Məhkəmə qərarları › İş №1(008)-679/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-679/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-679/2025 11.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 20:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə səhər saat 10 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını bilmədiyi şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün 01 (bir) büküm narkotik vasitə heroin almış və onu əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. 19 iyun 2025-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində iki nəfər polis əməkdaşı videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımağında şübhəli olduğunu deyib vəkil ilə təmin edilmək hüququnun olduğunu izah etmişlər. Lakin o, bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa təqdim etməyini təklif etmişlər. O da buna etiraz etməmişdir. Videoçəkiliş ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində el arasında “kokos” kimi adlanan narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmişdir. Elə oradaca polis əməkdaşı ondan bükülünün içərisindəki kütlənin nə olduğu soruşmuş, o da cavab vermişdir ki, həmin kütlə “kokos” kimi tanınan narkotik vasifə heroindir. Həmin maddəni 19 iyun 2025-ci il tarixdə səhər saat 10 radələrində Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, səhv etmirsə adı “Baba” olan, lakin ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə almışdır. Üzərində axtarış keçirildikdən sonra aşkar edilmiş kütlə qablaşdırılmış və imzalanmışdır. Daha sonra polis əməkdaşları onu 14-cü Polis şöbəsinə gətirmişlər və 14-cü Polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə “kokos” kimi tanıdığı heroin olduğunu, həmin maddəni Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə aldığını demişdir. Bundan sonra protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 19 iyun 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat baş müvəkkili Şahid1 daxil edilmişlər. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 iyun 2025ci il tarixdə saat 20:35-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə vəkil ilə təmin edilmək hüququ izah edilmiş və Təqsirləndirilən şəxs bu hüququndan imtina etmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kokos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edildi. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış zərfə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı zərfi açmış və içərisindən bükümü çıxararaq bükülünü Təqsirləndirilən şəxs göstərib ondan təqdim etdiyi bükülünün həmin bükülü olubolmadığını, bükümdə dəyişikliyin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq etmiş və bükülüdə heç bir dəyişikliyin olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kokos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən adının “Baba” olduğunu zənn etdiyi, lakin ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı təqdim edilmiş bükümün içərisindəki kütlənin tərkibinin və kütləsinin müəyyən edilməsi və rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-yə daxil olmuş məlumat əsasında 19 iyun 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 20:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsində saxlanılaraq 14-cü PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində psixotrop vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 19 iyun 2025-ci il tarixli qərara əsasən Maştağa qəsəbəsi H.Heybətov küçəsində ərazidə təbii işiqlandırmadan və video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ sellofana bükülmüş toz formada narkotikə bənzər maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ sellofana bükülmüş toz formada narkotikə bənzər maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd ağ sellofana bükülmüş toz formada olan narkotikə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 24-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 22:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 iyun 2025-ci il tarixdən saat 20:35dən hesablanmışdır. Cinayət işinin 34-36-cı vərəqələrində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əmakdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 19 iyun 2025-ci il tarixdə, saat 20:35 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 büküm toz halında olan narkotikə bənzər maddə aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd zərfdə qablaşdırılmış əşyalara baxış keçirilmiş, üzərindən imzalar olan 1 (bir) ədəd zərfin birində içərisində 1 büküm toz halında olan narkotikə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Baxış süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı «Samsung» markalı mobil telefonla Sabunçu RPl-nin14-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Cinayət işinin 43-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli, 6/2262 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.730 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 54-cü vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına əlavə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (bir) ədəd «DVD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, şübhəli şəxsin üstünün yoxlanılması çəkilmiş videoyazı 02 dəqiqə 02 saniyədən ibarətdir. Videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 19 iyun 2025-ci il tarixdə 2 nəfər mülki geyimli polis əməkdaşı bir nəfər şəxsə yaxınlaşır və onu saxlayır. Daha sonra Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları özlərini təqdim edir və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirir. Polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kağıza bükülmüş içərisində el arasında “kokos” kimi adlanan narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim edir. Polis əməkdaşı ondan bükülünün içərisindəki kütlənin nə olduğu soruşduqda, həmin kütlənin “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu bildirərək həmin maddəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, iştirakçılar tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 (bir) ədəd videoyazı vardır və videoyazı 02 dəqiqə 52 saniyədən ibarətdir. Videoyazıda Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Abuzərli, şöbənin əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs təyin edilmiş müfadiəçi 7 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçı tərəfindən təqdim edilmiş və qablaşdırılmış zərf açılır və içərisindəki 01 ədəd bükümə baxış keçirilir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə “kokos” kimi tanıdığı heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün “Baba” adı ilə üzdən tanıdığı, lakin ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində heroin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilir, həmin protokol ucadan oxunur, aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da çəkiliş sona çatır. Cinayət işinin 84-87-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİnin İstintaq şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-97-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut hesab olunması, tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0,680 qram qalığın saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, iş üzrə 02 (iki) ədəd «DVD» diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 133-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə təqsirləndirilən, barəsində Sabunçu RPİ-nin CAŞ tərəfindən xx.xx.2025-ci il tarixli, 51035 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-yə gətirilmişdir. Cinayət işinin 140-143-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 144-146-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 4822 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər ND-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 152-154-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il il tarixdən 10 sentyabr 2022-ci il tarixədək, 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 25 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-679/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli, 3-16-17/40/2-54445/2026 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,730 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş cəzanın sonu ilə azad edildiyi, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 19 iyun 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,680 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan –2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar