Məhkəmə qərarları › İş №1(008)-666/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-666/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-666/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1946-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3-də yerləşən Qocalar evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvan 2 ünvanında yerləşən Qocalar evinin yeməkxanasında Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən şəxsi münasibət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən sonuncunun sifət nahiyəsinə bir yumruq zərbəsi və yeməkxanada olan stul ilə başına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona alın-təpə və sol said nahiyələrinin əzilmiş yaraları; döş qəfəsi və sağ əl nahiyələrinin qançırları; sol baldır nahiyəsinin dərialtı hematoması; sağ baldır nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən Qocalar evində yaşayır. Zərərçəkmiş şəxs yaşadığı Qocalar evinin sakini olaraq tanıyır. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda heç bir əsaslı səbəb olmadan onu təhqir etmiş, o, tədbir görülməsi üçün Zərərçəkmiş şəxs hərəkətləri barədə Qocalar evinin rəhbərliyinə məlumat vermişdir. O, 25 may 2023-cü il tarixdə, saat 18:30 radələrində toyuqları üçün yem götürmək üçün yemekxanaya gedərək bir qədər gözləmiş, bir müddət sonra Zərərçəkmiş şəxs yeməkxanaya gəlmiş, onu görüb ünvanına nalayiq ifadələrlə işlədərək təhqir etmişdir. Zərərçəkmiş şəxs onu təhqir etməsinin səbəbini soruşduqda, Arif heç bir səbəb göstərmədən onu təhqir etməyə davam etmişdir. O, Arifin hərəkətlərindən əsəbləşərək ona yumruq zərbəsi endirmiş, Arif zərbənin təsirindən yerə yıxılsa da, lakin, hərkətlərini sonlandırmamış, onu təhqir etməyə davam etmişdir. O, yeməkxanada olan stulu götürərək Arifə müxtəlif bədən xəsarətləri yetirmiş, daha sonra qaldığı otağa getmişdir. Aralarında baş vermiş mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, ünvan 3 ünvanında yerləşən Qocalar evində qalır. Təqsirləndirilən şəxs yaşadığı Qocalar evinin sakini olaraq tanıyır. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verməmişdən 10 gün əvvəl Qocalar evinin həyətində rastlaşmış, Təqsirləndirilən şəxs salam versə də, Bəkir onun salamını almamış, tanımadığı adama salam verməsini ona irad tuaraq onu təhqir etmişdir. 25 may 2023cü il tarixdə, saat 18:30 radələrində çörək götürmək üçün yeməkxanaya getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yeməkxanada olmuşdur. O, Bəkirin yanından keçərkən Bəkir ona yeməkxanaya girməməsini bildirmiş, o, Bəkirə yeməkxananın ona aid olmadığını bildirmiş, lakin, Bəkir ondan yeməkxanaya gəlməməsini tələb etmişdir. O, Bəkirin hərəkərlərindən əsəbləşdiyi üçün onu söymüş, həmin vaxt, Bəkir nalayiq ifadələr işlədərək onun üstünə gəlmiş, ona yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən gözləri qaraldığı üçün o, yerə yıxılmış, yerdə olduğu zaman Bəkir yeməkxanada olan stulu götürərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Halhazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. Təxminən üç ildir ki, ünvan 3 ünvanında yerləşən Qocalar evində xadimə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi Qocalar evinin sakini olaraq tanıyır. 25 may 2023-cü il tarixdə, saat 18:30 radələrində yeməkxanada olduğu zaman Əliyev X2 evinin həyətində toyuq saxladığı üçün yeməkxanadan artıq qalmış yeməklərdən götürməyə gəlmiş, bir müddət sonra Zərərçəkmiş şəxs da, yeməkxanaya daxil olmuşdur. Zərərçəkmiş şəxs yeməkxanada Təqsirləndirilən şəxs görərək onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə üzərinə gəlmiş, Təqsirləndirilən şəxs onun sözlərindən əsəbləşdiyi üçün yumruqla Arif vurmuş, zərbənin təsirindən Arif yerə yıxılmışdır. Arif yerdə olduğu zaman Bəkir yeməkxanada olan stulu götürərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. O, Bəkirgili ayırmağa çalışmasına baxmayaraq, Bəkir müdaxilə edəcəyi təqdirdə onu da, vuracağını bildirmişdir. O, dərhal mühafizə xidmətinin əməkdaşlarını çağırmış, Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparılmış, Təqsirləndirilən şəxs isə öz otağına getmişdir. Cinayət işinin 16-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 08 iyun 2023-cü il tarixli, 1141 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın-təpə və sol said nahiyələrinin əzilmiş yaraları; döş qəfəsi və sağ əl nahiyələrinin qançırları; sol baldır nahiyəsinin dərialtı hematoması; sağ baldır nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi 25 may 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət 59-60-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 31 may 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 26 iyul 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1,6,7 bəndləri; 145-ci maddəsinin 2-ci hissəsinin 2,3,6 bəndləri; 38, 228.1, 304.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 23 noyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşlı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar