Məhkəmə qərarları › İş №1(008)-663/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-663/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-663/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 21 iyul 2022-ci il tarixdə saat 23 radələrində qohumu X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivinə gələrək, əvvəlcədən razlaşdıqları kimi Ləhiş bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus təmir işləri başa çatmamış 3722 A saylı bir mərtəbəli bağ evin daş hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olmuş, sonra isə həyətyanı sahədə tikilmiş evin sol tərəfində yerləşən zal otağının plastik pəncərəsini əlləri ilə açaraq saxlanc yeri hesab edilən evə qanunsuz daxil olmaqla zal otağından özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 105 manat olan bir ədəd laqondanı, qiyməti 55 manat olan bir ədəd “Dastool” markalı laqondanı, qiyməti 90 manat olan bir ədəd “Bosch” markalı perforatoru və hər birinin qiyməti 15 manat olmaqla, 435 manat dəyərində iyirmi doqquz ədəd elektrik avtomat sığortalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 685 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 15 avqust 2022-ci il tarixdə saat 22 radələrində qohumu X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivinə gələrək, əvvəlcədən razlaşdıqları kimi Ləhiş bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus təmir işləri başa çatmamış 3722 A saylı bir mərtəbəli bağ evin daş hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olmuş, sonra isə həyətyanı sahədə tikilmiş evin sol tərəfində yerləşən zal otağının plastik pəncərəsini əlləri ilə açaraq saxlanc yeri hesab edilən evə qanunsuz daxil olmaqla zal otağından 1000 manat dəyərində hovuz üçün nəzərdə tutulmuş su mühərrikini və qiyməti 300 manat olan iki çıxışlı, 2x4 mm ölçüdə, 100 metr uzunluğunda mis elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman bibisi oğlu X3 onun yaşadığı evə gəlmişdir. Ağanəbi ilə söhbət edərkən, Ağanəbiyə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən yaşayış olmayan bağ evlərindən birindən oğurluq etmələrini təklif etmiş, həmin vaxt Ağanəbi onun təklifi ilə razlaşmışdır. Bundan sonra Ağanəbi ilə birlikdə yaşadığı evdən çıxaraq təxminən saat 23 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivinə gəlmişlər. Ləhiş bağlar massivində gəzişdikləri vaxt tanımadıqları şəxsə məxsus bir mərtəbəli bağ evin qarşısından keçirmişlər. Həmin evin sahibinin evdə olub-olmamasını yoxlamaq üçün evin hasarına dırmaşıb evə baxdıqda, evdə heç kimin olmadığını görmüşlər və oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, hasardan aşaraq həyətə daxil olmuş, Ağanəbi isə hasarın üzərində onu gözləmişdir. Evin sol tərəfində yerləşən otağın plastik pəncərəsini əlləri ilə açıb evin içərisinə daxil olmuşdur. Bundan sonra evin otaqlarını axtarmağa başlamış, evdə təmir işləri getdiyi üçün, eyni zamanda yaşayış olmadığı üçün evdən qiymətli əşya və pul tapa bilməmiş, ancaq evin otaqlarının birindən iki ədəd laqondanı, bir ədəd perforatoru və dəqiq yadında qalmayıb bir neçə elektrik avtomat sığortalarını götürüb evdən çıxmışdır. Bundan sonra oğurladıqları əşyaları özləri ilə götürərək hasardan daxil olduqları qaydada çölə çıxartmışlar və yaşadığı evin həyətinə gətirib evin zirzəmisində gizli saxlamışlar. Sonra Ağanəbi həmin əşyaları ondan götürərək aparıb satmışdır. Oğurluq yolu ilə əldə etdikləri satılan əşyalardan əldə olunan pulu iki yerə bölmüşlər, ona düşən pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 15 avqust 2022-ci il tarixdə axşam saatlarında yenə qohumu Ağanəbi ilə birlikdə oğurluq etmək qrarına gəlmişlər. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivinə gəlmişlər. Ləhiş bağlar massivində gəzişdikləri vaxt 21 iyul 2022-ci il tarixdə oğurluq etdikləri tanımadıqları şəxsə məxsus bağ evin qarşısından keçərkən yenə də, həmin evin sahibinin evdə olub-olmamasını dəqiq yoxlamaq üçün evin hasarına dırmaşıb evə baxdıqda, evdə heç kimin olmadığını görmüşlər və oradan oğurluq etmək qərarına gəlmişlər. Bu dəfə o, hasarın üzərində qalmış, Ağanəbi hasarı aşaraq həyətə daxil olmuşdur. Bir müddət sonra evdən oğurladığı əşyalarla birlikdə qayıtmış və onlar oradan uzaqlaşmışlar. Həmin əşyaları növbəti gün Ağanəbi satmışdır. Əldə olunan pulu aralarında bölmüşlər. Oğurlanan əşyalardan laqonda və preforatoru zərəçəkmiş şəxsə qaytarmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 4 otaqdan və 2 sanitar qovşaqdan ibarət, kürsülü bir mərtəbəli 3722 A saylı bağ evi var. Həmin evdə təmir işləri getdiyi üçün orada yaşamırlar, ancaq buna baxmayaraq iki gündən bir bağ evinə baş çəkməyə gedir. 21 iyul 2022-ci il tarixdə təxminən saat 19:30 radələrində sözü gedən bağ evinə nəzarət etməyə getmiş, təxminən 15-20 dəqiqə bağ evinə nəzarət edib yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni 22 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində yenə həmişə olduğu kimi bağ evinə getmiş və evin həyətinə daxil olarkən evin sol tərəfində yerləşən zal otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin giriş qapısını açıb içəri daxil olduqda evin zal otağında olan təmir işləri üçün aldığı qiyməti 105 manat olan markasını bilmədiyi bir ədəd laqondanın, qiyməti 55 manat olan bir ədəd “Dastool” markalı laqondanın, qiyməti 90 manat olan bir ədəd “Bosch” markalı perforatorun və hər birinin qiyməti 15 manat olmaqla, 435 manat dəyərində iyirmi doqquz ədəd elektrik avtomat sığortaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bağ evindən oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gedərək ərizə və izahat vermişdir. Bundan başqa yenə həmişə olduğu kimi 16 avqust 2022-ci il tarixdə saat 10 radələrində Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 3722 A saylı bağ evinə nəzarət etməyə getmişdir. Evin həyətinə daxil olarkən yenə evin sol tərəfində yerləşən zal otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin giriş qapısını açıb içəri daxil olduqda evin zal otağında olan 1000 manat dəyərində hovuz üçün nəzərdə tutulmuş markasını bilmədiyi su mühərrikinin və qiyməti 300 manat olan iki çıxışlı, 2x4 mm ölçüdə, 100 metr uzunluğunda mis elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bağ evindən oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Sabunçu RPİnin 42-ci polis bölməsinə gedərək ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1985 manat məbləğində maddi ziyan dəymişdir. Laqonda və preforator geri qaytarılmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 3722A saylı bağa baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 3722A saylı bağa baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; Maddi sübutun götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus 3722 A saylı bağ evindən oğurladığı Zərərçəkmiş şəxs məxsus bir ədəd “Dastool” markalı laqondanı və bir ədəd “Bosch” markalı preforatoru Zərərçəkmiş şəxs qaytarılması üçün təqdim etmişdir. Bu səbəbdən bir ədəd “Dastool” markalı laqonda və bir ədəd “Bosch” markalı preforator maddi sübut kimi götürülmüşdür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaq AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 01 il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti bitdiyindən idarənin qeydiyyatından çıxarılmışdır; Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaq AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir. Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X1 barəsində AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, iş üzrə maddi sübut hesab edilən “Dastool” markalı laqonda və bir ədəd “Bosch” markalı preforator zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, AR CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, AR CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Ona görə də də, Təqsirləndirilən şəxs əməlində residiv müəyyəın edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), törətdiyi cinayətin mülkiyyət əleyhinə olan cinayətlərə daxil olmasını, mülkiyyətçiyə, yəni zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, onun şikayət və tələbinin olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Dastool” markalı laqondanın və 1 ədəd “Bosch” markalı preforatorun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır.(CPM-nin 132.1.5) Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 2 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 il 11 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Dastool” markalı laqondanın və bir ədəd “Bosch” markalı preforatorun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar