Məhkəmə qərarları › İş №1(008)-670/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-670/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-670/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1990-cı il tarixdə Rusiya Federasiyası, Arxanqelsk Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 04 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində tanışı Tagıevı Rovlan (Şahid1) və Şahid2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evin qarşısına gəlmiş, əvvəlcədən razlaşdıqları kimi Tagıevı Rovlan (Şahid1) ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaq üçün bir qədər kənarda dayanıb müşahidə aparmış, Təqsirləndirilən şəxs və Şahid2 evin daş hasarından aşaraq həyətinə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən evin həyətindən Zərərçəkmiş şəxs məxsus qiyməti 350 manat olan bir ədəd “Maqru” markalı qaynaq aparatını, qiyməti 540 manat olan 4x4 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 420 manat olan 1x10 diametrli, NYAF tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 750 manat olan 1x70 diametrli, MM201N2 tipli, 30 metr uzunluğunda qaynaq aparatının kabelini, qiyməti 420 manat olan 2x6 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 1800 manat olan 3x6 diametrli, TTR tipli, 360 metr uzunluğunda kabeli, qiyməti 90 manat olan 30 metr uzunluğunda uzadıcını (udilniteli), qiyməti 60 manat olan 20 metr uzunluğunda uzadıcını (udilniteli), qiyməti 115 manat olan bir ədəd “Philips.Led” markalı projektoru gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4545 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən fərdi evində baş vermiş oğurluq cinayətini tanışı Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayan Şahid1 və Şahid2 ilə birlikdə törətmişlər. Belə ki, 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində tanışı Rövlan və Təvəkküllə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşmüşlər. Təvəkkül Rövlana və ona Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsə məxsus yaşayış olmayan evin həyətində çoxlu kabellər olduğunu deyib, həmin kabelləri oğurlayıb satmalarını təklif etmişdir. Rövlan və o, Təvəkkülün təklifi ilə razlaşmışlar. Həmin gün, təxminən saat 18 radələrində o, Rövlan və Təvəkküllə birlikdə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxus fərdi evin qarşısına gəlmişlər. Bundan sonra Təvəkküllə o, Şaiqin evinin daş hasarından həyətinə tullanmışlar, Rövlan isə ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaq üçün bir qədər kənarda dayanıb müşahidə aparırmış ki, gəlib-gedən olsa tez onlara xəbər versin. Təvəkküllə o, həyətdə olan dəqiq metrələrini xatırlamadığı kabelləri sökmüşlər, Rövlanı səsləyərək hasara yaxın gəlməsini bildirmişlər. Bundan sonra kabelləri hasardan küçəyə atmışlar, sonra həyətdən bir ədəd qaynaq aparatı və bir ədəd projektor götürüb daxil olduqları qaydada çölə çıxmışlar. Oğurladıqları kabelləri təxminən 300 metr aralıda yandıraraq mis halına çevirib əvvəlcədən özləri ilə götürdükləri parça kisələrə yığmışlar və yoldan keçən tanımadıqları taksi maşını ilə Ramana qəsəbəsi, Südçülük Sovxozunda 4 yol deyilən ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsinə apararaq, metal qəbulu məntəqəsində işləyən Səməd adlı şəxsə 107 manata satmışlar. Əldə etdikləri pulu üç yerə bölmüşlər, oğurladıqları bir ədəd qaynaq aparatını və bir ədəd projektoru isə Təvəkkül tanışına satacağını və pulunu üç yerə böləcəyini deyib özü ilə aparmışdır. Məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsini və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəsini elan etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tagıevı Rovlan (Şahid1) ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən fərdi evində baş vermiş oğurluq cinayətinin birini tanışı Təvəkkül və Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayan Afiqlə birlikdə törətmişlər. Belə ki, 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində tanışı Təvəkkül və Afiqlə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşmüşlər. Təvəkkül Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsə məxsus yaşayış olmayan evin həyətində çoxlu kabellər olduğunu deyib, Afiqlə ona həmin kabelləri oğurlayıb satmalarını təklif etmişdir. Afiq və o, Təvəkkülün təklifi ilə razlaşmışlar. Həmin gün, təxminən saat 18 radələrində Təvəkkül, Afiq və o, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxus fərdi evin qarşısına gəlmişlər. Bundan sonra Təvəkkül və Afiq Şaiqin evinin daş hasarından həyətinə tullanmışlar, o, isə ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaq üçün bir qədər kənarda dayanıb müşahidə aparmışdır ki, gəlib-gedən olsa tez onlara xəbər versin. Təxminən 20-25 dəqiqədən sonra Təvəkkül və Afiq onu səsləyərək oğurluğa girdikləri evin qarşısına gəlməsini bildirmişlər, o, da həmin evin qarşısına gələrək orada dayanmışdır. Təvəkkül və Afiq oğurluğa girdikləri evin həyətindəki kabelləri sökdüklərini və hasardan tullayacaqlarını deyərək, ona həmin kabelləri götürüb kənara aparmasını bildirmişlər. Bundan sonra Təvəkkül və Afiq oğurluğa girdikləri evin həyətindən dəqiq metrələrini xatırlamadığı kabelləri daş hasarından küçəyə tullamışlar, o, həmin kabelləri əvvəlcədən özləri ilə götürdükləri parça kisələrə yığmışdır. Bir qədər sonra Təvəkkül və Afiq özləri ilə bir ədəd qaynaq aparatı və bir ədəd projektor götürüb küçəyə çıxmışlar. Bundan sonra oğurladıqları kabelləri təxminən 300 metr aralıda yandıraraq mis halına çevirmişlər və həmin misi yoldan keçən tanımadıqları taksi maşını ilə Ramana qəsəbəsi Südçülük Sovxozunda 4 yol deyilən ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsinə apararaq, metal qəbulu məntəqəsində işləyən Səməd adlı şəxsə 107 manata satmışlar. Əldə etdikləri pulu üç yerə bölmüşlər, oğurladıqları bir ədəd qaynaq aparatını və bir ədəd projektoru isə Təvəkkül tanışına satacağını və pulunu üç yerə böləcəyini deyib özü ilə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən fərdi evində baş vermiş oğurluq cinayətini tanışı Rövlan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində yaşayan Afiq adlı şəxslə birlikdə törətmişlər. Belə ki, 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində tanışı Rövlan və Afiqlə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşmüşlər. O, Rövlana və Afiqə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsə məxsus yaşayış olmayan evin həyətində çoxlu kabellər olduğunu deyib, həmin kabelləri oğurlayıb satmalarını təklif etmişdir. Rövlan və Afiq onun təklifi ilə razlaşmışlar. Həmin gün təxminən saat 18 radələrində Rövlan, Afiq və o, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki, nömrəsiz ünvanda yerləşən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxus fərdi evin qarşısına gəlmişlər. Bundan sonra Afiqlə o, Şaiqin evinin daş hasarından həyətinə tullanmışlar, Rövlan isə ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaq üçün bir qədər kənarda dayanıb müşahidə aparırmış ki, gəlib-gedən olsa tez onlara xəbər versin. Afiqlə o, həyətdə olan dəqiq metrələrini xatırlamadığı kabelləri sökmüşlər, sonra Rövlanı səsləyərək hasara yaxın gəlməsini bildirmişlər. Bundan sonra kabelləri hasardan küçəyə atmışlar, sonra həyətdən bir ədəd qaynaq aparatı və bir ədəd projektor götürüb daxil olduğuqları qaydada çölə çıxmışlar, oğurladıqları kabelləri təxminən 300 metr aralıda yandıraraq mis halına çevirmişlər və həmin misi yoldan keçən tanımadıqları taksi maşını ilə Ramana qəsəbəsi Südçülük Sovxozunda 4 yol deyilən ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsinə apararaq, metal qəbulu məntəqəsində işləyən Səməd adlı şəxsə 107 manata satmışlar. Əldə etdikləri pulu üç yerə bölmüşlər, oğurladıqları bir ədəd qaynaq aparatını özü ilə aparmış, projektoru isə dəqiq yadında deyil kiməsə vermişdir. Digər Şahid3 məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclasında şahidin istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında” 01 mart 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Afiq adlı şəxsin barəsində AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1; i.v.1-5). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evdə baxış keçirilmiş, baxış zamanı qaynaq aparatınının, kabellərin, projektorun oğurlanması müəyyən edilməsi, hadisə yerində əlbarmaq izləri aşkar edilməmişdir (cild 1, i.v. 11). “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmnədən saxlanılmış, Зенит” markalı, “ЗУШМ 230-2450” modelli, laqondanın, “Dastool” markalı, “HJ- 1102” modelli drelin, “Atec” markalı, “AT7221” modelli preforatorun, “Candan” markalı, “CM- 03” modelli boru ütüsünün, “Joi” markalı, 380 V-luq qidalandırıcı qurğunun, “Славмаш” markalı, “MMA-320A” modelli qaynaq aparatının 28 fevral 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır (i.v. 290-303). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şəxsin istintaqa könüllü gəlməsi barədə” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə polis bölməsinə gələrək cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evdə baş vermiş oğurluq cinayətinin onun tərəfindən törədilməsini etiraf etmiş və bildirmişdir ki, onun hüquq mühafizə orqanı tərəfindən istintaq orqanına çağırılması barədə heç bir məlumatı olmamış, bu barədə xəbəri olan kimi istintaq orqanına gəlmişdir (cild 2; i.v.209). “Şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə, saat 22:30-da tutulmuşdur (cild 2; i.v.221). “Pulları təqdim etmə barədə” 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X1 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 2500 manat məbləğində maddi ziyanı ödəmişdir (cild 2; i.v.270). Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxs onunla barışmış və ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur (cild 2; i.v.271). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Canpolad Nağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 2; i.v.275-278). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2; i.v.279-280). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 21 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 2; i.v. 285). Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna almasını (AR CM 59.1.10), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (AR CM 59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (AR CM 59.1.13.) gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – AR CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Зенит” markalı, “ЗУШМ 230-2450” modelli, laqondanın, “Dastool” markalı, “HJ-1102” modelli drelin, “Atec” markalı, “AT7221” modelli preforatorun, “Candan” markalı, “CM-03” modelli boru ütüsünün, “Joi” markalı, 380 V-luq qidalandırıcı qurğunun, “Славмаш” markalı, “MMA-320A” modelli qaynaq aparatının 28 fevral 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış “Зенит” markalı, “ЗУШМ 230-2450” modelli, laqondanın, “Dastool” markalı, “HJ-1102” modelli drelin, “Atec” markalı, “AT7221” modelli preforatorun, “Candan” markalı, “CM-03” modelli boru ütüsünün, “Joi” markalı, 380 V-luq qidalandırıcı qurğunun, “Славмаш” markalı, “MMA-320A” modelli qaynaq aparatının 28 fevral 2022-ci il tarixdə məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri SABUNÇU Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar