Məhkəmə qərarları › İş №1(008)-672/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-672/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-672/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarında artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq 22 mart 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə giriş qapısının üzərindən keçib, 1-ci mərtəbədə yerləşən pəncərənin önündə quraşdırılmış dəmir barmaqlığın üzərindən 2-ci mərtbədə yerləşən açıq eyvana, oradan isə özü ilə gətirdiyi vintaçanla plastik materialdan hazırlanmış qapını açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, qonaq otağında olmuş paltar dolabının içərisindən Zərərçəkmiş şəxs məxsus 01 cüt 5 qram çəkidə 583 əyyarlı 300 manat dəyərində, 01 cüt 8 qram çəkidə 585 əyyarlı 400 manat dəyərində, 01 cüt 10 qram çəkidə 583 əyyarlı 600 manat dəyərində uşaq qızıl sırğalarını, 01 ədəd 10 qram çəkidə 585 əyyarlı 400 manat dəyərində, 01 ədəd 15 qram çəkidə 585 əyyarlı 500 manat dəyərində, 01 ədəd 15 qram çəkidə 583 əyyarlı 500 manat dəyərində qadın üzüyünü, 01 ədəd qadın boyunbağı üçün nəzərdə tutulmuş 5 qram çəkidə 585 əyyarlı 200 manat dəyərində qızıl kulonu və 02 ədəd hər birinin dəyəri 50 manat, cəmi 100 manat dəyərində bijuteriya boyunbağılarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıtq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,632 qram psixotrop maddə metafetamini və 01 ədəd bükümdə təmiz çəkisi 0,877 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq ünvan 3 ünvanına kimi daşımış, 21 aprel 2022-ci il tarixdə Bakıxanov qəsəbəsinin ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xidmət aparan Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmin gün, saat 12:15 radələrində ünvan 3 ünvanında özünü şübhəli apardığına görə saxlanılaraq bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,632 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,877 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. O, 21 aprel 2022-ci il tarixdə, saat 12:15 radələrində ünvan 5 ünvanının yanı ilə piyada gedərkən mülki geyimli iki piyada şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək Sabunçu RPl-nin 13-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Onun üzərində şəxsiyyətini təsdiq edən hər hansısa sənəd olmamışdır. Sorğu-sual edilərkən o, üzərində narkotik vasitə gəzdirdiyindən narahat olmağa başlamış və həmin polis əməkdaşlarının ona verdikləri suallardan yayınıb, onlardan qaçmağa çalışmışdır. Buna görə həmin polis əməkdaşları onun davranışlarından şübhələnib, onu Sabunçu RPl-nin 13-cü Polis Bölməsinə dəvət etmişlər. O, öz razılığı ilə həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. O, inzibati binada xidməti otaqlardan birinə aparılıb polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunaraq vəkilin iştirakı olmadan videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində hər hansısa əşyanın olub-olmaması soruşulub, əgər vardırsa, onu könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Bu zaman o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli tozşəkilli və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal şəklində spesifik qoxuya malik maddələri çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman sorğu-sual edilərkən ondan həmin maddələrin nə olduğu soruşulduqda, o, cavabında “kakos” və “şüşə” olduğunu, 21 aprel 2022-ci il tarixdə, səhər saatlarında ünvan 6 ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manat pul müqabilində aldığını bildirmişdir. Bundan başqa üzərində əşya olub-olmaması ondan soruşulduqda o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Onun üzərindən aşkar edilən həmin psixotrop maddə və narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, hər hansı oğurluq törətməmişdir. İttihamda göstərilən oğurluq cinayətinin törədildiyi gün və vaxtda o, öz yaşadığı evdə olmuşdur. Anten məlumatları götürülməklə onun hadisə günü oğurluq törədilən saatda harada olması müəyyən edilə bilər.İstintaq zamanı etirafedici ifadələrini oxumadan imzalamış, bunun səbəbi isə ona istintaq zamanı fiziki təzyiqlərin göstərilməsi və döyülməsi olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 21 mart 2022-ci il tarixdə «Novruz Bayramı» ilə əlaqədar ailəsi ilə birlikdə Quba rayonuna istirahətə getmişdir. O, 26 mart 2022-ci il tarixdə saat 14:30-da evə gəldikdə 2-ci mərtəbədə yerləşən açıq eyvandan yataq otağına keçən plastik qapının açıq vəziyyətdə olduğunu görüb hiss etmişdir ki, evdə olmadığı müddətdə evə kənar şəxs daxil olub. Otaqlara nəzər yetirdikdə o, görmüşdür ki, yataq otağında olan paltar dolabında olmuş 01 cüt 5 qram çəkidə 583 əyyarlı 300 manat dəyərində, 01 cüt 8 qram çəkidə 585 əyyarlı 400 manat dəyərində, 01 cüt 10 qram çəkidə 583 əyyarlı 600 manat dəyərində uşaq qızıl sırğaları, 01 ədəd 10 qram çəkidə 585 əyyarlı 400 manat dəyərində, 01 ədəd 15 qram çəkidə 585 əyyarlı 500 manat dəyərində, 01 ədəd 15 qram çəkidə 583 əyyarlı 500 manat dəyərində qadın üzükləri, 01 ədəd qadın boyunbağı üçün nəzərdə tutulmuş 5 qram çəkidə 585 əyyarlı 200 manat dəyərində qızıl kulon və 02 ədəd hər birinin dəyəri 50 manat, cəmi 100 manat dəyərində bijuteriya boyunbağılar yerində yoxdur. O, bu zaman başa düşmüşdür ki, həmin əşyalar naməlum şəxs tərəfindən oğurlanıb. Oğurlanmış əşyalar ailə üzvləri tərəfindən istifadə edilsə də, onun pulu ilə alınıb. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 3000 manat maddi ziyan dəymişdir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, “İfadənin yerində yoxlanılması” zamanı o özü də həmin istintaq hərəkətində iştirak etmiş, Təqsirləndirilən şəxs onun yaşadığı evdə oğurluq etdiyi yeri əyani şəkildə göstərərək hansı əşyaları oğurladığını sadalamış və oğurlanmış əşyalardan 03 ədəd qadın üzüyü Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmişdir. Bununla yanaşı, onda olan videogörüntüdə oğurluq edən şəxsin üzü görünməsə də, həmin şəxs fizioloji baxımdan Təqsirləndirilən şəxs oxşamaqla onun əynindəki üst geyimi də Təqsirləndirilən şəxs “İfadənin yerində yoxlanılması” zamanı əynində olan üst geyimi ilə eynilik təşkil etmişdir. Ona görə də düşünür ki, onun evindən oğurluq edən şəxs məhz Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin xidməti ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı o, 21 aprel 2022-ci il tarixdə, saat 12:15 radələrində ünvan 7 ünvanında Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə xidməti gəzintidə olarkən bir nəfər piyada şəxsin onları görən kimi özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxsi saxlayıb ondan soyadını, adını və atasının adını soruşub, həmin şəxsi sorğu-sual etməyə başlamışlar. Bu zaman özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxsdən üzərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya maddənin olub-olmamasını soruşmuşlar. Onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs şübhəli davranışları ilə verilən suallara cavabdan yayınmağa çalışmışdır. Buna görə də onlar həmin şəxsin müəyyən davranışlarından şübhələnib onu 13-cü Polis Bölməsinə gətirmişlər. Polis bölməsinin növbətçi hissəsində onların gətirdikləri həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulub, vəkil dəvət edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs onların tərəfindən xidməti otaqlardan birinə aparılmış və orada sonuncuya videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdır. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olması ehtimal edilən qanunla satışı, daşınması qadağan edilən əşya və ya predmeti qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda birinci bükümün içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə kütləsi, ikinci bükümün içərisində psixotrop maddə metafetaminə bənzər ağ rəngli kristallik maddənin olduğu aşkarlanmışdır. Təqdim etdiyi maddənin nə olması sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” və “metafetamin” olduğunu, onları xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsinin ərazisində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 (qırx) manata aldığını və üzərində gəzdirdiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPl-nin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 13:20-dən 13:40-dək olan müddətdə 13-cü polis bölməsində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilində, spesifik qoxuya malik olan ağ rəngli və 01 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddələri könüllü şəkildə təqdim etmiş və sorğu-sual edilərkən həmin maddələrin “kakos” və “metafetamin” olduğunu, onları 21 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, ünvan 10 ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manat pul müqabilində üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilində, spesifik qoxuya malik olan ağ rəngli və 01 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir ( i.v. 20-21). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022ci il tarixli, 6/2294 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 180 ” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...."və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,632 ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,877 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. 33-36). “Maddi sübut kimi tanıma barədə” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, istintaqa təqdim olunmuş 01 ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.52). “Maddi sübut kimi tanıma və saxlama barədə” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, təmiz çəkisi 0,632 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,877 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,582 qram psixotrop maddə metamfetamin və qalıq qalmış 0,827 qram narkotik vasitə heroinin məhkəmənin hökmü çıxarılanadək Sabunçu RPİ-nin saxlama otağında saxlanılması qərara alınmışdır (i.v.65). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 11 ünvanında yerləşən ikimərtəbəli evdir (i.v.97-101). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti hadisə yerində əyani şəkildə göstərmişdir (i.v.129-132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 22 iyun 2022-ci il tarixli, 3427 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 147-148). “Maddi sübut kimi tanınma haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd bijuteriya qadın üzüyü maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin yekun qərarı çıxarlanadək zərərçəkmiş şəxs Rəşad Hümbətova qaytarılması qərara alınmışdır (i.v.150A). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə isə zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməmiş və hadisə günü oğurluq törədilən saatlarda evdə olduğunu bildirmişdir. Məhkəmə göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün 14 sentyabr 2022-ci il tarixdə 21 və 22 mart 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarının alınması ilə bağlı qərar qəbul edərək icra edilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. "xxxx" MMC tərəfindən 01 noyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun 22 mart 2022-ci il tarixdə, saat 22:52:21-dən saat 23:56:17 radələrinədək Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov 4 ünvanında olması müəyyən edilmiş, lakin həmin vaxtdan sonra, o cümlədən, onun oğurluğun baş verdiyi gecə saat 02 radələrində harada olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş anten məlumatları ilə X2 oğurluq baş verən saatlarda harada olmasının müəyyən edilməməsi onun ziyanına şərh oluna bilməsə də, onun irəli sürdüyə dəlilin (hadisə vaxtı öz evində olmasına dair) öz təsdiqini tapmamasına dəlalət edir. Nəzərə alınsa ki, təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və onun üzərinə belə bir vəzifə qoyula bilməz, hazırki halda isə onun öz təqsirsizliyinə dair irəli sürdüyü- “hadisə vaxtı evdə olması”na dair dəlil öz təsdiqini tapmasa da, anten məlumatları ilə onun oğurluq cinayətinin törədildiyi vaxt hadisə yerində olması da müəyyən edilməmişdir, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olub-olmaması qənaətinə gəlmək üçün digər sübutların əlaqəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən oğurluq cinayəti ilə bağlı verdiyi ifadələrindən görünür ki, o, özünü həmin cinayətdə təqsirli bilərək cinayətin törədilmə şəraiti və mexanizmi barəsində tam təfərrüatlı ifadələr vermiş, cinayətlə bağlı hadisə yerində ifadəsi alınarkən cinayətin törədilmə üsulu və şəraiti, o cümlədən, əmlakların haradan götürülməsi barədə dəqiq və ətraflı məlumat verərək əyani şəkildə göstərmişdir. Belə ki, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, 22 mart 2022-ci il tarixdə, saat 02 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi «Razin dağı» adlanan məhəllələrdə velosipedlə gəzdiyi zaman ünvan 13 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin işığının sönülü olduğunu görüb, evdə heç kimin olmadığını başa düşüb, evdən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafa nəzər yetirdikdə ətrafda heç kimin olmadığını, müşahidə kamerasını görməyib həyətin giriş qapısının üzərindən keçərək həyətə daxil olmuş, daha sonra evin 1-ci mərtəbəsinin pəncərəsi önündə quraşdırılmış dəmir barmaqdığın üzərinə ayağını qoyub oradan ikinci mərtəbəyə açıq eyvana qalxmış və 2-ci mərtəbədə olan plastik materialdan hazırlanmış qapını özündə olan vintaçanla açıb yataq otağına daxil olaraq otaqda qiymətli əşyaları axtarmağa başlamışdır. O, yataq otağında olmuş paltar dolabına baxdıqda orada 3 cüt uşağa aid qızıl sırğanı, 3 ədəd qadın üzüyünü, 1 ədəd qadın boyunbağı üçün nəzərdə tutulmuş qızıl kulonu və 02 ədəd bijuteriya boyunbağını görüb onları götürmüşdür. Sonra o, həmin evdən daxil olduğu qaydada çıxıb oradan dərhal uzaqlaşdmışdır. Oğurladığı əşyaların əksəriyyətini o, adlarını və anket məlumatlarını bilmədiyi narkotik vasitələr satan şəxslərə pul əvəzinə verib özü istifadə etməkdən ötrü metamfetamin və heroin almışdır. O, həmin əşyaların da özünə məxsus olduğunu demişdir. O, oğurluq yolu ilə əldə etdiyini deməmişdir. Evdən oğurladığı 3 ədəd qadın üzüyünün qızıl olmadığını görüb və bijuteriya olmasından şübhələnib həmin üzükləri yaşadığı məhəllənin yaxınlığında fəaliyyət göstərən avtoyuma məntəqəsinin arxasında sarı rəngli qaz şitinin altında gizlətmişdir. 22 aprel 2022-ci il tarixdə o, Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra törətdiyi cinayət əməlini etiraf edərək gizlətdiyi 3 ədəd üzüyü də polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki təzyiq göstərildiyindən etirafedici ifadələrə imza etdiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində ona fiziki zor göstərilməsi ilə bağlı göstərdiyi xüsusatın dəqiqləşdirilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkumun tibbi kitabçasını tələb etmiş və onun 4282/2022 saylı tibbi kitabçasından görünür ki, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olmadığını bildirmiş, onda yalnız sol saidin çapıq toxumaları aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı sədrlik edən həmin xəsarətlə bağlı təqsirləndirilən şəxsə sual verdikdə Təqsirləndirilən şəxs həmin xəsarətin köhnə xəsarət olmasını və hələ polis bölməsinə aparılmadan xeyli müddət əvvəl əmələ gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə məhkəmə qarşısında dəlil irəli sürsə də, məhkəmə təqdim edilmiş tibbi kitabçadada göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti hadisə yerində əyani şəkildə göstərmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs şahidin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində özünün də iştirak etdiyini, Təqsirləndirilən şəxs onun yaşadığı evdə oğurluq etdiyi yerləri əyani şəkildə göstərərək hansı əşyaları oğurladığını sadaladığını, oğurlanmış əşyalardan 03 ədəd qadın üzüyünün Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edildiyini, həmin üzüklərin onun evindən oğurlanmış üzüklər olduğunu, özündə olan videogörüntüdə oğurluq edən şəxsin üzü görünməsə də, həmin şəxsin fizioloji baxımdan Təqsirləndirilən şəxs oxşamaqla onun əynindəki üst geyimi də Təqsirləndirilən şəxs “İfadənin yerində yoxlanılması” zamanı əynində olan üst geyimi ilə eynilik təşkil etdiyini bildirmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməməsi ilə bağlı ifadələrində səmimi olmamasını göstərən digər bir məqam onun oğurluq nəticəsində əldə etdiyi bəzi əmlakların (03 ədəd qadın üzüyü) Təqsirləndirilən şəxs aşkar edilməsidir ki, şəxsin oğurluq etmədiyi halda başqa şəxsin şikayət ərizəsində göstərilən əmlakların həmin şəxsdə aşkar olunması və şəxsin həmin əmlakları təqdim etməsinin mümkün olması real olmamaqla təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasını bir daha təsdiq edir. Belə ki, “Maddi sübut kimi tanınma haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd bijuteriya qadın üzüyü maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin yekun qərarı çıxarlanadək zərərçəkmiş şəxs Rəşad Hümbətova qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-zərərçəkmiş şəxsin ifadəsi, “İfadənin yerində yoxlanması”, “Maddi sübut kimi tanıma haqqında” və digər istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 aprel 2022-ci il tarixdə, saat 12:15-dən tutulmuş hesab edilmişdir (i.v. 14). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli, 4(008)-331/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v 71-73). Bak şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 4(008)-606/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 30 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri Perov Rayon Məhkəməsinin 15 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 78-79). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(008)-267/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 10 dekabr 2021-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə (AR 234.1-ci maddəsi ilə) görə barəsində istintaq aparıldığı dövrdə barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq yenidən cinayət (AR CM-nin 177.2.3 və 234.1-ci maddələri) törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin tələblərini, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(010)-267/2022 saylı hökmündən əvvəl, müvafiq olaraq 22 mart 2022-ci il və 21 aprel 2022-ci il tarixlərdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən AR CM-nin 234.1-ci maddəsinə münasibətdə nəzərə alınan cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, o, təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(008)-267/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(008)-267/2022 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəzanın müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 03 ədəd bijuteriya qadın üzüyü hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş qəti cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(008)-267/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(008)- 267/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını 10 iyun tarixdən çəkməsi nəzərə alınmaqla həmin hökm üzrə çəkilmiş 05 ay 13 gün müddət hazırki hökmlə ona qəti olaraq təyin edilmiş 02 il 10 ay azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 04 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 03 ədəd bijuteriya qadın üzüyü hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,582 qram psixotrop maddə metamfetamin və 0,827 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar