Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-654/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir Belə ki, Təqsirləndirilən şəxs qoşqulu yük avtomobillərini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Moldova Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, tarix və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Moldova Respublikasının “AM, A1, A2, A, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE” kateqoriyalı ********* nömrəli sürücülük vəsiqəsini istintaqa məlum olmayan yer, tarix və saatda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etmiş, həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə 09 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 2 ünvanında yerləşən 4 saylı ”ASAN xidmət” mərkəzindəki Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 344861” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2017-2023-cü illərdə Baku Bus şirkətində B kateqoriyası üzrə sürücülük vəsiqəsi ilə texniki servis avtomobilini idarə etmişdir. B kateqoriyası üzrə rəsmi şəkildə imtahanlarda iştirak edib sürücülük vəsiqəsi əldə etmiş, 2023-cü ildə həmin işdən ayrılmışdır. İşdən çıxdıqdan sonra 2023-cü ilin sentyabr ayında tır sürərək daha yaxşı qazanc əldə edə biləcəyini düşünmüşdür. Lakin onda B kateqoriyası üzrə sürücülük vəsiqəsi olduğundan tır sürmək üçün E kateqoriyası üzrə sürücülük vəsiqəsi əldə etmək lazım olmuşdur. E kateqoriyalı sürücülük vəsiqəsini Azərbaycan qanunvericiliyinə görə əldə etmək üçün C kateqoriyası üzrə 3 illik təcrübə zəruri olduğundan, habelə həmin kateqoriya üzrə kifayət qədər nəzəri-praktiki təcrübəsi olmadığından internetdə axtarışlar etmişdir ki, başqa həll yolu tapsın. İnternetdə axtarışlar edən zaman “TikTok” sosial şəbəkəsində təsadüfən “asanlıqla xaricdə düzəldilə bilən sürücülük vəsiqələri” adı altında paylaşılmış reklama rast gəlmişdir. Həmin profilə daha ətraflı məlumat almaq üçün mesaj yazmışdır. E kateqoriyası üzrə sürücülük vəsiqəsi əldə etmək istədiyini profildə yazışdığı həmin şəxsə bildirdikdə adını xatırlamadığı həmin şəxs ona kömək edəcəyini və onun üçün Moldava Respublikasına məxsus sürücülük vəsiqəsi hazırlayacağını bildirmişdir. O, həmin şəxsə E kateqoriyası üzrə heç bir nəzəri-praktiki biliklərinin olmadığını, rəsmi şəkildə əldə edə bilmədiyindən digər yollarla sürücülük vəsiqəsi əldə etmək istədiyini bildirmişdir. Həmin şəxs ona narahat olmamağı lazımi sənədləri özünün təşkil edəcəyini və heç bir problem yaranmayacağını bildirmişdir. Bunun müqabilində adını xatırlamadığı tanımadığı şəxs ondan 1100 (min yüz) manat pul istəmişdir. O, həmin şəxsdən 1100 manat pulu niyə görə istədiyini soruşduqda, həmin şəxs sənədləri hazır etmək üçün pul lazım olduğunu ona bildirmişdir. Həmin məbləğdə pul vəsaitini həmin şəxsin göndərdiyi xatırlamadığı xarici bank kartı hesabına köçürmüşdür. Həmin şəxsdən sürücülük vəsiqəsinin ona problem yaradıb-yaratmayacağını, Azərbaycanda həmin vəsiqəsi əsasında sürücülük vəsiqəsi əldə edə bilib-bilməyəcəyini soruşduqda həmin şəxs ona heç bir problem olmayacağını, bu yolla çoxlu şəxslərə sürücülük vəsiqəsi hazırladığını bildirmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ona vəsiqəni 1 aya hazır edəcəyini bildirmişdir. O da hər hansı nəzəri və praktiki imtahan vermədən və rəsmi dövlət orqanına müraciət etmədən üzərində ********* nömrəli. “MD Permis de conducere” yazılı olan və AM, A1, A2,A, B1, B, C1, C, D1, D, BE. C1E, CE, D1E, DE kateqoriyaları üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsini 2024-cü ilin yanvar ayının əvvəllərində tanımadığı şəxs vasitəsi ilə X4 Limanına yaxın ərazidə görüşərək əldə etmişdir. O, adını xatırlamadığı həmin şəxsdən yalnız E kateqoriyalı sürücülük vəsiqəsi təşkil etməsini istəsə də, həmin şəxs ona bütün növ kateqoriyaları özündə əks etdirən sürücülük vəsiqəsi hazırlamışdır. Sürücülük vəsiqəsinin qanuni sənəd olmasını düşünərək həmin vəsiqəni Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirmək qərarına gəlmişdir. 9 fevral 2024-cü il tarixdə Bakıxanovda yerləşən 4 saylı Asan Xidmətə müraciət etmiş və həmin sürücülük vəsiqəsini asan xidmətə təqdim edərək 1 illik etibarlılıq müddəti olan BB344861 nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. ********* nömrəli, “MD Permis de conducere” yazılı olan və AM, A1, A2,A, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E. DE kateqoriyaları üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsi isə asan xidmətdə ondan təhvil alınmışdır. Asan xidmətdə ona bildirilmişdir ki, 1 il ərzində onun təqdim etdiyi ********* nömrəli, “MD Permis de conducere" yazılı olan və AM, A1, A2,A, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE kateqoriyaları üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsinin saxta olubolmaması ilə bağlı araşdırma aparılacaq, heç bir problem olmayacağı təqdirdə daimi sürücülük vəsiqəsi ona təqdim ediləcəkdir. O, sürücülük vəsiqəsinin qanuni olduğunu düşündüyündən Asan Xidmətdə araşdırılmanın aparılmasından narahat olmamış v buna etraz etmədiyini bildirmişdir. Aparılan yoxlamalardan sonra onun təqdim etdiyi xarici sürücülük vəsiqəsinin saxta olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs E kateqoriyalı sürücülük vəsiqəsini Azərbaycanda Respublikasında almaq üçün imtahana hazırlaşıb imtahan verməyə kifayət qədər vaxtının olmadığını, bu səbəbdən internetdə həmin sənədin daha tez alınması üçün variantlar axtardığını, ona verilmiş həmin sürücülük vəsiqəsinin saxta olmasından məlumatsız olduğunu, müstəntiqə verdiyi ifadənin onun sözlərindən yazıldığını, lakin həmin ifadəni oxumadan imzaladığını, ona polis bölməsində hər hansı təsir-təzyiq göstərilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlnun təqdim etdiyi 01 ədəd BB344861 nömrəli Azərbaycan Respublikasına məxsus olan sürücülük vəsiqəsini könüllü şəkildə təqdim etdiyindən götürülmüşdür (i.v.11-12). Sənədlərin məhkəmə-texniki ekspertizasının 15 aprel 2024-cü il tarixli, 3-16-16/2- 5/380/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş ********* nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Moldova Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş ********* nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan "SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir (i.v.15-18). “Baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun olması və ölkə ərazisindən xaricə sərhədkeçməsi barədə məlumatların əldə edilməsi üçün Vahid Məlumat-Axtarış Sistemində (VMAS) sonuncu barədə olan məlumatlara baxış keçirilmiş və onun heç zaman Moldova Respublikası ərazisində olmaması, 2016-cı ildən indiyədək olan müddət ərzində ölkə ərazisini tərk etməməsi müəyyən edilmişdir (i.v.95-96). “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi, Moldova Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin və Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli, BB 344861 nömrəli sürücülük vəsiqəsinin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.99-105). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini, Asan Xidmətə təqdim etdiyi sürücülük vəsiqəsinin saxta olmasından məlumatsız olduğunu, əslində sənədi aldığı şəxs tərəfindən aldadıldığını göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı təsir-təzyiq göstərilməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı təsir-təzyiq göstərilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixli ilkin izahatından görünür ki, o, törətdiyi cinayət əməlini etiraf etmiş, təhqiqatçı tərəfindən ona ünvanlanmış “Sürücülük vəsiqəsini Asan Xidmətə təqdim edərkən vəsiqənin saxta olmasından məlumatınız var idimi?” sualına Təqsirləndirilən şəxs “Həmin sənədin qeyriqanuni yolla hazırlandığını, saxta olduğunu dərk edirdim. Sadəcə olaraq böyük bir problem olmayacağını düşünüb saxta vəsiqəni Asan Xidmətə təqdim etdi” kimi cavab vermişdir (i.v.8- 10). Bununla yanaşı, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, o, həmin ifdısində də özünü AR CM-nin 320.2-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş, mstəntiq tərəfindən ona sənədin saxta olmasını bilibbilməməsi ilə bağlı sual ünvanlandıqda o, ilkin izahatında olduğu kimi sürücülük vəsiqəsinin saxta olmasını dərk etdiyini bildirmişdir (i.v.130-133). Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını, özünün həmin ifadələri demək olar ki, oxumadan imzaladığını bildirsə də, 24 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin ifadənin əvvəlində öz xətti ilə özünü AR CM-nin 320.2-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmiş, sonunda isə əlyazma şəklində “İfadəmi oxudum. Mənim sözlərimlə doğru yazılıb. Əlavəm yoxdur. Əməlimdən peşmanam. İmzamla təsdiq edirəm” göstərilmiş və o, bundan sonra həmin ifadəni imzalamışdır ki, bu da təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadələrini oxumadan imzalamasına, sürücülük vəsiqəsinin saxta olmasından məlumatı olmadan həmin vəsiqəni istifadə etməsinə dair irəli sürdüyü dəlillərin cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.94). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.134-135). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 iyul 2024-cü il təvəllüdlü (X1) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-Moldova Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd və Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli, BB 344861 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Moldova Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd və Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli, BB 344861 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-654/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-654/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver