Məhkəmə qərarları › İş №1(008)-647/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-647/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-647/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Göygöl rayonu, Yeni Zod Ə/D, Yeni Zod kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 26 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi ilə üzü Balaxanı qəsəbəsi istiqamətində “Lukoil" yanacaq doldurma məntəqəsindən təqribən 150 metr aralıda maksimum surət həddi 60 km/saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olduğu halda, bunları etməyib idarəetməni itirərək yolun sağ kənarında olan dəmir məneəyə çırpılmaış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, yayılmış sidik peritonitis və sidik kisəsinin çırılması, çanaq sümüklərinin sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,2013-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, xidmət etdiyi müddət ərzində intizamlı və məsuliyyətli hərbi qulluqçu kimi fərqlənmiş, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə göstərdiyi xidmətlərdən sonra 2016-cı ildə şəxsi arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra, 29 sentyabr 2021-ci il tarixində vətənpərvərlik ruhu ilə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ müharibəsinə qatılmışdır. Döyüş əməliyyatları zamanı o, ağır yaralanmış və hazırda aldığı xəsarətlərlə bağlı müalicəsi dövlət tərəfindən davam etdirilir. Təxminən iki il əvvəl vətəndaş “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, lakin həmin nəqliyyat vasitəsi həyat yoldaşı Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Onun sürücülük hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadığına görə, avtomobilin mülkiyyətçi tərəfindən ona etibarnamə ilə idarə etmək hüququ verilməsi mümkün olmamışdır. Buna baxmayaraq, heç bir hüquqi əsas (etibarnamə və ya digər rəsmi sənəd) olmadan, sözügedən avtomobili müstəqil şəkildə idarə etməyə başlamışdır. 25 dekabr 2024-cü il tarixindən 26 dekabr 2024-cü il tarixinə keçən gecə, təxminən saat 02:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Binəqədi–Balaxanı şosesi ilə Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olmuş, hərəkət zamanı "VAZ 21013" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması tərəfindən həyata keçirilmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs isə ön sərnişin oturacağında əyləşmişdir. İdarə etdiyi avtomobilin sürəti təqribən 50 km/saat olmuş, hərəkət zamanı qarşıdan gələn, markası və dövlət qeydiyyat nişanı müəyyən edilməyən avtomobilin güclü işıq şüaları gözlərinə birbaşa təsir etmiş və nəticədə o, refleks olaraq gözlərini yummuşdur. Bu səbəbdən avtomobilin idarəetməsini itirmiş və nəqliyyat vasitəsi yolun sağ kənarında yerləşən dəmir maneəyə çırpılaraq dayanmışdır. Toqquşmadan dərhal sonra avtomobildən düşərək həyat yoldaşı Zərərçəkmiş şəxs kömək göstərmək məqsədilə onun tərəfdəki qapını açmağa çalışmış, lakin qapı sıxıldığından bunu bacarmamışdır. Bu zaman ətrafda olan, şəxsiyyəti məlum olmayan bir neçə nəfər hadisə yerinə yaxınlaşaraq köməklik göstərmiş və birlikdə qapını açaraq Zərərçəkmiş şəxs avtomobildən çıxarmışlar. Hadisə yerinə təcili tibbi yardım (TTY) xidməti çağırılmış və həm Zərərçəkmiş şəxs, həm də o, X1 aparılmışlar. Tibb müəssisəsində aparılan ilkin tibbi müayinələr nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən çanaq sümüyündə sınıq, topuq sümüyündə sınıq, sidik kisəsində cırılma və digər əlavə travmatik zədələr müşahidə olunmuşdur. O isə hər hansı xəsarət almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin nəqliyyat vasitəsi 17 iyul 2024-cü il tarixində əldə edilmişdir. Şəxsi işləri ilə əlaqədar olaraq 2024-cü ilin dekabr ayında Bakı şəhərinə yollanmışlar. 26 dekabr 2024-cü il tarixində, təxminən saat 02:00 radələrində “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Binəqədi–Balaxanı şosesi ilə Balaxanı qəsəbəsi istiqamətində hərəkət etmişlər. Hərəkət zamanı avtomobil sükanı arxasında Təqsirləndirilən şəxs olmuş, o isə ön sərnişin oturacağında əyləşmişdir. Neft buruqları yerləşən ərazinin yaxınlığından keçərkən, avtomobil qəfil idarəetmədən çıxmış və yolun sağ kənarında yerləşən maneəyə çırpılmışdır. Hadisə nəticəsində o, ciddi bədən xəsarətləri almış, çanaq sümüyünün, bir qabırğasının sınığı və digər travmatik zədələnmələr almışdır. Hadisədən dərhal sonra ərazidə olan şəxslər tərəfindən avtomobildən çıxarılmış və çağırılmış təcili tibbi yardım vasitəsilə X1 aparılmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ə seriyalı, 020001 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. (i.v. 14). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 13 yanvar 2025-ci il tarixli, 83 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, yayılmış sidik peritoniti və sidik kisəsinin cırılması ilə müşayiət olunan çanaq sümüklərinin yerdəyişmə ilə sınığı, sağ bayır topuğun yerdəyişən, V qabırğanın xətti sınığı, sağ baldırın aşağı 1/3-nin əzilmiş-cırılmış, sağ saidin səthi əzilmiş yaraları, boyunun syrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i.v. 16- 18). Göygöl Rayon Məhkəməsinin 7(066)-40/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş, Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmüşdür. (i.v. 35-36). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 3-13- 49/2-18118/2025 nömrəli, 15 may 2025-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin informasiya idarəçiliyi və məlumat bazalarının birləşdirilmiş sisteminidə Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi mövcud deyildir. (i.v. 38). Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. (i.v. 39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/370 nömrəli, 10 mart 2025-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, "VAZ 21013" markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs "VAZ 21013" markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 40-41). Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 44). Axtarış olan şəxsin tutulması barədə 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün könüllü olaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişdir. (i.v. 47). Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 71). “Qətimkan tədbiri seçilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 2061 nömrəli, 25 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (qapalı kəll-beyin tarvması nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) aşkarlanır. Bu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs üzvi (qapalı kəll-beyin tarvması nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) aşkarlanır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (i.v. 95-97). İ seriyalı, 57362 nömrəli Azərbaycan Respublikası Medalı Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (i.v. 102). AZ İV seriyalı, 920415 nömrəli və AZ V seriyalı, 004589 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. (i.v. 103-104). “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 185 və 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 105-109). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.5-ci bəndinə əsasən 27 dekabr 2021-ci il tarixində cəzadan azad edilmişdir. (i.v. 31-32). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı övladının olmasını, “Vətən müharibəsi” iştirakçısı olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 30 may 2025-ci il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddəti azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gün gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında sərf etdiyi 20 iş saatına görə 11 manat hesablanmaqla 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar