Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-672/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 5, mənzil 39-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,718 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini edib özündə saxlayaraq daşımış, 03 yanvar 2023-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən körpünün yaxınlığında xidmət aparılarkən narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından həmin tarixdə saat 09:30 radələrində həmin ünvanda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edilərək orada üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0,718 qram olan həmin psixotrop maddə metamfetamin 1 ədəd bükümdə olmaqla onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 03 yanvar 2023-cü il tarixdə o, “Rza” adı ilə özünü ona təqdim edən şəxslə mobil telefonda sosial şəbəkə vasitəsilə sms danışığı apararaq ondan psixotrop maddə metamfetamin istəmiş, həmin şəxs də ona kart hesabının şifrəsini göndərərək həmin karta 50 manat köçürməsini bildirmişdir. O da həmin kart hesabına yaşadığı evin yaxınlığında olan mağazalardan birində ödəniş terminalı vasitəsilə 50 manat pul köçürmüş, qeyd olunan şəxs ona “İnstagram” sosial şəbəkəsində fotoşəkil göndərərək 20 yanvar metrostansiyasının yanında bir büküm psixotrop maddə metamfetamin qoyulduğunu bildirmiş, o da həmin gün saat 06 radələrində qeyd olunan yerə getmiş və fotoşəkildə olan istiqamətlə 20 yanvar metrostansiyasının yaxınlığında olan ağacın dibindən bir büküm metamfetamini götürərək üzərində saxlamışdır. 03 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən körpünün yaxınlığında piyada hərəkət edən zaman iki nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini bidirmişlər. O, üzərində psixotrop maddə metamfetamin olduğu üçün narahat olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videoçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm metamfetamini və həmin şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş həmin bükümü kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, bu barədə ifadəsində göstərdiyi kimi məlumat vermişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılmış və əlavə heç bir mühüm əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən körpünün yaxınlığında xidmət aparan zaman yolun kənarında bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməmişdir. Onlar şöbənin növbətçi hissəsi ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin tərəflərindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, tanımadıqları şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər, şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış və Təqsirləndirilən şəxs şəxsi axtarışın videçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümünü, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində “patı” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni “Rza” adı ilə tanıdığı şəxsin bank kartına 50 manat köçürərək sonuncunun dediyi və əvvəlcədən qoyduğu 20 yanvar metrostansiyasının yaxınlığından götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrı iki ədəd zərfdə qablaşdırılmış, həmin zərflərin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.83-85); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin şalvarın sol yan cibindən bir ədəd Samsung markalı telefon təqdim etmiş, həmin maddənin patı olduğunu, qabaqcadan 50 manatı Rza adlı şəxsin kartına köçürərək aldığını və 20 Yanvar metrostansiyasının yaxınlığında yolun kənarından götürdüyü, istifadə üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılarkən video çəkilişin əks olunduğu bir ədəd “CD” disk materiala əlavə edilmişdir(i.v. 25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/10 nömrəli 03 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir(i.v. 32-35); təqdirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 04 yanvar 2023-cü il tarixdə saat 10:30-da ittihamın mahiyyəti ona izah edilmişdir(i.v.48- 49); təqsirləndiirlən şəxsin dindirilməsi haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:55-dən saat 11:50-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir(i.v.58-61); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 65- 66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 67-68); baxış keçirilməsi haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Samsung markalı Galaxy A52 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir(i.v.73); diskə baxış keçirilməsi haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntünün 03 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğun olduğu aşkar olunmuşdur(i.v.76); əşyanın maddi sübut kimi tanınması və həlli barədə 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,718 qram olan psixotrop maddə metamfetamin 18 yanvar 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(i.v.79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2023-cü il tarixli 958 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.101); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 03 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,718 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,618 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-672/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-672/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver