında ailəsi ilə yaşayır .Son dəfə 25 fevral 2023 tarixdə oraya gəlmiş, hər şeyin normal olmasını aşkar etmiş, heç nəyin oğurlanmadığını bilmiş, qapını açarla bağlayaraq çıxıb getmişdir. 07 mart 2023-cü il tarixdə saat 10 radələrində bağ evinə gəldikdə oradan bir metri 20 manat olan biri 6 metr uzunluğunda ümumi 3600 manat dəyərində 30 ədəd dəmir borunun və biri 6 metr uzunluğunda standart vəziyyətdə 90 manat olan ümumi 900 manat dəyərində 10 ədəd plastik pəncərə çərçivəsinin oğurlanmasını aşkar etmişdir. Daha sonra Sabunçu rayonu 14cü Polis Bölməsinə gedib ərizə yazmış, ona ümumilikdə 4500 manat maddi ziyan dəymişdir. Həyətdən başqa heç nə oğurlanmamışdır. Əmlaklar evinin həyətinin heyvan tövləsinin qarşısından oğurlanmışdır. İlkin izahatında taxtaların da oğurlanmasını yazsa da sonra həmin taxtaların yerində olmasını və istifadəyə yararsız olmamasını aşkar etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ona ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin ƏÇPA-nın 8-ci patrul bölüyündə polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 07 mart 2023-cü il tarixdə saat 11:30 radələrində iş yoldaşları ilə xidməti ərazidə 9629 saylı çağırışla Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində xidmətdə olarkən **-CF-*** dövlət nömrə nişanlı Opel Astra markalı avtomobilin üst yük hissəsində dəmir borularla hərəkət etməsini və şübhəli olmasını aşkar etmiş, dərhal həmin avtomobili saxlayıb sorğu sual etdikdə sərnişin olan Təqsirləndirilən şəxs adlı şəxs boruların ona məxsus olmasını desə də suallara qeyri adekvat cavab vermiş, borulara məxsus sənədinin olmadığını demiş, o da bu vəziyyəti araşdırmaq üçün şəxsləri və əmlakı avtomobillə birlikdə 14-cü PB-nə dəvət etmiş, polis bölməsində şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması və əmlakın oğurluq olması müəyyən edilmiş, sonrakı zamanda raportla polis rəisinə yazılı məruzə edib xidmətə yollanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş X2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahidlər Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.104-108); Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, **-CF-*** dövlət nömrə nişanlı tünd göy rəngli “Opel Astra” markalı avtomobil ona məxsusdur, taksi kimi fərdi olaraq Maştağa qəsəbəsində fəaliyyət göstərib idarə edir. Təqsirləndirilən şəxs müştəri kimi tanımış, bir-iki dəfə onu Maştağa qəsəbəsində sifariş etdiyi yerə aparmışdır. 07 mart 2023-cü il tarixdə saat 10 radələrində mobil telefon nömrəsinə Valeh zəng edib, onu Rövşən Salmanov küçəsinə gəlməyini xahiş etmiş və bildirmişdi ki, onu Bilgəh qəsəbəsinə aparsın. Sonrakı dəqiqələrdə o, onun yaşadığı evinin qarşısına getmiş və o, həyətində olan 10 ədəd biri 6 metr uzunluğunda olan dəmir boruları ona göstərib onları Bilgəh qəsəbəsinə aparmalı olmasını demiş, özünə məxsus olmasını bildirib satacağını qeyd etmiş, sonra boruları avtomobilinin üstünə yığmış, birlikdə Bilgəh qəsəbəsinə getmiş, sonra orada olarkən o, avtomobildən düşüb tanımadığı yerə getmiş, sonrakı dəqiqələrdə geri qayıdıb dəmir alışı yerində ondan nəsə sənəd istəmələri dəmirləri sata bilmədiyini ona demiş, sonra onu geri, yəni evinə aparmağını xahiş etmiş, sonrakı dəqiqələrdə yolboyu söhbət zamanı onun plastik pəncərə çərçivəsinin və yenə başqa dəmir borularını bir gün öncə şəhərin başqa yerində satmasını ona demiş, həmin dəmirlərin və çərçivələrin ona məxsus olmasını bildirmişdir. Saat 11-30 radələrində Maştağa-Nardaran yolunda onlar hərəkətdə olarkən X4 əməkdaşları onları saxlamış, onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Daha sonra o, səhhəti ilə bağlı evə getmiş, sonrakı zamanda oradan ona İstintaq Şöbəsinə gedib ifadə verəcəyini demişlər, ona məlum olmuşdu ki, Valeh bu boruları oğurlamışdır, həmçinin ona satdığını bildirdiyi boru və plastik pəncərə çərçivəsinin də oğurluq olmasını bilmişdir. Onunla əlbir olmamış, onun bu əməlini sonra polis əməkdaşları ona demişlər. O, dönə-dönə ona dəmir boruların ona məxsus olmasını və həyətində uzun müddət saxlamasını bildirmişdir(i.v.89-91); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-11); təqdim edilmiş maddi sübutun götürülməsi haqqında 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, göy rəngli “Opel Astra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin üst hissəsindəki yük yerindən ümumilikdə sayı 10 ədəd olan təxminən ölçüləri 5-6 metr uzunluqda olan dəmir borular maddi sübut qismində götürülmüş və götürülən maddi sübutların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.13-14); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19-20); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 40); ifadənin yerində yoxlanması haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərrüatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.53- 56); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v.58-59); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-199/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmışdır (i.v.84-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2014-cü il tarixdə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, (i.v.93-94, 97-103); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2023-cü il tarixli 9/1840 saylı rəyindən görünür ki, 01 ədəd 6 metr uzunluğunda 7 sm diametrli və qalınlığı 5 mm olan dəmir borunun yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla orta bazar qiyməti 60 manat (6mx10man) müəyyən olunur(i.v.110-112); maddi sübut kimi tanınması haqqında 09 may 2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus götürülmüş 10 ədəd biri 69 metr uzunluğunda dəmir boru maddi sübut hesab edilmiş, zərərçəkmiş şəxsə qaytarılmışdır(i.v.116); xx.xx.2023-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)- 400/2023 saylı hökmü 10 may 2023-cü il tarixdə qüvvəyə minmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yalnız 10 ədəd boruları oğurlaması, ittihamda göstərilmiş digər əşyaları oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, əməlini etiraf edir, o, tək olaraq cinayəti törətmiş, təxminən 10 ədəd borunu 300 manata satmağı planlaşdırmış, həmin həyətdən başqa nəsə oğurlamağı yadında deyildir. O, sərxoş vəziyyətdə olduğundan oradan başqa əmlakları da ola bilsin ki, oğurlamış və sonrakı saatlarda sərxoş vəziyyətdə aparıb başqa harasa satmış, əmlakları ola bilsin ki, rus bazarına ya Dərnəgül adlı yerə aparıb satmışdır. Həmçinin, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, **-CF-*** dövlət nömrə nişanlı tünd göy rəngli “Opel Astra” markalı avtomobil ona məxsusdur, taksi kimi fərdi olaraq Maştağa qəsəbəsində fəaliyyət göstərib idarə edir. Təqsirləndirilən şəxs müştəri kimi tanımış, bir-iki dəfə onu Maştağa qəsəbəsində sifariş etdiyi yerə aparmışdır. 07 mart 2023-cü il tarixdə saat 10 radələrində mobil telefon nömrəsinə Valeh zəng edib, onu Rövşən Salmanov küçəsinə gəlməyini xahiş etmiş və bildirmişdi ki, onu Bilgəh qəsəbəsinə aparsın. Sonrakı dəqiqələrdə o, onun yaşadığı evinin qarşısına getmiş və o, həyətində olan 10 ədəd biri 6 metr uzunluğunda olan dəmir boruları ona göstərib onları Bilgəh qəsəbəsinə aparmalı olmasını demiş, özünə məxsus olmasını bildirib satacağını qeyd etmiş, sonra boruları avtomobilinin üstünə yığmış, birlikdə Bilgəh qəsəbəsinə getmiş, sonra orada olarkən o, avtomobildən düşüb tanımadığı yerə getmiş, sonrakı dəqiqələrdə geri qayıdıb dəmir alışı yerində ondan nəsə sənəd istəmələri dəmirləri sata bilmədiyini ona demiş, sonra onu geri, yəni evinə aparmağını xahiş etmiş, sonrakı dəqiqələrdə yolboyu söhbət zamanı onun plastik pəncərə çərçivəsinin və yenə başqa dəmir borularını bir gün öncə şəhərin başqa yerində satmasını ona demiş, həmin dəmirlərin və çərçivələrin ona məxsus olmasını bildirmişdir. Saat 11-30 radələrində Maştağa-Nardaran yolunda onlar hərəkətdə olarkən X4 əməkdaşları onları saxlamış, onları 14-cü Polis Bölməsinə dəvət etmişlər. Daha sonra o, səhhəti ilə bağlı evə getmiş, sonrakı zamanda oradan ona İstintaq Şöbəsinə gedib ifadə verəcəyini demişlər, ona məlum olmuşdur ki, Valeh bu boruları oğurlamışdır, həmçinin ona satdığını bildirdiyi boru və plastik pəncərə çərçivəsinin də oğurluq olmasını bilmişdir. Onunla əlbir olmamış, onun bu əməlini sonra polis əməkdaşları ona demişlər. O, dönə-dönə ona dəmir boruların ona məxsus olmasını və həyətində uzun müddət saxlamasını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13), əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-400/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), iş üzrə maddi sübut-dəmir boruların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 50(əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-400/2023 saylı 19 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- dəmir boruların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 50(əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar