Məhkəmə qərarları › İş №1(008)-658/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-658/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-658/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı vəki bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,247 qram, 0,213 qram, 0,250 qram, 0,220 qram və 0,237 qram olmaqla, ümumi təmiz çəkisi 1,401 qram olan narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 22:00-də yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ üst cibindəki tünd göy rəngli pul kisəsindən içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,247 qram, 0,213 qram, 0,250 qram, 0,220 qram və 0,237 qram olmaqla ümumi təmiz çəkisi 1,401 qram olan çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan altı ədəd şəffaf sellofan bükümlər aşkar edilərək götürülmüşlər. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur, özü narkotik aludəçisidir, bundan əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuşdur, məhkum olunmağına baxmayaraq yenə də narkotik vasitələrdən istifadə etməyi davam etmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi «Suraxanının Girişi» adlanan yerə getmişdir. Oradakı dəmiryolunun ətrafında yaşayan, bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı dəqiq bilmədiyi, əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı cavan oğlanla görüşərək ondan özü üçün qram yarım çəkidə «kakos» adlanan narkotik vasitə istəmişdir. Həmin şəxs ona yeddi ədəd bükümdə narkotik vasitə verərək 45 manat pulunu alıb çıxıb getmişdir, o da həmin şəxsin verdiyi bükümləri üzərindəki pul kisəsinin içərisinə yığıb həmin pul kisəsini əynindəki qara rəngli gödəkçəsinin cibinə qoyaraq tələsik şəkildə oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. Aldığı narkotik vasitənin bir hissəsini məhəllələrindəki çayxanada oturub çəkməklə istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Axşam saat 22 radələrində çayxanadan çıxıb evə gedərkən həmin bükümlərdən birini yolda rastlaşdığı Ramin adlı tanışına verib aralaşmış və yolunu davam etmişdir, evlərinin qarşısında onu bir neçə nəfər mülki geyimli şəxslər saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqları bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Onlara adını, soyadını deyəndən sonra polis əməkdaşları barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmişdir. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olubolmadığı soruşulduqda özü könüllü olaraq 06 ədəd sellofan bükümləri saxladığı pul kisəsini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümlərin içərisindəki kütlələrin «kakos» adlanan narkotik vasitə heroin olmasını təsdiq etmişdir, üzərində aşkar olunmuş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bükümlərdən birini maddi mənafeyi olmadan məhlədən tanıdığı Ramin adlı şəxsə verdiyini, narkotik vasitənin bir bükümünü ona verməkdə məqsədinin onu çətin vəziyyət çıxarmaq və gələcəkdə özünün də narkotik vasitəyə ehtiyacı olarsa Raminin də ona narkotik vasitə verməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə Bölmələrinə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Polis İdarəsinin CAŞ- nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində ünvan 3 ünvanının qarşısına yollanaraq məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPl-nin 13-cü PB- nin ünvan 5 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı İlqar Əsədov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist dəvət olunmuşlar, sonuncuların və onların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli gödəkçənin sağ üst cibinə salaraq oradan bir ədəd tünd göy rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi pul kisəsini açdıqda içərisindən altı ədəd şəffaf sellofan bükümlər aşkar olunmuş, həmin bükümlərin hər biri ayrı-ayrılıqda açıldıqda içərilərində tünd qəhvəyi rəngli toz şəkilli kütlələrin olması müəyyən olmuşdur. Saxlanılan Təqsirləndirilən şəxs həmin sellofan bükümlərin içərisində «kakos» adlanan narkotik vasitə «heroin»-in olmasını, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün bir gün əvvəl günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər şahidlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 12 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Sabunçu RPİnin 13-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2022-ci il tarixdə saat 22:55-də başlayaraq saat 23:15-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən “attent” markalı qolbaq cihazı, sol iç cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sağ üst cibindən isə bir ədəd cırılmış halda tünd göy rəngli dəridən hazırlanmış kiçik pul kisəsi aşkar olunmuş, Təqsirləndirilən şəxs dəri pul kisəsinin içərisində nə olması soruşulduqda, o, narkotik vasitə heroin olmasını bildirmiş, pul kisəsi açıldıqda içərisində 6 ədəd kiçik sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofanların içərisində nə olması soruşulduqda. o, bildirmişdir ki, 6 ədəd tünd qəhvəyi rəngli toz şəklində olan maddə isə narkotik vasitə heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri Suraxanı rayonu Suraxanının girişi deyilən yerdə özünün istifadəsi üçün ümumilikdə 30 manat pul verib aldığını, aldığı narkotikləri üzərində gəzdirdiyini, 12 aprel 2022ci il tarixdə saat 22:00 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 13-cü polis bölməsinə gətirildiyini bildirmişdir. Aşkar olunmuş həmin bükümlərdəki narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir (i.v.27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 6/2093 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi olan “X4 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində altı ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,234 qram, 0,247 qram, 0,213 qram, 0,250 qram, 0,220 qram, 0,237 qram ümumi çəkisi 1,401 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.38-39). Maddi sübut kimi tanınma haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,401 qram çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin cinayət işi üzrə sübuti əhəmiyyət kəsb etdiyindən və cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 1,161 qram qalıq qalmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.91). Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla istintaq materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-də şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon cihazının yaddaşında olan fayıllara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefondakı tarix və vaxt göstəriciləri hazırki real vaxt və tarix göstəriciləri ilə uyğun gəlir, telefonun «mesajlar» bölməsindəki SMS-lərin sırasında iş üçün maraq kəsb edən, +**********14 nömrəli abunəçidən xx.xx.2022-ci il tarixdə saat 01:06-da daxil olmuş «Ab; emindi 5+5 pati kakı 10 lug var vermy> mətnli və «Eliw 2» adlı +**********14 nömrəli abunəçidən xx.xx.2022-ci il tarixdə saat 19:50-də daxil olmuş «Qapa metı lazımdı 4dene senanı lomkadan cıxmaqa senol qaqa puluynan basına donerem meni yıq birdene» mətnli SMS-lər var; telefonun «fotoqalereya» bölümündə müxtəlif vaxtlarda və tarixlərdə, ayrı-ayrı xırda məbləğlərdə onlayn qaydada pul köçürmələrinin həyata keçirilməsi haqqında çox sayda fotolar var (i.v.93). Maddi sübut kimi tanınma haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.94). “CD” diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd CD-yə köçürülmüş bir ədəd səsli videogörüntüyə, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “İMG 1848” adlı “X8 FİLE (.MOV)" tipli 75,9 MB həcmli 09 dəqiqə 04 saniyyə müddətli videogörüntüdə xidməti otaqda masa arxasında bir nəfər polis baş leytenantı rütbəli şəxsin ayaq üstə dayanması, daha sonra otağa üç nəfər mülki geyimli şəxsin daxil olması əks olunur, polis geyimində olan şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı İlqar Əsədov olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Sabunçu RPİ-nin CAŞ- nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarına müraciət edərək vətəndaşı nə ilə bağlı və nə vaxt gətirdiklərini soruşur, həmin suala cavab olaraq Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 bildirir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə saat 22:00-da ünvan 7 ünvanının qarşısında saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Bundan sonra təhqiqatçı saxanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 04-cü saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli gödəkçənin ciblərinə salaraq sağ yan cibindən bir ədəd tünd göy rəngli dəri parçadan hazırlanmış pul kisəsini, sol yan cibindən bir ədəd müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuş şəxslər üçün nəzərdə tutulmuş fərdi elektron nəzarət cihazını, sol iç cibindən bir ədəd şəffaf qorucuyu üzlüyünün arxasında plastik bank kartı olan qara rəngli mobil telefon cihazını çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı saxlanılan şəxsdən üzərində başqa hər hansı bir predmet və əşya olub- olmadığını soruşaraq əməliyyat müvəkkilindən xahiş edir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu predmetlərə baxış keçirərək onların nə olmasına dair saxlanılan şəxsə suallar verir, daha sonra onun təqdim etdiyi pul kisəsini açıb içərisində 06 ədəd təxminən eyni ölçülü sellofan bükümlər aşkar edərək bükümlərin içərisinə bir-bir baxış keçirərək içərsində aşkar olunan qəhvəyi rəngli toz şəkilli kütlələri iştirakçılara və videokameraya nümayiş edir, həmin kütlələrin nə olmasına dair təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin sellofan bükümlərin içərisində olan kütlələr “kakos” adlanan narkotik vasitə “heroin”-dir, həmin narkotik vasitəni 11,04.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu “Suraxanını Girişi” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümlərin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onları götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 06 ədəd sellofan bükümləri həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntüyə keçirilən baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (i.v.114-115). Maddi sübut kimi tanınma haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır (i.v.116). İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3292 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixostmulyatorların qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.117-118). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ifadəsində göstərdiyi xüsusatlar, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin özünün ifadəsindəki xüsusatlar, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə edərək saxlayıb daşıdığını bildirsə də, 17 iyun 2022-ci il tarixdə verdiyi ifadəsində yeddi bükümdə olan “kakos” adlanan narkotik vasitəni 45 manata üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı dəqiq bilmədiyi şəxsdən aldığını, həmin bükümləri üzərində olan pul kisəsinin içərisinə yığıb həmin pul kisəsini əynində olan qara rəngli gödəkçənin cibinə qoyaraq tələsik şəkildə oradan uzaqlaşaraq yaşadığı ünvana gəldiyini, aldığı narkotik vasitənin bir hissəsini məhlədəki çayxanada oturub çəkməklə istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını, axşam saat 22 radələrində çayxanadan çıxıb evə gedərkən həmin bükümlərdən birini yolda rastlaşdığı Ramin adlı tanışına verdiyini bildirmişdir. Həmin ifadədən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmamasını bildirməsinə baxmayaraq hazırki ifadəsində əldə etdiyi narkotik vasitələrdən bir bükümünü Ramin adlı tanışına verməsini bildirməsi ilə bağlı yaranan ziddiyyətin səbəbi ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitəni Ramin adlı tanışına hər hansı mənfəət əldə etmək üçün deyil, “narkoman həmrəyliyi” göstərmək üçün vermişdir. Ramin adlı tanışı həmin vaxt onunla görüşərək ona 15 manat məbləğində pul vermişdir ki, özü üçün narkotik vasitə almağa gedəndə Ramin üçün də yarım qram alsın, o da razılaşmışdır. Özü üçün narkotik vasitə alanda Ramin üçün də almış, amma bu işdə heç bir qazanc əldə etməmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, “Ramin adlı şəxs üçün narkotik vasitə alıb gətirməkdə heç bir maddi marağı olmamış, sadəcə bir narkoman kimi onun vəziyyətini, ağrıdan əziyyət çəkməsini anlayaraq ona kömək etmək üçün bu addımı atmışdır. Elə vaxt olmuşdur ki, Ramin də onu ağrıdan çıxarmışdır”. Göründüyü kimi, Təqsirləndirilən şəxs özü də ifadəsində qanunsuz əldə etdiyi narkotik vasitələrdən bir bükümünü tanışı Ramin adlı şəxsə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərərək bir büküm narkotik vasitəni maddi mənfəət əldə etmək məqsədi olmadan Ramin adlı şəxsə verdiyini bildirsə də, məhkəmə qeyd edir ki, narkotik vasitələrin qanunsuz satılması narkotik vasitələrin yalnız əvəzli və ya qazanc əldə etmək məqsədi ilə deyil, digər şəxsi maraqla da yayılmasını özündə ehtiva edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs özü istintaq zamanı müstəntiqin sualına cavab olaraq narkotik vasitələrdən bir bükümünü “narkoman həmrəyliyi” göstərmək üçün tanışı Ramin adlı şəxsə verdiyini, məhkəmə baxışı zamanı da həmin xüsusatı təsdiq edərək Ramin adlı şəxsə narkotik vasitəni gələcəkdə özünün də ehtiyacı olarsa Raminin ona narkotik vasitə verməsi məqsədi ilə verdiyini bildirmişdir ki, bu da onun məhz şəxsi maraqla (Təqsirləndirilən şəxs özünün də göstərdiyi kimi narkomanlar arasında təşəkkül tapmış qaydaya əsasən birbirilərini çətin vəziyyətdən çıxarmaq, gələcəkdə ehtiyacı olarsa Raminin də ona narkotik vasitə verməsi üçün) narkotik vasitələrdən bir bükümünü Ramin adlı tanışına verməsinə dəlalət edir. Yəni, Təqsirləndirilən şəxs öz ifadələrinə əsasən narkotik vasitələrdən bir bükümünü Ramin adlı şəxsə verməsinin əsasında gələcəkdə lazım olarsa, ağırları olduqda Ramin adlı şəxsin də ona narkotik vasitə verməsindən ibarət şəxsi marağın dayandığı mübahisəsizdir. Bununla yanaşı, iş materiallarında olan “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon cihazının yaddaşında olan fayıllara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefondakı tarix və vaxt göstəriciləri hazırki real vaxt və tarix göstəriciləri ilə uyğun gəlir, telefonun «mesajlar» bölməsindəki SMS-lərin sırasında iş üçün maraq kəsb edən, +**********14 nömrəli abunəçidən xx.xx.2022-ci il tarixdə saat 01:06-da daxil olmuş «Ab; emindi 5+5 pati kakı 10 lug var vermy> mətnli və «Eliw 2» adlı +**********14 nömrəli abunəçidən xx.xx.2022-ci il tarixdə saat 19:50-də daxil olmuş «Qapa metı lazımdı 4dene senanı lomkadan cıxmaqa senol qaqa puluynan basına donerem meni yıq birdene» mətnli SMS-lər var; telefonun «fotoqalereya» bölümündə müxtəlif vaxtlarda və tarixlərdə, ayrı-ayrı xırda məbləğlərdə onlayn qaydada pul köçürmələrinin həyata keçirilməsi haqqında çox sayda fotolar var. Həmçinin, 17 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, dindirmə zamanı müstəntiqin sualına cavab olaraq Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təqdim edilmiş SMS yazışmaları və fotolarla tanış olduğunu, həqiqətən də həmin yazışmaların onun telefonu vasitəsi ilə aparıldığını təsdiq etdiyini, lakin hazırda həmin nömrələrin sahiblərini xatırlayıb dəqiq məlumat verə bilmədiyini, çox güman ki, həmin şəxslərin də onun kimi narkoman olduqlarını, həmin mesajların bir-birilərini ağrılı vəziyyətdən çıxarmaq üçün yazdıqları mesajlar olduğunu , pul köçürmələrinə dair fotoların isə onun telefonunda oynadığı kazino oyununa aid pul köçürmələrinin fotoları olduğunu bildirmişdir. Məhkəmə sadalanan sübutları tədqiq edərək qeyd edir ki, yuxarıda göstərilən SMS mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs maddi mənfəət müqabilində də qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin mesajların bir-birilərini ağrılı vəziyyətdən çıxarmaq üçün yazdıqları mesajlar olduğunu göstərsə də, Təqsirləndirilən şəxs telefonuna göndərilmiş mesajın mətnindən («Qapa metı lazımdı 4dene senanı lomkadan cıxmaqa senol qaqa puluynan basına donerem meni yıq birdene”) görünür ki, o pul müqabilində də narkotik vasitələrin satışını həyata keçirmişdir. Bununla yanaşı, telefonun «fotoqalereya» bölümündə müxtəlif vaxtlarda və tarixlərdə, ayrı-ayrı xırda məbləğlərdə onlayn qaydada pul köçürmələri ilə bağlı təqsirləndirilən şəxs pul köçürmələrinə dair fotoların isə onun telefonunda oynadığı kazino oyununa aid pul köçürmələrinin fotoları olduğunu bildirsə də, məhkəmə iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusunu, İlkin Əhmədovun ziddiyyətli ifadələr verməsini nəzərə alaraq Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi həmin dəlili əsassız hesab edir. Göstərilənlərdən savayı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin bükümlərdə olması da Təqsirləndirilən şəxs müvafiq narkotik vasitələri məhz satış məqsədi ilə əldə edərək daşıyıb saxlamasının göstəricisidir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin bükümlərdə olmasını narkotik vasitəni satan şəxsin ayrıca bükümdə yarım qram narkotik vasitənin olmadığını bildirərək 07 ayrı-ayrı bükümlərdə narkotik vasitəni almasını təklif etməsi ilə izah etsə də, məhkəmə qeyd edir ki, həqiqətən də öz istifadəsi üçün narkotik vasitə əldə edən şəxsin həmin miqdarda narkotik vasitəni birdəfəyə və ayrı-ayrı bükümlərdə alması inandırıcı olmamaqla, təqsirləndirilən şəxsin istinad etdiyi həmin xüsusat Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdiyi (13 aprel 2022-ci il tarixdə) ifadəsi ilə də təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən bildirmişdir ki, o, narkotik vasitənin qiyməti ilə maraqlanarkən bir nəfər şəxsin narkotik vasitələrin 06 bükümünü 30 manata təşkil edə biləcəyini öyrənmişdir. Bu zaman qiymətin sərfəli olduğunu düşünərək həmin şəxsə 30 manat pul verərək həmin narkotik vasitələri əldə etmişdir. Göründüyü kimi, narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması ilə əlaqədar Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün irəli sürdüyü dəlil (özünün narkotik vasitəni yarım qram olmaqla bir bükümdə əldə etmək istəməsi, lakin satıcının ona bükümlərdə almasını təklif etməsi) təqsirləndirilən şəxsin özünün ilkin ifadəsi ilə təkzib olunur. “Narkotik vasitələrin, narkotik vasitələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, qanunvericiliyin müddəalarını rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, narkotik vasitələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası AR CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona AR CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 22:25-də tutulmuşdur (i.v.24). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 4(008)-305/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır (i.v.72-75). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə AR CM-nin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 1800 manat cərimə cəzasına məhkum edilmiş, 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.77). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.102-107). Bakı şəhər Probasiya İdarəsi tərəfindən təqdim edilmiş 04 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, onba təyin edilmiş cəzanın 17 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 11 ay 11 gün təşkil edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsini, törətdiyi cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini (AR CM-nin 234.1-ci maddəsi ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq islah olunmağa meyl etmədiyini, əksinə əvvəlki cinayətdən daha yüksək ictimai təhlükəli cinayət törətməsini), cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət yüksək ictimai təhlükəliliyi ilə xarakterizə olunmaqla, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, o cümlədən, digər ictimai münasibətlərə də qəsd edib, ziyan vurduğu üçün ictimai təhlükəsizliyi dövlət idarə və müəssisəsinin normal fəaliyyətini, konkret müəyyən insanın-fərdin sağlamlığını təhlükə altına alır. Təsadüfi deyil ki, qanunverici AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə hər hansı digər alternativ cəza növləri müəyyən etmədən həmin cinayətə görə yalnız azadlıqdan məhrum etmə cəzasının təyin ediməsini nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, cəzanın məqsədlərini təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 ay 04 gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının bu günədək çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və həbsdə saxlanıldığı müddət həmin cəzadan çıxılmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının bu günədək çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu gündən, yəni 17 avqust 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1,161 qram çəkidə qalıq qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 65 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 04 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının bu günədək çəkilməmiş hissəsi (02 il 11 ay 11 gün) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 05 ay 20 gün müddəti, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1,161 qram çəkidə qalıq qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar