Məhkəmə qərarları › İş №1(008)-641/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-641/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-641/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Astara rayonu, Kakalos Ərazi Dairəsi, Kakalos kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 24 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq mənzildən özgənin Zərərçəkmiş şəxs məxsus dəyəri 2500 (iki min beş yüz) manat olan 01 (bir) ədəd 31 (otuz bir) qramlıq 585 (beş yüz səksən beş) əyarlı qadın qolbağını, dəyəri 500 (beş yüz) manat olan 01 (bir) ədəd üzərində brilliant qaşı olan 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı üzüyü, dəyəri 300 (üç yüz) manat olan 01 (bir) ədəd 03 (üç) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyünü, dəyəri 350 (üç yüz əlli) manat olan 01 (bir) ədəd 3.5 (üç tam onda beş) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyü, dəyəri 380 (üç yüz səksən) manat olan 01 (bir) ədəd 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyü, ümumi dəyəri 400 (dörd yüz) manat olan 03 (üç) dəst 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı uşaq sırğalarını, dəyəri 450 (dörd yüz əlli ) manat olan 01 (bir) ədəd 05 (beş) qramlıq 585 (beş yüz səksən beş) əyarlı boyunbağını, ümumi dəyəri 400 (dörd yüz) manat olan 02 (iki) ədəd 03 (üç) qramlıq 585 (beş yüz səksən beş) əyarlı boyunbağı klonu, qiyməti 300 (üç yüz) manat olan 01 (bir) ədəd markasını xatırlamadığı kişi qol saatını və 12.000 (on iki min) manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə məhkum olunmuşdur. 2023-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Cavanşir körpüsünün yaxınlığında yerləşən “Ferrari” binası deyilən hündürmərtəbəli binada yaşayan Tatyana adlı qadının yaşadığı evdən oğurluq cinayəti törətdiyinə görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən tutularaq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun himayəsində olan doğulduğu gündən serebral iflic xəstəliyindən əziyyət çəkən 2006-cı il təvəllüdlü oğlu X1 xəstəliyinin müalicəsinə pul lazım olduğu üçün təkrar oğurluq etməyi qərara almış, 24 mart 2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli binanın qarşısından keçən zaman həmin binaya daxil olub yaşayış olmayan mənzillərdən birinə girib oğurluq etmək qərarına gəlmiş, ilk öncə binanın mənzillərində işıqların yanıb-yanmadığını müşahidə etmiş, binanın onuncu mərtəbəsində yerləşən mənzillərdən bir neçəsinin işığının yanmadığını müəyyən emişdir. O, binanın onuncu mərtəbəsində yerləşən mənzillərdən birindən oğurluq etmək məqsədi ilə ilk öncə doqquzuncu mərtəbəyə qalxaraq orada üzünə tibbi maska və əlinə tikinti işlərində istifadə olunan əlcək geyinərək binanın yanğın çıxışı vasitəsi ilə onuncu mərtbəyə qalxmış, 10-cu mərtəbədə yerləşən tanımadığı şəxsə məxsus mənzilin giriş qapısını bir neçə dəfə döyüb evdə heç bir şəxsin olmadığını dəqiqləşdirdikdən sonra evdə heç bir şəxsin olmadığından əmin oldub binanın 10-cu mərtəbəsində yaşayan sakinlər üçün nəzərdə tutulmuş eyvandan tanımadığı şəxsə məxsus evin eyvanına girib eyvanda yerləşən plastik qapını əli ilə açaraq mənzilə daxil olmuş, mənzili axtarmağa çox vaxt sərf etməmək üçün sözügedən evin yataq otağına daxil olaraq orada heç bir əşyanı dağıtmadan pul, qiymətli əşya və qızıl axtarmağa başlamış, yataq otağında yerləşən paltar dolabını axtaran zaman, dolabın siyirməsində bükülü vəziyyətdə ağ rəngli sellofan torba görmüş, torbanı açıb içərisinə baxdıqda içərisində çoxlu pul olduğunu aşkar etmiş, həmin pulları həmin sellofana büküb daxil olduğu üsul ilə evi tərk edərək liftə vasitəsilə 1-ci mərtəbəyə düşüb binadan çıxmış, binadan çıxdıqdan sonra yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi fəaliyyəti göstərən avtomobilə əyləşərək Bakı Beynəlxalq Avtovağzalına getmiş, taksi sürücüsünə gediş haqqı olaraq 10 (on) manat pul verməli olduğundan, lakin, üzərində pul olmadığı üçün oğurladığı sellofan paketi açıb içərisindəki pulları saydıqdan sonra sellofan paketdə 9.800 (doqquz min səkkiz yüz) manat pul olduğunu müəyyən etmiş, avtovağzalda taksidən düşdükdən sonra Astara rayonuna gedən taksilərdən birinə əyləşib yaşadığı Astara rayonu, Kakalos kəndinə getmiş, oğurluq yolu ilə əldə etdiyi pulun bir qismini serebral iflic xəstəliyindən əziyyət çəkən oğlunun dərman xərclərinə və müalicəsinə, bir qismini isə yaşadığı evin təmir işlərinə xərcləmiş, suallara cavab verərək bildirmişdir ki, mənzildən yalnız içərisində pul olan sellofan paketi götürmüş, sellofan paketin içərisində puldan savayı digər heç bir əşya, qızıl-zinət əşyaları olmamış, cinayəti tək törətmiş, oğurluq əməlini törətməsi barədə heç bir şəxs məlumatlı olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cianyət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanı ona məxsusdur. 16 mart 2023-cü il tarixdə özünə məxsus “Wolsvagen Passat” markalı avtomobilini 12.000 (on iki min) manata satmış, satışdan əldə etdiyi pulu yaşadığı evin yataq otağındakı paltar dolabının siyirməsinə qoyaraq orada saxlamışdır. O, 19 mart 2023-cü il tarixdə, saat 09:00 radələrində Novruz bayramı ilə əlaqədar ailə üzvləri ilə birlikdə yaşadıqları ünvan 2 ünvanından çıxaraq Gəncə şəhərinə getmiş, mənzildən çıxarkən mənzilin qapısını və pəncərələrini kilidləmişdir. O, 25 mart 2023-cü il tarixdə, saat 17:00 radələrində ailə üzvləri ilə birlikdə Gəncə şəhərindən yaşadıqları evə qayıtmış, mənzilə daxil olduqdan sonra hər hansı dəyişiklik müəyyən etməmiş, həyat yoldaşı X2 evin eyvanına çıxarkən eyvanda ayaq izləri görərək onu çağırmış, bu zaman eyvanda və evin mətbəxində ayaqqabı izlərinin olduğunu görmüş, mənzilin yataq otağındakı dolabın siyirməsinə baxdıqda orada saxladıqları özünə məxsus dəyəri 2.500 (iki min beş yüz) manat olan 01 (bir) ədəd 31 (otuz bir) qramlıq 585 (beş yüz səksən beş) əyarlı qadın qolbağının, dəyəri 500 (beş yüz) manat olan 01 (bir) ədəd üzərində brilliant qaşı olan 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı üzüyün, dəyəri 300 (üç yüz) manat olan 01 (bir) ədəd 03 (üç) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyünün, dəyəri 350 (üç yüz əlli) manat olan 01 (bir) ədəd 3.5 (üç tam onda beş) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyünün, dəyəri 380 (üç yüz səksən) manat olan 01 (bir) ədəd 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı sadə qadın üzüyünün, ümumi dəyəri 400 (dörd yüz) manat olan 03 (üç) dəst 04 (dörd) qramlıq 585 (beş yüz səksən beş) əyarlı uşaq sırğalarının, dəyəri 450 (dörd yüz əlli) manat olan 01 (bir) ədəd 05 (beş) qramlıq 585 (beş yüz səksən beş) əyarlı boyunbağının, ümumi dəyəri 400 (dörd yüz) manat olan 02 (iki) ədəd 03 (üç) qramlıq 585 (beş yüz səksən beş) əyarlı boyunbağı klonun, dəyəri 300 (üç yüz) manat olan 01 (bir) ədəd markasını xatırlamadığı kişi qol saatının və 12.000 (on iki min) manat nağd pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək yaşadığı mənzildən oğurluq edilməsi barədə məlumat vermiş, məlumat verdikdən sonra Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək ondan baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat almış, baş vermiş hadisə ilə bağlı binada quraşdırılmış ümumi təhlükəsizlik kameralarına Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları ilə birlikdə baxış keçirən zaman sifətində qara rəngli tibbi maska, başında idman papağı, əlində tikinti işlərində istifadə olunan narıncı rəngli əlcək, əynində idman dəsti, ayağında idman ayaqqabısı olan orta boylu bir şəxsin kamera görüntülərinə düşdüyünü müəyyən etmiş, həmin şəxs əvvəlcə binanın liftinə daxil olub lift vasitəsilə 9-cu mərtəbəyə çıxmış, 10-cu mərtəbəyə yanğın çıxışı vasitəsi ilə piyada qalxmış, 10-cu mərtəbədə təhlükəsizlik kamerasının olduğundan xəbərsiz olduğundan üzündə olan qara rəngli tibb maskasını çıxarıb kameraya baxan zaman sifətinin aydın şəkildə kameraya düşmüş, şəxsin sonra mənzilə yanğın çıxışı olan eyvandan onun yaşadığı evin eyvanına daxil olmuş, sonuncunun binadan çıxarkən isə əlində mənzildən götürdüyü ağ-sarı rəngli sellofan torbanın olmuş, baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 5.580 (beş min beş yüz səksən) manat dəyərində qızıl zinət əşyaları və 12.000 (on iki min) manat nağd pul olmaqla ümumilikdə 17.580 (on yeddi min beş yüz səksən) manat maddi ziyan dəymişdir. Cinayət işinin 48-55-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 62-65-ci vərəqəsində olan 13 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 24 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 120-126-cı vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 45-47-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4cü bəndinə əsasən cəza müddəti 06 ay azaldılmış, 08 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun mənzilə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməli səmimi olaraq etiraf edərək peşman olması cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməli, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-338/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar