Məhkəmə qərarları › İş №1(008)-65/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-65/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-65/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Sabirabad rayonu, Güdəcühür ərazi Dairəsi, Qaratuğay kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq massivi 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,906 qram psixotrop maddə metafmetamin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 14-cü PB-in əməkdaşları tərəfindən 06 aprel 2022-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Albalılıq massivində yerləşən yaşadığı nömrəsiz evin yaxınlığında saxlanılıb 14-cü PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,906 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 mart 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.3 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli qanununa əsasən Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qərarı ilə onun əməli CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.4-cü maddəsinə tövsif edilmiş, cəza müddəti 01 il azaldılmış, 08 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 06 aprel 2022-ci il tarixdə, yaşadığı evdə olduğu zaman Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişdir. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Narkotik vasitələrdən istifadə etsə də, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır.Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsi daşıyır. 06 aprel 2022-ci il tarixdə, saat 11:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Albalılıq massivində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 14-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqəsində olan şəxsi axtarış və götürülmə aparılması barədə 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristallik formalı maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli 6/1877 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N° 100» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,906 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0.856 qramdır. Cinayət işinin 70-72-ci vərəqələrində olan 08 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan 08 aprel 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 29 aprel 2022ci il tarixli, 2151 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-107-ci vərəqəsində olan 01 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.856 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 89-90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 mart 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.3 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli qanununa əsasən Qaradağ Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qərarı ilə onun əməli CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.4-cü maddəsinə tövsif edilmiş, cəza müddəti 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs 08 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 556568 nömrəli və AZ-İV seriyalı, 556537 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 mart 2008-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.856 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.856 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar