Məhkəmə qərarları › İş №1(008)-648/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-648/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-648/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 noyabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,205 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 15 dekabr 2023-cü il tarixdə saat 17:00-da X4 Alayının 8ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 8-ci stasionar postda şübhəli şəxs qismində saxlanılıb, 42-ci polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,205 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuşdur. 13 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu “8-ci kilometr” ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq üzərində daşımışdır. 15 dekabr 2023-cü il tarixdə saat 17 radələrində sifariş üçün idarə etdiyi “Toyota Prius” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində hərəkətdə olan zaman stasionar postdan keçmək istəyərkən iki nəfər polis əməkdaşı idarə etdiyi avtomobili saxlayaraq ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanaraq onlardan yayınmağa çalışmışdır. Onun davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümdə nə olduğu soruşulduqda, o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 13 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu “8-ci kilometr” ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə, Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasının həyətində onun idarə etdiyi “Toyota Prius” markalı, **- CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X4 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsi daşıyır. 15 dekabr 2023-cü il tarixdə saat 17 radələrində X4 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 8-ci stasionar postda xidmət apararkən “Toyota Prius” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin postdan sürətlə keçməsi onlarda şübhə yaratdığından tərəflərindən həmin avtomobil saxlanılmış, həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 42-ci PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs cibindən şəffaf selofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümdə nə olduğu soruşulduqda, o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Nizami rayonu “8-ci kilometr” ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan əlavə, Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-ci vərəqəsində olan 15 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması barədə 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisində olan şəffaf selofana bükülmüş 01 ədəd bükümdə kristal şəkilli, metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 31-ci vərəqəsində olan avtomobilə axtarış və götürmə aparılması barədə 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 37-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 38-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/6420 nömrəli, 16 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №241» dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,205 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,155 qramdır. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 8238 nömrəli, 16 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 84-86-cı vərəqələrində olan 17 dekabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 87-89-cu vərəqələrində olan 17 dekabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan 17 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,155 qram psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 110-116-cı vərəqəsində olan 01 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 dekabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 01 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 15 dekabr 2023-cü il tarixdən 17 dekabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq 1,155 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,155 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar