Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-659/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, fərdi həyət evində kirayədə yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12 aprel 2024- cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən nömrəsiz fərdi həyət evinin giriş qapısının açarla bağlanmamış vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq həmin evin yataq otaq otağında olan dolabdan Zərərçəkmiş şəxs qızma məxsus 1200 manat dəyərində təmiz çəkisi 9,69 qram olan 583 əyarlı 02 ədəd qızıl boyunbağını üzərindəki kulonlarla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı ərazidə o, tibb bacısı xidməti göstərərək əldə etdiyi maddi vəsaitlə ailəsini dolandırmışdır. 2024-cü ilin aprel ayının əvvəllərində Pərvanə cərrahiyə əməliyyatı keçirdiyindən ona müalicəsi ilə bağlı dərmanın damcı şəklində damara yeridilməsi (sistem qoşmaq) müalicəsi etmişdir. Həmin vaxt Pərvanə özünə məxsus qızılları, yəni 2 ədəd qızıl boyunbağını və 2 ədəd qızıl klounu xalası Naziməyə göstərdikdən sonra özünə məxsus şalvarın cibində gizlədərək, dolaba asmağını görmüşdür. Bundan 2 gün sonra, yəni 12 aprel 2024-cü il tarixdə saat 18 radələrində o, yenidən Pərvanənin müalicəsi üçün onun yaşadığı mənzilə getmişdir. Evin qapısı bağlı olmuşdur, qapıda gözləmiş, Pərvinin qızı gəlib qapını açmış, daha sonra anasını çağırmaq üçün getmişdir, evdə heç kim olmamışdır, o əvvəldən qızıl qoyulan yeri bildiyindən dolabın qapısını açaraq Pərvanəyə məxsus şalvarı götürmüş və cibindən 2 ədəd qızıl qadın boyunbağını üzərində olan kulonlarla birlikdə götürərək cibinə qoymuşdur. Pərvanənin müalicəsi bitdikdən sonra o, mənzili tərk etmişdir. Səhəri gün, yəni 13 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən lombarda həmin qızılları sataraq 750 manat məbləğində pul götürmüşdür. Bir müddət sonra Pərvanə onunla əlaqə saxlayaraq, qızıl boyunbağının onun tərəfindən oğurlandığını bildiyini demişdir. O, Pərvanəyə bildirmişdir ki, tez bir zamanda onun pulunu ödəyəcək. Daha sonra o, Pərvanəyə dəymiş ziyanı ödəyə bilməmişdir. Əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavabında göstərmişdir ki, o evə gələndə qapı bağlı olmuşdur. Qonşuları demişdir ki, Pərvanə xalasıgilə getmişdir. Həmin vaxt Pərvinin qızı gəlmiş qapını açmışdır ki, anasına xəbər versin. O, mənzilə daxil olmuş, evdə heç kimin olmamasından istifadə edərək otağa keçmiş, otaqda olan əvvəlcədən gördüyü Pərvinin qızılları gizlətdiyi dolabın qapısını açaraq, şalvarı taparaq cibindən qızılları götürmüşdür. Həmin vaxt evdə nə Pərvin, nə də ki qızı olmamışdır. Qızıllar qapısı bağlı dolabın içərisində olan qatlanmış şalvarın cibində olmuşdur. Pərvanə ona mənzilə və dolaba daxil olmağa razılıq verməmiş, onun həmin mənzilə daxil olmaq ixtiyarı olmamışdır. Heç kimin olmamasından istifadə edərək evə daxil olarkən qızılları götürmək istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində kirayə yaşamışdır. Təqsirləndirilən şəxs tibb bacısı işlədiyindən, 2024-cü ilin aprel ayının əvvəllərində o, cərrahiyyə əməliyyatı keçirdiyindən Nailə ona sistem qoşmuşdur. Nailə onlarda olan zaman o, özünə məxsus 02 ədəd 585 əyyarlı ümumi çəkisi, təxminən 10 qram olan qadın boyunbağını üzərindəki kulonlarla birlikdə özünə məxsus şalvarın cibinə gizlədərək dolaba asmağını görmüşdür. Bundan 3 gün sonra o, təxminən 2024-cü ilin aprel ayının 12-sində saat 18 radələrində qonşuluqda yaşayan xalasıgilə getmiş və o, evdə olmadığı zaman Nailə onun yaşadığı mənzilə gəlmiş, qapıdan içəri daxil olmuşdur. Onu da qeyd etmişdir ki, xalasıgilə gedən zaman mənzilin qapısını bağlamışdır, o xalasıgilə gedən zaman qızına masanı yığışdırıb arxasınca gəlməsini söyləmişdir, o getdikdən sonra qızı gələrkən yolda Nailənin gəldiyini görmüş, açarı ona verib evə getməsini və onu çağırıb gələcəyini demişdir, qızı xalasıgilə onu çağırmağa gələn zaman açarı Nailəyə verdiyini deyən zaman ona tez evə getməsini özünün yavaş yavaş gəldiyini bildirmişdir, qızı evə gələndə Nailənin baş otaqdan çıxdığını görmüşdür. O, evə gəldikdə Nailə sistemi hazırlamışdır, Nailə getdikdən sonra o, şalvarın cibinə qoymuş olduğu qızılların yerində olub-olmamasını yoxlamış və qızılların yerində olmadığını görmüşdür. Bundan sonra o, Nailə ilə əlaqə saxlayaraq bu barədə soruşmuşdur. İlk öncə həmin şəxs qəbul etməsə də, sonradan qızılları götürməsini etiraf etmiş və ona bildirmişdir ki, bir qədər səbirli olsun, tez bir zamanda ödəyəcəkdir. O, Nailə ilə razılaşmışdır. Həmin gündən bu günə qədər Nailə onu aldadaraq qızıllarının pulunu verməmiş, nə də ki, qızıllarını qaytarmamışdır. Baş vermiş hadisə zamanı ona məxsus 02 ədəd 585 əyyarlı ümumi çəkisi, təxminən 10 qram olan qadın boyunbağını üzərindəki kulonlarla birlikdə oğurlanması nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Ziyan ona ödənilməmişdir. Ona verilmiş suallara cavabında zərərçəkmiş şəxs göstərmişdir ki, Nailəni məhəllədə sistem qoşan kimi tanımışdır. Nailə əvvəl onun evində olub sistem qoşanda qızılları xalasına göstərəndə görmüşdür. Hadisə günü xalasıgilə getmiş, qızı ondan sonra gəlmişdir. Qapını bağlı olmuş, qızı yolda Nailəni görüb, açarları Nailəyə vermiş, daha sonra qızı onu çağırmağa gəlmişdir. Qızı Nəzrin ona dedikdə dərhal evə qayıtmışlar. Qızı Nəzrin ondan əvvəl evə qayıtmış, evə qayıdarkən Nailənin otaqdan çıxdığını görmüşdür. Qızıllar evdə olan dolabın içərisində olan şalvarın cibində olmuş və həmin şalvarı başqa paltarların arasında gizlətmişdir. Nailəni özü görsəydi heç vaxt ona açarları verməzdi. Nailəyə evə və ya dolaba daxil olmağa razılıq verməmişdir. Hazırda məhkəmə iclasında vermiş olduğu ifadəsini təsdiq etmişdir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov küçəsində yerləşən fərdi yaşayış evidir (i.v.5-7). “götürmə və baxış keçirmə barədə” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd CD diski təqdim edərək araşdırma materialına əlavə edilməsini xahiş etmişdir (i.v.11-12). 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.2ci maddəsinə əsasən dayandırılmışdır(i.v.37). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 01 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.39). “axtarışda olan şəxsin tutulması barəsində” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdə saat 16:00-da Xətai rayonunda saxlanılaraq PŞ-nə gətirilmişdir(i.v.42). 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir(i.v.43). “CD diskə baxış keçirilməsi haqqında” 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan “WhatsApp Audio 2025-06-03 at 12.49.08” adlı fayla baxış keçirilən zaman iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında danışıqların olması aşkar olunmuşdur. Səs yazılarında Zərərçəkmiş şəxs 1200 manat pulun 2 dəfə, hər ay 600 manat verilməsini tələb edir, Təqsirləndirilən şəxs onunla razılaşmış və pulu tez bir zamanda verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin səs yazılarında danışan şəxslərin Zərərçəkmiş şəxs və onun özü olduğunu bildirmişdir(i.v.61). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.66-67). Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü uşağı-X1 vardır(i.v.78). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.82-82A). Qətimkan tədbirinin seçilməsi barədə 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.83-84). “ifadənin yerində yoxlanılması haqqında” 29 avqust 2025-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünün törətdiyi cinayət əməlini əyani formada göstərmişdir(i.v.88-94). 13 aprel 2024-cü il tarixli ƏİX 610213 saylı girov biletindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı təmiz çəkisi 9,69 qram 583 əyarlı iki ədəd boyunbağı və iki ədəd klonu 580 manat müqabilində ünvan 3 ünvanında yerləşən lombarda girov qoymuşdur(i.v.95-96). “sübutların qiymətləndirilməsi barədə” 02 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı təmiz çəkisi 9,69 qram 583 əyarlı iki ədəd boyunbağı və iki ədəd kulonu ünvan 4 ünvanında yerləşən lombarda girov qoymasını təsdiq edən 13 aprel 2024-cü il tarixli ƏİX 610213 saylı girov bileti və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə onun arasında olan onun etdiyi cinayət əməlini etiraf etdiyi səs yazıları olan 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış keçirilməsi və götürmə barədə, ifadənin yerində yoxlanılması barədə protokol iş üzrə sübut kimi qiymətləndirilmişdir(i.v.102-106). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması(oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd). Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir(21-ci bənd). Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək, təqdim edilmiş sübutları şübhə altına ala biləcək və öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsə evə və ya dolaba daxil olmağa razılıq verməmişdir. Təqsirləndirilən şəxs evdə heç kimin olmamasından istifadə edərək evə daxil olaraq otaqda yerləşən dolabda saxlanılan şalvarının cibindən qızılları götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, o, mənzilə daxil olmuş, evdə heç kimin olmamasından istifadə edərək otağa keçmiş, otaqda olan əvvəlcədən gördüyü Pərvinin qızılları gizlətdiyi dolabın qapısını açaraq, şalvarı taparaq cibindən qızılları götürmüşdür. Həmin vaxt evdə nə Pərvin, nə də ki qızı olmamışdır. Qızıllar qapısı bağlı dolabın içərisində olan qatlanmış şalvarın cibində olmuşdur. Pərvanə ona mənzilə və dolaba daxil olmağa razılıq verməmiş, onun həmin mənzilə daxil olmaq ixtiyarı olmamışdır. Heç kimin olmamasından istifadə edərək evə daxil olarkən qızılları götürmək istəmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması(59.1.4), törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətinxarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), iş üzrə maddi sübut olan girov bileti və disk cinayət işi materialları arasında saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut girov bileti və disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, mülki iddia ilə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdən 28 avqust 2025-ci il tarixədək saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yerini, axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut- girov bileti və disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 24 iş saatına görə 264 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və y a şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-659/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-659/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver