Məhkəmə qərarları › İş №1(008)-629/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-629/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-629/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, tikintidə fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Gülablı Ə/D, Abdal kəndində qeydiyyatda olmaqla, Samux rayonu, Çoban Abdallı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi 93 ünvanında “Vedin adlı kafenin qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun tərəfə baxmasını cuzi səbəb kimi bəhanə edib, bu barədə irad bildirib, kafenin pilləkənlərinə qalxıb, onun yaxasından tutaraq aşağıya dartıb düşürmüş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, dəfələrlə Zərərçəkmiş şəxs üzərinə gedib, onu sakitləşdirib kənara aparmaq istəyən şəxsləri itələyib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq kafedən çıxan və küçədə olan kənar şəxslərin gözü qarşısında cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı və əxlaq normalarını pozub, ətrafdakıların qorxu və narahatçılığına səbəb olaraq qanunsuz əməllərini davam etdirib bir neçə dəfə əlləri və ayaqları ilə sonuncunu vurub ona fiziki ağrı yetirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşahidə edilən hərəkətlər etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı X1 və xalası X2 2024-cü ilin noyabr ayında Sabunçu rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən “VEDİ” kafesində qab yuyan işləmişlər. O, həmin vaxtı “Chevrolet Kobat" markalı, nömrə nişanı **-CS-*** olan avtomaşını idarə etmişdir. xx.xx.2024-cü il tarixdə dayısı oğlu Mikayıl və Bəxtiyar ilə birlikdə həyat yoldaşı və xalasını işdən götürüb evə aparmağa getmişlər. Kafenin qarşısında avtomaşını saxlayıb yerə düşmüşdür. Həyat yoldaşı və xalası kafedən çıxmışlar. Onların arxasınca iki nəfər tanımadığı şəxs çıxmış və pilləkəndə durub siqaret çəkmişlər. O, arvadı Məhbubəyə nə üçün gec çıxmalarını deyərkən aralarında qısa müddətdə söz mübahisəsi olmuşdur. Bu zaman kafedən çıxıb pilləkənin yuxarısında dayanan zərərçəkmiş şəxs Orxan adlı şəxs onlara tərəf baxmışlar. Bu onun xoşuna gəlməmişdir. O, Orxan adlı şəxsə yaxınlaşıb bildirmişdir ki, “nə olub, salamatçılıqdı?”. Bu səbəbdən də onların arasında mübahisə yaranmışdır. Mübahisə zəminində o, pilləkəndən yuxarı çıxıb Orxanın yaxasından tutaraq aşağıya dartıb düşürmüşdür. O, Orxanın, Orxan da onun paltarından tutaraq bir-biri ilə yaxalaşmışlar. Onların mübahisəsinə dayısı oğlu Mikayıl və Bəxtiyar da qarışmışdır. Onu sakitləşdirmək istəyərkən o, 2-3 dəfə onların əlindən çıxıb, Orxanın üzərinə getmişdir. Sonradan avtomobilin arxa yük yerini açmış, əynində olan kurtkasını çıxarıb oraya qoymuşdur. Avtomobildən hər hansı alət götürməmiş və zərərçəkmiş şəxsə atmamışdır. Mübahisə zamanı səs-küyə kafedən də adamlar da çıxmışdır. Onları aralaşdırmağa çalışmışlar. Bir müddət sonra mübahisələri sakitləşmiş və onlar avtomaşına əyləşərək getmişlər. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “7 Gözəl” Yaşayış Binalarının birinci mərtəbəsindəki “Vedi” kafedə kassir işləmişdir. 11 noyabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Vedi kafesinin pilləkənlərinin üst hissəsində dayanmışdır. Rəicd həyat yoldaşını aparmaq üçün kafeyə gəlmişdir. Rəcidlə birgə 3 nəfər gəlmişdir. Rəcid pilləkənlərin aşağı hissəsində dayanmış və küçədə həyat yoldaşı ilə mübahisə etmişdir. Bu zaman o pilləkənin yuxarısında dayanmış və gözü onlara sataşmışdır. Rəcid ona “nə olub nəyə baxırsan" deyə hirslənmişdir. Rəcid pilləkəni qalxmış və onun yaxasından tutub aşağıya dartıb salmışdır. Rəcid “bunu maşına basın demişdir”. O, hesab edir ki, Rəcidin fikri onu harasa aparıb nəsə etmək olmuşdur. Əgər kafedən iş yoldaşları gəlməsə idi daha ağır hadisələr baş verə bilərdi. Rəcid çox içkili olmuşdur. O, Rəciddən yaxasını qurtarmaq istəsə də Rəcid ondan əl çəkməmişdir. Səs-küyə kafedən iş yoldaşları gəlmişlər. Rəcidin yanında olan tanışlarının onları ayırmağa çalışdıqlarını yoxsa onların da onu maşına basıb aparmağa çalışdıqlarını dəqiq deyə bilmir. Mübahisə zamanı ona təpik dəymişdir. Kafedə çıxan iş yoldaşları onları aralamağa çalışmışlar. Rəcidi saxlamaq istəsələr də Rəcid onu saxlamaq istəyən şəxslərin əlindən çıxıb onun üzərinə neçə dəfə hücüm etmişdir. Sonra Rəcid avtomobilinə gedib, sükan tərəf oturacaqda bir predmet tapmayıb, arxa yük yerində əvvəl bıçaq zənn etdiyi lakin dəqiq bilmədiyi predmet taparaq üzərinə gəlsə də, qadınlar onu saxlayıb üzərinə gəlməsinə, ona zərbə vurmasına maneə olmuşlar. Yəni Rəcid əlinə predmet alıb üzərinə gələrkən arvadı və ya digər qadın qohumu onu saxlayıb Rəcidin ona tərəf gəlməsinə maneə olmuşlar. Bundan sonra ara sakitləşmişdir. Təqsirləndirilən şəxsin körpə uşağı olduğundan ondan şikayətçi deyil, ona qarşı heç bir tələbi yoxdur, tutulmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bibisi oğlu Təqsirləndirilən şəxs həyat yoldaşı Məhbubə və digər bibisi X2 2024-cü ilin noyabr ayında Sabunçu rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən “Vedi" adlı kafedə qab yuyan işləmişlər. xx.xx.2024-cü il tarixdə axşam saatlarında bibisi oğlu Rəcid bildirmişdir ki, gedək Sevinc və Məhbubəni işdən çıxanda götürək. Rəcidə məxsus “Chevrolet Kobat” markalı avtomaşınla o, Rəcid əmisi oğlu Bəxtiyar birlikdə həmin ünvana gəlmişlər. Həmin ünvanda “Vedi” kafesinin qarşısında Rəcid avtomaşını saxlamışdır. Təxminən 5-10 dəqiqə sonra Sevinc və Məhbubə işdən çıxıb onlara yaxınlaşmışlar. Rəcid ilə Məhbubənin arasında sözlə mübahisə yaranmışdır. Onlar mübahisə edən zaman bir nəfər tanımadıqları şəxs kafenin qarşısındakı pilləkəndə durub onlara tərəf baxdığı üçün Rəcid həmin şəxsə yaxınlaşıb bildirmişdir ki, “xeyir ola, nəyə baxırsan". Onların arasında bu səbəbdən mübahisə yaranmış və Rəcid əli ilə onun paltarından tutaraq pilləkəndən aşağı salmışdır. Daha sonra ona hücum etmişdir. Bu zaman kafedə olan işçilər də kafedən bayıra çıxmışlar. Dava zamanı Rəcidin sonradan adının Orxan olmasını bildiyi şəxsə təpik, yumruq atmasını görməmişdir. O, maşının yanında dayanmış, əksinə onlara dava etməmələrinə dair öz iradını bildirmişdir. O, Rəcidi ayırmağa çalışmışdır. Rəcidin dava zamanı avtomobilindən nəsə götürüb-götürmədiyini görməmişdir. Sonra Rəcidi də sakitləşdirib avtomaşına əyləşdirərək hadisə yerindən çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Sabunçu RPİ-nin 15-ci PB-nə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:38-də 102 ZMX-dən (**********) X3 3 nəfər şəxsin onun işçisi Orxanı döymək istəmələri və onu bıçaqla hədələmələrini bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış binasında “Vedi” kafesinin qarşısına baxış keçirilərək fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 2820 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir ki, onun bədənində xəsarət aşkar edilməmişdir; Görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar “Vedi” adlı kafenin qarşısında baş vermiş dava zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı kafenin qarşısında pilləkənlərin üzərində 1 nəfər şəxsin dayanması, pilləkənlərin aşağısında isə 3 nəfər oğlanın dayanması, həmin 3 nəfərdən birinin Təqsirləndirilən şəxs, qəfil pilləkənləri qalxaraq Zərərçəkmiş şəxs yaxasından tutub, aşağıya darıb düşürməsi, digər şəxslərin isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırmaq üçün onlara yaxınlaşmaları, daha sonra qadın cinsli iki nəfərin davaya müdaxilə etməsi, Rəcidi ayırmaq istəmələri, Rəcidin isə onu tutmaq istəyən qadın və kişilərin əllərindən 2-3 dəfə çıxaraq Zərərçəkmiş şəxs üzərinə getməsi, ona tərəf yumruq və təpik zərbələri atması müəyyən edilmiş,. daha sonra kafedən başqa şəxslərin də çıxıb, tutaşan və onları ayırmaq istəyən şəxslərə qarışıb, birbirlərini tutmaları, dartmaları müəyyən edilmişdir. Kafedən başqa şəxslər də çıxıb davaya müdaxilə edərkən Təqsirləndirilən şəxs ağ rəngli “Chevrolet Kobat” markalı avtomobilin sükan arxasına əyləşib, nəsə axtarması, daha sonra çıxıb avtomobilin arxa yük yerini açıb nəsə axtarması, ona mane olmaq istəyən qadını itələməsi, bir daha avtomobilin yük yerindən dəqiq görünməyən predmet götürüb irəliyə doğru atmaq istəməsi, lakin onu saxlayan şəxsin buna maneə olub, Təqsirləndirilən şəxs kənara aparması müşahidə olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs və yanındakı şəxsi digər yerə aparırlar və Təqsirləndirilən şəxs da yenə də sakitləşdirməyə çalışsalar da, həmin şəxslərin əlindən çıxıb getməyə çalışır. Bir qədər sonra Rəcid onu sakitləşdirən şəxslərin əhatəsində qalır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:15-də saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Baxış keçirilməsi barədə 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, “ünvanportalı.az” saytına baxış keçirilməsi zamanı “7 gözəl yaşayış kompleksi” nin və “Vedi” kafesinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi 93 ünvanında yerləşməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Tutulmuş şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə baxışı zamanı hadisə anının video görüntülərinə baxış keçirilmiş, həmin görüntülər görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü X6 adlı bir uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarına əsasən “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır.” Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsdirləndirilən şəxsə istinad edilən cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin içkili vəziyyətdə küçədə həyat yoldaşı ilə mübahisə etməsi, bu mübahisənin kənar şəxsin, yəni zərərçəkmiş şəxsin diqqətini çəkərək onlara tərəf baxmasına heç bir əsaslı səbəb olmadan irad bildirməsi, daha sonra mübahisəni böyüdərək zərərçəkmiş şəxsin yaxasından tutub aşağı dartaraq ona hücum etməsi, ətrafda toplaşan insanların onları ayırmağa çalışmasına baxmayaraq onların əlindən çıxıb dəfələrlə zərərçəkmiş şəxsin üzərinə hücum etməsi, ona təpik atması, daha sonra avtomobildən predmet götürərək zərərçəkmiş şəxsə atmağa çalışması kimi hərəkətlərini məhkəmə xuliqanlıq niyyətinin göstəricisi, yəni özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyaraq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək kimi qiymətləndirərək bununla da təqsirləndirilən şəxsin cəmiyyətdə təşəkkül tapmış ümumqəbuledilmiş davranış qaydalarını pozmaqla zərərçəkmiş şəxs üzərində zor tətbiq etmə və belə zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 49.1-ci maddəsinə əsasən islah işləri cəzası iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün müddətində islah işləri cəzası ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün müddətində islah işləri cəzası ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar