Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-669/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndələri atası X2 və Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X3, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə, saat 19:57 dəqiqədə “B1,B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C200” markalı, 90ZD254 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Mehdiabad yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 51 -ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməklə bağlı tələblərə və ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmadan ötmə əməliyyatını icra etməməklə bağlı tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə ötmə əməliyyatını icra etmək üçün qarşısında eyni istiqamətdə hərəkətdə olan istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan Toyota Prius markalı avtomobili keçməklə əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatını başa çatdıra bilməmiş, bununla da idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə qarşıdan gələn və üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E190” markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan toqquşması nəticəsində “Mercedes Benz E190” markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ bud sümüyünün yerini dəyişən, açıq qəlpəli sınığı və həmin səviyyədə sağ bud nahiyəsinin əzilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin sıyrıqları, sağ bazu və sağ qalça nahiyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alaraq sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 25 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, 90ZD254 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu ərazisində, Pirşağı- Mehdiabad yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində saatda təxminən 70-80 km/surətlə hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan Prius markalı avtomobili keçmək üçün düz qırıq qırıq xəttin üzərindən qarşı əks istiqamətli yola çıxıb ötmə əməliyyatını icra etmişdir. Həmin yolda saatda 50 km/surətlə hərəkətə icazə verilir. Bu zaman qarşıdan əks istiqamətdə hərəkət edən qara rəngli Mercedes Benz 190 markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobilin uzaqda, yəni 300-400 metr məsafədə olduğunu gördüyü üçün qarşısındakı avtomobili ötmək qərarına gəlmiş və bu məqsədlə qarşı əks istiqamətli yola çıxmışdır. Qarşısındakı avtomobili ötmə əməliyyatını yenicə başa çatdırmışdır ki, əks istiqamətli zolaqdan yenidən öz hərəkət zolağına istiqamətlənmək istəyərkən avtomobilinin qabaq hissəsi ilə əks istiqamətli yolda onunla əks istiqamətdə öz yolunda hərəkət edən həmin Mercedes Benz 190 markalı avtomobil sükanı onun zolağına istiqamətləndirmiş və anidən onun avtomobilinin sol qabaq hissəsi həmin avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanaraq üzü Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ kənarında, toqquşduğu avtomobil isə Pirşağı qəsəbəsi istiqamətində yolun sağ kənarında dayanmışdır. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ağır xəsarətləri olduğu üçün müalicə alır. Mercedes Benz 190 markalı avtomobilin sürücüsü olan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs da müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə baş verdikdən sonra hadisə yerində olmuş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra hadisə yerini müayinə edərək protokol tərtib etmişlər, o da hadisənin iştirakçısı olduğu üçün protokola imza etmişdir. Yolnəqliyyat hadisəsi 25 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Mehdiabad yolunda, Pirşağı sovxozu ərazisində üzü Pirşağı qəsəbəsi istiqamətində əks hərəkət zolağında baş vermişdir. Hadisə zamanı “Mercedes Benz C200” markalı, 90ZD254 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində yük olmamış, avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya güclü təsir edici maddələr qəbul etməmiş, eyni zamanda həkim müayinəsindən keçmişdir. Hadisənin qarşısını almaq üçün əks hərəkət zolağından öz hərəkət zolağına keçmək istəsə də ötmə əməliyyatını yenicə başa çatdırdığı üçün öz hərəkət zolağına keçə bilməmiş və bu zaman əks hərəkət zolağında sözügedən Mercedes Benz 190 markalı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsindən əvvəl avtomobili saz vəziyyətdə olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz 190 markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxarkən, yəni qarşısındakı avtomobili ötmək üçün əks hərəkət yoluna çıxan zaman Mercedes Benz 190 markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobil ilə aralarında təxminən 300-400 metr məsafə olmuşdur. Hadisə zamanı Mercedes Benz 190 markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobilin surəti təxminən 140 km/saatdan çox olardı. Mercedes Benz 190 markalı, 10VR813 dövlət qeydiyyat nişanlı avtomobildə hadisə zamanı başqa şəxslər olması barədə heç bir məlumatı yoxdur. Hadisə zamanı qarşısındakı Prius markalı avtomobilin dövlət qeydiyyat nişanına fikir verməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Mercedes Benz E190 markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi Mercedes Benz E190 markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Pirşağı sovxozu, Pirşağı-Mehdiabad yolu ilə üzü Mehdiabad qəsəbəsi istiqamətində təxminən 60 kilometr saat surətlə hərəkətdə olan zaman əks istiqamətli zolaqda hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatını icra etmək üçün onun hərəkətdə olduğu zolağa çıxdığını görmüşdür. Bu zaman aralarında məsafə az olduğundan hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilin sükanını sol zolağa doğru istiqamətləndirmişdir. Həmin vaxt digər avtomobil də öz hərəkət etdiyi zolağa qayıtmaq üçün sükanını sözügedən zolağa doğru isitiqamətləndirmək istəsə də düz qırıq qırıq xəttin yanında idarə etdiyi avtomobilin sağ qabaq hissəsi onun hərəkətdə olduğu zolağa çıxan həmin Mercedes markalı avtomobilin qabaq hissəsi ilə qarşı qarşıya toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Zərbənin təsirindən hər iki avtomobil fırlanaraq müxtəlif istiqamətlərdə üzü Mehdiabad qəsəbəsi istiqamətində yolun sol kənarında dayanmışdır. Onun idarə etdiyi avtomobil üzü Pirşağı qəsəbəsi istiqamətində, digər Mercedes markalı avtomobil isə üzü Mehdiabad qəsəbəsi istiqamətində dayanmışlar. Hadisə nəticəsində o və digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar. Hadisə yerinə gələn X10 stansiyasının həkimləri tərəfindən X7, daha sonra isə 1 saylı X9 təxliyyə olunmuş və stasionar qaydada müalicə almışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Mehdiabad yolu ilə üzü Pirşağı qəsəbəsində baş vermiş, yolun ümumi eni 8 metr, sağ və so ehtiyat hissələri 2 metrdir. Asfalt üzərində üfuqi nişanlanma xəttinin yanında tormoz izləri və yolun sağ kənarında hər iki avtomobilin ön hissələrinin əzilərək yararsız halda olması müəyyən edilmişdir (i.v.5-13). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 2951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol diz qapağının qapalı, yerdəyişmiş, qəlpəli sınığı və sol əlin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (i.v.35-37). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 2952 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün yerini dəyişən, açıq qəlpəli sınığı və həmin səviyyədə sağ bud nahiyəsinin əzilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin sıyrıqları, sağ bazu və sağ qalça nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat.hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (i.v.38-40). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 may 2024-cü il tarixli, 8/957 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən göstərildiyi kimi Mercedes-Benz 190 markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda avtomobillər arasında 10-12 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən göstərilən məlumatlar real hadisə mexanizminə uyğun və tam olmadığından Mercedes-Benz 190 markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes-Benz C200 markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.63-67). “Diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd “WhatsApp Video 2023-11-28 at 10.51.07” adlı, MP4 formatlı videofayl vardır. Həmin videofayl açıldıqda 12 saniyəlik müddətdə davam edən videogörüntülərin olması müəyyən edilir. Videogörüntüyə baxış keçirilərkən müəyyən edilir ki, görüntülər 25 noyabr 2023-cü il tarixdə axşam vaxtı, saat 19:57 dəqiqədə qeydə alınmışdır. Baxış zamanı qara rəngli avtomobilin ötmə əməliyyatını icra edən zaman qarşıdan gələn digər avtomobillə qarşı qarşıya zərblə toqquşması və həmin avtomobillərdən birinin zərbənin təsirindən deformasiyaya uğraması, fırlanaraq əks istiqamətdə dayanması əks olunur (i.v.83). “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.84- 89). Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, 49/2-15618 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BD207050 nömrəli sürücülük vəsiqəsi 14 mart 2022-ci ildən 14 mart 2032-ci il tarixədək aktivdir və informasiya bazasında onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat aşkar edilməmişdir (i.v.119). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.77). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.115-116). İ-3565 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, X4 iştirakçısı olmasını (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ərizəsi təqdim edərək cinayət nəticəsində ona maddi və mənəvi zərər dəydiyini, iş qabiliyyətini tamamilə itirdiyini, hadisə zamanı və ondan sonra stress keçirdiyini, nəticədə ona maddi ziyanla yanaşı mənəvi zərər dəydiyini, aldığı xəsarətlərlə bağlı birinci əməliyyata 800 manat, təcili yardıma 750 manat, iynə-dərmana 400 manat pul xərclədiyini, 1100 manat dəyərində mobil telefonun və 7000 manata aldığı avtomobilinin hadisə nəticəsində yararsız hala düşdüyünü qeyd edərək ona dəymiş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə verilmiş mülki iddianın maddi zərərin ödənilməsi ilə əlaqədar hissəsinə münasibətdə məhkəməyə həmin zərəri təsdiq edən hər hansı mötəbər sübutun təqdim edilmədiyini, mülki iddia ərizəsində göstərilən həmin məbləğdə olan xərclərin zərərçəkmiş şəxs tərəfindən çəkilməsini təsdiq edən heç bir sənədin olmadığını və məhkəmə baxışı zamanı da təqdim edilmədiyini (məhkəmə iclasında mülki iddiaçı xəsarətlərlə əlaqədar xəstəxana və müalicə xərclərini təsdiq edən sənədləri almadığını) nəzərə alaraq həmin hissədə mülki iddianın təmin edilməməsi qənaətinə gəlir. Mülki iddia ərizəsində mülki iddia ilə əlaqədar zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi xahiş olunsa da, məhkəmə “Dövlət rüsumu haqqında” X1 9.1.3-cü maddəsinin tələblərinə əsasən səhhətə yetirilmiş xəsarətlərlə bağlı iddia verən şəxslərin dövlət rüsumunu ödəməkdən azad olmalarını nəzərə alaraq hesab edir ki, mülki iddia ilə əlaqədar ödənilmiş dövlət rüsumu AR Maliyyə Nazirliyi tərəfindən Zərərçəkmiş şəxs qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” X1 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Verilmiş mülki iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə zərərçəkmiş şəxsin ağır xəsarət almasını və bununla bağlı mənəvi sarsıntı keçirməsinin və bu halın zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasının real olmasını nəzərə alaraq verilmiş mülki iddianı məvəvi zərərin ödənilməsi hissəsində qismən, ağlabatan məbləğdə təmin edilməsinin əsaslı olması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. İş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 129 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhıri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-669/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-669/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver