Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-640/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunan, Ağdaş şəhəri, X4 küçəsi, ev 27 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində nömrəsiz fərdi yaşayış evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,195 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 0,098 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin və PPXB-nın əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ- nə aparılmış və şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,195 qram kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 fevral 2022-ci il tarixdə Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən 311 saylı orta məktəbin yaxınlığında üzdən tanıdığı, Fariz adlı şəxsdən öz istifadəsi üçün 20 manata 1 büküm narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni istifadə etmək üçün özündə saxlamışdır. 28 fevral 2022-ci il tarixdə, saat 16 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində olan zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu 12-ci PŞ-nə dəvət etmişlər. Onun üzərində narkotik vasitə və psixotrop maddə olduğundan polis əməkdaşlarından qaçmaq istəmiş və qaçarkən PPXB-nin xidməti maşınına dəymişdir. Bundan sonra polis əməkdaşları onu 12-ci PŞnə gətirmişlər. Polis əməkdaşları xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, üzərində şəxsi axtarış keçirilərkən vəkilin iştitakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini bildirmişlər. O, özünü təqdim etdikdən sonra ona hüquq və vəzifələri izah olunarkən onun yenidən videoçəkilişlə və vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçiriləcəyinə etirazının olub-olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşı üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməsi bildirilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroini və bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş içərisində kristalşəkilli, psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşı üzərindən aşkar olunan həmin maddələrin nə olduğunu, kimdən və hansı qiymətə aldığını soruşduqda, o, həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, Sabunçu qəsəbəsində üzdən tanıdığı Fariz adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və möhürlənib ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPl-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində xidmət apardıqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs harada yaşamasını, nə işlə məşğul olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs onların sualına cavab olaraq yaxınlıqda yaşadığını bildirərək qaçmağa çalışmış və qaçdığı zaman “Fiat Doblo” markalı, ** AP *** dövlət nömrə nişanlı xidməti avtomobilin sağ arxa farasına dəyərək faranı sındırmışdır. Onlar dərhal Təqsirləndirilən şəxs qaçmasının qarşını alaraq saxlamışlar və üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmişlər və onun gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədova həvalə edilmişdir. Əvəz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaretin qızılı rəngli kağızında olan bükümləri təqdim etmişdir. Bükümlərə baxış keçirildiyi zaman bükümlərdən birinin içərisində qəhvəyi rəngli maddə, digərində isə ağ rəngli kristalik maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdən birində olan maddənin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, onları 27 fevral 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 311 saylı orta məktəbin yaxınlığından, üzdən tanıdığı, adının Fariz olduğunu, soyadını və harada yaşadığını bilmədiyi şəxsdən 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis mayoru Əvəz Məmmədov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olubolmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaretin qızılı rəngli kağızında olan bükümləri təqdim etmiş, bükümlərə baxış keçirildiyi zaman bükümlərdən birinin içərisində qəhvəyi rəngli maddə, digərində isə ağ rəngli kristalik maddə olduğu aşkar edilmişdir ( i.v. 26-27). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin PPXM və 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa və yayınmağa cəhd göstərmiş, qaçan zaman **-AP-*** dövlə qeydiyyat nişanlı, 6859 çağırış nömrəsi olan PPXB-yə aid “Fiat doblo” markalı avtomobilin sağ arxa işıq vuran lampasının şüşəsini bədəni ilə vuraraq sındırmışdır (i.v.29-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2022-ci il tarixli, 6/1238 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,098 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.37-41). “Maddi sübut kimi tanıma haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,098 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,145 qram təşkil edən narkotik vasitə heroin və tədqiqata 0,010 qram sərf edildikdən sonra qalıq çəkisi 0,088 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən görüntülərin qeydə alındığı bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v.84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcbirinarkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2696 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.132-133). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 fevral 2022-ci il tarixdə, saat 16:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.72-74). “Qətimkan tədbiri seçilməsi haqqında” 02 mart 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.76). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli, 074-12903 saylı məktubdan görünür ki, barəsində axtarış işi olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təqdim edilmişdir (i.v.102). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.113-115). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.117- 118). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib AR CM-nin 66.5-ci maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib AR CM-nin 66.5-ci maddəsinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarı ilə hökmdən AR CM-nin 177.2.4-cü maddəsi xaric edilərək cəzası 05 ilə endirilmiş, 16 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.123-125). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 1(008)-640/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanası tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış 30 avqust 2022-ci il tarixli, xx/xx-5976 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin CAB-nın əməkdaşları tərəfindən tutularaq 26 avqust 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (AR CM 59.1.4-cü maddəsi), törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (AR CM 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 20 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək tutularaq saxlandığı 01 gün müddət, 25 avqust 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 10 gün müddət, cəmi 01 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 26 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 09 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,145 qram narkotik vasitə heroin və 0,088 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-640/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-640/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver