Məhkəmə qərarları › İş №1(008)-656/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-656/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-656/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməklə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı CÇM-də çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,662 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilərək məhkəmə iclas zalından həbsə alınıb konvoy taborunun əməkdaşları tərəfindən həmin tarixdə, saat 16:05 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilərkən BİT-nın axtarış otağında BİT-nın əməkdaşları tərəfindən üzərinə baxış zamanı əynində olan qış gödəkçəsinin sol cibinin astarından 01 ədəd bükümdə təmiz çəkisi 0,662 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulana qədər bir müddət olar ki, narkotik vasitə heroin qəbul etmişdir. Heroini bədənində olan ağrıları yumşaltmaq üçün istifadə etmişdir. Narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən almışdır. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında adını anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan qış gödəkçənin sol tərəfində olan cibinin astarına qoymuşdur. Həmin günü barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə getmişdir.Xətai rayon məhkəməsində keçirilən məhkəmə prossesində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Xətai rayon rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkəmə iclas zalından barəsində həbs qətimkan tədbiri seçilib konvoy taboruna təhvil verilmişdir. 01 fevral 2023-cü il tarixdə, saat 16:05 radələrində konvoy taboru ilə istintaq təcridxanasına təhvil verildiyi zaman üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının axtarış otağında BİT-nın əməkdaşları tərəfindən baxış keçirilərkən əynində olan qış gödəkçəsinin sol cibinin astarından 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən götürülüb qablaşdırılaraq möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının axtarış otağında onun üzərinə axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Barəsində aparılan cinayət işi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə məhkəmə iclas zalından həbs olunacağından əvvəlcədən məlumatı olmamış, onun qabaqcadan istintaq təcridxanasına qadağan olunmuş əşyanı keçirmək niyyəti belə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid1 bildirmişdir ki, hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə təxminən saat 16-05 radələrində konvoy taborunun əməkdaşları tərəfindən Xətai məhkəməsindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş məhkum Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol cibinin astarından içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olan 01 ədəd büküm aşkar olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs ilə sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 fevral 2023-cü il tarixdə təxminən saat 16-05 radələrində konvoy taborunun əməkdaşları tərəfindən Xətai məhkəməsindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman təcridxana əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda üzərinə baxış keçirilərkən əynində olan qış gödəkçəsinin sol cibinin astarından içərisində narkotik vasitəyə oxşar maddə olan büküm onün özünə məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar maddənin aşkar olunması ilə bağlı protokol tərtib olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə ekspretiza tədqiqatına təqdim olunması üçün dəvət olunmuş hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Tərtib olunmuş protokola tədbir iştirakçıları o cümlədən Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası ƏN PX- nin Bakı İstintaq Təcridxanasının əməkdaşı Bəşirov X1 Aydın Adil oğlu ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, 01 fevral 2023-cü il tarixdə, təxminən saat 16:05 radələrində konvoy taborunun əməkdaşları tərəfindən Xətai Rayon Məhkəməsindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş məhkum Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qış gödəkçəsinin sol cibinin astarından 01 ədəd bükümündə narkotik vasitə heroin aşkar edilərək götürüllmüşdür. Şahidlər Şahid4 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı veridkləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 3-16-17/38/2-7/4/2023 saylı xüsusi məlumatdan görünür ki, 01 fevral 2023-cü il tarixdə, təxminən saat 16:05 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında kanvoy taborunun əməkdaşları tərəfindən Xətai Rayon Məhkəməsindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qış gödəkçəsinin sol tərəfində olan cibinin astarında gizlədilmiş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür (i.v.5). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli, 6/628 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN-liyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası “Zərflər üçün möhür əksi, “...məhkum Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş” sözləri və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,662 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narfkotik vasitə heroindir (i.v. 20-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6\726 saylı rəyindən görünür ki, tədqiqat obyekti bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 N°63” dairəvi möhür əksi olan vəziyyətdə təqdim edilmişdir. Paketi açdıqda üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi ilə möhürlənmiş vəziyyətdə,"...Təqsirləndirilən şəxs üzərinə baxış.” Sözləri yazılmış 01 ədəd zərfin içərisində olan 01 ədəd bükümdə təmiz çəkisi- 0,612 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.32-35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 fevral 2023-cü il tarixli, 950 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 36-37). “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,662 qram heroinin maddi sübut kimi tanınması, həmin heroinin tədqiqatdan sonra 0,562 qram qalığının saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən AR ƏN-liyi PX-nin Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixli protokolun sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.68-72). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 sentyabr 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 29 noyabr 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.40-41). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-79/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmündən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.100-101). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində cinayət işinə baxılan zaman məhkəmə iclasına üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq getməsini), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi və məhkəmə iclasında cinayət işinə baxılan zaman məhkəmə iclasına üzərində qanunsuz narkotik vasitə saxlamaqla getdiyini, barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-79/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-79/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-79/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə məhkəmə iclas zalından həbsə alındığı vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində “həbs” qətimkan tədbiri seçilməklə başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-79/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə azaqlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,562 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 135 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar