Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-630/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,808 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,808 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 23 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmiş və orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşıb onunla bir qədər söhbət etmiş və söhbət zamanı özünün istifadə etməyi üçün metamfetamin almaq istədiyini bildirmişdir. Tanımadığı həmin şəxs də bir ədəd bükümdə metamfetamini ona 20 manata satacağını bildirmiş, bundan sonra onunla razılaşıb 20 manat pulun qarşılığında həmin şəxsdən özü istifadə etmək məqsədi ilə bir büküm metamfetamin alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü saat 12:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələri, həmçinin psixotrop maddələri əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirib, onu Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmiş, dövlət hesabına vəkillə təmin edilmiş və şübhəli şəxs kimi tutulmaqla hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı qərar qəbul edilmiş, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş edərək bu barədə ərizə vermişdir. Bundan sonra üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm psixotrop maddə olan metamfetamini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş həmin psixotrop maddəni kimdən, haradan və nə məqsədlə əldə etməyi barədə soruşduqda, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni həmin günü səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadə etməyi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə özü də həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən 23 noyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində o və Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 olmuşdur. 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, V.Çkalov küçəsində yaşadığı ünvanın yaxınlığında yaxınlaşaraq özlərini təqdim edib, ona narkotik vasitə və psixotrop maddə əldə etmə, üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu və bu barədə məlumatlı olduqlarını bildirməklə onu 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların qanuni tələbləri ilə razılaşmış və Təqsirləndirilən şəxs ilə birlikdə 15-ci polis bölməsinə getmişlər. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış və Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da əlavə heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində "Şüşə" kimi tanıdığı psixotrop maddə olduğunu, həmin kütləni 23 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzəri özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə özü də həmin protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.82-84); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); şəxsi axtarış və götürmə aparılması haqqında 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, şəffaf rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Aşkar olunmuş psixotropa bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6711 nömrəli 23 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N°161” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər-iki imza, Qablaşdırdı:Zaur Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,808 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (i.v. 34-37); Diskə baxış keçirilməsi barədə 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Sabunçu RPİ-nin 15-ci PBnin təhqiqatçısı, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkilləri, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid2 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən ağ rəngli, kristal halında maddə aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “Şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, xx.xx.2022-ci il tarixdə səhər radələrində Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan psixotrop maddə aşkar olunan şəxsin özü olduğunu bildirdi. (i.v.52); təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 73-74); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2023-cü il tarixli 1155 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); Sübutların qiymətləndirilməsi haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,808 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,758 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, eyni zamanda şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk sübut növü kimi tanınmışdır. (i.v.127-133); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 23 noyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,808 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 noyabr 2022ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,758 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə mini. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-630/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-630/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver