Məhkəmə qərarları › İş №1(008)-629/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-629/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-629/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Masallı rayonunun Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Maştağa qəsəbəsi, Daş- Karxanası yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanası, yeni yaşayış massivi, nömrəsiz fərdi evin yaxınlığında küçədə Zərərçəkmiş şəxs1 ilə aralarında ailə məişət zəmnində baş vermiş mübahisə zamanı qəsdən əlləri ilə boğazından tutub sıxıb boğaraq, ona ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan boyun əzələ-bağ aparatının gərilməsi və boyun nahiyəsinin şişkinliyi-qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanası, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayır. İş üzrə Zərərçəkmiş şəxs1 onun bacısının həyat yoldaşıdır. Son dövrlər Zərərçəkmiş şəxs1 hər hansı bir əsaslı səbəb olmadan onun bacısını döyərək ailə üzvlərinin ünvanına təhqiredici sözlər demişdir. xx.xx.2024-cü il tarixdə təxminən axşam saatlarında məhəlləyə yaxın aptekə gedərkən Zərərçəkmiş şəxs1 idarə etdiyi maşınla getdiyini görüb, ona yaxınlaşaraq bacısını döyməsinin və ailə üzvlərinin təhqir etməsinin səbəbini soruşduqda aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbləşib avtomobilin pəncərəsindən sol əli ilə Elcanın boğazından qısa müddət tutaraq sıxdıqdan sonra buraxmışdır. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ildə X1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı var. Bir müddət əvvəl arvadı Ayşən Nurəliyeva ilə münasibətləri korlanmışdır. Ayşən mütəmadi olaraq onun yaşadığı evin pəncərələrini sındırmış, o bu hərəkətlərinə son qoyması üçün sonuncunun qohumlarına məlumat vermişdir. xx.xx.2024cü il tarixdə saat 19.30 radələrində idarə etdiyi avtomobildə anası və dostu Şahid ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanası, yeni yaşayış massivində yerləşən evə gələrkən, məhlədə qaynı Asif onu görüb avtomobilə yaxınlaşıb qəflətən avtomobilin pəncərəsindən əlləri ilə onun bağazından tutaraq bərk sıxıb boğmuşdur. Bu zaman avtomobildə arxada əyləşən anası Zərərçəkmiş şəxs2 müdaxiləsi ilə Asif onu buraxmışdır. O, heç vaxt Ayşən Nurəliyevanı döyməmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun oğludur. Oğlu 2019-cu il tarixdə X1 ilə ailə həyatı qurmuş, lakin son vaxtlar münasibətləri korlanmışdır. Hadisədən bir müddət əvvəl Ayşən evdən çıxıb atası evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində oğlu Elcanın idarə etdiyi avtomobillə oğlunun dostu Şahid ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanası, yeni yaşayış massivində yerləşən evə gələrkən Təqsirləndirilən şəxs avtomobilin qarşısını kəsərək qəflətən avtomobilin pəncərəsindən əlini içəri salıb Elcanın boğazından tutaraq sıxmış, onun müdaxiləsindən sonra isə buraxmışdır. Təhqiqat zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, o, digər şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarının 26-29-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Sabunçu rayon şöbəsinin 1692 nömrəli, 18 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan boyun əzələ-bağ aparatının gərilməsi və boyun nahiyəsinin şişkinliyiqançırları müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin şəxsin yıxılması nəticəsində törənməsi, eləcə də, özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 68-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 31 iyul 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar