Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-657/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə gözətçi işlədiyi "xxxx" MMC- nin ünvan 2 ünvanında yerləşən ofisinin inzibati binasındakı xidməti otaqlarda olan, saxlanc yeri kimi istifadə olunan iş masalarının siyirmələrindən 2023-cü ilin aprel ayından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ayrı- ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 3140 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları məbləğində nağd pulları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb əmlak sahibi olan hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 4160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də gözətçi işlədiyi "xxxx" MMCnin ünvan 2 ünvanında yerləşən ofisinin inzibati binasındakı xidməti otaqlarda olan, saxlanc yeri kimi istifadə olunan iş masalarının siyirmələrindən 2023-cü ilin aprel ayından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla 3140 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları məbləğində nağd pulları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla ümumilikdə 4160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, təxminən bir il olar ki, həmin şirkətdə gözətçi işləyir, işə iki gündən bir gecə saatlarından şirkətin iş vaxtı qurtardıqdan sonra səhər saatlarınadək şirkətdə iş başlayanadək çıxır, işi şirkətin ərazisinə və inzibati binalarına nəzarət etməkdən ibarətdir, inzibati otaqlardan unudularaq cərəyana taxılı qalmış elektrik avadanlığı və yanılı qalmış işıqları söndürmək üçün inzibati binadalardakı xidməti otaqların əksəriyətinin qapıları qıfıllanmamış saxlanılır, onun da həmin otaqlara daxil olmağa qeyri-rəsmi icazəsi var, lakin otaqlardakı saxlanc yerlərinə daxil olmağa icazəsi olmayıb, oğurluq etdiyi masaların siyirmələrinə qanunsuz daxil olmuşdur. 2023-cü ilin aprel ayının təxminən əvvəllərində şirkətin ofisindəki otaqlardan birinə, 106-cı otağa keçdikdə maraq üçün masaların siyirmələrini də açıb baxdıqda orada nağd pul saxlanılmasını görmüş, nəfisinə sahib çıxa bilməyərək həmin 300 manat məbləğində pulun üzərindən 100 manat məbləğində pul oğurlamış, hamısı oğurlamamışdır ki, oğurluq etməyi bilinməsin. Daha sonra digər otaqlardakı masaların siyirmələrinə də baxmağa başlamış, görmüş ki, bəzi digər otaqlardakı masalarda da müxtəlif məbləğlərdə pullar saxlanılır. Düşünmüş ki, birdən birə bütün otaqlardan pul oğurlasa məsələnin üstü açılar, kamera görüntülərinə baxaraq onu ifşa edə bilərlər, ona görə də qərara gəlmişdir ki, oğurluqları vaxtaşırı hissə-hissə törədər. Belə də etməyə başlamış, 2023-cü ilin aprel ayından iyul ayınadək olan müddətdə hər dəfə gecə işdə olanda hər dəfə ayrı-ayrı mərtəbələrdəki xidməti otaqlardan hissə-hissə oğurluq etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə işdə olarkən 402-ci otaqdakı masanın siyirməsindən 150 manat məbləğində pul oğurlamış, lakin həmin oğurluğunun üstü açılmışdır, bundan sonra şirkətin rəhbərliyi göstəriş verərək bütün otaqlardakı videomüşahidə kameralarının gecə onun növbəsində olan görüntülərini çıxartdırmış və onun törətdiyi digər oğurluqların da üstü açılmışdır, o da artıq hər şeyin bəlli olduğunu görüb özü səmimi etiraf etmişdir ki, 2023-cü ilin aprel ayından oğurluq etməklə məşğul olur. Həmin oğurluqları tək törətmiş, bu barədə heç kimə bildirməmiş, heç kimin köməyindən istifadə etməmiş, taladığı pulları da şəhərdəki masaj salonlarında xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-də hüquqşünas kimi fəaliyyət göstərir. Fəaliyyətləri ilə əlaqədar xidməti məsrəflər üçün şirkətin xəzinəsindən əməkdaşlara rüblük və aylıq müxtəlif məbləğlərdə nəğd vəsait ayrılır, həmin pulları əməkdaşlar xidməti otaqlarında, masalarının siyirmələrində saxlayırlar ki, hər gün işdə olanda oradan rahatlıqla götürüb xərcləyə bilsinlər, ciblərinə qoymurlar ki, öz şəxsi vəsaitləri ilə qarışmasın. Şirkətdə iş vaxtı əsasən saat 09:00dan 18:00-dək davam edir. Şirkətin ümumi ərazisi və inzibati binası mühafizə əməkdaşları tərəfindən qorunur, yanğın və digər təhlükəsizlik qaydaları baxımından əməkdaşlar işdən çıxdıqda xidməti otaqların qapılarını örtsələr də qıfıllamırlar ki, gecə vaxtı nə isə bir təhlükəli hadisə baş verərsə təhlükəsizlik xidmətinin əməkdaşları maneəsiz otaqlara daxil ola bilsinlər. Son vaxtlar əməkdaşların bir çoxu rəhbərliyə şikayətlənməyə başlamışlar ki, şirkət tərəfindən onlara xidməti məsrəflər üçün verilmiş pulların məbləğlərində müəmmalı şəkildə çatışmamızlıqlar yaranır. Bu məlumat şirkətin rəhbərliyinə məruzə olunduqda şirkətdə daxili yoxlamaya başlanıldı, təhlükəsizlik kameralarının qeydə aldıqları videogörüntülərə baxış keçirildi, 2023-cü ilin iyul ayının təxminən ortalarında isə müəyyən edildi ki, şirkətin gecə gözətçisi vəzifəsində işləyən, 2022-ci ilin təxminən sonlarından şirkətdə işə başlamış Təqsirləndirilən şəxs gecələr şirkətdə işdə olduğu müddətdə müxtəlif vaxtlarda gecə saatlarında şirkətin inzibati binasındakı otaqlara daxil olaraq əməkdaşların xidməti masalarının siyirmələrindən xidməti məsrəflər üçün ayrılmış pulları oğurlayır. Bununla əlaqədar izahatı alınmış Mirnağı Mircəlalov özü də etiraf etmişdir ki, 2023-cü ilin aprel ayından etibarən hər gecə növbəsinə çıxdıqda şirkətin inzibati binasındakı xidməti otaqlara daxil olaraq oradakı masaların siyirmələrindən hissə-hissə pulları oğurlamaqla məşğul olurmuş. Bundan sonra barəsində toplanmış materiallar polisə təqdim olunmuş və istintaq başlanılmış, polislər Mirnağını şirkətə gətirərək ifadəsini yerində yoxlamışlar, həmin vaxt Mirnağı şirkətin inzibati binasındakı bir çox otaqlarını göstərərək oradakı xidməti masaların siyirməsindən hissə-hissə ümumilikdə 3140 manat və 600 ABŞ dolları məbləğində pulları oğurladığını etiraf etmişdir. Bundan sonra bir daha əmin olmuşlar ki, xidməti məsrəflər üçün əməkdaşlara ayrılmış pul vəsaitlərində olan ümumilikdə 4160 manat məbləğində çatışmazlıq Mirnağının törətdiyi oğurluq nəticəsində yaranmışdır. Hadisə nəticəsində şirkətə məxsus məsrəf pulları oğurlandığından müvafiq olaraq maddi ziyan da şirkətə dəymişdir. MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-də fəaliyyət göstərir, xidməti otağı şirkətin inzibati binasının 2-ci mərtəbəsində yerləşir nömrəsi 205-dir. Fəaliyyətləri ilə əlaqədar xidməti məsrəflər üçün şirkətin xəzinəsindən onlara rüblük və aylıq müxtəlif məbləğlərdə nağd vəsait ayrılır, həmin pulları xidməti otaqlarında, xidməti masalarının siyirmələrində saxlayırlar ki, hər gün işdə olanda oradan rahatlıqla götürüb xərcləyə bilsinlər, ciblərinə qoymurlar ki, öz şəxsi vəsaitləri ilə qarışmasın. Xidməti iş vaxtları saat 09:00-dan 18:00-dək davam edir. Şirkətin ümumi ərazisi və inzibati binası mühafizə əməkdaşları tərəfindən qorunur, yanğın və digər təhlükəsizlik qaydaları baxımından onlar işdən çıxdıqda xidməti otaqların qapılarını örtsələr də qıfıllamırlar ki, gecə vaxtı nə isə bir təhlükəli hadisə baş verərsə təhlükəsizlik xidmətinin əməkdaşları maneəsiz otaqlara daxil ola bilsinlər. Son vaxtlar xidməti masasının siyirməsində saxladığı, şirkət tərəfindən xidməti məsrəflər üçün verilmiş pulların məbləğində bir neçə dəfə çatışmamızlıqlar müəyyən etmişdir, lakin çatışmayan pulların elə də böyük məbləğlər təşkil etmədiyindən buna əhəmiyyət verməmiş, həm də düşünmüşdür ki, bəlkə xərclədiyi pulların hesabını düzgün aparmamışdır, amma pulun oğurlana biləcəyi heç fikrindən belə keçməmişdir. Həmin ərəfədə şirkətin digər əməkdaşları ilə söhbət əsnasında müəyyən olmuşdur ki, şirkətin başqa əməkdaşlarının xidməti məsrəflərində də müəyyən çatışmazlıqlar yaranıb, bu məlumat şirkətin rəhbərliyinə məruzə, olunduqda şirkətdə daxili yoxlamaya başlanılmış, təhlükəsizlik kameralarının qeydə aldıqları videogörüntülərə baxış keçirilmiş, 2023-cü ilin iyul ayının təxminən ortalarında isə müəyyən edilmişdir ki, şirkətin gecə gözətçisi vəzifəsində işləyən, 2022-ci ilin təxminən sonlarından şirkətdə işə başlamış Təqsirləndirilən şəxs gecələr şirkətdə işdə olduğu müddətdə müxtəlif vaxtlarda gecə saatlarında şirkətin inzibati binasındakı otaqlara daxil olaraq əməkdaşların xidməti masalarının siyirmələrindən xidməti məsrəflər üçün ayrılmış pulları oğurlayır. Bununla əlaqədar izahatı alınmış Mirnağı Mircəlalov özü də etiraf etmişdir ki, 2023-cü ilin aprel ayından etibarən hər gecə növbəsinə çıxdıqda şirkətin inzibati binasındakı xidməti otaqlara daxil olaraq oradakı masaların siyirmələrindən hissə-hissə pulları oğurlamaqla məşğul olurmuş. Bundan sonra barəsində toplanmış materiallar polisə təqdim olunmuş və istintaq başlanılmış, polislər Mirnağını şirkətə gətirərək ifadəsini yerində yoxlamışlar, həmin vaxt Mirnağı onların 205-ci otağı da göstərərək onun xidməti masasının siyirməsindən hissə-hissə ümumilikdə 150 manat məbləğində pul oğurlamasını etiraf etmişdir. Bundan sonra o, bir daha əmin olmuşdur ki, xidməti məsrəflər üçün ona ayrılmış pul vəsaitlərində olan 150 manat məbləğində çatışmazlıq Mirnağının törətdiyi oğurluq nəticəsində yaranmışdır. Baş vermiş hadisə nəticəsində şirkətə məxsus məsrəf pulları oğurlandığından müvafiq olaraq maddi ziyan da şirkətlərinə dəymişdir, onun masasının siyirməsindən oğurlanmış pulun məbləği ümumilikdə 150 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin əməkdaşı Şahid3 da eyni məzmunlu ifadə verərək xidməti otağında olan siyirmədən 100 manat məbləğində pul vəsaitinin oğurlandığını, sonradan kamera görüntüləri ilə həmin pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının aşkar olunduğunu bildirmişdir. Digər şahidlər Şahid4, Şahid5, X9, Şahid6, X1, X7, Şahid7, X3, X4, X5, X8, X10, Şahid2, X2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Videogörüntüyə baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, CD-yə köçürülmüş 18 ədəd videogörüntülərdə Təqsirləndirilən şəxs gecə saatlarında 25 iyun və 06, 07, 09, 10, 11 və 16 iyul 2023-cü il tarixlərdə 409-cu otağa, 16 iyul 2023-cü il tarixdə 402-ci otağa, 29 iyun və 06, 08, 11, 15, 16, 19 iyul 2023- cü il tarixlərdə 107-ci otağa daxil olması, otaqlardakı masaların rəflərini axtarması, həmin rəflərdən saxlanılan pulları sayaraq üzərindən müxtəlif məbləğlərdə pullar götürməsi açıqaydın əks olunur. Videogörüntüyə keçirilmiş baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (i.v.59). “Maddi sübut kimi tanıma haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin yerləşdiyi ofisin inzibati binasında baş vermiş oğurluq hadisəsinin qeydə alınmış 18 ədəd videogörüntüləri əks olunmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.60-61). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində oğurluğu törətdiyi şəraiti və mexanizmi əyani şəkildə göstərmişdir (i.v.83-123). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş tərəfin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, videodiskdə olan görüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş tərəfin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, videodiskdə olan görüntülərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə, saat 21:15-də tutulmuşdur (i.v.52). Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(008)-577/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.129- 132). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.133-134). Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 88 saylı məktubdan görünür ki, şirkətə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onunla barışıq əldə olunmuş və şirkətin ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.135). Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 4(008)- 645/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.136-140). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.211-212). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-oğurluq hadisəsinin qeydə alınmış videogörüntüləri əks olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- oğurluq hadisəsinin qeydə alınmış videogörüntüləri əks olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-657/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-657/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver