Məhkəmə qərarları › İş №1(008)-671/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-671/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-671/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda yerləşən vət. Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinin pəncərəsini özü ilə apardığı vintaçan vasitəsi ilə açıb qanunsuz daxil olaraq qonaq otağından 980 manat dəyərində 1 ədəd "Samsung" markalı televizoru, yataq otağından 700 manat dəyərində 1 ədəd "ACER" markalı notebook kompyuteri və pulqabındakı 200 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1.880 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi olan evin pəncərəsini özü ilə apardığı vintaçan vasitəsi ilə açıb qanunsuz daxil olaraq qonaq otağından 1.000 manat dəyərində 1 ədəd "Samsung" markalı televizoru, yataq otağından isə hər biri 20 manat olan cəmi 40 manat dəyərində 2 ədəd "Tp-link" markalı modernləri, həmin otaqda quraşdırılmış 50 manat dəyərində 1 ədəd "Panasonic" markalı ev telefonu cihazını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 1.090 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evin pəncərəsini özü ilə apardığı vintaçan vasitəsi ilə açıb qanunsuz daxil olaraq qonaq otağından 1.000 manat dəyərində 1 ədəd "Samsung" markalı televizoru, yataq otağından isə 600 manat dəyərində 1 ədəd "LG" markalı televizoru gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 1.600 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Verilmiş ittihamın məzmunundan göründüyü kimi, göstərilən cinayət əməllərinin hər biri Bakı Şəhəri Nizami rayonu ərazisində törədilmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək ibtidai istintaq orqanı tərəfindən cinayət əməllərinin Bakı Şəhəri Nizami rayonu ərazisində törədilməsinin müəyyən edilməsinin nəzərə alınaraq işin aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmə iclasında çıxış edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək belə qənaətə gəlir ki. hazırkı cinayət işinə cinayət əməllərinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, həmin əməllərin isə törədildiyi yer Bakı Şəhəri Nizami rayonu kimi ibtidai araşdırma orqanı tərəfindən təsbit edildiyindən, cinayət işi ehtimal edilən cinayətlərin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.4-cü maddəsinin mənasından açıq görünür ki, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Hazırki işdə isə cinayətin törədildiyi yer müəyyəndir və həmin cinayətlər Bakı Şəhəri Sabunçu rayonu ərazisində törədilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Göründüyü kimi qanunvericilik ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2, 77.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar