Məhkəmə qərarları › İş №1(008)-631/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-631/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-631/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi, ev 20 qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə, saat 11 radələrində kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi evin qarşısında makler tanışı Zərərçəkmiş şəxs onu kirayə yaşadığı evdən çıxarmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daşı qəsdən sonuncunun sifət nahiyəsinə atıb vuraraq ona sol göz almasının ağlı qişasına qansızma və sol gözyüvasıətrafı nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi, ev 20 qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 13 may 2023-cü il tarixdə, saat 11 radələrində kirayə yaşadığı evin qarşısında olarkən makler tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Ayazın hərəkətlərindən əsəbləşərək yerdə olan daş parçasını götürüb Ayaza tərəf atmış, daş Ayazın sifət nahiyəsinə dəymişdir. Ayaz yenidən onu təhqir edərək polisə şikayət edəcəyini bildirib hadisə yerindən uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ev kirayələyən müştəri olaraq tanımışdır. 13 may 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən kirayə verilən boş evə getmiş, evin qapısını açmaq istəyərkən Təqsirləndirilən şəxs qapını açaraq küçəyə çıxmışdır. O, Təqsirləndirilən şəxsvadan ona məlumat vermədən evi dəyişdirməsinin səbəbini soruşaraq digər evə qayıtmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs digər evə qayıtmayacağını ona bildirərək, müştəri olacağı təqdirdə həmin şəxsi ora köçürməyini demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxsva yerdən daş parçası götürərək ona tərəf atmış, atılan daş onun üz nahiyəsinə dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 18-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu rayon şöbəsinin 16 may 2023-cü il tarixli, 1028 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma və sol gözyüvasıətrafı nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetrilməyə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarının 51-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 01 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən nəhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar