Məhkəmə qərarları › İş №1(008)-668/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-668/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-668/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 12 iyun 2024-cü il tarixdə saat 01:20 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən saxlanc yeri hesab olunan ticarət köşkünün qapısının açıq olduğundan və içəridə heç kimin olmamasından istifadə edərək köşkün içərisinə həmin qapıdan qanunsuz olaraq daxil olub qutunun içərisində olan əskinaslarla 03 ədəd 100 manatlıq, 05 ədəd 20 manatlıq, 07 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq və 30 ədəd 1 manatlıq olmaqla ümumilikdə 550 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 11 iyun 2024-cü il tarixdə o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Cavid küçəsində piyada gəzən zaman orada yol kənarındakı köşkün satıcısının köşkün çölündə dayandığını, başının qarışdığını görmüş və köşkün içərisinə daxil olaraq orada olan kağız qutunun içərisindəki pulları götürərək oranı tərk etmişdir. Təxminən götürdüyü pullar 490 manat olmuşdur, pulları şəxsi ehtiyaclarına xərcləmişdir, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən köşkü 2023-cü ilin iyul ayından icarə əsasında işlədir və eyni zamanda satıcı kimi fəaliyyət göstərir. 11 iyun 2024-cü il tarixdə saat 18 radələrində köşkə gəlmiş, 12 iyun 2024-cü il tarixdə saat 01:20 radələrində köşkün qarşısında olan soyuducuların içərisində yerləşdirdiyi məhsulları səliqəyə salmaq üçün köşkü tərk etmiş, təxminən 3 dəqiqə sonra köşkə geri qayıtdıqda kağız qutunun içərisində olan, məhsulların satışından qazandığı pulları saxladığı kağız qutunun içərisindəki pulların oğurlandığını aşkar etmişdir. O, köşkün daxilində quraşdırılmış müşahidə kamerasının görüntülərinə nəzər saldıqda pulların tanımadığı şəxs tərəfindən oğurlanmasını müəyyən edərək dərhal hadisə barəsində DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. 12 iyun 2024-cü il tarixdə pulların oğurlanmasını aşkar etdikdən sonra dükanda olan təhlükəsizlik kamerasının görüntülərinə nəzər yetirdikdə həmin tarixdə saat 01:26-da köşkə daxil olmuş, onun köşkün çölündə olmasından istifadə edərək içərisində pullar olan kağız qutunu pullar ilə birlikdə oğurlamasını müəyyən etmişdir. Qutunun içərisində 550 manat pul olmuş, onlarda satış barkodla olduğu üçün pulun məbləğini dəqiq bilir, ona dəymiş ziyan tam olaraq təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Cavid küçəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 08-10); 13 iyun 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.42); ifadənin yerində yoxlanılması haqqında 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir(i.v.54-56); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət rədd edilmiş, dərhal həbsdən azad edilərək Sabunçu RPİ-nin MSY-dən buraxılması, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır(i.v.77-78); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.79-80); diskə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, köşkdə quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı video görüntünün yerləşdiyi diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 03 ədəd video fayl olduğu müəyyən edildi. WhatsApp Video 2024-06-13 at 18.48.31 adlı faylda görüntünün 15 saniyə, WhatsApp Video 2024-06-13 at 18.48.32 adlı faylda görüntünün 14 saniyə və WhatsApp Video 2024- 06-13 at 18.48.48 adlı faylda isə görüntünün 1 dəqiqə 15 saniyə olduğu müəyyən edildi. Diskdə olan görüntü Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən köşkdə qeydə alınmışdır. “WhatsApp Video 2024-06-13 at 18.48.31” adlı faylda olan video çəkilişə baxış zamanı ekranın sol yuxarı küncündə tarixin xx.xx.2024-cü il saatın isə 01:26:00 olması, “WhatsApp Video 2024-06-13 at 18.48.32” və “WhatsApp Video 2024- 06- 13 at 18.48.48”adlı faylda olan video çəkilişə baxış zamanı ekranın sol yuxarı küncündə tarixin xx.xx.2024-cü il saatın isə 01:24:24 olması qeyd olunmuşdur. Diskə baxış zamanı mağazada satıcı işləyən, açıq yaşıl rəngli geyimdə olan Zərərçəkmiş şəxs köşkün qarşısında olan zaman saat 01:24:24-də köşkün qarşısından sağ əlində qara rəngli dəmir qabda içki tutan, əynində açıq qəhvəyi rəngli uzunqol köynək geyinmiş, təxminən 30-35 yaşlarında olması ehtimal edilən kişi köşkün qarşısından keçir və keçən zaman özündən sol tərəfdə olan köşkə nəzər yetirir. Saat 01:26:00-da həmin şəxs Zərərçəkmiş şəxs fikrinin yayınmasından istifadə edərək köşkün arxa tərəfinə keçərək açıq qapıdan içəri daxil olur. Şəxsiyyətinin Təqsirləndirilən şəxs olması sübuta yetirilmiş şəxs köşkə aşağıya əyilmiş formada daxil olaraq 12 saniyə ərzində içəridə olan kompüter prosessorunun üzərinə qoyulmuş içərisində pul əskinasları olan kağız qutunu götürərək köşkü tərk etmişdir. Video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs tək olduğu, köşkün içərisindən pullardan başqa heç bir əşya götürmədiyi və pulları götürüb oranı tərk edən zaman onu heç kimin görmədiyi müəyyən edilmişdir(i.v.86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 331.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 66.3cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır(i.v. 88-96); Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır(i.v.91-100); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək və məhkəməyə gətirilənədək iş üzrə icraat dayandırılmışdır(i.v.144-146); Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin xx.xx.2024-cü il tarixli və 3 X2 xx.xx.2024cü il tarixli məktublarından və xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Nizami RPİ-nin istintaq şöbəsi tərəfindən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin PX-nin 3 X3 göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilrək 490 manat məbləğində nağd pulu oğurladığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan olan 550 manat məbləğində pul ona tam olaraq ödənilmişdir. Məhkəmə hesab edir ki, bu hal da həmin məbləğin həqiqətən təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək tutulduğu 01(bir) gün müdddət təyin edilmiş cəzaya hesablanmalı(CM- 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), iş üzrə maddi sübut- 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05(beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar