Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-664/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən verilmiş BD301433 nömrəli Zərərçəkmiş şəxs2 məxsus sürücülük vəsiqəsini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyul 2023-cü il tarixdə, saat 13 radələrində usta kimi təmir işləri gördüyü Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində olarkən qonaq otağında saxlanc yeri hesab edilən dolabın qapısını açıb qanunsuz daxil olaraq oradan qızıl-zinyət əşyalarının saxlanıldığı qızıl qabın içərisindən 01 ədəd 20,27 qram 2130 manat dəyərində 583 əyarlı qızıl kolyeni gizli olaraq talamaqla zərərçəkmiş şəxs X1 ümumilikdə 2130 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 14 iyul 2023-cü tarixdə, saat 22 radələrində qohumu Şahid4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük sovxozu nömrəsiz fərdi yaşayış evin həyətində olan zaman həyətdə saxlanılmış Şahid4 qardaşı Zərərçəkmiş şəxs2 mülkiyyətində olan «Mercedes-Benz C200» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə olmasından istifadə edərək avtomobilin qapısını açıb salonda olan sandıqçadan Zərərçəkmiş şəxs2 məxsus xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən verilmiş BD301433 nömrəli mühüm sənəd hesab edilən sürücülük vəsiqəsini talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 13 ildir ki, müxtəlif ünvanlarda aparılan təmir tikintidə fəhlə və ustalıq edir. O, 2023-cü ilin iyul ayında Xətai rayonu, P.Həşimov küçəsində kirayədə yaşamış və təmir tikinti işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini orada kirayədə yaşadığı müddətdə tanımışdır. Hətta bir müddət Sevincin oğlu Rasim ilə birlikdə usta olaraq tikintilərdə işləmişdir. Lakin sonradan Rasim Rusiya Federasiyasına işləməyə getmişdir. 2023-cü ilin iyul ayında əvvəllərində Sevinc ona zəng edərək yaşadığı ünvan 2 ünvanı təmir etdirmək fikrinin olduğunu bildirib onu yaşadığı evə dəvət etmişdir. O, evdə görəcəyi işlərə baxdıqdan sonra həmin günü təmirə lazım olacaq materialları alaraq işə başlamışdır. O, işlədiyi müddət ərzində evdə divarı deşərkən qolumdan xəsarət almışdır. Bundan sonra normal şəkildə işləyə bilməsə də, gücü çatan işləri görmüş. Zərərçəkmiş şəxs1 mənim normal olaraq işləyə bilmədiyini görüb ona kömək olsun deyə başqa bir nəfər usta gətirmişdir. Həmin adını unutduğu və tanımadığım usta bir gün ərzində evdə işləmişdir. O, Sevincin evində işlədiyi müddət ərzində Tovuz rayonunda olan övladı xəstələndiyi üçün Sevincdən 250-300 manat istədikdə pulunun olmadığını Rasimin pul göndərəcəyi vaxtı ona da, pul verəcəyini bildirib ona 50 manat pul vermişdir. O, Sevincin evində təmir işləri görərkən qonaq otağında olan qapısı açılıb-bağlanan dolabın içərisində ki, qızıl-zinyət əşyalarının saxlanıldığı qabı görmüşdür. 14 iyul 2023-cü il tarixdə saat 13 radələrində Sevincin evdə olmadığını və həyətdə olduğunu görüb və pula ehtiyacı olduğundan həmin dolabın qapısını açaraq qızıl-zinyət əşyalarının saxlanıldığı qabın içərisini açıdqda içərisində qızıl-zinyət əşyalarının olduğunu görmüşdür. Bundan sonra o, oradan 01 ədəd klonu üzərində olan qızıl boyunbağını götürmüş, digər qızıl-zinyət əşyalarına dəymərək yerinə qoymuşdur. 14 iyul 2023-cü il tarixdə saat təxminən 22 radələrində o, evdə işlərini yekunlaşdırıb Sevincin evindən çıxıb bacısı Şahid5 qonaq olaraq qaldığı qohumları Şahid4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu nömrəsiz fərdi tikilmiş evə getmiş və gecəni orada qalmışdır. Həmin gün yəni, 14 iyul 2023-cü il tarixdə saat təxminən 22 radələrində qonaq olaraq qaldığı evin həyətində olan Zərərçəkmiş şəxs2 «Mercedes C200» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasını görmüş və qapısını açaraq avtomobilin salonunda olan sandıqçadan Zərərçəkmiş şəxs2 məxsus sürücülük vəsiqəsini götürərək oğurlamışdır. Həmin sürücülük vəsiqəsi usta olaraq işlədiyi Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı qızıl boyunbağını lombarda girov qoymaq üçün hər hansı bir şəkilli sənəd lazım olduğunu bildiyi üçün oğurlamışdır. 15 iyul 2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən H.Aslanov metrostansiyasının yaxınlığında olan lombarda yaxınlaşaraq oğurladığı sürücülük vəsiqəsindən istifadə edərək lombardın işçisinə həmin sürücülük vəsiqəsinə verib özümü vəsiqədə olan şəxs kimi təqdim edərək oğurladığı 01 ədəd klonu ilə birlikdə qızıl boyunbağının özünə məxsus olduğunu bildirmişdir. Lombardın işçisi ona 950 manat pul verə biləcəyini demişdir. O, həmin işçiyə 300 manat pul lazım olduğunu demiş, 01 ədəd klonu ilə birlikdə qızıl boyunbağını girov qoyaraq 300 manat pul götürmüş və 10 gün ərzində girovu geri götürəndə səhv etmirəsə, ya 315 manat, ya da 318 manat pul verəcəyini bildirmişdir. Götürdüyü pulun 100 manatını özünə, 200 manatı isə Tovuz rayonunda yaşayan ailəsinə göndərmişdir. Bir neçə gün qolu ağrıdığı üçün Sevincin evində işləməyə ara-sıra getmişdir. 20 iyul 2023-cü il tarixdə Sevincin kürəkəni Orxan onun yaşadığı evə gəlmişdir. Orxan onunla söhbət etdikdən sonra onun mobil telefonu ilə Sevinclə danışmışdır. Sevinc ondan oğurluq edib-etmədiyini soruşduqda oğurluq etdiyini etiraf etməmişdir. Bundan sonra onlar Sevincin yaşadığı evə gəldikdə polis əməkdaşlarının orada olduğunu görüb oğurluq etməsinin məlum olduğunu başa düşmüş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə lombarda getmişlər və ora girov qoyduğu 01 ədəd qızıl boyunbağı götürülərək Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Qeyd etmişdir ki, törətdiyi əməldən peşmandır. Əlavə verilən sualara cavab olaraq bildirmişdir ki, o, ilkin araşdırma zamanı oğurluq hədəsini törətdiyi tarixi ilkin olaraq dəqiq bilməmiş, həmçinin məsuliyyətinin yüngül olmasını fikirləyib guya qızıl boyunbağını evdə olan yorğan döşəyin altından götürdüyünü bildirmiş, hazırda hadisənin necə baş verdiyini ifadəsində qeyd etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanın qonaq otağında olan dolabın qapısının bağlı vəziyyətdə olduğunu dolabı qapısını açaraq oradan götürdüyünü bildirmişdir. Oğurluq cinayətini törədən zaman həmin vaxtı evdə Sevincdən başqa heç kimin olmamış, Sevinc də həyətə düşdüyündən fürsətdən istifadə edərək dolabdan qızıl boyunbağını oğurlamışdır. X4 evindən oğurluq etdiyindən heç bir xəbəri olmamışdır. O, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu nömrəsiz fərdi tikilmiş evin həyətində saxlanılmış Zərərçəkmiş şəxs2 «Mercedes C200» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda yerləşən sandıqçadan sürücülük vəsiqəsini oğurlayan zaman bacısı Münurənin bundan məlumatı olmamış və ya başqa kimsə onu görməmişdir. Sevincin ona evində olan dolabların içərisinə daxil olmağına və ya yorğan döşəyin altına, digər əşyalarının saxlanıldığı yerlərə daxil olmağa icazə vermədiyini, yalnız evdə olduğu müddətdə və ya olmadığı müddətdə təmir etdiyi yerlərdə əşyaları kənara çəkməyə icazə verdiyini, bundan başqa heçnəyə icazə vermədiyini, evdə işlədiyi tikinti materialları isə otaqda kənarda bir yerdə olduğundan oradan götürərək işinə davam etdiyini bildirmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. Təxminən 4-5 ildir Rövşən adlı şəxs qonşuluqda kirayədə yaşamış, onun usta olaraq işlədiyini bilmişdir. 2023-cü ilin iyul aynını əvvəllərində yaşadığı ünvanı təmir etdirmək qərarına gəlmişdir. Evi təmir etmək üçün Rövşən adlı şəxsə müraciət etmiş və Rövşən evə baxdıqdan sonra ilkin olaraq evin təmiri üçün 1000 manat pul istəmiş və o, da Rövşənlə razılşaraq həmin pulu ona vermişdir. Bundan sonra Rövşən təxminən 2023-cü ilin iyul ayının əvvəllərində evin təmir tikinti işlərinə başlamışdır. 19 iyul 2023-cü il tarixdə o, sonradan adının Məsim olduğunu bildiyi şəxsi günə muzd olaraq Rövşənə köməkçi gətirmişdir. 19 iyul 2023-cü il tarixdə saat 22:00-da qonaq otağında olan dolabdan içərisində qızıl-zinət əşyalarını saxladığı qızıl qabını götürüb özünə məxsus olan yataq otağında yorğan döşəyin arasında gizlətmişdir. Bildirmişdir ki, o, qızıl qabını götürməmişdən öncə Rövşən qonaq otağında artıq təmir işlərinə başlamışdır. O, qızıl qabını dolabdan götürdükdən sonra qabın içərisində nə qədər qızılının olub- olmadığını, həmçinin qabının qırılıb-qırılmadığına fikir verməmişdir. 20 iyul 2023-cü il tarixdə səhər saat 08:00-da yorğan döşəyin arasında gizlətdiyi içərisində qızıl-zinət əşyaları olan qızıl qabından oğurluq olmasını ehtimal edərək başqa bir daha etibarlı yerdə gizlətmək üçün oradan götürmüşdür. Qızıl qabını götürüb açmaq istəyən zaman qapağının sınıq olduğunu görmüşdür. Qabın içərisinə baxdıqda özünə məxsus digər qızıl-zinyət əşyalarının yerində olmasına baxmayaraq 01 ədəd klonu ilə birlikdə 583 əyarlı briliyant qaşlı 20 qramlıq qızıl boyunbağının yerində olmadığını aşkar etmişdir. Bundan sonra qonşuluqda yaşayan kürəkəni Orxana bu barədə məlumat verərək evinə gəlməsini bildirmişdir. Orxan qızı ilə birlikdə onların evinə gəldikdən sonra aşkar etdiyi fakt barədə məlumat vermiş və evində usta olaraq işləyən Rövşən şübhələndiyini bildirmişdir. Orxan qonşulquda kirayə yaşayan Rövşəni yaşadıqları ünvana çağırmışdır. Rövşən gəldikdən sonra bir gün onunla köməkçi işləmiş Məsim adlı şəxsində evə çağırmışdır. Bundan sonra hər ikisi ilə söhbət etmiş, onlardan birinin onun boyunbağısını oğurlamalarında şübhələndiyini bildirdikdə heç biri etiraf etməmişdir. O, da baş vermiş hadisə barədə polisə müraciət etmişdir. Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşları yaşadıqları ünvana gəlmişlər və şübhələdiyi Rövşəni və Məsimi polis şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman Rövşən ona məxsus qızıl boyunbağını 14 iyul 2023-cü il tarixdə o, evdə olmadığı müddət ərzində evdən oğurladığını və lombarda girov qoyduğunu etiraf etməsi barədə ona məlumat verilmişdir. Sonradan onun qızıl boyunbağısı lombarddan götürülüb ekspertizaya göndərmişlər. Ekspertiza qızıl boyunbağını 2130 manat dəyərləndirmişdir. Ekspertizadan qayıtdıqdan sonra ona məxsus olan qızıl boyunbağı özünə qaytarılmışdır. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, barəsində şikayət etdyi Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində bir neçə saatlıq evdə tək qaldığı günlər olmuş və ***- ***-**-** saylı mobil nömrəni işlətmişdir. O, həmin qızıl boyunbağını təxminən 10 il bundan öncə 2000 manata almışdır. Hazırda həmin qızılının qiymətinin bahalaşdığını bildirmişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasında göstərilən 2130 manat qiymətlə razı olduğunu, heç bir etirazı olmadığını, ona dəymiş maddi ziyanın 2130 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Ona məxsus olan qızıl boyunbağı üzərində ayrılmayan klon olmaqla yəni ikisi bir yerdə olan boyunbağı olmuşdur. O, Təqsirləndirilən şəxs evindən oğurluq edərkən bunun şahidi olmadığını, sonradan bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən boyunbağıdan başqa evindən heçnə oğurlamamışdır. O, Rövşənə evində olan dolabların içərisinə daxil olmasına və ya yorğan döşəyin altına, digər əşyalarının saxlanıldığı yerlərə daxil olmasına icazə verdiyini, yalnız evdə olduğu müddətdə və ya olmadığı müddətdə təmir etdiyi yerlərdə əşyaları kənara çəkməsinə icazə verdiyini, bundan başqa heçnəyə icazə vermədiyini bildirmişdir. O, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs yataq otağında yorğan döşəyin altından qızılını oğurlamasını bildirməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci etdiyi cinayəti etiraf etməmiş, həm də, o, da oğurluq olmasını 20 iyul 2023-cü il tarixdə aşkar etmişdir. Fikrləşmişdir ki, Təqsirləndirilən şəxs yorğan döşəyin altından qızılını oğurlamışdır. Sonradan ona və istintaqa məlum olmuşdur ki, Rövşən qonaq otağında açılıb-bağlanan qapısı olan dolabın içərisinə onun icazəsi olmadan daxil olaraq oradan oğurluq etmişdir. Ona dəymiş ziyam tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən rəsmi olaraq qaynaqçı köməkçisi kimi işləyir. Əksər hallarda Rusiya Federasiyasında Yamal Oblastında Qaz istehsalı zavodunda qaynaqçı kimi işləyir. Halhazırda barəsində cinayət işi aparılan Təqsirləndirilən şəxs mənim ilə eyni kənddəndir və qardaşı Turalın həyat yoldaşının xalası oğludur. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus olan Mercedes C200 markalı 60-BN- 377 dövlət qeydiyyat nişanlı avtomobili ilə qardaşı Turalın yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük sovxozunda olan evinə gəlmişdir. Avtomobilini qardaşı Turalın həyətində saxlamış və axşam saat 19 radələrində qardaşı ilə birlikdə Hava limanına getmişlər. Beləliklə o, qardaşım ilə birlikdə xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Yamal Oblastında getmişlər. 01 10.2023-cü il tarixdə qardaşı Tural və xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikasına gəlmiş, Tovuz rayonu Düz Qırıqlı kəndində yaşamışlar. Cari ilin yay aylarında orta məktəbdə tədris bitdiyi üçün qardaşı Turalın ailəsi qeydiyyatda olduqları Tovuz rayonu Düz Qırıqlı kəndində köçüb getmişdir. İyun- İyul aylarında qardaşı Turalın ailəsi rayonda olduğu müddətdə Rövşən bacısı Minurə səhəti ilə bağlı müalicə alması üçün Turala məxsus Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük sovxozunda olan evdə təxminən 10 gün ərzində qalmışdır. Həmin vaxtı Rövşəndə bacısı ilə birlikdə orada qalmışdır. O, Rusiya Federasiyasından gəldikdən sonra qardaşı Tural onun avtomobilini idarə etmiş və onlar birlikdə Tovuz rayonuna getmişlər. Təxminə 10 gün bundan öncə sığorta şirkətindən zəng olunaraq avtomobilin sığortasının bitdiyini ona bildirmişlər və yenidən sığorta olunması üçün onun sürücülük vəsiqəsi lazım olduğunu bildirmişlər. Həmin vaxtdan o, özünə məxsus olan sürücülük vəsiqəsi axtarmağa başlamış, qardaşı Turala bu barədə məlumat vermiş, qardaşının da, axtarışları nəticə verməmişdir. Sonradan Xətai rayon polis idarəsindən zəng olunaraq ona məxsus sürücülük vəsiqəsindən istifadə olunmaqla Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış qızıl boyunbağının lombarda girov qoyulması bildirilmişdir. O, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Mercedes C200 markalı 60-BN- 377 dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Turalın yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük sovxozunda olan evində gəldikdən sonra avtomobili onun həyətyanı sahəsində saxlamışdır. Avtomobilin qapılarının kilidində nasazlıq olduğu üçün bağlamamış və qapılar açıq qalmışdır. Avtomobilə məxsus olan açarlarıda həmin vaxtı Turalın evində qoyub getmişdir. Ona məxsus olan sürücülük vəsiqəsini ola bilər ki, Təqsirləndirilən şəxs avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobildən götürmüşdür. O, sürücülük vəsiqəsini tapa bilməsə də, heç bir yerə müraciət etməmiş, gümün etmişdir ki, harasa qoymuş, tapa biləcəkdir. Lakin sonradan polis orqanından məlumat daxil olmuş və baş vermiş hadisə barədə məlumatlandırılmışdır. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq cinayəti ilə bağlı hadisə yeri Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 66A ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır (i.v.11-15). “Baxış keçirilməsi və könüllü təqdim etmə haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 66A ünvanında yaşayır. Hadisə yerində Təqsirləndirilən şəxs həmin evin qonaq otağında olan dolabı göstərərək 19 iyul 2023-cü il tarixdə həmin dolabdan klon üzərində olan bir ədəd boyunbağını oğurladığını bildirmiş və həmin boyunbağının könüllü olaraq Zərərçəkmiş şəxs1 təqdim etmişdir (i.v.25-27). “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 27 iyul 2023-cü il tarixli, 6/4032-9/5706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye - üzərində "583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 20,27 qramdır, qaşları brilyantdır, 14 ədədinin hər birinin ölçüsü 0,015 karat, 117 ədədinin hər birinin ölçüsü 0,006 karat , 4/3 keyfiyyətlidirlər. Ekspertizaya təqdim edilmiş kolyenin 2023-cü ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri təxminən 2130 manat müəyyən edilir (i.v.40- 43). 17 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış qəbzdən görünür ki, ona məxsus oğurlanmış BD301433 nömrəli sürücülük vəsiqəsi onun tərəfindən təhvil alınmışdır (i.v.174). “Sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə verilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdiirlmədən saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “583” əyarlı, 20,27 qram çəkidə brilliant qaşlı kolye, Zərərçəkmiş şəxs2 məxsus BD 301433 nömrəli sürücülük vəsiqəsi maddi sübut kimi tanınmış və həmin sübutların qanuni sahiblərinə qaytarılması nəzərə alınmışdır (i.v 262-272). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, müvafiq ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 62-63). “Axtarışda olan şəxsin tutulması haqqında” 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində yaşadığı ünvanda saxlanılaraq Xətai RPİ-nin 35-ci PM-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir (i.v.107). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİnin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.145-146). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir (i.v.255-257). 38 və 20 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü (X2) və 23 iyun 2017-ci il təvəllüdlü (X3) uşaqları var (i.v.261). Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, onun evindən oğurlanmış qızıl boyunbağı ona qaytarıldığından onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.278). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2-ci maddəsi), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini (CM-59.1.12), zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənildiyini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına, AR CM-nin 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla hesablanmalı və ona AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində tutulmuş, 07 noyabr 2023-cü il tarixdə, saat 12:00-dan saat 12:55-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 48 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun ibtidai istintaq zamanı tutularaq saxlandığı müddət 03 gün hesabı ilə hesablanmalıdır) öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-01 ədəd “583” əyarlı, 20,27 qram çəkidə brilliant qaşlı kolye qanuni sahibi Zərərçəkmiş şəxs1, BD 301433 nömrəli sürücülük vəsiqəsi isə qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə islah işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla-06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 66.2-ci maddəsinə əsasən ona AR CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 03 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd “583” əyarlı, 20,27 qram çəkidə brilliant qaşlı kolye qanuni sahibi Zərərçəkmiş şəxs1, BD 301433 nömrəli sürücülük vəsiqəsi isə qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-664/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-664/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver