Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-623/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də mal toplayan işləyən, Şamaxı rayonu Qızmeydan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə, saat 17.30 radələrində Zərərçəkmiş şəxs ilə işlədikləri Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən sonuncunun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM, nömrəsiz fərdi yaşayış evində yaşayır. "xxxx" MMC-də mal toplayan işləyir və işi marketlərdən gələn sifarişləri anbardan toplayaraq qapıya çıxarmaqdan ibarətdir. 10 may 2023-cü il tarixdə, saat 17:30 radələrində işdə olduğu zaman briqadiri olan Teymur növbə rəisləri Kamranla danışaraq başı ilə onu göstərib onun yaxşı işləmədiyni bildirmişdir. Bir müddət sonra o, Teymurla üzüzə gəldiyi zaman ona yaxınlaşaraq niyə onun barəsində yaxşı işləmədiyinə dair fikir bildirdiyini soruşmuş, Teymur ona yaxşı etdiyini, onun gördüyü işin onu qane etmədiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı yumruqla Teymurun sifət nahiyəsinə zərbə endirmişdir. Aralarında baş vermiş mübahisə təxminən beş dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda onlardan başqa heç kim olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən "xxxx" MMC şirkətində briqadir işləyir. Onun işi marketlərdən sifarişləri toplatdırıb, marketlərə malların təmin olunmasıdır. xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində iş yerində olduğu zaman Qasım adlı işçiləri ona yaxınlaşaraq anbardan mal götürmək üçün siyahını alaraq getmiş, həmin vaxt digər işçi Təqsirləndirilən şəxs kənardan dayanıb ona baxmış, Gülala gedib işlərini görməsini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs geri qayıdaraq ondan gördüyü işin xoşuna gəlib-gəlmədiyini soruşmuş, o, Gülala gördüyün işin onu qane etmədiyini, zəif işlədiyini bildirmişdir. Gülal onunla mübahisə edərək yumruqla onun sifətinə zərbə endirmiş, ikinci dəfə onu vurmaması üçün o, Gülalın əlindən tutmuşdur. Daha sonra o, şirkətin tibb məntəqəsinə müraciət etmiş, orada ona ilkin tibbi yardım göstərilmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 17-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 17 may 2023-cü il tarixli, 1038 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarının 53-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 19 may 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-623/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-623/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver