Məhkəmə qərarları › İş №1(008)-674/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-674/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-674/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İŞ № 1(008)–674/2022 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 25 avqust 2022-ci il Bakı şəhəri X2 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı şəhəri, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə, saat 11:30 radələrində satış təmsilçisi vəzifəsində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən “İrşad Telecom” mağazasında ictimai qaydanı kobud surətdə pozaraq, öz şəxsiyyətini mağazada olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onlar və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, onların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verərək, mağazaya müştəri qismində gələn Zərərçəkmiş şəxsun mobil telefonuna qoruyucu üzlüyün keyfiyyətsiz vurulmasına dair iradını bildirməsi səbəbindən sonuncu ilə mağazanın içərisində mübahisə etməyə başlamış və onu ictimai yer olan mağazanın qarşısına küçəyə dəvət edərək mübahisəni davam etdirib, kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ alın-qaş nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirməklə, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmiş və bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxsi vurmaqla xəsarət yetirməsi hissəsində təqsirli bilərək göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi mağazada olan zaman bir gün əvvəl mağazaya gəlmiş Zamiq adlı şəxs telefonu ilə bağlı problemlə əlaqədar mağazaya daxil olub, bir gün əvvəl telefonuna işlədiyi mağazada üzlük çəkdirdiyini, üzlüyün keyfiyyətsiz çəkildiyini deyib, həmin üzlüyü onun çəkdiyini bildirmişdir. O, isə telefona baxmağı tələb etmiş və baxdıqda məlum olmuşdur ki, Zamiq adlı şəxsin telefonuna üzlüyü o, çəkməmiş və telefonunun üzlüyü yapışdırılandan sonra müdaxilə edilməsi və ya telefonu şalvarın cibinə qoyarkən ehtiaytsız davranması səbəbindən bir qədər boşalmışdır. Bunu sakit şəkildə həmin müştəriyə izah etməsinə baxmayaraq Zamiq daha da sərt və kobud şəkildə danışıb problemi həll etməyini tələb etmişdir. O, isə tam nizam intizam çərçivəsində Zamiqdən sakitləşməsini və içəridə başqa müştərilərin olmasını demişdir. Lakin, Zamiqin sakitləşmək istəmədiyini görüb, çölə çıxmasını xahiş etmişdir. Onlar birlikdə mağazadan çıxmışlar. Mağazanın yan tərəfinə getdikdən sonra Zamiq çox yaxın məsafədə dayanıb söhbətin dava-dalaş səviyyəsinə gəlib çıxmasına şərait yaratmışdır. Mübahisə əsnasında Zamiq əli ilə 2 dəfə möhkəm şəkildə onun sol çiyninə vurub, ağıllı olmasını tələb etdikdə, o, Zamiqə bu cür əllə danışmağın yeri olmadığını demişdir. Buna baxmayaraq Zamiq onun dediklərinə məhəl qoymayaraq üçüncü dəfə də əli ilə onun çiyninə vuranda, o, Zamiqin çiyninə vuran əlini tutub saxlamış, Zamiq onu vurmağa vadar etdiyi üçün əsəbləşib bir dəfə yumruqla Zamiqin sifət nahiyəsindən vurmuş və mağazaya qayıtmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, mübahisənin yaranmasına səbəb Zamiqin onunla kobud və əsəbi danışması olmuş, Zamiqi vurmasına səbəb isə Zamiqin bir neçə dəfə onun çiynindən möhkəm vurması olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən ‘İrşad Telecom” mağazasına gəlmiş və özünə məxsus mobil telefona üzlük qoymaq üçün adını bilmədiyi ustaya müraciət etmişdir. Usta telefona üzlük çəkdikdən sonra o, çıxıb getmişdir. Lakin axşam evə gələndə aşkar etmişdir ki, üzlük yaxşı qoyulmamış və arasına hava girmişdir. Buna görə həmin mağazaya getmək və bu barədə demək qərarına gəlmişdir. Bu məqsədlə 07 iyul 2022-ci il tarixdə, saat təxminən 11:30 radələrində yenidən həmin mağazaya gəlmişdir. Mağazada Kənan adlı işçiyə yaxınlaşaraq izah etmişdir ki, bir gün əvvəl telefonuna üzlük çəkdirmiş, üzlüyün keyfiyyətsiz çəkildiyini və göstərmək istədiyini bildirmişdir. Kənan ona problemi özü yaratdığını, üzlüklə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bu zaman o, əsəbləşmiş, Kənanla əsəbi formada danışaraq səsini qaldırmış və aralarında mübahisə yaranmışdır. Sonra Kənanla çölə çıxmışlar. Mübahisə əsnasında bir neçə dəfə Kənanın əli ilə çiynindən vurub sakit olmasını demiş, o, Kənanın çiyninə sonuncu dəfə vurduqda isə Kənan onu yumruqla vurmuş, lakin yumruq tam olaraq onun sifətini tutmamış, yüngülcə toxunaraq yan keçmişdir. O, bir söz demədən kənara çəkilmiş və baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, mübahisə əsnasında nə Kənan, nə də o, söyüşdən və ya hər hansı nalayiq ifadələrdən istifadə etməmişlər. Əslində Kənanla aralarında mübahisənin yaranmasının səbəbkar məhz onun özü olmuş, o, öz danışığı ilə Kənanı əsəbləşdirmişdir. Çölə çıxdıqdan sonra isə Kənanın çiyninə vurmuş, lakin neçə dəfə vurduğunu xatırlamır. Hazırda Kənanla barışmışlar. Kənan tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən “İrşad Telecom” mağazasında satış üzrə təmsilçi işləmişdir. Təqsirləndirilən şəxs da həmin dükanda satış üzrə təmsilçi işləmişdir. Bəzən müraciət edən müştərilərin mobil telefonlarına baxıb, düzəlməsi mümkün olursa, yerində həll edib yola salmışlar. 07 iyul 2022-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi mağazada olan zaman bir gün əvvəl mağazaya telefonundakı problemlə əlaqədar gələn Zamiq adlı şəxs daxil olub, Kənana yaxınlaşmış, bir az sonra həmin şəxs Kənanla əsəbi və kobud formada danışaraq mübahisə etməyə başlamışdır. Bu zaman Kənanla Zamiq adlı şəxs mağazadan çıxmışlar. O da iş yoldaşı Şahid2lə birlikdə mağazadan çıxıb yan tərəfə keçmişlər. Onlar orada da mübahisələrini davam etdirmişlər. Mübahisə zamanı Zamiq əl-qol hərəkətləri ilə danışdığı və Kənana bir neçə dəfə əl atdığı üçün Kənan da əsəbləşib Zamiqin sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən “İrşad Telecom” mağazasının qarşısıdır. Həmin yer açıq ərazidir. Həmin yerin yaxınlığında digər iaşə obyektləri yerləşir. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilməmişdir (i.v 14). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin “canlı şəxsin ekspertizası”na dair 1464 nömrəli, 12 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ alın-qaş nahiyəsinin dərialtı hematoması - küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 07 iyul 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v 23-24). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair hər hansı məlumat mövcud deyil ( i.v. 25). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən “İrşad Telekom" mağazasının müşahidə kameralarından olan görüntüyə baxış keçirilməsi haqqında 14 iyul 2022-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs mağazada vitrin arxasında olan Təqsirləndirilən şəxs arasında mobil telefonunun qoruyucusunun düzgün vurulmamasına görə mübahisə yaranır. Mübahisə zamanı Təqsirləndirilən şəxs həmin şəxsdən söhbətlərini mağazadan çıxıb bayırda etməsini tələb edir və hər ikisi mağazadan çıxırlar. Onların arxasıyca bir neçə nəfər mağaza işçisi də mağazadan çıxırlar. Mağazanın qarşısında sol tərəfdə onlar bir birləri ilə əl-qol hərəkətləri ilə mübahisə edirlər. Orada onlar bir birlərini əlləri ilə itələyirlər. Hadisə yerinə çoxlu insanlar toplaşdığından və mübahisəyə müdaxilə etdiklərindən tərəflər aralaşdırılır (i.v 37). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 iyul 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 07 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən “İrşad Telecom” mağazasına gəlmiş, özünə məxsus telefona çəkilmiş üzlüklə bağlı onunla Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, onlar mağazadan çıxaraq mübahisəni mağazanın yan tərəfində davam etdirmişlər, mübahisə zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə əliylə Təqsirləndirilən şəxs çiynindən vurduqdan sonra Təqsirləndirilən şəxs bir dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 iyul 2022-ci il tarixdə baş vermiş hadisə məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, davam edən mübahisə əsnasında zərərçəkmiş şəxs ilk olaraq Təqsirləndirilən şəxs çiyninə əliylə bir neçə dəfə vurduqdan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi bir dəfə yumruqla vurmuşdur ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən sadəcə hadisənin ictimai yerdə baş verməsi, hadisəni kənar şəxslərin müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına, başqasının mülkiyyətinə qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar olmamaqla əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 07 iyul 2022-ci il tarixdə onun işlədiyi “İrşad Telecom” mağazasına daxil olub bir gün əvvəl telefonuna mağazada üzlük çəkdirdiyini, həmin üzlüyü onun çəkdiyini bildirmiş, o, telefona baxaraq üzlüyün özünün çəkmədiyini bildirdikdə Zamiq kobud və əsəbi şəkildə danışıb problemi həll etməsini bildirmiş, o, isə mağazada başqa müştərilərin olduğunu bildirərək onu sakitliyə dəvət etmiş, Zamiq sakitləşmədikdə ondan çölə çıxmasını xahiş etmiş, onlar birlikdə mağazadan çıxdıqdan sonra Zamiq çox yaxın məsafədə dayanaraq mübahisənin dava-dalaş səviyyəsinə çatmasına şərait yaratmış, kənar şəxslər onu mağazaya çəkib apardıqda Zamiq onun arxasıyca nəsə demiş, bu zaman o, qayıdaraq Zamiqə mağazaya gələn müştərilərə narahatlıq yaratmamasını bildirdikdə Zamiq əli ilə iki dəfə onun sol çiyninə vurub ağıllı olmasını dedikdə o, Zamiqə əllə danışmasının yeri olmadığını demiş, bu zaman Zamiq üçüncü dəfə onun çiyninə əli ilə vurduqda o, Zamiqin sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadələrindən görünür ki, 07 iyul 2022-ci il tarixdə işlədikləri mağazada olan zaman bir gün əvvəl mağazaya telefonu ilə bağlı problemlə əlaqədar gələn Zamiq adlı şəxs mağazaya daxil olub, bir gün əvvəl telefonuna mağazada üzlüyün keyfiyyətsiz çəkildiyini deyib həmin üzlüyü Kənanın çəkdiyini bildirmiş, anidən Kənanla əsəbi və kobud danışdığından onunla Kənan arasında mübahisə yaranmış, bu zaman Kənanla Zamiq adlı şəxs mağazadan çıxaraq yan tərəfə keçərək mübahisəni davam etdirmişlər, mübahisə zamanı Zamiq əl hərəkətləri ilə danışdığı və Kənana əl-qol atdığı üçün Kənan əsəbləşərək Zamiqin sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs özü də mübahisənin yaranmasına və Təqsirləndirilən şəxs əsəbləşməsinə məhz özünün səbəb olduğunu, onun Kənanla əsəbi danışdığını, çöldə mübahisə əsnasında Kənanın çiynindən əli ilə vurduğunu təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən “DVD” diskdəki görüntü ilə zərərçəkmiş şəxsin mağazaya gələrək Təqsirləndirilən şəxs yaxınlaşaraq telefonuna üzlüyün yaxşı çəkilmədiyini və qalxdığını bildirməsi, Təqsirləndirilən şəxs ona bunun üzlüyü çəkən şəxsin deyil, onun özünün müdaxiləsi və ya telefonu cibinə qoyması nəticəsində baş verdiyini,bundan sonra zərərçəkmiş şəxsin səsini qaldırması və aqressiv formada davranması, Təqsirləndirilən şəxs ona mağazada müştərilərin olmasını bildirməsi, daha sonra onun, Təqsirləndirilən şəxs və daha 2 şəxsin çölə çıxaraq mağazanın yan tərəfinə keçmələri, bir qədər sonra Təqsirləndirilən şəxs mağazaya qayıtması müəyyən olunur. DVD” diskdəki görüntülərdən də göründüyü kimi mağazada olan zaman məhz zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla kobud və əsəbi formada danışmış, bu zaman Təqsirləndirilən şəxs onu sakitliyə dəvət edərək mağazada başqa müştərilən olduğunu bildirmiş, zərərçəkmiş şəxs buna məhəl qoymadıqda onlar çölə çıxaraq mağazanın yan tərəfinə keçmişlər və bundan sonra hadisənin gedişatını müşahidə etmək mümkün olmamışdır. Məhkəmə həmin görüntünü də tədqiq edərək qeyd edir ki, məlum olduğu kimi iş saatı ərzində və içərisində digər şəxslərin olduğu halda mağaza ictimai yer hesab olunur. Görüntüdən müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla kobud və ucadan danışmağa başlayan zaman Təqsirləndirilən şəxs ona eyni formada cavab vermədən içəridə başqa müştərilərin olmasını onun diqqətinə çağırır və zərərçəkmiş şəxs ona məhəl qoymadıqdan sonra onlar birlikdə çölə çıxıraq mağazanın yan tərəfinə keçirlər. Bu hal özü onu deməyə əsas verir ki, əgər həqiqətən də, Təqsirləndirilən şəxs niyyəti özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək olsa idi, o, zərərçəkmiş şəxslə mübahisəni elə mağazanın içərisində davam etdirər, onunla eyni qaydada kobud və aqressiv qaydada danışar və davranar, məsələni aydınlaşdırmaq üçün çölə çıxaraq mağazanın yan tərəfinə keçməzdi. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin də təhlil olunmasını əməlin tövsifi baxımından mühüm hesab edir. Belə ki, Zərərçəkmiş şəxs 13 iyul 2022-ci il tarixli dindirilməsi protokolundan görünür ki, zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, o, 07 iyul 2022-ci il tarixdə “İrşad Telecom” mağazasına daxil olduqda Kənan adlı şəxs ondan nə lazım olduğunu soruşduqda o, bir gün əvvəl telefonuna üzlük çəkdirdiyini və üzlüyün keyfiyyətsiz çəkildiyini bildirmiş, Kənan ona problemi özünün yaratdığını deyərək kobud şəkildə mağazadan getməsini bildirmiş, o, üzlüyü çıxarıb masalardan birinin üzərinə qoyduqda Kənan adlı şəxs söhbət etmək üçün onu çölə çıxarmış, çöldə onunla kobud danışaraq bir neçə dəfə onu vurmağa cəhd etsə də, oradakı insanlar buna imkan verməmişlər. Bir neçə dəfə Kənan adlı şəxsin astaca çiynindən vurub sakit olmasını desə də, Kənan adlı şəxs imkan tapıb oradakı adamların arasından çıxıb bir dəfə yumruqla sağ sifət nahiyyəsindən vurmuşdur. Həmin ifadəsindən sonra zərərçəkmiş şəxs təhqiqatçı tərəfindən ona verilmiş “Siz Kənan adlı şəxsi vurmusunuzmu?” sualına cavab olaraq bildirmişdir ki, o, Kənanı vurmamış, sadəcə Kənan onunla kobud danışdığı üçün əli ilə bir neçə dəfə ərk edib çiynindən vurub sakitləşməsini tələb etmişdir. Məhkəmə həm əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələrini tədqiq edərək qeyd edir ki, həmin şəxslərin hər birinin ifadəsindən mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlaması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmağa sövq edən amilin məhz zərərçəkmiş şəxsin özünün Təqsirləndirilən şəxs çiyninə bir neçə dəfə vuraraq təhrik etməsinin olması aşkar olmaqla iş materiallarında bu faktı təkzib edə biləcək bir dənə də olsun sübut öz əksini tapmamışdır. Belə ki, iş üzrə yalnız iki şahid dindirilmiş və şahidlərin hər ikisi zərərçəkmiş şəxsin hadisə günü mağazada Kənanla kobud danışaraq mübahisə yaratdığınə, Kənanla mübahisə yarandıqdan sonra zərərçəkmiş şəxsin onunla əl hərəkətləri ilə danışdığını, əl-qol atdığını və yalnız bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyyəsindən bir dəfə vurmasını təsdiq etmişlər. Bununla yanaşı, zərərçəkmiş şəxs özü də ifadəsində bir neçə dəfə Təqsirləndirilən şəxs çiynindən əli ilə vurmasını təsdiq etmiş və bunu Təqsirləndirilən şəxs ərk etməsi ilə izah etməyə çalışmışdır ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, şəxsin əvvəllər ümumiyyətlə tanımadığı, ilk dəfə gördüyü, aralarından heç bir səmimi münasibət olmayan, əksinə mübahisəli münasibət olan şəxsə “ərk etməsi” kimi dəlili irəli sürməsi absurd olmaqla məntiqli və real hesab oluna bilməz. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələrini tədqiq edərək onun ifadəsindəki nüansların hər birini ayrılıqda tədqiq edərək ifadəsində ziddiyyətlərin olması qənaətinə gələrək zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadələrində səmimi olmaması qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kənan adlı şəxs bir neçə dəfə onu vurmağa cəhd etsə də, hadisə yerində olan adamlar buna imkan verməmişlər. Bu cümlədən dərhal sonrakı cümləsində isə zərərçəkmiş şəxs göstərmişdir ki, o, bir neçə dəfə Kənan adlı şəxsin çiynindən əli ilə astaca vurub sakit olmasını bildirmiş, bu zaman Kənan adlı şəxs imkan tapıb oradakı adamların arasından çıxıb bir dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsindəki həmin xüsusatları təhlil edərək qeyd edir ki, əgər həqiqətən də Kənan adlı şəxs birinci olaraq onu vurmağa cəhd edərkən oradakı adamlar buna imkan verməyərək araya girmişlərsə, belə halda zərərçəkmiş şəxsin arada başqa adamlar olduğu halda Təqsirləndirilən şəxs çiyninə bir neçə dəfə vurmasının mümkün olması onların arasında başqa şəxslərin olmaması və onların kifayət qədər yaxın məsafədə dayanmalarına dəlalət edir ki, bu hal özü də zərərçəkmiş şəxsin Kənanı onu birinci olaraq vurmaq istəməsi və araya başqa adamların girməsi, sonradan Kənanın oradakı adamların arasından çıxaraq onu vurmasına dair göstərdiyi dəlillərin həqiqəti əks etdirməməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında zərərçəkmiş şəxsin göstərdiyi kimi başqa şəxslər olduğu halda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çiyninə bir neçə dəfə vurmağa imkan tapa bilirdisə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması üçün orada olan insanların arasından imkan taparaq onların arasından çıxmaqla zərərçəkmiş şəxsi vurması kimi iki xüsusat ümumiyyətlə bir-biri ilə uzlaşmamaqla zərərçəkmiş şəxsin ifadəsindəki ziddiyyətin açıq təzahürüdür. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, yekun protokolda Təqsirləndirilən şəxs ictimai yerdə, çoxlu sayda insanların toplaşdığı yerdə onlara məhəl qoymadan Zərərçəkmiş şəxs zor tətbiq etməklə, onun sifət nahiyyəsinə yumruqla vurmaqla ictimai qaydanı kobud şəkildə pozması qeyd olunduğu halda, ibtidai araşdırma orqanı dindirdiyi şahidlərin ifadələri ilə bu xüsusat öz təsdiqini tapmamaqla yanaşı, təhqiqatçı həmin “çox sayda” kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, baş vermiş hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb etdiyi halda mübahisənin kimin təşəbbüsü ilə bağlanması, mübahisə əsnasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadan öncə zərərçəkmiş şəxsin özünün Təqsirləndirilən şəxs çiynindən bir neçə dəfə əli vurması (halbuki, bu xususat işin mübahisəsiz halı olmaqla zərərçəkmiş şəxsin öz ifadəsində də göstərilmişdir) kimi xüsusatlar irəli sürülmüş ittihamda ümumiyyətlə göstərilmədən, yalnız Təqsirləndirilən şəxs hərəkətləri ayrıca göstərilərək zərərçəkmiş şəxsin hərəkətləri ilə əlaqəli şəkildə təhlil edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, əməli törətmiş şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinın, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda (hazırki halda mübahisə zərərçəkmiş şəxsin əsəbi və kobud formada Təqsirləndirilən şəxsla danışması nəticəsində başlamış), münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri (Təqsirləndirilən şəxs çiyninə bir neçə dəfə əli ilə möhkəm vurması) səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Hadisənin görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar