Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-65/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 İmanovanın sədrliyi, Məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, Xüsusi ittihamçı X9, Təqsirləndirilən şəxs X4 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 oktyabr 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X15 2014-cü ilin dekabr ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, uzun müddətdir ki, peşəkar vəkillik fəaliyyəti ilə məşğul olur. 2017-2022-ci illərdə Vəkillərin İntizam Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin dekabr ayından isə həmin Komissiyanın sədri vəzifəsini icra edir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə uzun illər səmərəli vəkillik fəaliyyətimə görə "X22" adı ilə təltif olunmuş və həmin təltif ona VKRH-nin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 22.10-da hüquqşünas X6 tərəfindən "Facebook" sosial şəbəkəsində özünə məxsus "Abdulla Efendizade" adlı səhifədə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məlumatları paylaşmaqla yaymışdır: "EHTİYATLİ OLUN, SAXTAKARLİQ! “Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X21 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir "X22" diplomu soxuşdurur. Yəqin bu "mükafat" elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar". Bununla, barəsində hazırkı şikayətin verildiyi Abdulla Əfəndizadə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələmək və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq onu dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə kobud müdaxilədir. AR CM-in 147.1-ci maddəsinə əsasən böhtana görə cinayət məsuluyyətinin yaranması üçün yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkləyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nimayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması tələb olunur ki, bu halda Abdulla Əfəndizadə tərəfindən onunla bağlı həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ona ciddi xələl gətirən və nüfuzdan salan məlumatlar "Facebook" sosial şəbəkəsində yayılmaqla kütləvi nümayiş etdirilmiş və Abdulla Əfəndizadənin bu əməli böhtan cinayətinin tərkibini yaratmışdır. Xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra xüsusi ittihamçı X15 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində özünə məxsus “Abdulla Efendizade” adlı səhifədə onun barəsində yalan olduğunu bilə-bilə paylaşdığı şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların həqiqətə uyğun olmaması ilə bağlı eyni səhifədə rəsmi qaydada təkzib verməsinin və məlumatları yaymasına görə üzr istəməsinin tapşırılmasını, həmin məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X15 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini və X4 AR CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını, tərəfindən verilmiş mülki iddianın isə təmin edilməsini xahiş etmiş, əlavə olaraq təqsirləndirilən şəxsin məlumatları yaydığı “Facebook” səhifəsinin bağlanması səbəbindən onun həmin səhifədə təkzib verməsinin mümkün olmadığı təqdirdə başqa hər hansı sosial şəbəkədə, kütləvi informasiya vasitəsində təkzib verməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək məhkəmənin hazırlıq iclasında verdiyi izahatında göstərmişdir ki, Cavid Alıyev onu dələduzluq cinayəti törətməkdə bilə-bilə yalandan ittiham etməklə ona böhtan atmış olduğumu zənn etmiş olaraq, itiham etməyə çalışmışdı. X18 qəsdən qeyd etməmişdir ki, həmin yazı ona paylaşım kimi gəlmişdir. Digər tərəfdən ilk olaraq “Günün Səsi”, “Yeni Söz”, “Təzə Xəbər”, “Yeni Xəbər”, “Tərəf.az”, “Arqumenti.az” və digər saytlarında, həmçinin digər şəxslərin Facebook səhifələrindən də bu hal 23-24 avqust 2023-cü il tarixlərdə işıq üzü görüb, ona paylaşımlar gəlib, o da facebook səhifəsində Cavid Alıyev barəsində belə bir yazını görəndən sonra dərhal sildirmişdir. O səbəbdən silməmişdir ki, orada cinayət əməli vardır, sadəcə Cavid Alıyevə hörməti olduğundan ondan inciməsini istəməmişdir. X19 əvvəllər (2018-2019 illərdə) Facebook dostluqları olmuşdur. O, həmişə Cavid Alıyevə hörmətlə yanaşmışdır. Cavid Alıyev baxmayaraq ki, vəkillər kollegiyasının sədri Anar Bağırovla yaxın idi, bununla belə bir fərd kimi özü pis insan olmadığından onunla münasibətləri yaxşı olmuşdur. Cavid Alıyevin şikayətdə göstərdiyi yazı digər saytlarda, Facebook səhifələrdə işıq üzü görəndən 2-3 gün sonra paylaşım kimi onun Facebook səhifəsinə gəlmişdir. İlk olaraq demə “Günün səsi” saytı Cavid Alıyevlə “söhbət etdikdən sonra” həmin məqaləni saytından silmiş olmuşdu. Digər şəxslərin saytlarında və Facebook səhifələrində isə qalmışdır. Onun facebook səhifəsini başqa bir şəxs idarə edir. O, xəbər tutanda ki, onun səhifəsinə belə bir paylaşım gəlib, Cavid Alıyevlə tanışlıqları xatirinə həmin yazını sildirmişdir. Bununla yanaşı, həmin yazı hazırda şikayət ərizəsində göstərilən formada olmamış, həmin yazının əvvəlində başqa bir mənbəyə istinad olmuşdur. Həmin istinad sonradan kim tərəfindən silinərək bu formada məhkəməyə təqdim olunmuşdur bilmir. X15 barəsində Facebook səhifəsində paylaşılan yazılarda başqa profil sahibinin səhifəsinə istinad olunmuşdur və həmin yazılar başqasının profil səhifəsindən götürülərək (repost edilərək) paylaşılmışdır. Lakin o, həmin paylaşımın X15 barəsində olduğunu görən kimi həmin postu silmişdir. Çünki onun Cavid Alıyevlə daim yaxşı münasibəti olmuşdur. Hətta hesab edilsə ki, o, həmin yazını paylaşmışdır, bununla belə onun əməlində cinayət tərkibi yoxdur. Çünki onun Facebook səhifəsində paylaşılan məlumatlar öz sözləri deyil. Həmin sözləri Aytən Mahmudova özü demişdir. Burada heç bir təhqir və böhtan da yoxdur. X20 Mahmudova adlı bir qadından ona bəraət verməsi ilə əlaqədar 20.000 (iyirmi min) manat xidmət haqqı alması, sonra da işin alınmaması səbəblərdən qadının vəkillər kollegiyasına şikayət verməsi, həmin X13 Alıyevin özünün “Whatsapp”ına yazmaqla 20.000 (iyirmi min) manat ziyanını geri istəməsi sosial şəbəkələrdə var. Xüsusi ittiham qaydasında şikayət ərizəsi icraata qəbul edildikdən sonra məhkəmə baxış iclaslarında təqsirləndirilən şəxs X6 ifadəsində göstərmişdir ki, o, özü sosial şəbəkələrdən istifadə edə bilmir. Onun Facebook səhifəsi tanıdığı başqa şəxs tərəfindən idarə olunur. Həmin şəxs Anar Bağırovun “X22” təltifləri verildiyini deyəndə o, səhifəsini idarə edən şəxsə hazırda məhkəməyə təqdim etdiyi yazını paylaşmasını demiş və yazının mətnini həmin şəxsə diktə etmişdir. Lakin o, mətndə dələduzluğa sözünün dırnaqda yazılmasını demiş və mətndə həmin söz dırnaq arasında yazılmışdır. 25 avqust 2023-cü il tarixdə həmin yazı paylaşılmış, 27 avqust 2023-cü il tarixdə isə silinmişdir. Həmin mətni onun səhifəsində paylaşan şəxsə tapşırmışdır ki, həmin yazının mətninin yoxlanılması üçün ona göndərsin, lakin səhər saatlarında Facebook səhifəsində həmin paylaşımda Cavid Alıyevin şəklini görən kimi mətni paylaşan şəxsə zəng edərək onu silməsini xahiş etmişdir. Çünki o, Cavid Alıyevi tanıyırdı və ona böyük hörməti var idi. O, yazı paylaşılan zaman mətnin Cavid Alıyevlə bağlı olduğunu, “X22” təltifinin təqdim edildiyi şəxsin, hətta Vəkillərin İntizam Komissiyasının sədrinin Cavid Alıyev olmasını bilməmişdir. Həmin mətndə olan sözlər onun sözləri deyil, orda başqa səhifələrə istinad olunmuşdur. Belə ki, yazının əvvəlində “Ehtiyyatlı olun, saxtakarlıq” başlığından sonra “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” yazısı olmuş, lakin həmin yazı silinərək mətn məhkəməyə təqdim edilmişdir. Həmin yazının olması orada yazılanların onun sözləri olmamasının, onun həmin yazını sosial şəbəkədə yazılanlara istinadən paylaşmasının göstəricisidir. Belə ki, onun paylaşımından öncə müxtəlif kütləvi informasiya vasitələrində X20 Mahmudovadan pul alması ilə bağlı məlumatlar paylaşılmışdır. Lakin nədənsə Cavid Alıyev həmin səhifələri deyil, onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdir. Görünür ki, bu Vəkillər Kollegiyasının sədrinin sifarişidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs “Vəkilin səsi” səhifəsinin kimə məxsus olduğunu bilmədiyini, onun dostluğundan elə bir profilin olmadığını, “Facebook” səhifəsini 27-28 sentyabr 2023-cü il tarixdə tamamilə deaktiv etdiyini, 03 aydan artıq müddət keçdiyindən həmin səhifədəki paylaşımlara baxılmasının mümkün olmadığını, Cavid Alıyevlə bağlı paylaşımı 27 avqust 2023-cü il tarixdə sildirməsinə baxmayaraq onun bir nüsxəsini çıxartdıraraq özündə hər ehtimala qarşı saxladığını, hazırlıq iclasında həmin yazının baxış iclasında təqdim etdiyi nüsxəsini təqdim etməməsinə səbəbin Cavid Alıyevin təqdim etdiyi paylaşımla tanış olmamasının olduğunu, sonradan tanış olan zaman yazının yuxarı hissəsində olan cümlənin silindiyini gördüyünü, dələduzluğa sözündə olan dırnaq işarəsinin qəsdən silindiyini düşünmədiyini, çox güman xüsusi ittihamçının çap edən zaman həmin dırnaq işarəsinin yazıda düşmədiyini, onun səhifəsini idarə edən, o cümlədən, həmin paylaşımı edən şəxsin adını deyə bilməyəciyini və demək istəmədiyini, həmin yazının mətninin məzmununu səhifəsini idarə edən şəxsə özünün dediyini, sadəcə sonradan Cavid Alıyevin şəklini görən zaman söhbətin onun tanıdığı Cavid Alıyevdən getdiyini görən zaman həmin yazını sildirdiyini, yazını paylaşmasında məqsədinin əsas diqqətin Anar Bağırovun elə bir səlahiyyəti olmadan “X22” təltifləri verməsinə cəlb etmək olduğunu, hətta həmin yazı xüsusi ittihamçının təqdim etdiyi formada paylaşılmış olsa idi belə, onun əməlində cinayət tərkibinin olmadığını, tərkibin yaranması üçün həmin məlumatların yalan olduğunu bilə-bilə paylaşılmalı olmasının zəruri olduğunu, lakin onun həmin məlumatların yalan olduğunu bilmədiyini, həmin məlumatları qəsdən və qərəzli olaraq paylaşmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən görünür ki, həmin paylaşım bu məzmunda olmuşdur: “Ehtiyyatlı olun, saxtakarlıq! Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X21 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X22” diplomu soxuşdurur. Yəqin bu “mükafat” elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar” (cild 01, i.v.10-11). Şikayətə əlavə edilmiş digər sənəddən görünür ki, “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış post 4 səhifə tərəfindən bəyənilmişdir (“Vəkilin səsi”, “Kim Mary”, “Abdulla Efendizade”, “Bextiyar Askerov”) (cild 01, i.v.12). Şikayətə əlavə edilmiş digər sənəddən görünür ki, “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış post elə həmin tarixdə, yəni 25 avqust 2023-cü il tarixdə eyni qaydada “Vəkilin Səsi” adlı profilə məxsus “Facebook” səhifəsində repost edilmişdir, yəni yenidən paylaşılmışdır (cild 01, i.v.27-28). Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin hazırlıq iclasından sonra təqdim edilmiş “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən görünür ki, həmin paylaşım bu məzmunda olmuşdur: “Ehtiyyatlı olun, saxtakarlıq! Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi? Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X21 bu “dələduzluğa” görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X22” diplomu soxuşdurur. Yəqin bu “mükafat” elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar” (cild 01, i.v.130). Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş AMEA Nəsimi adına X7 dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İ.O.Məmmədli tərəfindən verilmiş təqsirləndirilən şəxsin sorğusuna cavab məktubundan görünür ki, həmin məktubda göstərilmişdir: “Facebook” sosial şəbəkəsində 25 avqust 2023-cü il tarixdə yazdığınız paylaşmada işlətdiyiniz “dələduzluğa” ifadəsini dırnaq arasında yazmaqla həmin ifadənin vasitəsiz nitqə, yəni üçüncü şəxsə (mənbələrə, mətnlərə) aid olduğunu göstərmisiniz. Bununla Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixində təsdiq etdiyi rəsmi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Elm nəşriyyatı, 2021) normalarına əməl etmisiniz. Yəni sorğunuza qoşmada təqdim etdiyiniz, göstərdiyiniz 24 avqust 2023-cü il tarixində çıxan məqalələrin mənbələrində “dələduzluğa” ifadəsinin əsl mənbələri və müəllifləri kimi qəbul edilməlidir” (cild 01, i.v.181). Azərbaycan Respblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə X6 ilə bağlı AR CM-nin 147.2 və 148-ci maddələri ilə başlanılmış xüsusi ittiham üzrə cinayət təqibinə xüsusi ittihamçının ittihamdan imtina etməsi ilə əlaqədar xitam verilmişdir (cild 01, i.v.189-190). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 5/312 saylı rəyindən görünür ki, “03 oktyabr 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan X4 “Facebook” sosial şəbəkəsində hesabı (profili) vardırmı?” sualının cavablandırılması, yəni istifadəçiyə aid (şəhər, rayon, qəsəbə, küçə, mənzil və sairə) məlumatların rəqəmsal izlərlə müəyyən edilməməsi səbəbindən qeyd olunan sual məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən “Facebook” sosial şəbəkəsinin yerləşdiyi server hal-hazırda ölkə xaricində olduğundan və həmin servərə qoşulma texniki cəhətdən mümkün olmaması səbəbindən ekspert qarşısında qoyulmuş 2,3,4 və 5-ci suallar üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (cild 02, i.v.19-22). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi öz təsdiqini tapmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin sosial şəbəkədə paylaşdığı yazının mətnində olan böhtan hesab edilən sözlərin təhlil edilməsini və X4 AR CM-nin 147.1-ci maddəsi ilə təqsirli olması ilə bağlı gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə edilmiş “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən görünür ki, həmin paylaşım bu məzmunda olmuşdur: “Ehtiyyatlı olun, saxtakarlıq! Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X21 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X22” diplomu soxuşdurur. Yəqin bu “mükafat” elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar”. Göründüyü kimi sözügedən mətndə təqsirləndirilən şəxs X14 Alıyevin vətəndaş Aytən Mahmudovadan 20000 manat pul alaraq onu aldatmasına və bununla da ona qarşı dələduzluq etməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya onun barəsində həmin fakt üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı qərar olmadan onu vətəndaşa maddi ziyan vurmaqla onu aldatmaqda, başqa sözlə dələduzluqda ittiham edərək (Belə ki, mətndə olan növbəti cümlədə təqsirləndirilən şəxs onun bu hərəkətini açıq-aşkar dələduzluq adlandırır) ona böhtan atmış, bununla da yalan olduğunu bilə-bilə X9 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək özünün müdafiəsi üçün müxtəlif tarixlərdə keçirilmiş məhkəmə iclaslarında fərqli dəlillər irəli sürmüşdür ki, məhkəmə həmin dəlillərin hər birinə qiymət verilməsinin zəruri olması qənaətindədir.
1. X6 məhkəmənin hazırlıq iclasında verdiyi izahatında Cavid Alıyevin onun barəsində xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş həmin yazının ona paylaşım kimi gəldiyini, həmin yazının ilk olaraq “Günün Səsi”, “Yeni Söz”, “Təzə Xəbər”, “Yeni Xəbər”, “Tərəf.az”, “Arqumenti.az” və digər saytlarında, həmçinin digər şəxslərin Facebook səhifələrində də 23-24 avqust 2023-cü il tarixlərdə işıq üzü gördüyünü, həmin yazının ona məhz paylaşım şəklində gəldiyindən onun səhifəsində paylaşıldığını, facebook səhifəsində Cavid Alıyev barəsində belə bir yazını görəndən sonra dərhal sildirdiyini bildirsə də, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, həm xüsusi ittihamçı tərəfindən, həm də təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş paylaşımlardan görünür ki, sözügedən mətn hər hansı başqa səhifədən repost (yenidən paylaşım) edilməmiş və birbaşa həmin səhifədə yazılmaqla yayılmış, əksinə həmin yazı məhz “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsindən “Vəkilin səsi” adlı facebook istifadəçisinə məxsus səhifədə repost edilmiş və üç istifadəçi tərəfindən bəyənilmişdir.
2. X4 paylaşılmış məlumatların müxtəlif xəbər saytlarından götürülməsinə, həmin yazının xəbər saytlarından əldə edilmiş məlumatlar əsasında paylaşılmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən orada hər hansı xəbər saytına və ya digər mənbəyə istinad olunmadığı, mətndəki fikirlərin istifadəçinin öz fikirləri olması açıq-aşkar görünməkdədir. Belə ki, Abdulla Əfəndizadə həmin mətndə nəinki Cavid Alıyevin vətəndaşı aldadaraq onu pulunu ələ keçirməkdə ittiham edir, hətta onun bu əməlini dələduzluq adlandıraraq onun təltif olunmasını da tənqid edir. Halbuki, təqsirləndirilən şəxsin özü tərəfindən təqdim edilmiş “Arqument.Az”, “Sonxeber.Az”, “Xalqxeber.Az”, “Teref.Az” saytlarında yayımlanan yazıların mətnindən görünür ki, həmin yazılar həmin xəbər saytlarının şəxsi məlumatları kimi paylaşılmamış, hər bir paylaşımda “Gununsesi.info-nun xəbərinə görə, bu barədə Aytən Mahmudova bildirib” ifadəsindən istifadə olunaraq başqa şəxsin məlumatına istinad olunmuş, məlumatın başlanğıcında “Vəkilə qarşı rüşvət ittihamı-Bəraət hökmü üçün 20 min alıb?” sualı qoyularaq bununla da hələ məlumatların mötəbər və təsdiqini tapmamış məlumatlar olması nümayiş etdirilmişdir. Lakin bunun əksinə olaraq Abdulla Əfəndizadənin şəxsi “Facebook” səhifəsində paylaşılmış yazıda olan ifadələrdə hər hansı xəbər saytına və ya bunu iddia edən şəxsin sözlərinə istinad olunmadan birbaşa ittihamedici məzmunda böhtan xarakterli sözlər yazılmaqla paylaşılmışdır.
3. X6 məhkəmənin baxış iclasında bir qədər fərqli formada paylaşım mətni təqdim edərək Cavid Alıyev tərəfindən təqdim edilmiş paylaşımın əvvəlində “Ehtiyyatlı olun, saxtakarlıq” ifadəsindən sonra “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” ifadəsinin yazıldığını, bununla da yazılanların onun şəxsi fikri olmadığını və həmin postu sosial şəbəkələrdə yazılanlara istinadən paylaşdığını iddia etsə də, məhkəmə təqsirləndirilən şəxsin hazırlıq iclasında həmin paylaşımı təqdim etmədiyini, belə bir paylaşımın mövcud olmasından nə hazırlıq iclasında, nə də məhkəməyə hazırlıq iclası ilə əlaqədar təqdim etdiyi hərtərəfli yazılmış etiraz ərizəsində bəhs etmədiyini, əksinə hazırlıq iclasında həmin paylaşımın onun səhifəsinə hazır formada post şəklində gəldiyini və yazının yuxarı hissəsində “Günün Səsi” yazısının da olduğunu bildirdiyini, həmin postu gördükdən dərhal sonra avqust ayında sildiyini bildirməsinə baxmayaraq paylaşımdan 01 ay sonra, məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata qəbul etdikdən sonrakı baxış iclasında təqdim etdiyini nəzərə alaraq həmin paylaşımın mətninə hazırlıq iclasında sonra müdaxilə edilərək yeni formatda məhkəməyə təqdim edilməsi və xüsusi ittihamçı tərəfindən ərizəsinə əlavə edilmiş paylaşımın mətninin şübhə altına alınması üçün hər hansı əsasın olmaması qənaətindədir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta X6 tərəfindən təqdim edilmiş həmin mətn paylaşımın real mətni kimi qəbul edilmiş olsa idi belə, bu onun əməlində AR CM-nin 147.1-ci maddəsinin tərkibinin olmasını aradan qaldırmış olmurdu. Belə ki, təqsirləndirilən şəxsin “Facebook” səhifəsində paylaşılmış mətnin əvvəlində “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsindən sonra təqsirləndirilən şəxs “Hər şey üst-üstə düşür” cümləsi yazmaqla sosial şəbəkələrdə sadəcə sual şəklində Aytən Mahmudovanın sözlərinə istinadən yazılmış xəbərlərin onun fikirləri ilə üst-üstə düşdüyünü bəyan edərək “Hər şey üst-üstə düşür” cümləsindən sonra artıq öz fikirlərini paylaşmağa başlayaraq tam qəti şəkildə və heç bir şübhə yeri qoymamağa cəhd edərək Cavid Alıyevin vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldatdığını, bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X16 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X22” diplomu soxuşdurduğunu iddia edərək həmin “mükafat”ın elə belə verilmədiyini və ortada 20.000 olan yerdə hər şeyə göz yummağın mümkün olduğunu bildirir. Halbuki, sosial şəbəkələrdə yayımlanan məlumatlar sadəcə Aytən Mahmudovanın iddia etdiklərindən ibarət olmuş, həmin məlumatlarda “X22” diplomu ilə bağlı hər hansı bir söz olmamışdır ki, bu da təqsirləndirilən şəxsin guya sosial şəbəkələrə istinad edərək sözügedən paylaşımı etməsinə dair irəli sürdüyü arqumentin əsassız olmasının göstəricisidir. Bu da onu deməyə əsas verir ki, yuxarıda göstərilən ifadələrlə təqsirləndirilən şəxs X2 Cavid Barat oğlunu nüfuzdan salan məlumatları həmin məlumatların həqiqiliyini sübut etmədən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa təqsirləndirilən şəxs təqdim etdiyi paylaşımda “dələduzluğa” görə sözünün dırnaq işarəsi arasında yazıldığını və bununla da həmin sözü öz fikri kimi deyil, başqa şəxslərin dediklərinə əsasən yazdığını vurğulamaq istədiyini, Cavid Alıyev tərəfindən təqdim edilmiş dırnaq işarəsinin onun fikrincə yazı çap olunarkən kağızda əks olunmadığını, həmin sözün kənarlarında olan kölgədən orada dırnaq işarəsinin olmasının sezildiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu dəlillərinin sadəcə absurd olması qənaətindədir. İlk növbədə məhkəmə qeyd edir ki, Cavid Alıyev tərəfindən təqdim edilmiş rəngli paylaşımın mətnindən də açıq-aydın görünür ki, dələduzluğa görə sözü dırnaq işarəsi arasında olmamaqla həmin durğu işarəsi olmadan yazılmış, lakin təqsirləndirilən şəxsin saxta hesab etdiyi “X22” və “mükafat” sözləri dırnaq işarəsi içərisində yazılmışdır ki, bu da onu deməyə əsas verir ki, əgər təqsirləndirilən şəxsin iddia etdiyi kimi həqiqətən də xüsusi ittihamçı düşünülmüş şəkildə dələduzluğa sözünün yazıldığı dırnaq işarələrini silməmiş, sadəcə kağızı çap edərkən həmin sözün ətrafında olan dırnaq işarəsi kağızda düşməmişdirsə, onun elə həmin paylaşımda həqiqiliyini şübhə altına aldığı “X22” və “mükafat” sözlərinin dırnaq işarəsində çap olunması, rəngli və kifayət qədər aydın çap edilmiş yazıda bütün sözlərin, ifadələrin və durğu işarələrinin aydın göründüyü halda yalnız dələduzluğa sözünün ətrafında olan dırnaq işarələrinin çap zamanı yoxa çıxması hər hansı məntiqə sığmır. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqdim etdiyi həmin paylaşıma əsasən AMEA Nəsimi adına X7 dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İ.O.Məmmədli tərəfindən verilmiş təqsirləndirilən şəxsin sorğusuna cavab məktubuna istinad edərək öz əməlinə haqq qazandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, professor tərəfindən verilmiş həmin məktub məhz Abdulla Əfəndizadənin özünün sonradan fərqli məzmun yükləməyə çalışdığı və həqiqiliyi şübhə doğuran mətn nəzərə alınmaqla verildiyindən və məhkəmə yuxarıda hansı əsaslarla həmin paylaşımı mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırdığından qeyd olunan məktuba da sübut kimi istinad edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxsə “Facebook” səhifəsinin aktiv edilməsi və məhkəmə iclasına mütəxəssis dəvət edilərək silinmiş postun bərpa edilərək tədqiq edilməsinə dair təklif irəli sürülsə də, təqsirləndirilən şəxs öz “Facebook” hesabını tamamilə sildiyini, həmin hesabın silinməsindən üç aydan artıq müddət keçdiyindən hesabın aktiv edilməsinin və silinmiş yazılarının bərpa olunmasının mümkün olmadığını bildirmişdir.
4. Təqsirləndirilən şəxsin digər dəlili qismində onun həmin paylaşımı şəxsən paylaşmaması, onun “Facebook” səhifəsinin başqa şəxs tərəfindən idarə olunması, həmin şəxsə paylaşımın mətnini diktə etməsinə baxmayaraq söhbətin Cavid Alıyevdən getməsindən məlumatsız olduğunu, öz səhifəsində həmin paylaşımı görən zaman söhbətin onun əvvəllər yaxşı münasibətdə olduğu Cavid Alıyevdən getdiyini anlayan kimi həmin postu sildirdiyini bildirsə də, onun həmin arqumenti digər irəli sürdüyü arqumentlərlə ziddiyyət təşkil etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq həmin postun onun səhifəsində başqa saytlardan gələn paylaşım olaraq paylaşıldığını, yazının mətninin onun tərəfindən yazılmadığını bildirməsinə baxmayaraq növbəti məhkəmə iclaslarında sözügedən paylaşımın onun səhifəsində onun diktəsi ilə yazılmış sözlərlə səhifəsini idarə edən başqa şəxs tərəfindən paylaşıldığını qəbul etmiş, lakin yazının Cavid Alıyev barəsində olmasından məlumatsız olmasını göstərmişdir ki, bu hal özü təqsirləndirilən şəxsin məhkəmədə səmimi olmamasına dəlalət edir. Belə ki, təqsirləndirilən şəxs sonradan özü tərəfindən məhkəməyə təqdim edilmiş paylaşıma istinadən Cavid Alıyev barəsində sosial şəbəkələrdə Aytən Mahmudovadan pul almasına dair məlumatlar olduğunu və yayımlandığını, həmin məlumatlara əsasən da mətnin başlanğıcında “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsindən istifadə etdiyini göstərmişdir ki, bu da Abdulla Əfəndizadənin sosial şəbəkələrdə və xəbər saytlarının hər birində Cavid Alıyevin fotoşəkli olmaqla onun barəsində müvafiq məlumatların yayıldığı və həmin məlumatlarla təqsirləndirilən şəxs tanış olduqdan sonra sözügedən mətnin onun “Facebook” səhifəsində paylaşıldığı halda onun səhifəsində barəsində məlumat paylaşılmış şəxsin X15 olmasından məlumatsız olması sadəcə reallıqla bir araya sığmayan haldır. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında sözügedən paylaşımı şəxsən paylaşmadığını, həmin yazının onun “Facebook” səhifəsini idarə edən şəxs tərəfindən paylaşıldığını bildirən zaman xüsusi ittihamçı həmin şəxsin məhkəmədə həqiqətən də qeyd olunan paylaşımın Abdulla Əfəndizadənin deyil, özü tərəfindən paylaşıldığını etiraf edəcəyi təqdirdə xüsusi ittihamdan imtina edəcəyini bildirərək həmin şəxsin məhkəməyə gətirilməsi barədə təqsirləndirilən şəxsə təklif verməsinə baxmayaraq Abdulla Əfəndizadə həmin şəxsin adını deyə bilməyəcəyini və onun məhkəmə iclasında iştirakını təmin edə bilməyəcəyini bildirmişdir.
5. Təqsirləndirilən şəxsin öz əməlində AR CM-nin 147.1-ci maddəsinin tərkibinin olmamasını iddia edərkən istinad etdiyi hallardan biri də onun həmin yazını paylaşmaqda məqsədinin diqqəti Cavid Alıyevlə bağlı məsələyə deyil, Vəkillər Kollegiyasının sədrinin səlahiyyəti olmadığı halda “X22” mükafatının verilməsinə cəlb etmək olduğunu bildirməsi olmuşdur. Halbuki, həmin paylaşımın məzmunundan açıq-aydın görünür ki, həmin post məhz X15 ilə bağlı yazılmış, əsas diqqət “X22” mükafatının ümumilikdə verilməsinə deyil, məhz “vətəndaşı aldadan” vəkilə həmin mükafatın verilməsinə yönəldilmişdir ki, bu da təqsirləndirilən şəxsin növbəti dəlilinin də hər hansı əsasa söykənməməsinə dəlalət edir. Bununla yanaşı, təqsirləndirilən şəxs özü məhkəmədə dəfələrlə demişdir ki, onun paylaşımının əvvəlində “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi olmuşdur. Elə göstərilən bu hal belə mətnin nəinki mətninin, hətta başlığının da məhz Cavid Alıyevlə bağlı olmasının və təqsirləndirilən şəxsin paylaşımındakı ”hədəfin” Cavid Alıyevin olmasının göstəricisidir.
6. Təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarının birində öz müdafiəsi üçün irəli sürdüyü dəlillərdən biri də ondan ibarət olmuşdur ki, o, Cavid Alıyev barəsində Aytən Mahmudovanın dedikləri və sosial şəbəkələrdə yazılanlar əsasında sadəcə fikir bildirmiş və fikrini ifadə etmək onun hüququ olmuşdur. Təqsirləndirilən şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı şəxsin ifadə azadlığının olması özü-özlüyündə həmin azadlığın həyata keçirilməsi zamanı başqa şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Belə ki, hər kəsin fikir, söz və ifadə azadlığı olduğu kimi şərəf və ləyaqətinin müdafiəsi hüququ da var. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 22-ci bəndinə əsasən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin irəli sürdüyü, bir digəri ilə təkzib olunan dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır ki, bu da təqsirləndirilən şəxsin arqumentlərinin özünümüdafiə məqsədi ilə irəli sürülməsinin göstəricisidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki halda X1 nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumat X9 şərəf və ləyaqətinin alçaldılmasına səbəb olduğundan və onun bəyanatlarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqsirləndirilən şəxsin böhtan cinayətinin törədilməsində təqsirli bilinməsi onun ifadə azadlığının pozulması ilə deyil, əksinə onun ifadə azadlığının qanunla müəyyən edilmiş hədlərindən kənara çıxması nəticəsində təhqir və böhtana məruz qalmış şəxsin hüquqlarının bərpası ilə nəticələnmiş olar. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, iş materiallarına əlavə edilmiş X5 “Facebook” sosial şəbəkəsində məxsus “Abdulla Efendizade” adlı səhifədə yayılmış paylaşımın sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 törətdiyi əməl AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 əvvəllər məhkum olunmamasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Xüsusi ittihamçı mülki iddia ərizəsi verərək X5 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində özünə məxsus “Abdulla Efendizade” adlı səhifədə onun barəsində yalan olduğunu bilə-bilə paylaşdığı şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların həqiqətə uyğun olmaması ilə bağlı rəsmi qaydada təkzib verməsinin və məlumatları yaymasına görə üzr istəməsinin tapşırılmasını xahiş etmişdir. Məhkəmə 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində X5 məxsus “Abdulla Efendizade” adlı səhifədə paylaşılmış yazıda əks olunanların qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmamasını və bununla da həqiqəti əks etdirməyən məlumatlar olduğunu nəzərə alaraq həmin hissədə mülki iddia ərizəsinin təmin edilməsini, X4 üzərinə 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində X5 məxsus “Abdulla Efendizade” adlı səhifədə paylaşılmış yazıda əks olunanları rəsmi qaydada kütləvi informasiya vasitəsində təkzib etmək və həmin məlumatları yaymasına görə üzr istəmək öhdəliyinin qoyulmalı olması qənaətinə gəlir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Bununla yanaşı, xüsusi ittihamçı mülki iddia ərizəsində 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində X5 məxsus “Abdulla Efendizade” adlı səhifədə paylaşılmış yazıda əks olunan məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə xüsusi ittihamçıya yetirilmiş mənəvi sarsıntıların xarakterini, o cümlədən, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə alaraq həmin hissədə mülki iddia ərizəsinin qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, X4 üzərinə 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində X5 məxsus “Abdulla Efendizade” adlı səhifədə paylaşılmış yazıda əks olunanları rəsmi qaydada kütləvi informasiya vasitəsində təkzib etmək və məlumatları yaymasına görə üzr istəmək vəzifələri qoyulmalı, məlumatların yayılması ilə əlaqədar X12 dəymiş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti X3 tutularaq X12 ödənilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Xüsusi ittihamçı X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxsə məxsus “Abdulla Efendizade” adlı səhifədə X15 barəsində yalan olduğunu bilə-bilə paylaşılmış, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib verməsi və məlumatları yaymasına görə üzr istəməsi öhdəliyi X4 üzərinə qoyulsun. 25 avqust 2023-cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxsə məxsus “Abdulla Efendizade” adlı səhifədə X15 barəsində yalan olduğunu bilə-bilə paylaşılmış, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar X12 dəymiş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti X3 tutularaq X12 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 80 manat X3 tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti verilmədiyi təqdirdə hökm həmin müddətin başa çatdığı gündən sonrakı gün qüvvəyə minir.
Hakim Nigar İmanova