Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-636/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəssiz ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin inzibati ərazisi sayılan Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən, özünə məxsus olmayan 3 sot torpaq sahəsini 16500 manata alacağına dair yalan vəd verib aldatmaqla bir neçə dəfəyə ilk dəfə 17 avqust 2021-ci il tarixdə Sabunçu RPİ-nin inzibati ərazisi sayılan Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, məcburi köçkünlərə məxsus yaşayış kompleksinin qarşısında 6500 manat, ikinci dəfə eyni ünvanda 2021-ci ilin avqust ayının son 10 günlüyündə 3500 manat, 2021-ci ilin sentyabr ayının əvvəlində eyni ünvanda 360 manat və sonuncu dəfə 2021-ci ilin sentyabr ayının ortalarında hər biri 240 manat olmaqla ümumilikdə 6720 manat dəyərində 28 baş xırda buynuzlu heyvanları alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 17080 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-29-11/2-86/2024 saylı, 19 avqust 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Məmmədli kənd məcburi köçkünlərə məxsus yaşayış kompleksinin yerləşdiyi ərazi Abşeron rayonunun mülkiyyətindədir. Sözügedən əraziyə inzibati olaraq Sabunçu rayonunun təşkilatları xidmət aparır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024-dən görünür ki, Məmmədli kəndi inzibati ərazi dairəsi Abşeron rayonu ərazisinə daxildir. Həmçinin, Sabunçu rayonunun inzibati ərazi dairələrində Məmmədli qəsəbəsi yoxdur. Bundan başqa, Sabunçu rayon icra hakimiyyətinin rəsmi veb saytına baxış zamanı Bakı şəhəri Sabunçu rayonuna daxil olan qəsəbələr arasında Məmmədli qəsəbəsinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Sabunçu RPİ-dən alınmış arayışı məhkəməyə təqdim edərək bildirmişdir ki, Məhəmmədi kəndi Abşeron rayonunun inzibati ərazisi olsa da, Sabunçu Rayon Polis İdarəsinin xidməti ərazisidir. Ona görə də hesab edir ki, cinayət işinin ərazi aidiyyatı Sabunçu Rayon Məhkəməsinə aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə məhkəməyə verilməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən pulun və heyvanların ona Abşeron rayonu, Məhəmmədi qəsəbəsində verildiyini bildirmişdir. İşin aidiyyatı üzrə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işinin ərazi aidiyyatının Sabunçu Rayon Məhkəməsinə aid olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, 2021-ci ilin avqust, sentyabr aylarında baş vermiş cinayət hadisəsinin törədildiyi yer isə Abşeron rayonu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi üzrə məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-636/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-636/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver