Məhkəmə qərarları › İş №1(008)-644/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-644/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-644/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Astara rayonu Deqədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Astara rayonu Sərək kəndində qeydiyyatda olan, Astara rayonu Deqədi kəndində yaşayan, barəsində “başqa yerə getmənək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan həşişi şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 8,053 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi əldə edib üzərində saxlayaraq daşımış, 04 aprel 2022-ci il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində özünü şübhəli apardığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Çevik Polis Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,344 qram, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 1,709 qram, ümumi təmiz çəkisi - 8,053 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, habelə 01 ədəd sellofan bükümdə cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən qarışıq kütlədə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişin hissəcikləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, icarəyə götürdüyü “Atiko Mercedes” markalı, ** ZE *** dövlət nömrə nişanlı yük avtomobili ilə yüklərin daşınması ilə məşğul olur. Eyni zamanda təqribən 10 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Ehtiyacı olan narkotik vasitələri müxtəlif yerlərdən, üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən əldə etmişdir. Təqribən bir ay əvvəl Astara rayonunda olduğu zaman ev işləri ilə əlaqədar dağlıq əraziyə getmişdir. Orada çətənə kolları olduğunu görmüş və onlardan öz istifadəsi üçün toplamışdır. Topladığı kolları qurutmuş və onların bir hissəsini istifadə etmişdir Qalan hissəsini isə ağ rəngli kağıza, kibrit qutusuna və şəffaf sellofana yığmış, ehtiyac olduqda istifadə etmək üçün üzərində saxlamışdır. 03 aprel 2022-ci il tarixində, saat radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə dekorativ ağaclar gətirmək məqsədi ilə Astara rayonundan çıxmışdır. Saat 02:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsinə gəlmişdir. Orada gətirdiyi dekorativ ağacları əvvəlcədən müəyyən etdiyi yerə təhvil vermişdir. Ağacları təhvil verdikdən sonra yenidən Astara rayonuna qayıtmaq üçün Nardaran qəsəbəsindən çıxmaq istəmişdir. Qəsəbənin Abşeron küçəsində yerləşən stasion postunda polis əməkdaşı onu saxlamışdır. O, özünü tədim etdikdən sonra pol əməkdaşı üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşdur. O, üzərində narkotik vasitə olduğundan həyəcanlanmış və üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək uzaq yol getməli olduğunu demişdir. Bundan sonra polis əməkdaşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nə işlə məşğul olduğunu soruşmuşdur. Polis əməkdaşının suallar verməsi ondakı narahatçılığı biraz da artırmış və bu narahatçılığı polis əməkdaşı hiss etmişdir. Bundan sonra polis əməkdaşı onunla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getməli olduğunu bildirmişdir. O, polis əməkdaşına Astara rayonuna getməli olduğunu bildirərək bölməyə getmək istəməmişdir. Ancaq polis əməkdaşı onun sözünə məhəl qoymamış və israrla bölməyə getməli olduğunu demişdir. Bundan sonra polis əməkdaşının təkid etdiyini görüb onunla razılaşmış və onunla birlikdə 42-ci PB-nə gəlmişdir. Bölmədə onu saxlayan polis əməkdaşı şəxsiyyətini dəqiqləşdirmiş, daha sonra raport tərtib edərək bölməyə təqdim etmişdir. Sonra bölmədə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış başlamadan öncə üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan torbanı masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən torbaya baxış keçirilmiş və torbanın içərisində saxladığı bir ədəd kibrit qutusu, bir ədəd ağ rəngli kağız büküm və bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Daha sonra bükümlərə baxış keçirilmiş və bükümlərdə saxladığı çətənə bitkisi aşkar edilmişdir. Polis əməkdaşları bükümlərin içərisində olan ot kütlələrinin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi bükümdə olan ot kütlələlərinin çətənə olduğunu, onları bir ay əvvəl Astara rayonundakı meşəlik ərazidən topladığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci il tarixində, saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 10-cu stasionar postda xidmət etdiyi zaman “Mercedes Ateko” markalı, ** ZE *** dövlət nömrə nişanlı yük avtomobili postda yaxınlaşmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişdir. Sürücü özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, sürücüdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişdir. Bu zaman sürücü həyəcanlı şəkildə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. 0, sürücüyə şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPİnin 42-ci PB-nə getməli olduğunu bildirmişdir. Onun bu sözündən sonra sürücü tələsdiyini, Astara rayonuna qayıtmalı olduğunu bildirərək ondan yayınmağa çalışmışdır. Sürücüdən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə gəlməsinin səbəbini soruşmuş, lakin o, həyəcanlı şəkildə dağınıq cavablar verərək gəlməsinin səbəbini izah edə bilməmişdir. Sürücünün hərəkətləri üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmetin olması ilə bağlı onda şübhələr yaratmışdır. Bu səbəbdən ondan birlikdə Sabunçu RPİnin 42-ci PB-nə getməyi tələb etmişdir. Bundan sonra sürücü onunla razılaşaraq bölməyə gəlmişdir. Bölmədə aparılan ilkin araşdırma zamanı sürücünün xx.xx.1981-ci ildə Astara rayonu, Deqədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada yük avtomobili sürücüsü işləyən, Astara rayonu, Sərək kəndində qeydiyyatda olan və Astara rayonu, Deqədi kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişdir. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı İsa Süleymanova həvalə edilmişdir. İsa Süleymanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış keçirilən zaman bir ədəd kibrit qutusu, bir ədəd ağ kağız və bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Kibrit qutusuna və bükümlərə baxış keçirilən zaman içərisindən narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdə olan maddələrin narkotik vasitə həşiş olduğunu, onları bir ay əvvəl Astara rayonundan əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 teleqramla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştrak edə bilməyəcəyini və istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən məhkəmə iclasında Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şəxsi axtarış və götürmə aparılması haqqında 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cis şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan torbanı təqdi etmiş, torbanın içərisinə baxış keçirildiyi zaman 01 ədəd kibrit qutusu, 01 ədəd ağ rəngli kağız büküm və 01 ədəd şəffaf sellofan büküm olduğu müəyyən edilmişdir. 01 ədəd kibrit qutusuna, 01 ədəd ağ rəngli kağız bükümə və 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildiyi zaman içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, kütlələrin çətənə kolları olduğunu, onları bir ay əvvəl Astara rayonunda əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, 10 il olar ki narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı qanunla əldə edilməsi, saxlanması daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir ( i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022ci il tarixli, 7/320 nömrəli ekspert rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs götürülmüş zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz şəkisi-6,344 qram, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-1,709 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşişdir. Həşişin ümumi çəkisi-8,053 qramdır. Həmin zərfdə 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan qarışıq kütlədə cüzi miqdarda, tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşişin hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olnmadı (i.v. 33-34). Maddi sübut kimi tanıma haqqında 05 aprel 2022-ci il qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 8,053 qram həşiş, habelə 0,229 qram çəkidə qarışıq kütlədə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişin hissəcikləri maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 8,013 qram həşiş, eyni zamanda 0,209 qram çəkidə qarışıq kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişin hissəcikləri məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v.81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 1848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 94-95). sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, məhkəmə-biloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/320 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1848 saylı rəyləri sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar lunaraq götürülmüş ilkin çəkisi 8,053 qram narkotik vasitə həşiş maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 8,013 qram çəkidə narkotik vasitə həşiş məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk üzrə sübut əhmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 8,053 qram narkotik vasitə həşişin əldə edilməsi mənbəyinin müəyyən edilməsindən ötrü ********* saylı cinayət işindən material ayrılmış, əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Sabunçu RPİ-nin 42-ci PB-nə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir( i.v. 97-103). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 1 qram olan həşiş şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 aprel 2022-ci il tarixdə, saat 05:00-da Bakı şəhər Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında tutulmuşdur (i.v. 12). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbi seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 05 aprel 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuşdur. Elektron sistemdən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 24 sentyabr 2005-ci il təvəllüdlü və 11 fevral 2010-cu il təvəllüdlü adlı övladları (X5 və X3) var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (AR CM-nin 59.1.4-cü maddəsi), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən Müharibəsi iştirakçısı olmasını (AR CM-nin 59.2-ci maddəsi) nəzərə alır və sadalanan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Astara rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 8,013 qram çəkidə narkotik vasitə həşiş və tərkibində həşiş hissəcikləri olan 0,209 qram çəkidə qarışıq kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişin hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar